Menu
Geri İrəli

Tahir Mirkişili: “Azərbaycanın üçlü format təşəbbüsü Türkiyə-Rusiya əməkdaşlığına rəng qata bilər”

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2016 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

tahir mirkisili22“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı idi. Bunu prezidentlərin verdikləri bəyanatlardan da aydın görmək mümkündür. Həmçinin Vladimir Putinin Ermənistan prezidenti Serj Sarkisyanla görüşündən sonra keçirilən mətbuat konfransında söylədikləri fikirlər də onu deməyə əsas verir ki, bu görüşün də əsas müzakirə obyekti Dağlıq Qarabağ münaqişənin həlli olmuşdur. V.Putin münaqişəsinin həllinin Ermənistanın dövlətçiliyinin möhkəmlənməsinə, iqtisadi cəhətdən inkişaf etməsinə və Ermənistan vətəndaşlarının yaxşı yaşayacaqlarına səbəb olacağını bəyan etmişdir. Əslində Azərbaycan tərəfi illərdir Ermənistanın işğalçılıq siyasətini pisləyir, bu siyasətin Ermənistanın dövlət kimi məhv olmasına gətirib çıxaracağını söyləyir, bunun bütövlükdə region üçün təhlükə olduğunu bəyan edir”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin təşəbüssü ilə regionda iqtisadi əməkdaşlıq üçün yeni olan üçlü formatlar formalaşmaqdadır: “Bu format ənənəvi inteqrasiya bloklarından fərqli olaraq daha çevik, daha məqsədyönlü və daha effektivdir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə üçlü formatları regional layihələrin uğurla həyata keçirilməsində mühüm rol oynayacaqdır. Bundan başqa, bu günlərdə Türkiyə və Rusiya münasibətlərinin istiləşməsini müşahidə etməkdəyik. Azərbaycan hər iki ölkə ilə sıx siyasi və iqtisadi əməkdaşlıq edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın üçlü format təşəbbüsü Türkiyə-Rusiya əməkdaşlığına rəng qata bilər. Çünki hər 3 ölkənin birgə həyata keçirə biləcəyi mühüm strateji layihələr mövcuddur. Son illərdə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artmış, iqtisadi və siyasi əlaqələr daha da möhkəmlənmişdir. Rusiya Azərbaycan üçün eyni zamanda böyük bazardır, böyük iqtisadi əhəmiyyətə malikdir, qeyri-neft sektorunun inkişafı perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan da Rusiya üçün regionun ən nüfuzlu ölkəsidir. Bunu Rusiya Prezidentinin söylədiyi fikirlərdən də aydın şəkildə görməkdəyik. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistandan fərqli olaraq Rusiya Azərbaycana forpost deyil, strateji müttəfiq kimi yanaşır”.

İntizarə Məmmədova,

“İki sahil”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın