Menu
Geri İrəli

Seçkilərdə “Exit-poll” necə keçiriləcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

thumb-(1)

Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilir. Azərbaycanda da 2003-cü ildən başlayaraq prezident, parlament və bələdiyyə seçkilərində, o cümlədən referendumda “exit-poll” keçirilir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova “exit-poll”un mahiyyəti, məqsədi, seçicilərin bu sorğuya münasibəti və digər məsələlərlə bağlı “Seçki-2015.az” saytına müsahibə verib. 

- İradə xanım, dünyada, eləcə də Azərbaycanda keçirilən seçkilərdə “exit-poll” tədqiqatı aparılır. Bu tədqiqatın mahiyyəti nədən ibarətdir?

- “Exit-poll”un mahiyyəti seçki məntəqələrini səs verəndən sonra tərk edən seçicilərin rəyini öyrənmək, alınan nəticələri seçkinin gedişatına təsir göstərməmək məqsədilə, yalnız səsvermə bitdikdən sonra açıqlanmaqdadır. Bunun üçün xüsusi sorğu anketləri hazırlanır. Anonim şəkildə keçirilən sorğu prosesində anketlərə namizədlərin siyahısı ilə yanaşı, bir sıra başqa suallar da daxil edilir. Bunlar demoqrafik göstəricilər (yaş, cins, məşğuliyyət), səsvermə prosesinin təşkilinə münasibət və digərlərindən ibarətdir. Nəticədə fəal elektoratın sosial-demoqrafik göstəriciləri, konkret namizədin və ya partiyanın elektoratı, səsvermə prosesinin obyektivliyi, namizədin müəyyənləşdirilməsi vaxtı və təsir edən amilləri, həmçinin də digər məlumatlar əldə edilir. Bu da gələcəkdə seçki prosesinin, seçkiqabağı kampaniyaların keçirilməsi texnologiyalarının və “exit-poll” tədqiqatının özünün təkmilləşdirilməsinə kömək edir. Digər tərəfdən, “exit-poll” seçki komissiyasının nəticələri rəsmi elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, seçkilərin nəticələrinə ictimai nəzarəti həyata keçirir.

- “Exit-poll”un real nəticələr verməsi üçün nə etmək lazımdır?

- Bu, bir sıra amillərlə əlaqədardır. Birincisi, düzgün metodologiyanın seçilməlidir. Həm məntəqələrin seçilməsi, həm də işləmə mexanizmini özündə əks etdirən proqram olmalıdır. İkincisi, seçicilərin seçimi düzgün aparılmalı, onlara son dərəcə həssas davranılmalıdır. Səsverənləri onların cavablarının anonim qalacağına inandırmaq lazımdır. Digər tərəfdən, suallar seçicilərə düzgün izah edilməli, onlardan real cavab alınmalıdır. İş prosesində bu, ən zəruri məqamlardır. Bütün bu proseslərin düzgün həyata keçirilməsində, eləcə də seçicilər arasında “exit-poll”la bağlı düzgün maarifləndirmə işinin aparılmasında kütləvi informasiya vasitələrinin üzərinə də böyük iş düşür. Çünki məhz KİV-in seçkidən əvvəl “exit-poll”, onun mahiyyəti və məqsədi barədə düzgün məlumat verməsi seçki günü sorğu prosesinə müsbət təsir edir. Bütünlükdə ölkə vətəndaşları “exit-poll” barədə məlumatlı olurlar.

- “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu günə qədər hansı seçkilərdə “exit-poll” tədqiqatı keçirib?

- Bizim Mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib. Bu müddətdə Mərkəz “exit-poll” sahəsində təcrübəsini ilbəil artırıb. Hər dəfə də nəticələr seçkilər bitdikdən sonra 1 saat ərzində geniş ictimaiyyətə çatdırılıb. Üstəlik, toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər də nəşr edilib.

- Noyabrın 1-ə təyin edilmiş parlament seçkiləri günü neçə dairə və seçki məntəqəsində “exit-poll” tədqiqatı keçirəcəksiniz?

- Budəfəki parlament seçkilərində keçirəcəyimiz “exit-poll” 2010-cu ildə keçirdiyimiz “exit-poll”dan seçim və sayına görə fərqlənmir. Naxçıvan Muxtar Respublikası istisna olmaqla 118 seçki dairəsinin hamısında “exit-poll” tədqiqatı aparacağıq. Hər seçki dairəsində ortalama 10 məntəqə götürməklə 1180 seçki məntəqəsində çalışacağıq.

- “Exit-poll” tədqiqatının keçirilməsi üçün intervüyer və supervayzerlərin təyin olunması da vacib şərtdir. Rəhbərlik etdiyiniz mərkəz bu istiqamətdə fəaliyyətini necə tənzimləyir?

- Seçimə düşən hər bir seçki məntəqəsində bizim iki intervüyerimiz “exit-poll” tədqiqatını aparır. Orta hesabla hər 3-4 seçki məntəqəsinə 1 supervayzer, yəni intervüyerlərin işinə nəzarət edən şəxs təhkim olunur. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 1180 seçki məntəqəsində “exit-poll” keçirəcəyini nəzərə alsaq, ümumilikdə 2360 intervüyer, təxminən 200 nəfərə yaxın da supervayzer prosesə cəlb olunub. Seçki günündən təxminin 3 ay öncədən biz ilk növbədə intervüyer və supervayzerlərin seçimini aparırıq. Bundan sonra onlara təlimlər keçirilir, seçki günü “exit-poll” tədqiqatını hansı formada aparmaları və sair məsələlər izah olunur. Bir qədər əvvəl qeyd etdiyim kimi, seçimlər aparıldığından artıq bütün Azərbaycan üzrə intervüyer və supervayzerlərin təlimlərini başa çatdırmışıq. Həm intervüyer və supervayzerlərin seçim mərhələsində, həm də onlara təlimlərin keçirilməsi prosesində hər hansı çətinliklə üzləşməmişik. Çünki bu günə qədər keçirilən bütün “exit-poll”larda iştirak edən intervüyer və supervayzerlərimizin əksəriyyəti yenidən bizimlə işləmək istədiklərini bildiriblər. İlk növbədə onlar prosesə cəlb olunub, ehtiyac olan yerlərə isə yeniləri dəvət olunub. Bu proses də tam şəffaf formada keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın