Menu
Geri İrəli

Regionun ən böyük siyasi partiyası və tariximizin ən böyük siyasi gənclər təşkilatı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2016 • Baxış sayı: 393 dəfə • Şərh yoxdur

elvin3331992-ci ildə uçurum kənarında olan ölkəmizi yalnız Heydər Əliyevin xilas edə biləcəyini başa düşən bir qrup vətənpərvər şəxslər öz azadlığı və hətta həyatı üçün yarana biləcək heç bir təhlükədən qorxmayaraq Naxçıvana gedərək məhz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratdılar.

Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Yarandığı gündən Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazandı və güclü təşkilati struktur yaradaraq böyük siyasi qüvvəyə çevrildi. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Yeni Azərbaycan Partiyası şərəfli və çətin yol keçərək ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, müstəqil dövlətimizin qüvvətlənməsində, qüdrətlənməsində və inkişafında müstəsna rol oynayır. Ulu öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” dediyi Yeni Azərbaycan Partiyası yarandığı gündən Ümummilli Liderin siyasi kursuna sadiqliyi, dövlət qarşısında xidmətləri, ölkənin davamlı, sürətli inkişafındakı uğurları atdığı imzalarla cəmiyyətdəki mövqeyini və nüfuzunu ildən ilə möhkəmlədirir. Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 700 min nəfərə yaxın ən layiqli nümayəndələrini birləşdirir.

Ölkəmizdə gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolu, ictimai-siyasi proseslərdə fəal iştirakı ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyəsətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.
Azərbaycan gənclərinin partiyanın müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olmuş, eyni zamanda ölkə rəhbərinin bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə də xüsusi diqqət göstərmiş və onun rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etməkdədir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi öz sıralarında respublikanın ən güclü intellektual səviyyəyə malik olan, savadlı, vətənini, millətini sevən cəsarətli gəncləri birləşdirir.

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və gənclərimizin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, mədəni və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu prosesin intensivləşməsi və epizodik, müvəqqəti, kompaniya xarakterli deyil, sistemli hala gətirilməsi məqsədi ilə ölkəmizin rəhbəri və Yeni Azərbaycan Partiyasının sədrinin təşəbbüsü ilə həyata keçirilən “Dövlət Gənclər siyasəti” – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektiv reallaşdırması, cəmiyyətdə layiqli yer tutması üçün zəruri şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və tədbirlər sistemidir.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin yaradılmasını sürətləndirmiş, gənclərin ictimai-siyasi fəallığının artmasına da kömək etmişdir.Yəni, gənclərimiz ictimai işlərlə yanaşı artıq ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edir. Sevindiricidir ki, belə gənclərin əksəriyyəti ölkənin ən aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunur. Partiya üzvü olan gənclərimiz bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlərin 40 faizi gənclərdir. Bu, təxminən 250 minə yaxın gənc deməkdir. Əlbəttə ki, bu, böyük gücdür və Azərbaycan tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi qədər böyük bir siyasi gənclər təşkilatı olmayıb. Burada çox fədakar, Vətənini, dövlətini sevən, Heydər Əliyev ideyalarına sadiq olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən gənclər birləşib.

         Ölkəmizdə aparılan tədbirlər, görülən abadlıq işləri, respublikamızın rayon və şəhərlərində idman komplekslərinin, səhiyyə və mədəniyyət ocaqlarının, gənclər evinin, məktəblərin tikilib istifadəyə verilməsi gənclərdə xoş əhval-ruhiyyə yaradır. Şəhərimizdə aparılan  tikinti işləri, abadlaşdırma, müasir infrastruktur layihələrinin yaradılması da biz gənclərdə yüksəl əhva-ruhiyyə yaradır, işləmək əzmimizi bir qədər də artırır  -  bənzəri olmayan Heydər Əliyev Mərkəzinin inşası dahi liderin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından vacib rol oynamaqla yanaşı, öz sosial əhəmiyyəti ilə də şəhər həyatına töhvə verəcək. Gənclər üçün Şahmat Məktəbinin tikilməsi, inanırıq ki, yeni-yeni şahmatçıların yetişməsinə gətirib çıxaracaqdır. Yeni qurulan Sumqayıt bulvarı isə gənclərin xoş istirahətini təmin etmək baxımından əhəmiyyətlidir və ümumilikdə dövlət başçısının da söylədiyi kimi bir “möcüzə”, tarixi layihədir. Və heç şübhəsiz yeni tikilmiş Uşaq incəsənət məktəbi də gələcəkdə istedadlı gənc musiqiçilər yetişdirəcəkdir…

***

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı 1993-cü ilin fevralında ölkədə baş verən çətin proseslər dövründə fəaliyyətə başlayıb, bü gün öz ətrafında 25 000 -ə yaxın partiya üzvünü birləşdirir. Bunlardan 12 000-dən çoxunu gənclər təşkil edir. 1995-ci ildə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin yaranması təşkilatda  gənclərin həlledici qüvvəyə çevrilməsini sübut edir.

Partiyaya yeni üzvlərin qəbul olunması və üzvlərimizin böyük əksəriyyətini gənclərin təşkil etməsi, müstəqillik qazanmış və dinamik inkişaf dövrünü yaşayan ölkəmizdə əldə olunan naliyyətlərin nəticəsidir. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi partiyanın yaradıcısı Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının təbliğ edilməsi istiqamətində ölkəmizdə uğurla həyata keçirilən ictimai-siyasi proseslərdən kənarda qalmamış, mərkəzi və şəhər partiya orqanlarının göstəriş və tapşırıqlarını vaxtında yerinə yetirmiş və müxtəlif səviyyəli tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir.

Ölkə miqyasında keçirilən mühüm siyasi tədbirlərdən biri  də cari ilin sentyabrında keçirilmiş  Referendum  seçkiləri olmuşdur. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri bütün seçkilərdə olduğu kimi bu Referendumda da fəal iştirak edərək, işçi qrupunda, qərargahda, komissiya üzvü və müşahidəçi kimi fəalliyyət göstərmiş, seçki qabağı təşviqat dövrü xüsusi fəallıq göstərmişlər.

Şəhərimizdə keçirilən tədbirlərdə gənclərimizin yaxından iştirakı daim təmin edilmişdir. Gənclərimizin sağlam həyat tərzi, onların məşğulluq səviyyəsinin artırılması, təhsilin yüksəldilməsi, maraq dairələrinin inkişafı üçün həvəsləndirici tədbirlər görülür. Şəhərimizin tanınmış ziyalıları ilə görüşlər gənclərdə maarifçilik, elm, təhsil və mədəniyyət sahələrinə marağın artmasına təkan verir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə birlikdə keçirilən bütün tədbirlərdə yüksək fəallıq nümayiş etdirən Sumqayıt gəncləri, keçirilən tədbirlərdə nümunəvi iştiraklarına görə partiya rəhbərliyi tərəfindən fəxri fərmana layiq görülmüşlər. Keçirilən bilik və idman yarışlarında  gənclərimiz fəal iştirak edərək layiqli yerlərini tutmuş və mükafatlandırılmışlar.  Bir neçə gün öncə Azərikimya İstehsalat Birliyində  9 Noyabr – Dövlət Bayrağı günü, 12 Noyabr – Konstitusiya günü, 17 Noyabr – Milli Dirçəliş gününə həsr olunmuş Bilik Yarışmasında YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi uğur qazanaraq ikinci yerə layiq görülmüşdür. Bundan əlavə YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü il dönümünə həsr edilmiş “Uğurlu Yol-24” adlı bilik yarışında iştirak edərək 18 noyabr tarixində keçirilmiş final mərhələsinə vəsiqə qazanmışdır və ikinci yerə layiq görülmüşdür.

Biz Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi kimi müstəqilliyimizin əbədi, dönməz olması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin nəzərdə tutduğu kimi çiçəklənən diyar olması üçün əlimizdən gələni əsirgəməyəcəyik!

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin hər bir üzvünün cəmiyyətdə fəal həyat mövqeyi tutmasına, möhtərəm prezidentimizin uğurla həyata keçirdiyi misilsiz işlərini dəstəkləmək, ona arxa və dayaq olmasına səy göstərəcəyik!

 Elvin Məmmədzadə, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri, Sumqayıt Bələdiyyəsinin üzvü

Facebook Şərhləndirmə:

Şərhinizi yazın