Menu
Geri İrəli

Sumqayıtın İçərişəhəri – CORAT

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2014 • Baxış sayı: 879 dəfə • Şərh yoxdur

7Corat Sumqayıtın İçərişəhəridir. İlkinlir saxlancı, qədimlik əmanətidir.  Səsi eramızın IV-VII əsrlərindən gələn Corat qocaman Xəzərin sahilində narın qızılqumları, böyük karvansaraları, barlı bağları, igid oğulları ilə tanınan bir ünvan olub. Abşeron yarımadasını şimaldan gələn quldur gəmilərinin basqınlarından qorumaq üçün XII əsrdə ucaldılmış müdafiə sədləri, qala və qəsrlər arasında Cürət qalasının da adı çəkilir. Başqa bir mənbədə Corat kəndinin monqolların coratlar tayfasının adı ilə eyni kökdən olduğu ehtimal edilir.

 XIII-XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçi Fəzlullah Rəşidəddin “Camiyyyəti Təvarix” əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edək ki, hazırda dünyada yüzdən çox “Corat” deyilən yer, qəsəbə, insan, hərəkat  bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur. Həmkarım Qalib Qadir “Corat: qloballaşan dünyanın daş yaddaşı” kitabında bu barədə maraqlı məlumatlar toplayıb. Xanım Əlabbas qızının da “Corat-tarixin bir parçası” adlı gözəl kitabı çap edilib.

Bakının tarixinə dair sənəd toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir. Göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə edirmiş.

Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. “Əkinçi” qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batmışdır.

Coratlılar tarixən balıqçılıq, bağçılıq və bostançılıq, həmçinin heyvandarlıqla məşğul olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayın hərəsində 100 baş iki və bir hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik bir təsərrüfat sahəsi kimi sıradan çıxıb. Keyfiyyətli dəvə yunundan müxtəlif paltar və döşənəcək hazırlanmasında istifadə olunurdu. Dəvə ətindən əsasən qutab bişirilirdi. İndi də Corat mətbəxində dadlı dəvə qutabının öz yeri var.

Coratın köhnə bağ yerləri — “Çalour”, “Dəhnə”, “Hacıdərəsi”, “Astanbəy”, “Möməli yeri”, “Həbib bağı” yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. “Təsdim”, “Qurd dərəsi”, “Dovşan yatağı”, “Sarıqaya” adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır.

Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib…

 Əli NƏCƏFXANLI, sumqayitxeber.com

Image_1132 (12)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın