Menu
Geri İrəli

Ərzaq məhsullarının qiymətləri artıb, amma bu da hələ son deyil

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2010 • Baxış sayı: 499 dəfə • Şərh yoxdur

Dünya ölkələrində bahalaşma artan xətlə “inkişaf etməkdədir”. Xarici mətbu orqanlarının əksəriyyətinin səhifələrini ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə bağlı yazılar “bəzəyir”. Ümumdünya Ərzaq Təşkilatının (ÜƏT) açıqlamaları qida sahəsindəki beynəlxalq durumun heç də ürəkaçan olmadığını göstərir. Bəs Azərbaycanda vəziyyət necədir?

Qiymət artımları əhalinin gündəlik tələbat məhsullarında özünü daha aydın büruzə verir. Ərzaq məhsullarının bahalaşması isə müxtəlif amillərlə əlaqələndirilir. Məsələn, bir sıra ekspertlər bunun səbəbini qeyri-rəsmi gömrük “rüsumları” ilə bağlayır. Onların fikrincə, belə addım inhisarçıların mənafeyinə hesablanmışdır. Belə ki, ölkəyə gətirilən bir çox ərzaq məhsulları ayrı-ayrı növlər üzrə ayrı-ayrı şəxslərin əlində cəmləşib ki, bu şəxslərin arxasında bürokrat məmurların olduğu da iddia edilir. Bu isə azad rəqabətin və sahibkarlığın inkişafına mənfi təsir göstərir.

Ceyhun adlı ticarətçi həmsöhbətimizin söylədiyi fikirlər diqətçəkicidir: “Bahalaşma labüddur. Bir müddətdən sonra xırda və orta sahibkarlıq subyektlərinin bir-birinin ardınca bağlanmasının şahidi olacağıq. Çünki xərclər çoxalıb, qiymətləri artan xərcləri ödəyəcək səviyyədə artırmağa isə qadağa var. Üstəlik, insanların baha qiymətə almaq imkanları da minimum səviyyədədir. Artıq bir çox sahibkarlar ziyana işləyirlər. Dekabr ayında gözlənilən daha kəskin bahalaşma çox güman ki, xeyli sayda sahibkarlıq subyektinin sonuna çıxacaq”. Həmsöhbətimiz onu da qeyd etdi ki, qiymətlərin bahalaşması əhali tərəfindən çox böyük etirazla qarşılanır: “Vətəndaşlar elə bilirlər ki, biz öz kefimizə qadırırıq qiymətləri”.

Mütəxəssislər arasında dünyada gedən qiymət artımının Azərbaycana təsirinin böyük olduğunu düşünənlər az deyil. Məsələn, ölkədə qəndin bahalaşması xarici amillərlə əlaqələndirilir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) araşdırmalarına görə, qənd son bir ayda 30 ilin rekordunu qıraraq özünün ən yüksək qiymət göstəricisinə çatıb. Lakin bu da son hədd hesab olunmur.

FAO-nun ekspertləri  hesab edirlər ki, dünyada qiymət artımına görə, idxal səviyyəsi trilyon dollara çatacaq. Bu səbəbdən kasıb ölkələrdə qida məhsulları 11 faiz bahalaşacaq. Aşağı gəlirli ölkələrdə isə gündəlik istehlak qiymətlərinin artımı 20 faiz təşkil edəcək.

FAO-nun hesabatına görə, gündəlik istehsal məhsullarının qiymət artımı son 6 ayda durmadan artır və şübhəsiz ki, bu tendensiya davamlılığını saxlayacaq. Bunlara əsas səbəb kimi əlverişsiz hava şəraiti səbəbindən məhsul daşımalarının azalmasıdır. Bundan başqa, ixracatçı ölkələrin siyasi durumu və valyuta bazarında olan qeyri-stabillikdir.

Ərzaq böhranının maliyyə böhranı ilə paralel gedəcəyini, artıq ekspertlər təsdiq edir.

Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov bildirib ki, artıq dünya bazarında ərzaq məhsullarının qıtlığı müşahidə edilməkdədir. Onun sözlərinə görə, son aylar dünya bazarında çayotunun qiyməti 8 faizə qədər artıb: “Eləcə də qiymət artımı digər ərzaq məhsullarında da müşahidə olunmaqdadır. Məsələn, düyünün qiyməti 7 faizə qədər artıb. Taxılın qiymətində artım isə daha böyükdür. ABŞ-da keçirilən birjanın nəticəsi göstərir ki, taxılın qiyməti cari ildə 9 faizə qədər yüksəlib. Bu da praktiki olaraq dünya bazarında qiymət artımının baş verməsindən xəbər verir. Qiymət artımı isə məhsulların qıtlığının yaranması ilə, qiyməti artan məhsulların istehsalının azalması ilə bağlıdır. Güman olunur ki, 2010-cu ildə bir sıra məhsulların istehsalı azalıb. Bu da təbii ki, bəşəriyyətdə ərzaq böhranının baş verməsinə səbəb olur. Bu baxımdan dünyada ərzaq böhranının yaşanması ehtimalı kifayət qədər böyükdür. Hər halda, bu böhran aclıq səviyyəsində olmayacaq. Amma ərzağın bahalaşması baş verəcək ki, bu da əhalinin büdcəsinə ciddi ziyan vuracaq”.

Onun fikrincə, ərzaq qıtlığının baş verməsinə və nəticədə qiymət artımına səbəb iqlim dəyişikliyidir: “Bir sıra ölkələrdə iqlim məhsul istehsalına imkan verməyib. Məsələn, çay istehsal edən dövlətlərdə iqlim şəraiti anormal keçib. Qlobal istiləşmənin təsiri ilə əkin sahələri məhv olub. Bu da istehsalın azalmasına gətirib çıxarıb. Eyni zamanda bəzi məhsul istehsal edən ölkələrdə sel, daşqınların baş verməsi də məhsuldarlığa ciddi ziyan vurub. Eyni zamanda, burada qlobal maliyyə böhranının da təsirləri var. 2008-2009-cu illərdə qlobal maliyyə böhranı yaşandı və alıcılıq qabiliyyəti sürətlə aşağı düşdü. Bu isə məhsul istehsalı ilə məşğul olanların gəlirlərinə təsir göstərdi. Və onlar növbəti ildə istehsalda azalmalara gətirib çıxardı. Yəni ərzaq böhranının yarana bilməsinin əsas səbəbləri qlobal istiləşmə, iqlim dəyişiklikləri və istehsalçı müəssisələrin gəlirlərinin 2009-cu ilin yekunlarına görə azalmasıdır”.

Xüsusilə ət və ət məhsullarının qiymətindəki artımlar diqqət çəkir. Bu məhsullar son 5 ildə rekord səviyyədə bahalaşıb. Qurban bayramı ilə əlaqədar olan bu qiymət artımı bayramdan sonra da qalmaqda davam edir. Bir neçə həftə bundan əvvəl 5-6 manat arasında olan mal əti bu gün 7-8 manat civarında dəyişir. İqtisadçıların fikrincə, indiki halda baş verən artımlar süni qiymət artımlarıdır, hər hansı iqtisadi amilə söykənmir. Yeri gəlmişkən, ekspertlər onu da vurğulayırlar ki, əksər müsəlman ölkələrində Qurban bayramında ət və ət məhsullarının qiyməti endirilir.

Çünki daxili istehsal buna imkan verir. Rövşən adlı ət satıcısının söylədikləri: “Əti kənardan almırıq. Şükür özümüzdə heyvandarlıq yaxşı inkişaf edib. Heyvan satanlar sözləşiblər kimi, eyni vaxtda qiyməti qaldırırlar. Biz də pərakəndə satışla məşğuluq, baha alırıq və məcburuq ki, qiyməti artıraq. Biz də ailəmizə çörək aparırıq axı”.

Fakt budur ki, ölkədə qiymətlər artır. Bu isə əhalinin gəlirləri ilə uyğunlaşmır. Tezliklə isə sözügedən uğunsuzluq özünü daha qabarıq göstərə bilər.

Nihat Babayev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın