Menu
Geri İrəli

Sağlamlığımızı əmanət etdiklərimiz!

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2014 • Baxış sayı: 768 dəfə • Şərh yoxdur

hekimOn yeddi iyun, Azərbaycanda səhiyyə işçilərinin peşə bayramının qeyd olunduğu gündür.  Bu günü tək həkimlərin deyil, mənə gӧrə bütün insanlarımızın bayramı olmalıdır. Sağlamlıq dünyanın heç var-dӧvləti  ilə əldə edilə bilmir. Amma həkimlərimiz sağlamlığımızın keşiyində duran çox müqəddəs bir peşənin sahibidirlər. Bu müqəddəs peşəni hər kəsin mənimsədiyi kimi həyata keçirdiyini bilirik. Kimisi, sadəcə həkiməm deməklə, kimisi isə vicdanını ortaya qoyaraq bu peşənin arxasınca getməkdədir.

Bu yazımda sadəcə ikincilərdən sӧhbət açmaq istəyirəm. Peşəsinə qazanc mənbəyi olaraq baxmayan sӧzün həqiqi mənasında Hippokrat andına sadiq qalan loğmanlarımızdan yazmaq istəyirəm. Əməkhaqqları nə qədər az olsada, pul qazanmaq naminə xəstələrinə “FİRMA” dərmanları yazmayan, gӧzləri xəstələrin cibində olmayan, həkimlərimizdən yazmaq istəyirəm. Yanına gələn  xəstənin geydiyi paltarların markasına gӧrə fərq qoymayan həkimlərdən yazmaq istəyirəm. Bir sӧzlə xəstəsinə doğması kimi yanaşan həkimlərdən yazmaq istəyirəm.

 Bu cmlələri oxuyub, ironiya ilə gülümsəyənlərin olacağını da bilirəm. Onların bəs o zaman bu qədər uşaq, ana olümləri, xəstələrimizin İrana, Türkiyəyə və digər xarici ӧlkələrə axın etməsinin səbəbi nədir deyə sual edəcəklərini də bilirəm. Onlar da haqlıdırlar. Bütün bunların olduğunu kimsə inkar edə bilməz. Nə yazıq ki, vicdanını tərəziyə qoyan həkimciklər də var. Məhz belə həkimciklərin yarıtmaz fəaliyyətləri üzündəndir ki, vətəndaşlarımızın arasında  Azərbaycan səhiyyəsinə olan inam hissi azalıb.

Ancaq, bu heç də o demək deyil ki, Azərbaycanımızda olan həkim ordusu savadsızlardan ibarətdir. Əsla belə deyil. Axı həqiqətən də Azərbaycanda kifayət qədər savadlı, vicdanlı, qayğıkeş, gülərüz həkimlərimiz çoxdur.  Elə yaşadığım Sumqayıt şəhərində də çoxsaylı həkimlər var ki, onlara sӧzün əsil mənasında ӧz sağlamlığımızı etibar edə bilərik. Belə həkimlərin arasında yaşlı nəsillə yanaşı, gənc nəsilin nümayəndələrinin də  çoxluq təşkil etməsi vətəndaşlarımızın gələcəyə olan ümidini artırır.

Xəstələri üçün həyacan dolu anlar yaşayan həkimlərimizdən bir neçəsinin adını çəkməklə elə bilirəm ki, azda olsa onların əməklərinə dəyər vermiş olaram.  Belə həkimlərin arasında xüsusən 1 saylı Sumqayıt şəhər xəstəxanasının həkimi, Uroloq Maqsud Adıyev, Yoluxucu xəstəliklər şӧbəsinin həkimi, Aytən xanım Abdullayeva, həmin xəstəxananın nevrologiya şӧbəsinin həkimi, Vəfa xanım Gəncəliyeva, Sumqayıt uşaq xəstəxanasının həkimi, Səbinə xanım Qurbanovanın və sair loğmanlarımızın adını xüsusi qeyd etmək yerinə düşər. Çünki, adını sadaladığım peşə sahibləri hər biri ayrı-ayrılıqda, vicdanını “Firama” dərmanlarına satan, insan talehi ilə oynayan həkimciklərdən fərqli olaraq, ӧz peşəkarlıqları, xəstələrə yanaşma tərzləri ilə həqiqətən də yerüzündə Allahın  “şəfaverici əli” olduqlarını təsdiqləyən müqəddəs insanlardır.

Elə bu prizmadan yanaşaraq adlarını sadaladığım həkimlərin simasında xəstələri üçün  narahatlıq hissi keçirən, onların sağlamlığı üçün ürəklərini qoyan təbiblərimizin müqəddəs peşə bayramlarını təbrik edirəm!

Bayramınız Mübarək Həkimlər!

Selcan ABDULLAYEVA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın