Menu
Geri İrəli

İki övladı ürək xəstəsi olan sumqayıtlı ata Azərbaycana səslənir

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2013 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
Son günlər sosial şəbəkələrdə səhhətində problem olan insanlarla bağlı yardım aksiyaları genişlənir. İnsanlar maddi dəstək üçün internet vasitəsi ilə imkanları həmyerlilərini kömək çağırışı edib, iəstəklərinin müsbət nəticələnəcəyinə ümidlə baxırlar. Buna səbəb yaxın günlərdə dövlətin yardım aksiyasına verdiyi reaksiya olub. Belə ki, dövlət başçısı Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” istirahət mərkəzində faciə nəticəsində ayağını itirən 2 yaşlı İmran Cəfərzadənin mülicəsini öz üzərinə götürdü. Dövlətin bu addımı insanları məmnun etdi. Və… Səhhətində problem olan və maddi yardıma ehtiyac duyan insanlar yardım aksiyasına start verdilər. Onlardan biri ilə həmsöhbət olduq.

25 yaşına kimi 4 ildən bir yenilənməlidir…

Bu günlərdə redaksiyamıza Sumqayıt şəhərində yaşayan üç övlad atası Şahin Nəcəflidən məktub daxil olub. O telefon nömrəsini yazdığı üçün onunla əlaqə saxlaya bildik, ətraflı məlumat aldıq. Məlum oldu ki, Şahin bəyin iki övladı-Ömər və Əsra Nəcəfli hazırda çox ciddi ürək problemləri ilə yaşayırlar. Belə ki, 2001-ci ildə ağır ürək qüsuru ilə dünyaya gəlmiş Ömər Nəcəfli iki dəfə (2005 və 2008-ci illərdə) Türkiyədə yerləşən Acibadem Xəstəxanasında ürəyindən əməliyyat olunub. 2009-cu ildə isə Ömər eyni xəstəxanada qarın yırtığına görə üçüncü dəfə bıçaq altına yatmalı olub. Lakin balaca Ömərin problemi bunlarla da bitmir. Belə ki, heyvanlardan alınan və Ömərin ürəyinə qoyulan damar 25 yaşına kimi 4 ildən bir yenilənməlidir. Daha sonra isə ona ürək köçürülməlidir.

Əsranın xəstəliyi daha ciddidir!

Şahin Nəcəflinin 2013-cü ildə dünyaya gəlmiş üçüncü övladı Əsra Nəcəflinin da səhhətində problemlər yaşanır. Körpə Əsra da qardaşı Ömərlə eyni xəstəliklə yaşamağa məhkumdur. Özü də Əsranın xəstəliyi daha ciddidir. Belə ki, ona ürəyindəki sağ və sol mədəciklərin yerdəyişməsi diaqnozu qoyulub və təcili əməliyyat olunmalıdır. Acıbadem xəstəxanasında bu əməliyyatın aparılmasına isə 14 min manat vəsait tələb olunur. Şahin Nəcəflinin sözlərinə görə, bununla bağlı onun yerli televiziya kanalı vasitəsilə əhaliyə müraciət etməsinə baxmayaraq, ciddi bir nəticə hasil olmayıb.

Onun heç daimi iş yeri də yoxdur…

Bu dərdli atanın oxucularımıza müraciətində ürəyində Allah mərhəməti hiss edən hər bir vətəndaşımıza gümanı böyükdür. Körpə Əsra Nəcəflinin Türkiyənin Acıbadem xəstəxanasında mümkün olan şutlama əməliyyatı olduqca zəruridir. Çünki Əsranın artıq bir damarında tıxanma əmələ gəlib. Vaxt itkisi köprəni həyati təhlükə qarşısında qoyur. Adı çəkilən xəstəxananın əməliyyat xərcləri də Nəcəfli ailəsinin maddi imkanları xaricindədir, ona 14 min manat vəsait lazımdır. Onu da qeyd edək ki, Şahin Nəcəfli kirayədə yaşayır. Onun heç daimi iş yeri də yoxdur.

“Eşidirik ki, kimsə uşaq üçün yardım çağırışı edib. Bunu eşitmək belə gözəldir”

Şahin Nəcəfli hesab edir ki, dövlətlə, hökumətlə yanaşı cəmiyyətin də sosial qayğıya ehtiyacı olan insanlara diqqət ayırması olduqca vacibdir. “Xeyriyyəçi, səxavətli insanlar bu gün də var. Onlar arasında gənclər fərqlənirlər. Gənclər müxtəlif sahələrdə xeyriyyəçiliklə məşğuldur. Bəziləri buna xeyriyyəçilik, bəziləri cəmiyyətdə mərhəmət hissinin aşılamasına cəhd deyirlər. Bəziləri də bunu vətəndaşlıq borcu, insanlıq borcu hesab edirlər. Müxtəlif ad vermək olar, istənilən ad yaxşı mənada deyiləcək. Bu sahədə, yəni maddi yardıma ehtiyacı olan, sosial-iqtisadi durumu acınacaqlı olan innanlara-vətəndaşlara hökumət təşkilatları ilə yanaşı qeyri-hökumət təşkilatları da dəstək verir. Zamanımızda insanların insanlara dəstək olması, kömək olması üçün yollar da çoxalıb. 21-ci əsr internet əsridir. Odur ki, insanlar ineternetin imkanlarından istifadə edib müəyyən tədbirlər təşkil edirlər. Əlillər və kimsəsiz uşaqlarla bağlı çağrışlar edirlər. Yaşması üçün maddi dəstəyə eyhtyacı olan insanlarla bağlı quruplar yaradırlar. Bəzən xəbərimiz də olmur. Eşidirik ki, kimsə uşaq üçün yardım çağırışı edib. Bunu eşitmək belə gözəldir”, deyə 3 aylıq Əsranın atası Şahin Nəcəfli bildirdi.

“Hədiyyənin bahalı-ucuzu olmadığı kimi mərhəmətin də qiyməti yoxdur”

Şahin Nəcəflinin sözlərinə görə, Əsranın səhhəti ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb: “Qızımın səhhətindən aidiyyəti qurumlara müraciət olunub və kömək istənilib. Bizim məsələ ilə bağlı olaraq müvafiq hökumət və qeyri-hökumət təşkilatlarına müraciət etmişik. Müraciətlərimizə cavab gözləyirik. Biz ümidvarıq ki, 3 aylıq Əsraya 2 yaşlı İmrana göstərilən qayğı və diqqət olacaq. Biz İmrana olan cəmiyyətin dəstəyini gördük və insanların mərhəmət hissinin nəyə qadir olduğunun şahidi olduq. Bu həm də insanların mərhəməti idi. İnsanı başqa yaradılan varlıqlardan üstün tutan və onu yüksək mərtəbəyə çatdıran insani duyğulardan biri də mərhəmət hissidir. Mərhəmət hissi ədalətin qaynağıdır. Mərhəmət yaradılanların qayğısına qalıb, onlara kömək etmək arzusundan doğan bir hissdir. Bizdən fərqli olaraq başqalarının əzilməsi, hüquqlarının pozulması, müxtəlif səbəblərdən digər insanlar kimi yaşaya bilməmələri ürəyimizdə mərhəmət hissini oyandırır. Nəticədə onların da bizim kimi yaşamasını və olmasını arzulayırıq. Beləliklə də fitrətimizdə olan ədalət hissi baş qaldırır. Deməli, mərhəmət həm ədalət, həm də bərabərlik hissinin qaynağıdır. Biz insnalardan, insanlıq, mərhəmət, səxavət gözləyirik. Hədiyyənin bahalı-ucuzu olmadığı kimi mərhəmətin də qiyməti yoxdur. Kömək… İnsanda qürur, cəsarət, şücaət, səxavət, mərhəmət hissinin olması arzuolunandır”.

“Özündən xəbərsiz taleyinin faciəsini yaşayan bir uşağın…”

Şahin Nəcəfli bildirir ki, Əsranın səhhəti ağırdır: “Çox xahiş edirik, insanlıq xatirinə bunu edək və görsünlər ki, hələ də yardımsevər insanlar var. Əgər hər birimiz əlbir olsaq, balaca Əsramızı xilas etmək mümkün olar və təbii ki, balamızın həyatda qalması üçün ən vacib olan puldur.
Əvvəlcədən, kömək edən, dərdimizə şərik olan insanlara ailəmiz adından təşəkkürümüzü bildirirəm. Özündən xəbərsiz taleyinin faciəsini yaşayan bir uşağın normal insanlar kimi yaşaması üçün əlinizdən gələni edəcəyinizə böyük ümidlər bəsləyir və ailəmiz adından bu çətin anımızda bizə dəstək olan hər kəsə əvvəlcədən öz dərin minnətdarlığımızı bildiririk!
Həssas qəlbinizlə bizim harayımıza yetmək istəsəniz, aşağıdakı bank hesabına münasib bildiyiniz məbləğdə pul köçürə və ya telefonla əlaqə saxlaya bilərsiniz:
Dəmir Bank- Hesab 667010 AZN
Bank Respublika – 029865 AZN
Nəcəfov Şahin

Ümid edirik ki, xeyirsevər insanımız Allah-Təalanın Rəhmət qapılarının daha geniş açıldığı günlərdə Nəcəfli ailəsinin dərdinə maddi və mənəvi şərik olacaq, öz xeyirxah əməllərini əsirgəməyəcəklər. Bunun üçün ailəmiz adından sizə dərin təşəkkürümüzü bildiririk”.

Ramid, “Bizim Yol” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın