Menu
Geri İrəli

Böyüyəndə kim olacaqsan?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2015 • Baxış sayı: 834 dəfə • 1 şərh

Samir Memmedov

İnsan həyatında sonrakı taleyinə çox böyük təsir göstərən ən az iki vacib seçim etməli olur:  həyat yoldaşı seçimi və karyera seçimi. Birincinin vacibliyini inkar etmədən, ikincisinin üzərində dayanacağıq.  Uşaq vaxtı bizə sual verirlər:  “kim olmaq istəyirsən?” və ya “nəçi olmaq istəyirsən?”

Bu suala cavab adətən uşağın yaşından, o andakı əhvalından və ya məsələyə münasibətinin ciddiyət səviyyəsindən asılı olur. Odur ki, bu yolla şəxsin gələcək karyera istiqamətini müəyyənləşdirəcəyimizi gözləyə bilmərik. Hətta bir çox yetkin insanın bu suala cavab verə bilmədiyini nəzərə alsaq, uşaq və ya yeniyətmə üçün bu sualın nə qədər qəliz olduğunu təsəvvür etmək çətin deyil. Necə yəni kim olmaq? Mühasib, satıcı və ya həkim olmaq nə deməkdir? Özünü bir bankın müdiri saymaqla insan müdir olmur. Müdir olmaq demək, müdirin etdiyi şeyləri, gördüyü işləri görmək deməkdir. Müvafiq fəaliyətləri həyata keçirməklə insan bunun nəticəsini görür və maddi rifah, təhlükəsizlik, ətrafdakıların rəğbətini və s. kimi qarşılıq əldə edir.

Beləliklə, “Olmaq-Etmək-Sahib” olmaq kimi bir dairənin içərisində dövr edirik. Bu dövrəyə ən anlaşılan tərəfdən yanaşmaq daha doğrudur. Bu baxımdan, təəssüflə deyə bilərik ki, “kim olmaq istəyirsən” sualı böyüklər tərəfindən verilən yanlış bir sualdır. Daha doğru yanaşma belə ola bilər : “Nə etmək istəyirsən?” və ya “Nəyə sahib olmaq istəyirsən?”

Öz bacarıqlarını bilən və nə əldə etmək istədiyini müəyyən edən insan o bacarıqları ilə əldə etmək istədiyini qazanmaq üçün “kim olmalıdır” sualına cavab tapa biləcək. Təhsil dövrü bitdikdən sonra insanların bir qismi (niyə bir qismi?- bir az sonra açıqlanacaq) yeni bir ixtisas əldə etməyə başlayır. Bu ixtisasın adı “iş axtarma ixtisası”dır. Gələcək 15-20 ildə ortalama olaraq 5-8 iş yeri dəyişə bilərsiniz. Doğrudur, hər yeni karyera sferasında fərqli şeylər öyrənmə ehtimalı vardır. İş yerini tez-tez dəyişmək çox vaxtınızı aparacaq. Təbii ki, işdən işə keçərək sərf etdiyiniz zaman ərzində bir şeylər öyrənəcəksiniz.

Lakin iş dəyişmə zamanı öyrəndikləriniz bacarıqlarınıza və xəyallarınıza cavab verəcək bir karyerada əldə edəcəklərinizlə müqayisə oluna bilməz. Nə qədər tez bu ixtisasa yiyələnsəniz, uyğun iş tapmaq şansnızı bir o qədər yüksəltmiş olursunuz. Digər tərəfdən, vaxt ən qiymətli resursdur. Odur ki, qarşımızda duran vacib məsələ ən qısa zamanda bu ixtisasa yiyələnməkdir. Qeyd etdiyimiz kimi, bu yalnız bir qism insanların seçdiyi ən “yaxşı” haldır. Təəssüf ki, insanların böyük əksəriyyəti həyatları boyu məşğul olduqları və ya məşğul olacaqları İŞİN əsl mahiyyətini anlamağa çətinlik çəkir.

“Sizin peşəniz evinizə məvacib gətirmə vasitəsi deyil. Sizin peşəniz dünyaya gəlişinizlə bağlı missiyanızdır. Bu missiya onu böyük şövq və həyacanla həyata keçirmək üçün mənəvi çağırışa çevrilir.” -Vincent Van Gogh

Peşənin həyati məqsədlərlə bağlı olduğunu anlamayan və ya bundan xəbərsiz olan insan həyatda heç vaxt tapmayacağı xöşbəxtlik arayışına çıxır. Bəli, insanların 80 %-i dünyaya gəliş səbəblərinin və həyatdakı hədəflərinin nədən ibarət olduğunu müəyyən etməkdə çətinlik çəkir. Bizə aid olanı almaq üçün hazır olmalıyıq.

Həqiqət budur ki, biz dünyaya artıq mükəmməl bacarıqlarla gəlirik. Çünki mükəmməl və əsrarəngiz bir ahəngin olduğu bir dünyaya insan mütləq mükəmməl, lakin fərqli keyfiyyətlərlə gəlməlidir. Məsələ bu keyfiyyətləri üzə çıxarmaq və bizə verilmiş olanı qəbul etməkdir; onu qəbul etməkdə belə çox vaxt gücsüz oluruq. Həyatlarının sonunadək onu qəbul etməyi bacarmadan yaşayan (yaşamaq demək mümkünsə) insanları təsvir edən əsərlərin birində deyilir: “Taybatay açılmış darvazanın qabağında bir adam dayanmışdı. O, içəri daxil olmağa cəzarət etmir. Ona elə gəlir ki, tərpənmədən və səssiz-səmirsiz dayanan keşikçilərin durduğu qapıdan içəri girmək qadağandır. Bir müddət keçir, qapılar bağlanır. Bir qədər sonra qapı aralanır və keşikçi ona deyir:

“Bu darvaza yalnız sənin üçün açılmışdı. Burdan yalnız səni içəri buraxmalıydıq.” Kim olmalıyam? Bu sualın fundamental cavabını vermək üçün dünyaya gələrkən bizə bəxş olunmuş qabiliyyətlərin və təyin olunmuş kimlimiyimizin, daha doğrusu təyinatımızın nədən ibarət olduğunu dərk etməyimiz lazımdır. Bu dünyaya nə etmək və özümüzü hansı məqsədlərə və hansi işə həsr etmək üçün gəldiyimizi müəyyən etdikdən sonra “darvazadan” tərəddüd etmədən keçə biləcəyik. Məhz bu an biz “kim olmalıyam?” sualına doğru cavabı tapacağıq. Və o andan etibarən əvvəllər imkansız hesab etdiyimiz xəyallarımıza doğru aparan yolun bizi səslədiyini görəcəyik.

Adətən yolun başında artıq biz daxili gücümüzün maksimumuna çatmış oluruq. Karyeramızın sadəcə iş olmadığını yalnız bu gücü hiss etdiyimiz an anlayırıq. Bu an elə özümüzü tapdığımız andır. Etiraf edirik ki, asan deyil. Çünki qarışıq bir formuldur. Qarışıqlığın səbəbi isə çox dərindir və bu yazıya sığmayacaq qədər geniş açıqlması vardır. Burdan onu deməklə kifayətlənəcəyik ki, biz karyeramızı heç də təyinatımıza və bacarıqlarımıza görə seçmirik. Daha doğrusu, biz karyera seçmirik, bizə yeridiləni qəbul edirik. Bu halda təbii ki, gizli istedadımızı üzə çıxarmaq bizim üçün imkansız görünür. Lakin daxilimizdə hər zaman bir şeylərin yolunda olmadığını hiss edirik. Bu hiss həyatımız boyu bizi müşaiyət edir. O hiss sanki bizə pıçıldayır: – “Sən etməli olduğun işi görməlisən”.

Müqavimət göstərməyə davam etməyə dəyməz. Çünki o, sizi rahat buraxmayacaq. Siz ya o yolu müəyyən edib davam edəcəksiniz, ya da bu hissin təsiri altında həyatınız boyu əziləcəksiniz. Fərdi İnkişaf & Test Mərkəzi məhz bu ehtiyacı qarşılamaq üçün xidmətinizdədir. İşsiz olduğunu düşünən insanlara isə deyəcək sözümüz var: İşimiz var! İşimiz yaşamaqdır!

Facebook Şərhləndirmə:

“Böyüyəndə kim olacaqsan?” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Çox maraqlı məqalədir – xüsusilə gənclər üçün, onların özünütəsdiqi üçün. Orijinal, qeyri-adi fikirlər yürüdən, mövzuya müxtəlif prizmalardan yanaşmağı bacaran Samir bəydən yeni maraqlı yazılar gözləyirik. Ümid edirik ki, onun bu səpgili yazıları gənc və orta nəsil oxucular tərəfindən maraqla qarşılanacaq. Uğurlar, Samir bəy!

Şərhinizi yazın