Menu
Geri İrəli

Fikrət Sadıqov: “Heydər Əliyev 3 dəfə dedi ki, gəl Bakıya, Sumqayıtda oturma” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2015 • Baxış sayı: 2,307 dəfə • 4 şərh

fikret sadiqovdwBu dəfə Fikrət Sadıqovun “Xatirə dəftəri”ni vərəqləyəcəyik. Onun haqqında xoş sözlər eşitdim. Maraqlı adam olmasının fərqində olmağım da görüşümüzə, söhbətimizə istiqamət verdi.

 Yazıçı dostum, bir vaxtlar Fikrət müəllimin rəhbərliyi altında işləmiş Süleyman Hüseynov da onunla bağlı xatirələrini danışdıqda qərara aldım ki, görüşüm. Görüşə Süleyman müəllim vasitəçi oldu. Zəng etdi, fikrimi bildirdi. Vədələşdik və AMEA-nın Kimya İnstitutunda görüşdük. Səmimi qarşıladı. Simasında səmimi təbəssüm vardı. Yer göstərdi, əyləşdim. Hal-əhval tutdum:

 Ərizə ilə dünyaya gəlib…

 - Necəsiniz, Fikrət müəllim, nə var, nə yox?

 - Yaxşıyam.

 - Aprelin 28-də 78 yaşınız olacaq. Əvvəllər aprelin 28-ni tarixi bir gün kimi qeyd edərdilər. Yəqin ki, ürəyinizcə idi.

 - Hə, düzdür. Amma bu mənim özümdən asılı olmayan bir tarixdir. Əlbəttə, aprel ən gözəl aydır. Yazın gözəl vaxtıdır, gül-çiçək açır, ürəyin açılan, duyğularla dolu olan bir vaxtdır. Mən həmişə deyirəm, Allah məni ərizə ilə dünyaya gətirməyib ki, təqdimatla da dünyadan apara. Alnımıza nə yazılıb, o da olur. Əsas odur, elə eləyəsən ki, dünyadan gedəndən sonra yaxşılığından danışılsın.

 - Haqqınızda xoş danışırlar. Xeyirxah olmağınız haqda da bəhs edirlər.

 - Hər kəs öz həyatını özü üçün yaşayıb, ona olacaq münasibəti özü üçün, gələcəyi üçün qazanır.

 - Bəs uşaqlıq illəriniz necə, yadınıza gəlirmi?

 - Naxçıvanın  Ordubad rayonunda müharibə vaxtında dünyaya gəlmişəm. Hər halda Allahın da kölgəsi üstümüzdə olub ki, vəziyyətdən çıxa bilmişik. 8 nəfərlik böyük ailə olmuşuq. Mən 4-cü uşaq idim. Atam tək işləyirdi. Dolana bilmişik. Rəhmətlik atam 3 il müharibədə olmuşdu. Xəstəlik tapıb qayıtmışdı.

 - Dediniz ki, ailə çətinliklə böyüdü. Oxumamış, işləməmiş yaşamaq olmur. Gərək işləyəsən ki, dişləyə biləsən. Siz orta məktəbdə oxuyan zaman necə, sıxıntınız çoxmu olub?

 - Xeyr, sıxıntımız olmayıb. Niyə? Deyim, bizim məktəb paltarlarını həmişə anamız tikib. Biz orta məktəbi qurtarana qədər belə olub. Ancaq bircə dəfə, 10-cu sinifdə oxuyanda özümə kostyum almışam.

 - Beləliklə, orta məktəbi bitirdiniz.

 - Birinci il ali məktəbə girə bilmədim. Barama toxuma ipək fabrikində işə düzəldim. Sonra tikintidə işlədim. Bir müddətdən sonra gedib Siyəzəndə fəhlə işlədim. İkinci il sənədlərimi yenidən verdim və oxudum.

 Sevdim, deyə bilmədim…

 fikret sadiqov3

- Tələbəlik, gənclik illərinizi necə xatırlayırsınız? Nakam sevgi, gözü yaşlı, ürəyi qubarlı qalanlar oldumu?

 Fikrət müəllimin çöhrəsinə təbəssüm ilğım kimi yayılır; bu gülüşdə qəribə bir istilik hiss olunur. Barmaqları ilə stolun üstünü ehmalca döyəcləyir. Ötən, uzaqda qalan xatirələri sanki bu ritmin sədası altında yuxudan oyadır:

 - Sevgi elə bir şeydir ki, heç zaman yaddan çıxmaz. Birinci dəfə 9-cu sinifdə oxuyanda sevmişəm. Sinif yoldaşım idi. O qız bilmirdi bunu, heç kəs də bilmədi.

 - Niyə bildirmədiniz, qorxdunuz ki, cavabsız qalar?

 - Çünki mən onlardan ayrıldım, axşam məktəbində oxudum. O, indiyə qədər də bilmir ki, mən onu sevmişəm. İndinin indisində də yuxumda onu görürəm.

 - O xanım sağdı?

 - Əlbəttə. Ailəsi, uşağı, nəvələri var.

 - Belə odlu sevibsiniz… Yəqin şeir də yazıbsınız ona?

 - Yox, şeir yazmamışam.

 - Bəs gizlində, tək qalanda o hissləri özünüz-özünüzlə paylaşırdınızmı? Necə ifadə edirdiniz?

 - Sonralar hərdənbir yadıma salırdım, bəlkə uşaq göndərsəydim, sevgimi çatdırsa idim, “hə” cavabı verərdi. Amma eləmədim.

 Bu həyatı heç kimdən borc almamışam

 Stolun üstündəki vərəqlər Fikrət müəllimin dadına çatır, özünü kağızları sahmana salırmış kimi göstərir. Həmin xəfif, ilğıma bənzər təbəssümün yayıldığı çöhrədə ifadəsi mümkün olmayan uzaq bir ünvana ünvanlanan doğmalıq oxunur. Dillənir:

 - Mən utancaq uşaq olmuşam. 10-cu sinifdə oxuyanda da qızlarla danışmamışam, utanmışam.

 - Heç peşmançılıq hissi keçiribsinizmi? “Gərək deyəydim, özümə qismət olaydı” və sairə.

 Hə, bu artıq başqa bir Fikrət Sadıqovdur; anındaca üzündəki ifadə dəyişdi, ilğım dolu təbəssümün yerində ciddi görkəm canlandı:

 - Yox, qəti olaraq peşman olmadım. Mən həmişə deyirəm ki, bu həyatı mən yaşamışam. Heç kəsdən borc almamışam, heç kəsə də borc verməmişəm. Düzdür, səhv eləməsən, yaşaya bilməzsən. Səhv eləmişəmsə, anlaqlı şəkildə eləmişəm, bu cür lazımmış deyə, hər hansı addımı atmışam, demək, heç bu da səhv deyil.

 - Təsəvvür eləyək ki, yuxularınıza girən qıza sevginizi demisiniz, həyatınızda nə dəyişərdi?

 - Heç nə dəyişə bilməzdi. Necə yaşamışamsa, elə də yaşayacaqdım. Mən universitetə girmişəm. Kimyaya böyük həvəsim olub, elə kimya fakültəsinə daxil olmuşam. O vaxtlar tələbələri istehsalata göndərirdilər. Mən 4-cü kursdan Sumqayıta, istehsalatda çalışmağa getdim. Nə olubsa, harada olmuşamsa çalışmışam ki, dərinliyinə gedim. Belə də oldu. İşi çox tez də öyrənə bildim. Qısa müddətdən sonra növbə rəisi oldum. Təyinatla göndərildiyim yerdə sex rəisi çalışdım. Oradan da kimya zavoduna baş mühəndisliyə yüksəldim.

 Heydər Əliyev haqqımda deyib ki…

 - Bəlkə gənc mütəxəssis kimi qazandığınız uğurlardan bəhs edəsiniz.

 fikret sadiqov

- Demək, “Ximkombinat” pis işləyirdi. Svetlov familiyalı rəis vardı, baş direktor da Əliş Mustafayev idi. O, çox tələbkar adam idi. Svetlov demişdi ki, mənə yaxşı, işini bilən adam lazımdır. Məni ora çağırıb sex rəisi təyin etdilər. 1976-ci ilə qədər o vəzifədə çalışdım. Sonra da baş mühəndis oldum. Kostandov SSRİ kimya naziri idi. 1981-ci ildə Azərbaycana gəldi. Kimya zavodlarından birinin vəziyyəti çox acınacaqlı idi. O dedi ki, bu zavodu düzəltmək olmaz. Gərək bunu sökək yerində təzəsini tikək. Heydər Əliyev Respublikaya rəhbərlik edirdi. Dedi ki, düzəldərik. Mənim direktorum da dedi ki, səni ora rəhbər çağıracaqlar, get. Dedim, baxarıq. Məni Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi çağırıb dedi ki, Fikrət, mən söz vermişəm ki, ora kadr göndərəcəm. Getməsən, bizi biabır edəcəksən. Dedim ki, gərək mən gedəm zavoda baxam. Zavod pis vəziyyətdə idi. Nə isə, qısa müddətdə zavodu işlək vəziyyətə gətirə bildik. Heydər Əliyev adətən həmişə büro qabağı böyük zavod direktorlarını çağırardı yanına. Söhbət edərdi. Mənim haqda isə deyib ki, onu tanıyıram, işinin öhdəsindən ləyaqətlə gəlir, birbaşa büroya gəlsin.

 - Heydər Əliyevlə ilk tanışlıq nə vaxtdan başlayıb?

 -1981-ci ildən. O vaxta qədər mən Sumqayıtda baş mühəndis işləyirdim. 1981-ci ilin yayında mənə dövlət mükafatı verildi. Onu mənə Heydər Əliyev təqdim etdi. Həmin ilin oktyabrında zavod direktoru oldum.

 - İstehsalatdan başlanan münasibətlər şəxsi dostluq səviyyəsinə də gəlib çatmışdı deyəsən…

 - O dostluq münasibətləri sonradan oldu. Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbər qayıtdıqdan sonra. O, iş görən adama çox böyük qiymət verirdi. İşlə nə problemin varsa, de, anındaca həll eləsin. Onun kimi adam çətin bir də bu dünyaya gələ.

 Mən işləyən vaxtlar Məişət Kimyası Kombinatının ikinci növbəsi üçün sex tikirdik. Belə bir zavod əlavə olaraq həm Qazaxıstanda, həm də Leninqradda tikilirdi. Heydər Əliyevin tələbkarlığı ilə bizim tikinti çox irəlidə idi. Zavodun istehsalata hazır olması üçün bizdə əsas avadanlıqlardan biri – qüllə yox idi. O olmadığı üçün sex dayanacaqdı. Ancaq ki, Qazaxıstanda qüllə var idi, sex isə hazır idi. Bəzi avadanlıqlar da Leninqradda hazır idi. Qazaxıstan rəhbəri Kunayev və Leninqrad şəhər Partiya Komitəsinin katibi Romanov Siyasi Büronun üzvləri idilər. Heydər Əliyev isə namizəd idi o zaman. Lakin o, əsaslandıraraq avadanlıqları həm Qazaxıstandan, həm də Leninqraddan Azərbaycana gətizdirə bildi. Sex hazır oldu, istehsalata başlandı.

 - Necə etdi bunu?

 - Kondisioner zavodu bir nümunə idi. O zavodu da əvvəlcə Ukraynaya vermişdilər. Demişdi ki, mən bu müddətə tikəcəm və Şerbitski ilə baş-başa gəlib, zavodu Bakıda tikdirə bilmişdi. Ona görə də bu məsələdə ona daha çox etibar edirdilər.

 Naxçıvana yardım kimi kerosin göndərirdim

 - Sonradan Heydər Əliyev Moskvaya, daha yüksək vəzifəyə gətirildi. Siyasi çəkişmələr baş verdi. Yenidən Azərbaycana qayıtdı. Hətta Milli Məclisin özündə də ona qarşı haqsızlıq edənlər oldu. Sizinlə aranızda çox isti münasibətlər yarandı.

 - Mən indi də ona təəssüf eləyirəm ki, o adamlar ki Heydər Əliyev danışanda nadanlıq edib, yerə təpik döyürdülər, fit çalırdılar, indi onlar, Allah eləməmiş, bir şey olsa, sabah yenə də bu iqtidarın əksinə gedəcəklər. Bir sifətləri yoxdur. Elələri var, bir neçə sifətlə maskalanıblar. Mən onları yaxşı tanıyıram. Onlarla yoldaşlıq da etmişəm. Elə indi də yoldaşıq. Görəndə salam-kalam edirik.

 - Dostluq münasibətinizdən danışın…

 - Heydər Əliyev Naxçıvanda olanda ona zəng eləyirdim. Mənim rəhbəri olduğum zavodda həddən artıq kerosin vardı. Bir milyon tona yaxın idi. Qənaət etmişdik. Yardım kimi göndərirdim. Heydər Əliyevə yox ha, Naxçıvan əhalisinə. Bura gələndən sonra da dedi ki, mən bu adamı yaxşı tanıyıram. Nə sözü olurdusa, deyirdi ki, Fikrət, bunu belə eləmək lazımdı. Gedirdim yanına, qəbul eləyirdi, deyirdim ki, bunları belə eləyə bilərik. Nə qədər tələbkar idisə, o qədər də səbirli idi. Söz deyəndə kəsmədən axıra qədər təmkinlə qulaq asırdı. Sözü kəsməzdi heç vaxt.

 Məndən buna görə incidi

 - Bu qədər işgüzar olmağınızla, dostluq münasibəti, qazandığınız uğurlarla yanaşı içinizdə bir xof olubmu ki, nəyisə düz eləmərəm, qəzəbə gələrəm?

 - Həmişə fikirləşirdim ki, Heydər Əliyevin nəzəri üzərimdədir. Demək, mən başqa heç nə eləyə bilmərəm. Həqiqətən elə fikirləşirdim ki, mənim nə etdiyimi o bilir.

 - Sonra deyəsən aranızda bir az soyuqluq yarandı?

 - Bilirsiniz necə oldu?! Bir məsələ var idi, mən dedim ki, belə eləmək lazımdı. Ancaq ki, Heydər Əliyevin səbri çoxdur. Bir az tələsdim, başqa adamla da getdim yanına. Dedi ki, mən sənə söz demişdim, bunu edəcəyəm. Necə olur ki, sən bu işlə bağlı başqa adam da xahişə gətirirsən? Mənə elə gəlir ki, məndən buna görə incidi.

 - Amma belə bir söhbət gəzirdi ki, sizin başınızın üstündə qara yellərin əsməsinə səbəb Rəsul Quliyevi müdafiə etməyiniz olub. Heydər Əliyev bunu soruşanda, siz demişiniz ki, onunla çörək kəsmişəm, dost olmuşam, ağır günündə adamı atmaq olmaz. Belə bir söhbət olubmu?

 - Yox, elə şey olmayıb. Axı o özü də bilirdi ki, biz dostuq. Rəsul Quliyev istehsalatçı idi, işgüzar idi. Bir dəfə o, Ali Sovetdə olarkən, adlarını deməyəcəm, bir neçə nəfərlə yanındaydıq. Başladılar ki, o kimdir, qocalıb-filan. Əsəbiləşdim, dedim ki, sizin bu avantüranızda mən yoxam, ola da bilmərəm və çıxıb getdim. Mən gedəndən sonra orada olanlardan biri tez qaçar Heydər Əliyevin yanına, deyər ki, belə bir söhbət oldu, Fikrət müəllim belə dedi, sonra çıxdı, ardınca da mən çıxdım. Heydər Əliyev məni qəbul edəndə, dedi ki, xəbərim var, gərək cavabını verəydin. Dedim ki, o sözü deməyim elə cavablarını vermək idi. Başqa cür desəydim, o zaman sizə başqa cür çatdıracaqdılar. Bilirsiniz, onlar hər dəfə Heydər Əliyevin yanına girə bilirdilər, mən isə ayda bir dəfə.

 Fikrət müəllim ani fikrə gedir, sinəsi körük kimi qalxıb enir:

 - O, çox dahi insan idi… Ayrı adam idi.

 - Bir müddət işsiz qaldınız?

 - Hə. 2005-dən 2009-a qədər işsiz qaldım.

 - Uzun müddət vəzifədə olmusunuz, iki dəfə Milli Məslisə seçilmisiz. Qara gün üçün bir iş görmüşdünüz, ya yox?

 - Yox, olmayıb. Sənin dostların var, məni tanıyır, onlar da təsdiq edə bilərlər. Əgər mən elə etsəydim, başqaları daha çox eləyəcəkdi. Mənə rəhmətlik 3 dəfə dedi ki, gəl Bakıya, Sumqayıtda oturma. Bir dəfə Sumqayıtdan gələndə qəzaya düşdüm. Onda da dedi ki, sənə dedim axı Bakıya gəl.

 - Nəyə təəssüf edirsiniz?

 - Həyatda heç bir şeyə təəssüf etmirəm.

 - Olub ki, şəxsi işinizdən ötrü kiməsə ağız açasınız? Hər halda böyük adamın da böyük problemləri olur. Siz özünüz çox problemlər həll edibsiniz.

 - Məni Azərbaycanda həmişə respublika rəhbərliyi dəstəkləyib. Direktor olanda da belə olub, sonralar da. Bir dəfə mənə ciddi xəbərdarlıq vermək istəyiblər. Artur Rəsizadə Nazirlər Kabinetinin birinci müavini, Siyasi Büronun üzvü idi. Deyib ki, mən buna qol çəkməyəcəm. İstehsalatda işləyirdim, plan dolur, respublikaya gəlir də gəlirdi. Demişdi, bax, mən Qorbaçova zəng eləyəcəm, qoymayacam ki, bu iş belə olsun.

 - Bəxti gətirənlərdən olmusunuz da. Ola bilsin ki, ölkədə sizin kimi işləyən olsun, amma dövlətdən ona dəstək olmasın?

 - Əlbəttə, həyatdır da, hər şey ola bilər. Mənim nə qohumum idilər, nə də ki, tanışım. Ancaq bütün bu dəstəklər istehsalatı düzəltdiyimə görə, o əvvəlki zavodu tamam başqa zavod etdiyimə görə idi. Zavodun ərazisini yaşıllıq etdirdim, ağaclar əkildi. Kim nə qədər ağac əksə, mükafat alırdı. Milyondan çox çən var idi. Təmizlədik. Dəmir qırıntısı edib göndərdik Rusiyaya.

 Borcumu qaytarmayıblar

 - Ötən günlərinizi qaytarmaq istəsəniz, ömrünüzün hansı anına dönərdiniz?

 - Ən çox xoşum gələn vəzifə baş mühəndislik olub. İstehsalatda ağırlıq daha çox onun üstündə olub. Elə bir dənə sex yoxdur ki, orada mənim təklifim həyata keçməsin.

 - Borcla aranız necədir? Heç dostdan-tanışdan borc alıb-vermisinizmi?

 - Borc vermişəm. Amma borc almamışam. Heç borcu qaytarmaq istəyən də olmayıb. Mən bilirdim ki, vəziyyətləri necə olub, ona görə də istəməmişəm verdiklərimi.

 - Dostlarınızdan ən çox kimi xatırlayırsınız?

 - Biz 5 direktor olmuşuq, həmişə bir yerdə idik. Zamin Hüseynov, Nərçə Ağayev, Nurəddin Babayev, bir də Ucal Qasımzadə. Bir kampaniya idik. Onlardan ötrü çox darıxıram.

 - Ordubadda yaşamısınız, ömrünüzü Sumqayıta bağlamısınız, xatirələri vərəqlədikcə sizin üçün daha şirini hansı olub?

 - Tələbəlik illəri.

 - Orta məktəbin ən şirin xatirəsi bir qızı oğrun-oğrun sevməniz olub. Bəs tələbə vaxtı arxanızdan baxan gözü yaşlılar olubmu?

 - Yox. Nüsrət Kəsəmənlinin bir şeiri var – “Biri vardı, biri yox”… Mənim səhvim olub. Yəqin ki, mən sevgidə məğruram. Əgər qız mənə “yox” dedisə, ikinci dəfə ona tərəf üz tutmaram.

 Sonra yenə də həmin xəfif, ilıq təbəssüm simasına hopur. Hə, deyəsən, yenə də sarı simə toxunduq axı, deyə fikirləşdim. Fikrət müəllim yenə də xatirələri çözələdi:

 - Çox yaxşı bir qız vardı. Sevirdim onu, evlənmək də istəyirdim. Mən Sumqayıtda işləsəm də, hər gün o qıza görə Bakıya gəlirdim. Bir dəfə qıza dedim ki, gedək bir az gəzək. Dedi, sabah imtahanım var, hazırlaşmalıyam. Gəlmədi. O, sonuncu görüşüm oldu, o vaxtdan bu yana o qızı görmədim…

Faiq Balabəyli, axar.az

Facebook Şərhləndirmə:

“Fikrət Sadıqov: “Heydər Əliyev 3 dəfə dedi ki, gəl Bakıya, Sumqayıtda oturma” – MÜSAHİBƏ” yazısına 4 cavab

  1. Rafiq deyir:

    Allah can sagligi,uzun omur versin!

  2. Şahnaz deyir:

    Çox gözəl insandır,şəxsən ailəsinnən tanıdığım insanlar var gözəl nəsildir.Allah can sağlığı versin!

  3. seva deyir:

    Semimi , savadli, xeyirxah ,medeni,sade, bir sozle haminin hormetini qazanmis Fikret muellim haqda cox gozel fikirler yazmaq olar ALLAH uzun omur ve can sagligi versin AMIN

  4. Adil m. deyir:

    Faiq bəyin şeirləri və öz kəndi haqqında “Modern.az” verdiyi müsahibədə saflığı,söz ustası olduğunu və Fikrət S.bu müsahibə mənə ləzzət verdi.Sağ olun! Xalqımızın Fikrət S. kimi oğulları qiymətləndirmək və onlar haqqda yazmaq yetişən gənc nəslə örnəkdir.Qoy gənclərrimiz bilsinlər belə insanlarımız var və bu insanlar Sumqayıt şəhərində-daha doğrusu gənclər şəhərində yetişib formalaşdılar! Allah-təala onlara can sağlığı versin! İşlərində uğurlar arzu edirəm.
    Faiq bəydən xahiş edərdim ki,hazırda Sumqayıt şəhərində böyük quruculuq işləri gedir.Başçının kadrların seçilib və onların yerləşməsi sahəsində apardığı işlər də təqdirə layiqdir.Yazın və Sizin yazan yaxşı qələminiz var!Yazın bunlar barədə qoy millət sevinsin öz layiqli övladları ilə və onlarla fəxr etsin!

Şərhinizi yazın