Menu
Geri İrəli

Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədri: “Bəzən əlil olmağıma sevinirəm…”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2013 • Baxış sayı: 522 dəfə • Şərh yoxdur

 

 

 

 

 

 

 

 

 

Bizi əhatə edən cəmiyyətdə tez-tez rastlaşdığımız əlil vətəndaşların yaşamı, problemləri, hər gün qarşılaşdıqları çətinliklər barədə çoxmu məlumatlıyıq? Bəzən yanından ötüb keçdiyimiz əlil insana hətta yolun o biri tərəfinə keçməkdə belə, köməklik göstərməyə ərinirik. Halbuki, bu insanlar sərbəst hərəkət etmək, müəyyən bir işi istədiyi şəkildə görə bilmək arzusu ilə yaşayırlar. Onlara dayaq olacaq, dəstək verəcək insanlara hədsiz ehtiyac duyurlar. Nə yaxşı ki, onları başa düşən və köməklərinə tələsən insanlar da var…

 

Bu cür insanlardan olan Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədri Səbinə Kərimova ilə həmsöhbət olduq. Onunla söhbətimizdə fiziki məhdudiyyəti olan insanlarımızın yaşamını təsəvvür etməyə çalışdıq.
Öncə həmsöhbətimizi öz dili ilə oxuculara tanıdaq: “Mən Kərimova Səbinə Aqil qızı 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 1984-cu ildə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbə getmişəm və həmin məktəbi 1994-cu ildə bitirmişəm.
1994-cu ildə Nəsrəddin Tusi adına Universitetin tarix fakültsinə qəbul olmuşam. İlk fəaliyyətim Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Şöbəsi ilə başlayıb. Sonra bir çox təlimlərdə iştirak etmişəm. Demokratiya və İnsan haqqlarında məsul işçi olandan sonra Qadın Krizis Mərkəzinin rəhbəri olmuşam. Hazırda isə Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədriyəm. Eləcə də QHT Alyansının üzvü və Sumqayıt nümayəndəsiyəm. 1992-ci ildə, yəni 14 yaşımda aldığım xəsarət nəticəsində bu günə kimi birinci dərəcəli əliləm”.

“Ev, nəqliyyat, pensiya…”

 

 

 

 

 

 

 

Səbinə Kərimova bildirir ki, bu gün qarşıda duran əsas məsələ fiziki məhdudiyyəti olan insanlarımızın cəmiyyətə inteqrasiyasına nail olmaqdır: “O da bəzilərində alınır, bəzilərində isə cəhd göstərsələr də, alınmır. Sonda yenə özlərinə qapanma və depresiya yaşayırlar. Əsas şikayət pensiya və işlə bağlı olur. Əlillər də normal hər bir insan kimi yanaşmaq haqqına sahibdirlər. Bizim ölkədə isə əlil sözünü eşidəndə elə dəhşətli formada adama baxırlar ki, elə bil əlilin buynuzu var. Əlil işləyə biməz və onun cəmiyyətə heç bir xeyri yoxdur. Məhz bu gün Azərbaycan cəmiyyətinin reallığında bu belədir. Birinci qrup əlil 60.50 manat təqaüd alır. İkinci qrup və üçüncü qrup əlillərin təqaüdü isə 50 və 44 manat arasında dəyişir. Elə bu rəqəmlərlə əlillərimizin sosial iqtisadi vəziyətini təsəvvür etmək çətin deyil”.
Müsahibimiz Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədri olaraq, hər gün əlillərin şikayətlərini dinlədiyini və gücü yetdiyi qədər köməklik göstərməyə çalışdığını qeyd edir: “Ancaq mən tam problemləri həll edə bilmərəm, çünki mən dövlət rəsmisi, təşkilatımız isə dövlət oqanı deyil. Biri məni eşidəndə, ikisi eşitməz olur. Bu gün əlillərin əsas problemləri ev, nəqliyyatdan istifadə və pensiyanın aşağı olmasıdır. Bəzi hallarda dövlət məmurlarının onlara qarşı etinasız yanaşması da problem həddinə çatır”.
Onun sözlərinə görə, Azərbaycanda iki sahədə fiziki qüsurlu şəxslərin hüquqlarının pozulması müşahidə olunur: “Ölkədə şəhərlərin infrastrukturu bu cür insanlar üçün uyğunlaşdırılmayıb. Belə ki, yolların kənarlarında pandusların, həmçinin, binalarda lift və qaldırıcıların olmaması çətinliklərə səbəb olur. Bundan başqa, əlillərin əmək hüquqları da pozulur. Sahibkarlar işə daha çox sağlam adamları götürməklə fiziki qüsurlu şəxslərə qarşı ayrı-seçkiliyə səbəb olurlar.
Əlillərin çoxu hüquqlarını bilmir. Bu səbəbdən, fiziki qüsurlu şəxslərə və əlillərə hüquqi yardım göstərmək üçün layihələr olmalıdır. Hazırda təkcə əlilləri hüquqları barədə maarifləndirmək deyil, həmçinin, cəmiyyəti bu baxımdan inkişaf etdirmək tələb olunur”.

“Cəmiyyətin baxışı dəyişməlidir”

Səbinə Kərimovanın sözlərinə görə, fiziki məhdudiyyəti olan insanlarımızın cəmiyyətə inteqrasiyasına mane olan əsas səbəb onların cəmiyyət tərəfindən tam qəbul olunmamasıdır: “Əgər cəmiyyət əlilləri tam qəbul etsə, problemləri də özlükdə həllini tapacaq. Ancaq cəmiyyət əlilə bir ağır yük kimi, lazımsız bir insan kimi baxır. Düşünür ki, o, yararsızdır”.
Müsahibiz onu da qeyd edir ki, ailələrdə də acı bir gerçəklik var: “Öz ailəsində olan əlilə yararsız biri kimi baxırlar, “xəstə övladım” deyə müraciət edirlər. Valideyn “o oxumasa da olar, onsuz da bacaran deyil. O ailə qura bilməz, onsuz da alınan deyil” deyir. Ancaq əlillər öz işlərində daha məsuliyyətli olurlar. Çünki onlar hər kəsə cəmiyyətə yararlı olduqlarını sübut etməyə çalışırlar”.

“Hələ ölmək niyyətində deyiləm…”

Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədri hesab edir ki, əlillərin təqaüdləri artırılmalıdır və buna imkan da var: “Hesab edirəm ki, təqaüdlər indikindən xeyli yaxşı ola bilər və dövlətimizin iqtisadi imkanları buna çatır. Özü də lap çox. Təqaüd ən azı 300 manat olmalıdır. Qismən də olsa, onlar özlərimi təmin edə bilsinlər. Bu təqaüd bazar şərtlərinə uyğun gələ bilir, bu da fiziki məhdudiyyəti olan insalarımızın normal yaşamasına, özünü təmin etməsinə yetərli ola bilər.
Nəzərə alaq ki, onların dərmana daha çox ehtiyacı olur. Dərmanların da qiyməti hamımıza məlumdur.
Məsələn, “Bioflora” dərmanını deyək, onun qiyməti 25 manatdır. Xəstəliklər müxtəlifdir, dərmanlar da. Hər xəstənin xəstəliyinə uyğun dərmanlar var. Ancaq dərman var ki, bir anpulası 8-10 manatdır. Şəkər xəstələrinin durumunu xatırlamq belə, istəmirsən, faciədir. Mən ən ucuz dərman alıram, o da həkim mənə 100 dərman yazsa, onun birini ancaq alıram. Çünki hələ ölmək niyyətində deyiləm (gülür-R.İ.) Maşallah qida, geyim məhsullarının qiyməti də günü-gündən artır”.
Səbinə Kərimova deyir ki, əlillərin iş problemi həmişə olub: “İşəgötürən əlili işə qəbul eləmir. Qanunda yazılıb ki, birinci və ikinci qrup əlillər 36 saatdan çox olmayan işlə təmin olunmalıdırlar. Ancaq işə düzəlmək istəyəndə deyirlər, VTEK kağızının (sosial ekspertizanın verdiyi əlillik dərəcəsi üçün arayış) arxasına “özgənin köməyinə ehtiyacı varsa” sözü yazılıbsa, dövlət müəssəsində işə götürmürlər. Qeyri-hökumət təşkilatlarında, müəssisələrində işə qəbul edirlər. Ancaq o da baxır işəgötürənin insafına. Elə mənim rəhbərlik etdiyim cəmiyyətin üzvü olan şəxslər arasında dövlət müəssisəsində işləyən ikinci və üçüncü qrup əlillər var”.

“Əlilləri ev növbəsinə yazdırırıq”

Həmsöhbətimiz fiziki məhdudiyyəti olan insanlarımızın mənzil-məişət probleminə də toxundu: “Mənzillər qanunla yalnız Qarabağ əlillərinə və şəhid ailələrinə verilir və yalnız onlar üçün tikilir. Ümumi əlillərə mənzil verilmir. Ancaq “Əlillərin mənzil şəraiti haqqında” qanunda və müvafiq dövlət proqramında ümumi əlillərə mənzil verilməsi nəzərdə tutulmur. Ancaq biz əlilləri ev növbəsinə yazdırırıq, gələcəkdə nəzərdə tutularsa, ümumi əlillərin də növbəliyi olsun deyə”.
O bildirir ki, əlillərin müalicə, istirahət etmələri üçün də şərait yaradılmalıdır: “Müalicə üçün şərait demək olar ki, yoxdur. Çünki bir dəfə müalicə olunmaq üçün aylarla növbə gözləməlisən ki, səni müalicəyə çağırsınlar. Bəlkə illərlə də olur. Ancaq istirahət güşələri əlillər üçün superdir. Deyim ki, bəzən əlil olmağımdan xoşuma gəlir, elə yerlərə gedəndə (gülür-R.İ.). Mən hər il nazirliyin xətti ilə bəlkə 30-dan cox qadını istirahətə göndərirəm. Nabran, Lənkəran və İsmayıllıda 10 gün dövlət hesabına olur, nəqliyyat da daxil.
Müalicə isə… Yox, razı deyiləm, ona görə ki, ildə 1 dəfə müalicə oluna bilirəm. Mənim kimi də bütün əlillər. Əlil ücün Bakıda 3 dövlət müalicə ocağı var. Bunların biri Şaqanda yerləşir, o biri də Əhmədlidə Ortapedik Mərkəz. Və Respublika Əlillərin Bərpa Mərkəzi. Yəni bunlar əlillər üçün kifayət etmir”.

Əsas fəaliyyət istiqamətləri

Səbinə Kərimova sonda rəhbəri olduğu QHT-nin fəaliyyəti barədə məlumat verdi: “Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyəti Sumqayıt şəhər şöbəsi 1998- ci ildən fəaliyyət göstərir. Təşkilatımızın əsas istiqaməti – əlil qadınların sosial-məişət problemlərinin həlli, onların hüquqlarının müdafiəsi və cəmiyyətə sürətli inteqrasiyasını təmin etmək, bacarıqlı əlil qadınların əl işlərindən ibarət sərgilərini təşkil etməkdir.
“Əlil Qadınlar” Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin bu günə qədər həyata keçirtdiyi layihələr: Evlərdə fərdi qulluq (BMT Bakı nümayəndəliyi ilə, 2004-cü il), Əlil qadınların evlərdə fərdi tikişlərinin təşkili və tikiş kursları (Britaniya səfirliyi ilə, 2005- ci il), Parlament seçkiləri ilə bağlı maarifləndirmə (Amerika Hüquqşünaslar Birliyi ilə, 2005-ci il), Prezident seçkiləri ilə bağlı maarifləndirmə (Potensial Sumqayıt Mütəxəssislər Birliyi ilə 2008-ci il)”.

Ramid, “BİZİM YOL” QƏZETİNİN LAYİHƏSİ:
Qaçqınların və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

Facebook Şərhləndirmə:

Şərhinizi yazın