Menu
Geri İrəli

Sumqayıtda kimya sənayesinin inkişaf tarixi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2015 • Baxış sayı: 1,130 dəfə • Şərh yoxdur

Sumqayıt kimya sənayesi -70

 4Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixi XIX əsrin ortalarına təsadüf edir. O dövrdə Bakının neft rayonları ərazisində artıq kükürd turşusu və kaustik soda istehsal edən bir neçə kiçik sex fəaliyyət göstərirdi. Bu  kimyəvi məhsullardan yanacaq və sürtgü yağlarının təmizlənməsində istifadə olunurdu. Həmin məhsulların istehsal həcmi yerli tələbatı ödəməklə yanaşı, onları Azərbaycandan kənara ixrac etməyə də imkan verirdi. Nobel qardaşlarının, H.Z.Tağıyevin və digər neft sahibkarlarının kükürd turşusu və soda zavodlarında o dövrün ən müasir texnika və texnologiyaları tətbiq edilirdi.  Həmin zavodlar artıq bütün dünyada tanınırdı. 1905-ci ildə o zavodlarda mütərəqqi kontakt üsulunun  tətbiqinə başlanıldı ki, bu da kükürd turşusunun keyfiyyətinin və istehsal həcminin artmasına səbəb olmuşdu. 1916-cı ildə Bakı zavodlarında 1,5 milyon pud kükürd turşusu istehsal olunurdu ki, onun da yarıdan çoxu – 58 faizi neft emalı sənayesinin tələbatını ödəməyə sərf olunurdu.

Bakı soda zavodları istehsal gücünə və fəhlələrinin sayına görə ən iri müəssisələrdən sayılırdı və  Sonralar bu müəssisələrdə azot və xlorid turşuları, kənd təsərrüfatı üçün dəmir və mis kuporosu, toxuculuq fabrikləri üçün sabun surroqatı istehsal olunurdu. Həmin dövrdə Bakıda yeni müəssisələrin – xam neftdən benzol və toluol istehsal edən pirogen zavodların tikintisinə başlanıldı. 1917-ci ildə Nobel qardaşlarının ilk pirogen zavodu işə salınmışdı. Onun istehsal gücü 60 min pud benzol və 30 min pud toluol idi. Tüstüsüz barıt hazırlayan hərbi zavodlar toluolun əsas istehlakçıları kimi ona xüsusi maraq göstərirdilər. Beləliklə, aromatik karbohidrogen istehsal edən Bakı pirogen zavodları Azərbaycanda neft-kimya sənayesinin təməlini qoy­muş oldu.

Ölkəmizdə bu sahənin daha geniş miqyasda inkişafı 1945-ci ildən başlayır. Əslində neft-kimya sənayesinin genişləndirilməsinə və gücləndirilməsinə hələ 1938-ci ildə cəhd göstərilmişdi. Bu məqsədlə Sumqayıtda Sintetik kauçuk və digər kimya zavodlarının tikintisinə başlanılsa da, II Dünya müharibəsi inşaat işlərinə ara vermək məcburiyyəti yaratmışdı.

1945-ci ilin mart ayında tikintisinə hələ II dünya müharibəsindən əvvəl başlanılan, çox da böyük olmayan «Tukzavod» deyilən kustar istehsalat əsasında genişləndirilərək inşa edilmiş ilk kimya zavodu – «Ozer» adlanan, sonralar Sumqayıt Səthi aktiv maddələr zavodu kimi tanınan müəssisə ilk məhsulunu vermişdi.

Hər şeyin böyük qələbəyə doğru getdiyi həmin çətin və məşəqqətli günlərdə Sumqayıtın ilk qurucuları sayıla biləcək arxa cəbhə əməkçiləri o dövr üçün hələ məxfi olan, 142 №-li müəssisənin tikintisini çox qısa bir vaxtda başa çatdırmaqla böyük əmək qələbəsi qazandılar. Bu, doğrudan da, keçmiş SSRİ-nin hərbi məqsədlərinə xidmət edəcək bir müəssisənin yaradılması baxımından tarixi bir hadisə sayılırdı. Onu xüsusilə qeyd etmək lazımdır ki, müharibənin ən qızğın bir vaxtında – 1943-cü ilin oktyabrında SSRİ Dövlət Müdafiə Komitəsi hərbi ehtiyacların ödənilməsi məqsədilə tamamilə boş, uzanıb gedən bir çölü xatırladan Sumqayıt rayonunda ilk kimya müəssisəsinin tikintisinin davam etdirilməsi haqqında qərar çıxarmışdı. O zaman Abşeronun bu hissəsində yalnız kustar metodla – ammonium sulfatın superfosfat, selitra və sümük tozu ilə mexaniki qarışdırılması üsulu ilə kənd təsərrüfatı üçün mineral gübrə hazırlayan, «Tukzavod» adlanan kiçik bir zavod fəaliyyət göstərirdi.

Zavodun ilk direktoru olmuş Mehdi Zeynal oğlu Mehdiyev sonralar xatirələrində yazırdı: «Mən inşaatçıların qəhrəmanlıq əzminə heyrət edirdim. Onlar necə də yüksək dözümə, iradəyə malik idilər. Çətin hava şəraitində belə iş bir dəqiqə də olsun, ara vermirdi. Bu, doğrudan da, əsl əmək qəhrəmanlığı, əsl əmək şücaəti idi. Bəlkə də heç inanmaq olmazdı ki, həmin qəhrəman oğlan və qızların əksəriyyətinin o zaman heç 17 yaşları da yox idi. Bəzən yeməyin və isti paltarın da çatışmamasına baxmayaraq, onlar bütün canlarını işə qoyur, hər şeyə böyük cavabdehlik hissi ilə yanaşırdılar».

Müharibə başa çatdıqdan bir il sonra – 1946-cı ilin aprelində zavodun maye xlor sexi, 1947-ci ildə isə sürtkü yağlarının donma dərəcəsinin azaldılaraq aşağı salınması üçün tətbiq olunan depressatorlar istehsal edən qurğu işə salındı. Bu, o zamanlar parafinli neftlərdən alınan sürtkü yağlarının keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadı. İki il sonra – 1949-cu ildə zavodda xlorparafin, 1951-ci ildə isə heksaxloran istehsalına başlanıldı. Əgər 1950-ci ildə müəssisə cəmi 5 adda məhsul istehsal edirdisə, 10 il sonra məhsulların çeşidi 13-ə çatdırıldı. Daha sonralar civə üsulu ilə kaustik soda istehsalına başlanıldı. Zavodun daha sürətli inkişafı 1963-cü ildə yeni və böyük bir istehsalatın – sulfanol istehsalatının işə salınması ilə təmin edildi. 1964-cü ildə yuyucu vasitələrin tərkib hissələrindən biri olan karboksimetilsellülozun (KMS) natrium duzunu istehsal edən daha bir təcrübə-sənaye qurğusu işə salındı.

O dövrün ən böyük neft-kimya müəssisəsi sayılan Sumqayıt “Sintetik kauçuk” zavodunun əsası isə 1950-ci ildə qoyulmuşdu. 1952-ci ildə SSRİ sənayesində ilk dəfə olaraq Bakı neft-qaz zavodunun xammalı əsasında sintetik etil spirti alındı. Və artıq 1957-ci ildə SSRİ-də ilk dəfə olaraq Sumqayıtda neft xammalından sintetik kauçuk istehsalına nail olundu və məhz bundan sonra – 1957-ci ildə Bakı Şin zavodunun tikintisinə başlanıldı ki, onun da ilk növbəsi 1959-cu ildə istifadəyə verildi.

Yalnız Sumqayıtın deyil, həmin dövrdə hətta avropanın ən iri neft-kimya müəssisəsi hesab olunan  Sumqayıt Kimya kombinatının inşasına isə 1958-ci ilin iyulunda başlanıl­mışdı. 1963-cü ildə orada qazayırıcı qurğu, 1964-cü ildə benzinin katalitik riforminqi qurğusu, 1967-ci ildə isə propilenin konsentrasiyası qurğusu işə salındı. 1969-cu ildən başla­yaraq zavodun genişləndirilməsi işləri sürətlə aparıldı və 10-dan çox yeni istehsal obyekti istismara verildi. 1970-ci ildə qliserin, 1971-ci ildə benzol, izobutilen və poliizobutilen istehsal edən sexlər, 1973-cü ildə isə xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexi istismara verildi.

1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlmiş Ulu öndər Heydər Əliyev rəhbərliyinin ilk illərindən etibarən ölkə iqtisadiyyatının strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz respublika rəhbərinin təşəbbüsləri sayəsində 1970-80-ci illərdə Sum­­qayıtda kim­ya sənayesinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəs­sisələrin yaradılması, daha səmərəli  texno­lo­ji qurğuların inşası, eyni zamanda mövcud istehsalatların re­kons­truk­siyası, müasir­ləşdiril­məsi və yeniləşdiril­məsi işləri geniş vüsət almışdı.

Heydər Əliyev vaxtilə qeyd edirdi ki, kimya sənayesi respublika üçün mühüm əhəmiyyəti olan proqressiv bir sahədir, bu səbəbdən də yeni kimya müəssisələrinin inşa edilib mənimsənilməsində geridə qalmaq, hər hansı bir lənglik yolverilməzdir. Odur ki, məhz 70-ci illərin ortalarından başlayaraq Sumqayıtda kimya sənayesinin yenidən qurulması, yeni texnoloji istehsal müəssisələrinin yaradılması sahəsində işlər xeyli sürətləndirilmişdi.

Həmin dövrdə Sintetik kauçuk zavodunda da bir sıra yeni sex və istehsalatlar yaradıldı. 1969-cu ildə yüksək təzyiqli polietilen, 1971-ci ildə isə illik gücü 15 min  ton olan butil-kauçuk sexləri istifadəyə verildi. 1976-cı ildə butandan butadien istehsal edən, 1977-ci ildə isə butadien-stirol lateksi qurğuları işə salındı.

Xüsusilə qeyd etmək lazımdır ki, butil-kauçuk sexinin işə salınması ilə zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi marka­larını istehsal edən ilk və yeganə müəssisə oldu. Məhz bunun nəticəsi olaraq həmin növ kauçukun xarisdən alınmasına birdəfəlik son qoyuldu. 1974-cü ildə yüksək markalı kauçuk istehsal edən sexin yeni­dən qurulması, onun istehsal gücünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavo­dunu yerli xammalla təshiz etmək müm­kün oldu və bunun nətisəsi kimi həmin zavodda SSRİ-də ilk dəfə olaraq minik və iri yük avtomobilləri, kənd tə­sər­rüfatı maşınları üçün şin istehsalı xətti işə salındı. Şin zavo­dunun modernləşdirilməsi, şinlərin vulkanizasiyası və bərpası üzrə geniş işlər aparılaraq, yeni sexlər tikildi. Bu isə respublikanın iqtisadiyyatına olduqca müsbət təsir göstərdi. 1970-1980-ci illərdə Sintetik kauçuk zavodu və Kimya kombinatı tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul ixrac etmişdir.

Ötən əsrin 70-ci illərinin əvvəllərində əhalinin məişət tələbatını maksimum ödəmək üçün respublikada yeni kimya müəssisələrinin tikintisinə başlanıldı. Belə müəssisələrin ilki Sumqayıt yuyucu vasitələr (sonralar «Məişət kimyası» adlanırdı) zavodu idi. Müəssisədə həyata keçirilən yeniliklər və əhə­miyyətli dəyişikliklər məhz Heydər Əliyevin təşəbbüs və tövsiyələrinin nəticəsi idi. 1971-ci ildə müəssisədə istehsal gücü 30 min ton olan yalnız bir istehsalat sahəsi var idisə, artıq 1978-ci ildə müasir texnologiya əsasında tikilmiş yeni sexin işə düşməsilə zavodun istehsal gücü 4 dəfə artırılaraq, ildə 120 min tona çatdırıldı. Müəssisədə yuyucu tozlarla yanaşı müxtəlif təmizləyici vasitələr də buraxılırdı.

Modernizasiya və texniki yüksəlişə doğru başlanan ümum­respublika tədbirləri Sumqayıt ”Superfosfat” zavodunda da uğurla davam etdi­rilirdi.  1975-ci ildə müəssisədə texnoloji avadanlıqları xaricdən gətirilən,  istehsal gücü ildə 450 min ton sulfat turşusu olan sex istismara verildi. Ölkənin kənd təsərrüfatının perspektiv inkişafı və tələbatı nəzərə alınaraq, 1980-1983-cü illər­də digər genişmiqyaslı tədbirlər həyata keçirildi və Zaqafqaziyada ilk dəfə olaraq məhz burada dənəvər superfosfat güb­rələri istehsal edən, yüksək məhsuldarlıqlı yeni texnoloji kompleks işə salındı.

1957-ci ildə Bakı neftayırma zavodunun tərkibində təməli qoyulan – Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu vermiş, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılmış və BFK-1 aşqarı istehsal edən sex işə salınmışdır. Zavodda 1968-ci ildə formalin, 1970-ci ildə yeni yüksək effektli BFK aşqarı istehsalına başlanmış, 1975-ci ildə isə BFK-1 aşraqı istehsalı əsasında respublikada buraxılan dizel sürtgü yağlarına əlavə edilən daha təkmil İXP-101 aşqarının buraxılışı təşkil olunmuşdur.

Görülmüş genişmiqyaslı işlərin, qısa müddətdə reallığa çevrilmiş layihə və ideyaların nəti­cəsi idi ki, artıq ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə keç­miş Sovetlər İttifaqında güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdı. Onun istehsal etdiyi məhsullar SSRİ-nin və xarici ölkələrin 100-dən artıq şəhərinə ixrac olunurdu.

Heydər Əliyev neft-kimya sənayesinin texniki-istehsal bazasının ardıcıl olaraq gücləndiril­məsi, onun əsaslı surətdə müasirləşdirilməsi və yeniləşdi­ril­məsi proqramının real­laş­dırılması, ölkənin kimya kompleksinin yeni keyfiyyət pilləsinə qaldırılması məqsə­dilə 70-ci illərin sonlarından başla­yaraq, Sumqayıtda daha bir yeni və unikal texnoloji kompleksin – EP-300 qurğusunun inşasına nail olmağa çalışırdı. Kompleksdə Bakı neft emalı zavodlarının karbohidrogen xammalından etilen və propilen istehsal olunmalı idi.

Ümummilli liderin rəhbər qətiyyəti və prinsipiallığı sayəsində Azərbaycanda tikintisi üçün o zamankı Sovet rəhbərliyinin çətinliklə də olsa razılığının alındığı, müəssisənin istehsal gücünün artırıl­masına və genişləndirilmə­sinə xidmət edən “EP-300” qurğusunun inşasına 1981-ci ildə başlanılmış və bu unikal qurğu 1989-cu ildə istismara verilmişdi. O dövrdə Heydər Əliyev bu istehsalat kompleksinin əhəmiyyətini və perspektivliyini hamıdan çox və düzgün qiymətləndirirdi. Yeni texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yün­­gül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına baş­lanıldı. “EP-300”-ün istismara verilməsi ilə fiziki cəhətdən köhnəlmiş EP-60 istehsalatdan çıxarıldı. Hazırda “Etilen-Polietilen” zavodu “EP-300” qurğusunun sayə­sin­də dünya bazarında tələbatın xüsusilə böyük olduğu müxtəlif kimyəvi məhsullar is­tehsal edir. Bu kompleks həm də onunla qiymətli və daha münasib idi ki, onun üçün əsas xammal respublikanın neft emalı zavodlarının karbohidrogen məhsulları idi.

“EP-300” kompleksinin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polimir-120” qurğusunun da xaricdən alınması və inşası məhz Ulu öndərin rəhbərliyi və dəstəyi ilə mümkün olmuşdu. Kimya sahəsində mütərəqqi texno­logiyalar əsasında yaradılaraq, avadanlığı Almaniya və Çexoslova­kiyadan gətirilmiş, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsulların – poli­mer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan vermişdi.  O da xüsusilə əhəmiyyətlidir ki, bu gün hər iki qurğu həm də respublikamızın bir çox kimya müəssisələri üçün əsas xammal tədarükcüsü rolunu oyna­yır. Qətiyyətlə demək olar ki, etilen və poletilen istehsalı üzrə yeni istehsalat komplek­slərinin işə salınması həm neft-kimya sənayesi, həm də bütünlükdə respublikamız üçün mühüm bir tarixi hadisə idi.

1994-cü ildə “EP-300” və “Polimir-120” qurğularının əsasında yaradılmış “Etilen-Polietilen” zavodunun adı yeni bir müəssisə kimi Sumqayıtın sənaye xəritəsinə yazıldı.

Heydər Əliyev hələ 1976-cı ildə Azərbaycan sənayesinin həlli vacib problemlərindən biri kimi neft emalını, neft-kimya sənayesinin yenidən qurulmasını ön plana çəkərək, qarşıya qoyulmuş geniş məqsədlərə nail olmaq üçün nəzər-diqqəti Abşe­ronun və Xəzərin karbohidrogen ehtiyatlarından maksimum səmərə ilə isti­fadə etməyə, onların dərin emalına nail olmağa çağırırdı.

1993-cü ilin iyununda yenidən ölkə rəhbər­liyinə qayıtdıq­dan bir il sonra – artıq 1994-cü il sentyabrın 20-də Ulu öndərin dahiyanə təşəbbüsü ilə dünyanın bir çox ölkələrinin aparıcı neft şirkətləri ilə əsrin irimiqyaslı beynəlxalq neft sazişinin imzalan­ması müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

Neft sektorunun sürətli inkişafının neft-kimya sənayesinin – həmin dövrdə xammal və enerji böhranı üzündən çox ağır vəziyyətə düşmüş bu mühüm sahənin funda­men­tal dəyişikliklər və yeniliklər tələb etdiyini, ilk növbədə etibarlı enerji təminatına ehtiya­c olduğunu nəzərə alan Ulu öndər 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbay­canın tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənaye­sinin inkişafında dahi rəhbərin ən böyük  xidmətlərindən biri kimi yadda qalmaqdadır. Kimyaçılar üçün xüsusilə əlamətdardır ki, ulu öndər Buxar-generator kompleksinin  ölkənin neft-kimya sənayesi üçün əhəmiyyətini yüksək qiymətləndirərək, Yaponiyalı mütəxəssislərlə 1999-cu il martın 24-də yeni kompleksin  təməlqoyma mərasimində, 2001-ci il iyulun 7-də isə açılış mərasimində iştirak etmiş, bütün Sumqayıt kimyaçılarını bu əlamətdar hadisə münasibətilə təbrik etmişdi.

 Unikal enerji istehsalçısı olan Buxar-generator kompleksinin istifadəyə verilməsi sayəsində ölkənin neft-kimya kompleksi enerji böhranı ilə bağlı düçar olduğu ağır bəladan xilas ola bilmişdi. Ulu öndərin uzaqgörənliyinin nəticəsi olaraq Buxar-generator qurğusu nəinki neft-kimya kompleksini tənəzzüldən xilas etdi, hətta «Azərikimya»nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında, Sumqayıtda kimya sənayesinin inkişafı üçün yeni bir mərhələnin başlanmasında mühüm vasitə oldu. Avtonom enerji kompleksinin işə salınması nətisəsində “Etilen-Poli­etilen” zavo­du yenidən dirçəlişi ilə yanaşı özünün perspektiv inkişafı üçün real imkanlar qazandı. “Etilen-Polietilen” zavodu bu gün “Azərikimya” İstehsalat Birliyinin aparıcı, qabaqcıl müəssisə­si kimi uğurla fəaliyyət göstərməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 aprel 2010-ci il tarixli “Neft-kimya sənayesin­də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı əsasında “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-in tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılmasıdır. Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olunmuşdur: son illərdə ilk dəfə etilen istehsalatının layihə gücü səviy­yəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş, beləliklə məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır.

Artıq “Azərikimya” İstehsalat Birliyi mövcud durğunluqdan muvəf­fə­qiyyətlə çıxmış, zəhərli və zərərli, müvafiq standartlara cavab ver­mə­yən, şəhərin ekolo­giyasına mənfi təsir göstərən bütün istehsalatlar ləğv edilmiş, səmərəli işləyə bilən isteh­salat sahələri isə yenidən qurularaq, əməkcilərin sosial-məişət şəraiti, maddi təminatı və yaşayış səviyyəsi baxımından müs­bət dönüş yaradılmışdır. Bütün bunların nəticəsidir ki, bir neçə onilliklərlə müqayisədə ətraf mühitin çirklənmə dərəcəsi xeyli azalmış, Sumqa­yıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunmuşdur.

«Azərikimya» İB-də istehsal həcminin yüksəldilməsi, kimya məhsullarının keyfiyyə­tinin yaxşılaşdırılması məqsədilə mövcud xammallarla yana­şı alternativ xammal növ­lərindən istifadə olunması sahəsində də mühüm işlər görülmüş­dür. Belə ki, məhsul çı­xımını artırmaq və keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq məq­sədilə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yan məhsulları olan quru qazların «EP-300» kom­pleksinə nəqli üçün xüsusi boru xətti çəkilmişdir ki, hazırda həmin xətlə isteh­­salatın xam­mal tələbatı 50 faizə qədər müxtəlif  qaz fraksiyaları vasitəsilə təmin olunur. Bu isə əvvəllər qiymətli xammal olaraq texnoloji prosesə verilən ilkin emal benzininə (naftaya) xeyli qənaət edilməsi ilə yanaşı Birlik müəssisələrinin isteh­salat göstəricilərinin xeyli yaxşı­laş­masında, ixrac məhsullarının keyfiyyətinin və həcminin art­masında mühüm rol oyna­mışdır.

Hazırda SOCAR Sumqayıtda perspektivi olan mövcud qurğuların modernləşdirilməsi və optimallaşdırılması ilə yanaşı yeni istehsalatların yara­dılması işlərini də həyata keçirir. Artıq son illərdə geniş tələbat duyulan plastik məmulatlar  istehsalının əsas bazası olan illik 200 min ton gücə malik polipropilen və illik 100 min ton gücə malik yüksək sıxlıqlı polietilen istehsalatlarının tikintisinə başlanılmışdır. Bu qurğuların istismara verilməsi ilə Azərbay­canda ilk dəfə olaraq qiymətli bir məhsul kimi dünyada tələbatın olduqca yüksək olduğu polipro­pilen və aşağı təzyiqli polietilen istehsal edilə­cəkdir. Həmçinin yaxın illər ərzində “Azərikimya” İB-nin müəssisələrində yenidənqurma işlərinin aparılması, yeni texnoloyi qurğu və avadanlıqların quraşdırıl­ması, yeni istehsal sahələrinin istismara verilməsi də qəbul olunmuş Proqramın tərkib hissələrindən biridir.

Respublikamız üçün xüxusi əhəmiyyət daşıyan yeni bir müəssisənin – Azot gübrəsi – Karbamid zavodunun layihəsi isə “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 13 mart 2013-cü il tarixində ARDNŞ və Cənubi Koreyanın Samsung Engineering Co. Ltd. şirkəti arasında imzalanmış Mühəndislik, Satınalma və Tikinti üzrə Müqaviləyə əsasən həyata keçirilmək­dədir. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid təşkil edəcək müəssisənin tikintisinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır.

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində yeniləşmə, müa­sirləşmə istiqamətində böyük dəyişikliklər dövrü yaşayan, sabaha böyük ümid və inamla baxan «Azərikimya»nın əmək­çiləri kimya sənayesinin 70 illik yubileyini qeyd etməyə hazırlaşırlar. Artıq 70 illik yubileylə bağlı tədbirlər planı hazırlanmış, SOCAR Prezidentinin xeyir-duası ilə yubiley tədbirlərinə start verilmişdir. Yubileylə bağlı tədbirlər cari ilin sonunadək silsilə şəklində davam etdiriləcəkdir.

Təbii ki, həyata keçirilən uğurlu layihələr sumqayıtlılar üçün böyük əhəmiyyət daşıyan “Azərikimya” İstehsalat Birliyinə və burada çalışan minlərlə kimyaçıya da öz müsbət təsirini göstərməkdədir. Əminliklə deyə bilərik ki, kimya sənayesi böyük texniki tərəqqi yolu keçərək yaxın gələcəkdə mühüm nailiyyətlər əldə edəcək, ölkə­mizin sənaye qüdrətinin artırılmasına öz layiqli töhfəsini verəcəkdir.

Rəhman Orxan,

Osman Mirzəyrev adına Respublika mükafatı laureatı.

Rafiq Oday,

respublikanın Əməkdar jurnalisti

“Azərikimya” İB-nin mətbuat xidməti

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın