Menu
Geri İrəli

Ailə münaqişələri uşaqlara necə təsir edir?

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2013 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

Belə uşaqlarda zorakılığa meyl, autizm və başqa fobiyalar özünü göstərir.

Ailədə yaşanan psixoloji problemlər, sıxıntılar, valideynlərin mübahisələri bir-birinə və uşaqlara qarşı olan soyuq münasibət, valideynlər tərəfindən atılması kimi balacaların həll edə bilmədikləri böyük problemlər onların həyatına, dünyanı dərk etməsinə təsirsiz ötüşmür. Problemli ailələrdən olan uşaqlar, hətta həmyaşıdlarından daha bacarıqlı olsalar da, özlərinə tənqidi yanaşır, özünə qapanır, özlərini bədbəxt hiss edirlər.

Belə uşaqların valideynləri daim öz problemlərini həll etməklə məşğul olduqlarından, uşaqlarına lazımi diqqət və qayğını verə bilmir, onları tərifləmirlər. Belə valideynlər həyatdan küskün olduğu üçün uşaqların tərbiyəsi ilə maraqlanmırlar. Uşaqları valideynlər deyil, düşdükləri problemlər və mühit tərbiyə edir. Tərif, əzizləmə və sevgi etirafları əvəzinə belə uşaqlar valideynlərinin mübahisələrini, onlara qarşı yönələn tənqidləri eşidirlər. Artıq uşaqlıqdan özünü bəyənməyən, özünə nifrət edən çətin uşaqlar böyüyəndə də öz güclərinə inana bilmirlər.

Uşaq psixoloqu Mahirə Zeynalovanın sözlərinə görə, problemli ailələrdən olan uşaqlar daim çalışsalar da, yaxınlarının sevgisini qazana bilmir və tənqidlə üzləşirlər: “Özünü sevdirmək və valideynlərinin, yaxınlarının rəğbətini qazanmaq üçün belə uşaqlar hər şeyi daha yaxşı etməyə çalışırlar. Valideynləri tərəfindən başa düşülməyən uşaqlar adətən özlərini başqalarının qarşısında təsdiq etməyə can atmağa başlayırlar. Lakin başqaları tərəfindən onlara deyilən ən kiçik tənqid belə onları məyus edir və aqressiyaya səbəb olur”.

Xüsusilə də natamam ailələrdə, yalnız ananın və ya atanın iştirakı ilə tərbiyə olunan ailələrdə uşaqlarda nevroz, fobiya və kompleks kimi problemlər müşahidə olunur. Bu problemlər xüsusilə də ayrılan valideynlərin uşaqların yanında daim bir-birini pisləməsi zamanı daha da qabarır. Uşaqlarda valideynlərdən birinə qarşı nifrət və aqressiya oyanır. Belə uşaqlar özünü atılmış və valideynlərdən biri tərəfindən sevilmədiyi üçün qüsurlu hiss edir. Bəzən isə elə olur ki, uşaqlar hər iki valideynin himayəsi altında böyüsə də, valideynlərdən biri uşağa az diqqət göstərir. Belə olan halda da uşaqlar psxioloji sarsıntıdan əziyyət çəkirlər.

Uşaqlığı çətin keçən adamlar kimdənsə kömək də istəyə bilmirlər. Ona görə ki, onlar kiminsə onlara kömək edəcəyinə inanmır və sadəcə, buna öyrəşməyiblər. Bu tip adamlar problemlərini özləri həll edir. Onlar düşünürlər ki, heç kimə etibar etmək olmaz, hər şeyi özləri etməlidirlər. Bu cür fikirlər vaxtilə valideynləri onların köməyinə gəlmədiyi üçün formalaşıb. Lakin belə uşaqlar, uşaqlığı rahat keçənlərə nisbətən stress vəziyyətinə düşdükdə tez adaptasiya olurlar. Onlar böyüdükdə çətinliklərlə daha yaxşı mübarizə apara bilirlər. Adətən belə adamlar stressə davamlı və məqsədyönlü olurlar. Sakitlik, stabilllik isə onları qorxudur. Belə uşaqlar hər şeyin yaxşı olmağını rahat qarşılamırlar. Çünki onların uşaqlığı çətinliklərlə, əziyyətlərlə keçib. Onlara elə gəlir ki, sakit və xoşbəxt həyat mümkün deyil. Bu hal tez keçəcək və hər şey gözlənilməz surətdə dəyişəcək.

Onlar şəxsi münasibətlərini də düzgün qura bilmirlər. Uyğun adam seçə bilməyən belə adamlar istəməsələr belə, öz uşaqlarını da problemlər içində böyütməli olular. Belə insanlar uşaqlıqda özləri streslə üzləşdiyi üçün bunu uşaqlarına yaşatmaqdan qorxurlar. Onlar uşaqlıqda da hər şeyə görə özləri cavabdeh olduqları üçün böyüdükdən sonra da bütün gücü öz üzərinə götürməyə çalışırlar. Düşünürlər ki, hər şeyi yalnız özləri yaxşı həll edə bilərlər.

Psixoloq qeyd edib ki, uşaqlıqda zorakılığa məruz qalan, valideynləri narkotik maddələrdən və ya spirtli içkilərdən asılı olan və ya sadəcə, diqqətsiz qalan uşaqların psixoloji problemləri rahat həyat sürən uşaqlara nisbətən daha çox olur. Belə uşaqlarda zorakılığa meyl, autizm və başqa fobiyalar da özünü göstərir. Sevilmədiyi, diqqətsiz qaldığı üçün uşaqlıqdan onlarda komplekslər də formalaşır. Bəzən onlar ömür boyu bu komplekslərinə qalib gələ də bilmirlər. Problemli ailədən olan uşaqlar yaşa dolduqdan sonra kənardan uğurlu görünsələr də, uşaqlıqda yaşadıqları həyəcanı, kədəri unuda bilmir və daxilində gizlətməli olurlar./Ekspress.az/

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın