Menu
Geri İrəli

Müharibə hər an başlaya bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2014 • Baxış sayı: 546 dəfə • Şərh yoxdur
Share Button

muharibeAtəşkəsin 20 illiyində qarşılaşdığımız gerçəklik; Çox gərgin bir dövrə qədəm qoymuşuq; proseslər hər an nəzarətdən çıxa bilər; Rusiya müharibəyə yerikləyir; Ermənistan Azərbaycanı təzyiq altında saxlamaq rolunun icrasına davam edir

 Döyüş bölgələrində atəşkəs rejiminin intensiv şəkildə pozulması narahat etməyə və düşündürməyə bilməz. Əslində atəşkəsin bərqərar olduğu bu 20 il ərzində o, çox kövrək halda saxlanılıb.  Təbii ki, bölgədə ayrıcı sülhməramlı qüvvələr olmadan onun bu şəkildə də olsa qorunub saxlanması müəyyən bir üstünlük hesab edilə bilər, baxmayaraq ki, 20 il ərzində hər iki tərəfdən onlarla hərbçi həlak olub və yaxud da ki, yaralanıb.

İndi də atəşkəsin pozulması müəyyən mənada sistematik şəkildə baş verən bir hadisənin epizodu hesab oluna bilər. Ümumiyyətlə, səhv etmiriksə, həmişə fevral və mart ayları yaxınlaşanda pozuntu daha da intensivləşir.
Yox, bizim bunu ermənilərin məşhur xəstəliyilə əlaqələndirmək fikrimiz yoxdur. Amma bu xalqda özünün törətdiyi və yaratdığı “fəlakətli” hadisələri bir qeyd etmək, yada salmaq ənənələri var.
Bəlkə də indi də atəşkəsin pozulması ermənilərin hansısa xırda taktiki məqsədlərinə xidmət edir. Ola bilsin, prezidentlərin görüşü ərəfəsində onlar belə fikir yaratmağa çalışırlar ki, belə görüşlər müəyyən mənada tənzimləyici xarakter daşıyır, onlar olmayanda atəşkəsin kövrək tarazlığı pozulur.
Amma bütövlükdə regionda da ciddi proseslər cərəyan etməkdədir. Bir neçə ciddi hadisə var ki, onlar müəyyən mənada Qarabağdakı, ümumiyyətlə, iki ölkə arasındakı -Azərbaycan və Ermənistan arasındakı vəziyyətə təsir etmək iqtidarındadır.
Hazırda MDB ciddi şəkildə laxlama prosesini yaşayır. Gürcüstanın və Moldovanın bu qurumdan böyük distansiya götürdüyü artıq heç kimdə şübhə yaratmır.
Ukraynada vəziyyət gərgin olaraq qalır. Bu ölkə MDB-nin onurğa sütunu hesab edilir. Ruslar indi Ukraynadakı proseslərə baxaraq sözün əsl mənasında qovrulurlar, özlərinə yer tapa bilmirlər- nə aktiv şəkildə müdaxilə edə bilir, nə də ki, etinasız qala bilirlər.
Biz bu xüsusda çox yazmışıq. Ona görə də təkrara yol verməyəcəyik. Ola bilsin, Rusiya Ukraynadakı proseslərin Azərbaycana təsir etməsindən, onun geosiyasi orientasiyasında müəyyən dəyişikliklər yarada bilməsindən ehtiyat edir.
Davos forumunda İ.Əliyev bəzi geosiyasi ismarışlar etdi. Bunlardan əsası Mərkəzi Asiyanı da Avropa ilə bağlayacaq enerji layihəsi və kommunikasiya xətləri haqdakı ismarışlar idi. Rusiyadan yan keçməklə böyük qaz layihəsi və infrastruktur şəbəkəsi işə düşə bilər.
Bu, Rusiyanı narahat etməyə bilməz. Elə Ermənistanın özünün də Azərbaycanın iştirakı ilə gerçəkləşən böyük layihələrə bir növ allergiyası var, ona görə də bəzən Rusiyadan da qabağa düşməyə və həmin layihələrə əngəl yaratmağa çalışır.
Bütün bunları nəzərə alaraq demək olar ki, indi elə həssas dövrdür ki, sözün həqiqi mənasında hər an müharibə başlaya bilər. Bir dəfə yazmışdıq ki, Rusiya müharibəyə yerikləyir. Məsələ ondadır ki, ruslar gedənin ardınca sakit baxmaq niyyətində deyillər. Onlar belə hesab edirlər ki, Gürcüstandan qopardıqlarını artıq qoparıblar. Azərbaycana da etibar etmirlər. Səbəb də odur ki, Moldova ilə Gürcüstan MDB-dən, necə deyərlər, öz başlarını götürüb gedirlər.
Azərbaycan isə Avropanı Mərkəzi Asiyaya bağlayan “ilgək”dir. Bəli, Azərbaycan Rusiyanın maraqlarını müəyyən mənada nəzərə almağa çalışır.
Hətta onu da nəzərə alır ki, Mərkəzi Asiya ölkələrinin bəzisi onun enerji rəqibi hesab oluna bilər. Amma Avropanın da istəklərini unutmur. Nə qədər neytral olmağa çalışsa da Azərbaycan Mərkəzi Asiyaya qapıdır.
Ona görə də çox gərgin bir dövrə qədəm qoymuşuq. Proseslər hər an nəzarətdən çıxa bilər. Əsas da odur ki, bunun marağında olan ölkələr var və bunlar, təbii ki, Rusiya ilə Ermənistandır.
Ermənistana ayrılan rol, onun geosiyasi missiyası Azərbaycanı təzyiq altında saxlamaqdır. Bu rol Ermənistanın “geosiyasi bazarda” qiymətini müəyyən edir, onun Rusiyanın gözündəki siyasi çəkisini təyin edir. Öz rolunun ifası müqabilində Ermənistan pay alır, özü də təkcə Rusiyadan yox.
Rusiyalı analitiklər bu yaxında yazmışdı ki, Ukraynadakı proseslər ölkənin “süniliyinin” və onun istiqlal ideyasının “uğursuzluğunun” nəticəsidi. Halbuki bu tərif Ermənistana daha uyğundur, bu ölkənin müstəqil mövcudluğu üçün heç bir daxili resurs yoxdur…
Hüseynbala SƏLİMOV, musavat.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın