Menu
Geri İrəli

“Koroğlu” və “Cavad xan”la Oğuz ellərində “at oynadan” Rövşən Almuradlı Sumqayıta “Oğru” ilə qayıtdı – VİDEO +FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2016 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur


1482302456_15683436_10208243120904290_138174292_n

“Koroğlu” və “Cavad xan”la Oğuz ellərində “at oynadan” Rövşən Almuradlı Sumqayıta “Oğru” ilə qayıtdı

 Tanınmış Azərbaycan rejissoru Rövşən Almuradlıteatr və kino ilə uzun “ayrılıq”dan sonra Sumqayıt Dövlət Dram Teatrının səhnəsində fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” əsərini teatrsevərlərə təqdim etməklə pərəstişkarlarını və sənət dostlarını yenidən sevindirmişdir.

 Ailə-məişət mövzusuna toxunulan, 50 ildən artıqdır ki dünya teatrlarında uğurla nümayiş etdirilən bu səhnə əsəri komediya janrında olsa da, rejissorun quruluşunda hadisələrin dramatizmi, ər və arvadın fransız xarakterindən və məişət tərzindən irəli gələn mənəvi düşkünlüyü də özünü bütün çılpaqlığı ilə büruzə verir. Ər-arvad münasibətlərində xəyanəti, mənəviyyatsızlığı pisləyən, qeyrət və namusun, düzlüyün, sədaqətin, paklığın mühüm insan meyarları olduğunu tamaşaçılara daha qabarıq şəkildə çatdırmağa çalışan R.Almuradlı özünün novator priyomu ilə tamaşanın “çərçivə”sindən çıxaraq, bəzən aktyorların vasitəsilə birbaşa tamaşa zalı ilə təmasa girməklə tamaşaçı-aktyor ünsiyyəti yaradaraq, insan xarakteri və mənəviyyatı üçün nələrin daha dəyərli olduğunu diqqətə yetirməklə kasıb bir fransız ailəsində baş verən hadisələrə öz insani və rejissor münasibətini bildirməyidə vacib hesab etmişdir ki, bununla da tamaşanın sadəcə bir əyləncə-maskarad olmadığını, tərbiyəvi rolunu və əhəmiyyətini ön plana çəkə bilmişdir.

Rejissorun Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar,tamaşanın janrına və ruhuna uyğun musiqi bəstələmiş Sərdar Fərəcovla, maraqlı səhnə tərtibatı vermiş rəssam Osman Salmanovla uğurlu yaradıcılıq işi də əsərin ideyasının açılmasında mühüm rol oynamış, tamaşanın palitrasını gücləndirərək, onun təsir effektini daha da artırmışdır. Dekorasiyalardan bacarıqla istifadə, başı macəralı ailənin yaşadığı mənzilin “divarlarının” tez-tez “çat” verməsi, bütünlükdə evin tamaşa boyu dəfələrlə daxildən “dağılıb- parçalanması”,  qadının ərinə xəyanəti, başqa birisilə yataq macəraları fonunda ər və arvadın divardan asılmış şəkillərinin də bölünərək, bir-birindən ayrılması tamaşanın ideya xəttinin açılmasına yönəlmişdir.

Tamaşada respublikanın Əməkdar artisti İzaməddin Bağırovla yanaşı istedadlı gənc aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa Qurbanova, Füzuli Qərənizadə  vəİlahə Səfərova öz “qəhrəmanlarının” maraqlı obrazlarını yarada bilmişlər. Onların temperamentli, həm də təbiilyi, peşəkarlığı ilə diqqət çəkən oyunları premyeranın uğurlu alınmasına, tamaşaçı alqışlarına səbəb olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Rövşən Almuradlının “Oğru” tamaşasında rejissor işini fərqləndirən mühüm məqamlardan biri də onun teatrlarda adətən əsərin əhatə etdiyi dövrə və ölkəyə uyğun olaraq təqdim edilmə “ənənə”sindən imtina edərək, personajlarını səhnəyə “yad” fransız milli geimlərində yox, Azərbaycan tamaşaçısının bu gün gördüyü, vərdiş etdiyi, diqqətini yayındırmadığı adi geyimlərdə çıxarmasıdır.  Bu, əlbəttə, yaxşıdır. Ancaq daha yaxşı olardı ki, birbaşa tamaşaçıya üz tutaraq, insanlıq, mərdlik, düzlük, saf sevgi və sədaqətlə bağlı səsləndirilən fikirlər Qərbin bizə təlqin etməyə (daha doğrusu – “sırımağa”) çalışdığı “rep” formasında yox, adi, obrazlı aktyor oxunuşu ilə və ya heç olmasa, meyxana ilə çatdırılaydı.

Ümumiyyətlə isə, görkəmli rejissorun səhnə quruluşu verdiyi, Sumqayıtın və  paytaxtın tanınmış sənət adamlarının – aktyor və rejissorların, yazıçı və dramaturqların, mətbuat nümayəndələrinin də iştirak etdiyi və yüksək dəyərləndirdikləri tamaşanın premyerası teatrsevərlərin ürəyincə olmuşdur. Bu da, əlbəttə,  təsadüfi deyil. Belə ki, Azərbaycanın teatr “korpusunun” sıravi “əsgər”liyindən başlayaraq, “general rejissor”luğunadək böyük sənət yolu keçmiş Rövşən Almuradlı özünün həm istedadlı aktyor oyunu, həm də müxtəlif əsərlərə verdiyi orijinal səhnə quruluşları, yaratdığı onlarla tarixi, bədii və sənədli filmlərlə artıq çoxdan tamaşaçıların böyük rəğbətini qazanmış teatr-kino sənətkarlarındandır.

Vaxtilə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini, sonralar isə Moskvada SSRİ Mədəniyyət Nazirliyinin Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş Rövşən Almuradlı bir müddət Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmiş, daha sonralar Şəkinin, Mingəçevirin və Sumqayıtın Dövlət Dram Teatrlarında çaılışmış, bir-birindən maraqlı obrazlar qalereyası yaratmışdır. Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbşli, Şekspirin “Kral Lir”ində Kral Lir  və digər tamaşalarda oynadığlı xarakterik rollarlla yüksək aktyor məharəti, əsl peşəkarlkıq nümayiş etdirmiş, yaratdığı obrazların psixologiyasını və mənəviyyatını tamaşaçılara dolğunluğu ilə çatdıra bilmişdir. Lakin hansısa bir tamaşada ancaq müəyyən bir rolla tamaşaçıya demək istədiklərini tam çatdırmağın mümkünsüz olduğunu görən Rövşən Almuradlı çox keçmədən teatr və kino rejissorluğuna üz tutur.

26 yaşında – 1980-ci ildən rejissorluq fəaliyyətinə başlayaraq, qısa bir müddətdə N.Hikmətin “Bayramın birinci günü”, M.Salimoviçin “Dərviş və ölüm”, M.Süleymanlının “Dəyirman” əsərlərinə və digər pyeslərə səhnə quruluşu verir.

1988-1992-ci illərdə o, Y.Səmədoğlunun “Qətl günü”, V.Sergeyevin “Bağlı qapı arxasında iki nəfər”, M.Suleymanlının “Zirzəmi”, M.Dostoyevskinin “Şıltaq qız”, M.Qoqolun “Dəlinin qeydləri”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərlərini səhnələşdirir.

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında qısametrajlı “Hücum” bədii filmi ilə “hücuma keçməklə” öz rejissorluq debütünü başlayan Rövşən Almuradlı bir il sonra Azərbaycanın inqilabi-azadlıq hərəkatının təsiri ilə “Azadlığa gedən yollar” filminin rejissor işində də fəal iştirak edir. Və artıq 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılanmüstəqil “İstiqlal” teatrının bədii rəhbərliyi ona etibar edilir.

1993-1995-illərdə onun rejissorluğu ilə çəkilən “Yük” və “Ümud” bədii filmləri onu bir rejissor kimi tamaşaçılara daha yaxından tanıdır.

Azərbaycan Dövlət Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində Cəlil Məmmədquluzadənin “Anamın kitabı”,  Nahid Hacızadənin “Qayalarda qalan səs”, Orxan Fikrətoğlunun “Şəkilçi”, Vilyam Şekspirin “Kleopatra” film-tamaşalarına quruluş verən Rövşən Almuradlı sonralar “Telefilm” Yaradıcılıq Brliyində çalışarkən “Yaz yuxusunun işığı”, “Bəsdir, aglama” bədii televiziya filmlərinin quruluşçu rejissoru olur. Daha sonra o, tamaşaçıların böyük maraq və diqqətini özünə çəkmiş 7 seriyalı “Abbas və Gülgəz” filmini yaradır.

Rövşən Almuradlının çəkdiyi 10-a qədər sənədli film – “Etnoqrafik etüdlər”, “Qobustan”, “Qax abidələri”, “Padarçöl”, “Qudyalçay”, “Şıx ocağının işığı”, “Molla Cümə”, “Göyçə gözəlləməsi”, “Yurd” və s. filmlər ölkəmizin tarixi keçmişinin, xalqımızın milli adət və ənənələrinin, görkəmli adamlarının hər bir tamaşaçı tərəfindəndaha yaxşı tanınması və təbliği işində mühüm vasitə kimi hər zaman böyük əhəmiyyətə və dəyərə malikdir.

Rövşən Almuradlıya bir rejissor kimi daha çox şöhrət qazandıran isə onun 2003-cü ildə çəkdiyi monumental “Koroğlu” filmi və 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə üzərində çox gərgin çalışaraq, yüksək istedadı sayəsində və böyük, gərgin zəhməti bahasına çəkib, başa çatdırdığı “Cavad xan” filmi olmuşdur.

Bir müddət Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışmış rerjissorun “Ölüləri qəbiristanlıqda basdırın” (İsmayıl Şıxlı) əsəri əsasında hazırladığı tamaşa, Bakı Bələdiyyə Teatrında səhnələşdirdiyi “Bəylik dərsi” (Mövlud Süleymanlı), “Qaravəlli” (Anar), “Müraviyyə vəkilləri əhvalatı” (Mirzə Fətəli Axundzadə) əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Özünə və sənətinə daim yüksək tələbkarlıq və məsuliyyətlə, yaradıcılıqla, həm də pərəstişkarlarına hörmətlə yanaşmağa üstünlük verən, 25-dən artıq sənədli, tarixi və bədii filmin quruluşçu rejissoru olan  görkəmli sənətkar Rövşən Almuradlının 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  səhnələşdirdiyi “Yaşlı xanımın gəlişi” (F.Dürrenmatt) tamaşası bu gün də ölkəmizin baş teatrının, əsas sənət ocağının repertuarındadır və hər zaman maraqla baxılır.

 

Rəhman ORXAN,

Osman Mirzəyev adına Respublika mükafatı laureatı.

 

15622469_1058869834259096_8436369724686953338_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın