Menu
Geri İrəli

“Xalqımın toy kimi adəti var”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2010 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur

Deyəsən bu adətdən əsər-əlamət qalmayıb

Birinə “Adət-ənənələrimiz itir” deyəndə, “muasirləşirik də!” cavabını alırıq. Hətta bir çoxları bu cavabı verir. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir.  “Müasirləşirik də” cavabını verənlər, oralarda olsaydılar yenə də belə düşüncəsiz cavab verəcəkdilər? Bəlkə də çoxlarının beynində elə bir forma yaranıb ki, güya öz adət-ənənələrinə əməl edənlər geridə qalmış kimi sayılır. Bunu düşünən insan elə məhz özü geridə qalandır. Başqalarının adət-ənənələrini qavramaq, insanı geridə qalmış kimi göstərir. Əsasi odur ki gərək öz ənənələrini özgə birilərinə tanıtdırasan. Bax o zaman irəli sayılırsan. Başqalarına adət-ənənələrimizi tanıtdırmaq bir yana, vətənimizin sərhədləri daxilində adət-ənənələrimizə əməl edənlər azdır.

Bizə xas olan musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, geyim tərzlərimiz və bir çox adət-ənənələrimiz artıq yaşanmır günümüzdə. Hər bir xalqın toy və yas mərasimləri, ümumiyyətlə adət-ənənələri onun dünyagörüşünü, fəlsəfi baxışlarını və dəyərlər toplusunu özündə ehtiva edir. Azərbaycan türklərinin də bu mənada zəngin dəyərlər sistemi var. Əsrlərin, ən çətin dövrlərin sınağından çıxan bu sistem indiyə kimi Azərbaycan xalqı haqda geniş məlumat verməkdədir. Nənə-babalarımızın yaşatdığı, qoruyub bizlərə əmanət etdiyi bu mərasimlər, təəssüf ki, son illər öz mahiyyətini dəyişərək eybəcərləşdirilməkdədir. Qonaqların dəvət edilməsindən onların yola salınmalarına qədər hər şey tamam təhrif formada təqdim olunur. İndiki toylar sanki özünüreklam və dəbdəbəli paltarlar, bahalı maşınların yarışına çevrilib. Müasir toylar təkrarçılığı, oxşar xüsusiyyətləri, eyniliyi ilə insanları yormaqdadır.

Azərbaycanda keçirilən indiki toylar ailə qurmaqdan çox, indi gəlir mənbəyi kimi istifadə olunur. Bu gün iki gəncin qovuşmasından, xoşbəxt olmasından çox məhz ailələri mərasimlərin təntənəliyi maraqlandırır. İndiki toylarımızın əksəriyyətində  musiqini disk vasitəsilə sifariş edirlər. Avropa musiqisinə böyük önəm verirlər. Bu da ona gətirib çıxarır ki, indiki toylar milli toy anlayışından uzaq düşür.  Hazırda bizim toylarda müşahidə edilən problemlərdən biri də israfçılığa yol verilməsidir. Bütün bu çatışmazlıqların qarşısını almaq üçün cəmiyyətdə tanınmış şəxslərin, ziyalıların tədbir görməsi, onların müasir, mədəni bir toy nümunəsi göstərməsi lazımdır.  “Avropalaşırıq” deyənlərin diqqətinə bir məqamı çatdırmaq istəyirəm. Avropada toy mərasiminin əvvəlcədən proqnozlaşdırılır.  Belə ki, öncədən toyun proqramı çap edilərək  dəvətnamə ilə birlikdə qonaqlara paylanır.

Toylarda milli xörəyimiz – bərəkət rəmzi olan aşın toyun sonunda süfrəyə verilməsi ona gətitib çıxarır ki, aşın üzünə baxan da olmur. Ziyafətdə verilən yeməklər o qədər çox olur ki,  tökülüb süfrədə qalır və  bunun zərərini də toy sahibi ödəyir.

Toy mərasiminin əsas səbəkarları olan gəlinə qızıl almaq isə toy dəbinin əsasını təşkil edir. Aparılan araşdırmalara görə, bunu üçün oğlan evinin ailəsinə azı  3000 manat lazımdır.  Toy günü gözəllik salonlarında gəlinin bəzədilməsində ən ucuz qiymət isə 200 manatdır. Ancaq gəlinin daha yaraşıqlı görünməsi üçün bahalı gözəllik salonları 400 – 800 manat tələb edir. Şadlıq evlərində isə adambaşına qiymət orta hesabla 30 – 50 manatdır. Şadlıq evləri tərəfindən təqdim olunan fotoalbom, məclis zalının dizayn xərcləri, aş gətirənə verilən pul, musiqiçilərə edilən “hörmət” və sair – ümumilikdə ortabab toy etmək üçün 10 min manat vəsait tələb edilir. Həmçinin qızın ailə qurması üçün çəkilən xərc oğlan evinin xərcindən heç də ucuz başa gəlmir. Belə ki, qıza cehiz vermək hələ də ənənə, dəb halındadır. Ailə var-yoxundan çıxır ki, qıza verilən cehiz oğlan evinə göndərildikdən sonra tənqid hədəfinə çevrilməsin. Qız evi  layiqli cehiz almaq üçün minimum  6-7 min manatından, daha bahalı cehiz almaq üçün isə 15 – 20 min manatından keçməlidir.

Statistik məlumatlara görə isə Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir.

Əvvəllər  Azərbaycan toyunda qanunlar-qaydalar hökm sürürdü.  Bunun da günahı özümüzdən başqa heç kəsdə deyil. Əgər bugunku tariximizi 10-15-il geriyə çəkəndə, o  zamanların, bu günlərdən nə qədər abırlı olduğunu açıq şəkildə görə bilərik.  Bu gün əxlaqsızlıq, mənəviyyatsızlıq, şüursuzluq, mədəniyyəstizlik qısaca insana yaraşmayan bütün hərəkətlər baş alıb gedir. Hamının dilində bir söz var, “Avropalaşırıq”!  Məncə buna avropalaşma yox, abırsızlaşma, şüursuzlaşma desək daha doğru olar. Birilərinin yaşayış tərzini seçməkdənsə, onlara öz yaşayış tərzini tanıtdırmaq daha gözəl bir davranışdır. Amma biz özünü zəif göstərmək yolunu seçmişik.

P.S.  Kasıbın birinin  borcu- xərci başından aşır amma sarayda toyunu edir. Yeməyi evdə bişirmək imkanı var amma qonşu nə deyər deyib şalvarını da az qala satıb sarayda bişirtdirir. Çadırda hər kəsə eyni qaydada xidmət olunur sarayda amma hansı qarsonun cibinə pul salsan daha yaxşı xidmətə məcbur olur. Həyat bir oyundur, ya sən oynamalısan, ya da səninlə oynayacaqlar.

RAMİL ZEYNALLI

Facebook Şərhləndirmə:

Şərhinizi yazın