Menu
Geri İrəli

Sumqayıtda ulduz abidəsi söküləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2014 • Baxış sayı: 807 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində Qarabağ əlillərin və şəhid ailələrinin müraciətinə uyğun olaraq şəhidlər xiyabanı kompleksinin, 20 yanvar və Xocalı abidələrinin tikintisinə hazırlıq işləri gedir. Sumqayıt şəhər İcra hakimiyyətində şəhər ictimaiyyətinin, şəhid ailələri və Qarabağ əlillərinin iştirakı ilə Heydər Əliyev Fondu tərəfindən gerçəkləşəcək  şəhidlər xiyabanı kompleksinin, 20 yanvar və Xocalı abidələrinin layihələrinin təqdimat mərasimi olmuşdur. Tədbirdə Şəhidlər xiyabanındakı betondan hazırlanmış ulduz abidəsinin günün tələblərinə cavab vermədiyi və onun sökülərək yerində yeni abidənin ucaldılması dəstəklənmişdir. Bu fikirlər ulduz abidəsinin memarı Vaqif Nəzərov tərəfindən də bəyənilmişdir.

O qeyd edib ki, bu abidə vaxtilə Sovet İttifaqı dövründə 5 guşəli ulduz formasında hazırlanıb, müstəqillik dövründə isə 8 guşəli ulduz formasına salınaraq müvəqqəti saxlanılmışdır. Bu gün adi betondan hazırlanan bu abidə nə materialların keyfiyyəti, nə də məzmun baxımından günün tələblərinə cavab vermir. Tədbirdə çıxış edən Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev də köhnə abidələrin həm keyfiyyət, həm də məzmun baxımından uyğun olmadığını, yeni layihələrin müasir memarlıq standartlarına tam cavab verdiyini və bu müqəddəs məkanın bu cür möhtəşəm layihələrlə daha təsirli olacağını bildirmişdir. Tədbirdə iştirak edən Qarabağ əlilləri və şəhid ailələri yeni abidənin yaradılacağına görə ölkə başçısına və Heydər Əliyev Fondunun Prezidenti  Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

ulduz

Facebook Şərhləndirmə:

Şərhinizi yazın