Menu
Geri İrəli

Azərbaycanda dəhşətli boşanma tendensiyası

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2014 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur
Share Button

mubahiseHələ rəsmi rəqəmlərə görə, ötən il 12 minə yaxın ailə dağılıb; bu hallar ildən-ilə artır…

Azərbaycanda boşanmalara dair acınacaqlı statistika açıqlanıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2013-cü ildə 12 minə yaxın ailə dağılıb.

Statistikadan belə məlum olur ki, ötən il hər yeni qurulan 8 ailədən 1-i dağılıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il ərzində 86 mindən çox insan nikah bağlayıb. Bununla müqayisədə ötən il 11,7 min ailə yollarını ayırıb. 

Boşanmalar ildən-ilə artır

Son rəqəmlər Azərbaycanda boşanmaların ildən-ilə artdığını təsdiq edir. 2012-ci ildə boşananların sayı 11 min olub. 2011-ci ildə ölkədə qeydə alınan 88 min 151 nikahdan 10 min 801-i pozulub. Bu isə 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt çoxdur. Belə ki, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 8900 nikahın pozulması faktı qeydə alınmışdı.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınmışdı. Lakin 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb, 2010-cu ildə isə yuxarıda qeyd olunduğu kimi, bu rəqəm artıq 10 mini keçirdi.

Rəsmi statistika hələ tam mənzərəni əks etdirmir

Lakin boşanmalara dair açıqlanan rəsmi statistika hələ bu ciddi sosial problemin tam mənzərəsini əks etdirmir. Çünki söhbət rəsmi qeydə alınmış nikahların pozulmasından gedir. Azərbaycanda isə rəsmi nikahlarla yanaşı qeyri-rəsmi nikahlarda, bir çox hallarda dini nikahlarda yaşayan çoxsaylı ailələrin olduğu yeni məsələ deyil.

Dövlət Statistika Komitəsindən virtualaz.org saytına verilən məlumata görə, 2000-ci ildə qeyri-rəsmi nikahdan 6282 uşaq dünyaya gəlib. Bu isə ümumi doğulan uşaqların 5,4 faizi idi.

Maraqlıdır ki, 2003-cü ildən etibarən qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı da sürətli templə artmağa başlayıb. Belə ki, 2003-cü ildə qeyri-rəsmi ailələrdə doğulanların sayı 12 minə yaxınlaşıb.

1 il sonra – 2004-cü ildə nikahsız ailələrdə 27 minə yaxın uşaq dünyaya gəlib ki, bu da il ərzində doğulan uşaqların 20,3 faizini təşkil edirdi.

2010-cu ildə nikahı olmayan ailələrdə 25,4, 2011-ci ildə 31 min, 2012-ci ildə isə 27 min uşaq doğulub.

İnsan haqları müdafiəçiləri bildirir ki, qeyri-rəsmi nikahda olan ailələrdə boşanma daha geniş miqyas alıb. Belə ailələrdə boşanmaların 40 faiz olduğu təxmin edilir.   

Ailələr niyə dağılır?!  

Bəs Azərbaycanda hər il minlərlə, on minlərlə ailənin dağılmasının hansı səbəbləri var? Bu artım tendensiyası nə ilə bağlıdır və ənənəvi olaraq ailə institunun möhkəm hesab edildiyi mühafizəkar cəmiyyətdə boşanmaların baş alıb getməsinə hansı amillər təsir edir?

 “Azərbaycanda boşanan ailələrin sayı rəsmi statistikadan bir neçə dəfə artıqdır. Çünki ailə inistitutu məhv olmaq üzrədir” – bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyir.

Hüquq müdafiəçisi bildirir ki, əvvəllər mövcud olan ağsaqqallar inistitutu da dağılıb: “Ağsaqqalların ailəyə təsiri azalıb. İqtisadi asılılıq, gənclərin sərbəstliyə meylliliyi, maddi problemlər boşanmalara təsir göstərir. Azərbaycanda ailə modeli tam formalaşmayıb”.  

“Boşanmalarda internetin və TV-dəki düşük verilişlərin də rolu var…” 

M.Zeynalova qeyd etdi ki, vətəndaşların nikah aktlarının qeydiyyatı orqanları yalnız nikah bağlamaqla məşğuldur: “Onlar nikah bağlamaq üçün müraciət edən gənclərlə ailədə ər-arvadın öhtəlikləri ilə bağlı izahat vermirlər. Ümumiyyətlə, ailədə ər-arvadın vəzifəsi haqqında maarifləndirici tədbirlər yox səviyyəsindədir”.

Təşkilat rəhbəri boşanmalarda internetin və bəzi televiziya verilişlərinin də rol oynadığını vurğuladı: “Bəzi televiziya verilişləri öz düşük verilişləri ilə gənc qızları təsirləndirir, qadınlar sərbəst yaşamağa meyllənirlər. Gənc ailələr kənar müdaxilələri qəbul etmir. Bundan əlavə, gənclərin öz valideynlərindən iqtisadi asılılığı da boşanmalara təsir edən səbəblər sırasındadır”.

Hüquq müdafiəçisi qeyri-rəsmi nikahlar arasında boşanmaların statistikaya əlavə edilmədiyini, rəsmi statistikanın reallığı əks etdirmədiyini də bildirir: “Ötən il nikahsız ailələrdə 150 min uşaq dünyaya gəlib. Belə ailələrin sayı çox olsa da onlar arasında boşanmaların səviyyəsi araşdırılmır. Rəsmi nikah bağlamayan ailələrdə qadınların hüquqları pozulur”.  

Psixoloq deyir ki….

Psixoloq Mehriban Abbasova isə virtualaz.org saytına açıqlamasında gənclərin ailə həyatına hazırlanmadığını dedi: “Bu, olduqca önəmli faktordur. Gənclər ailə həyatına hazırlanmalıdır. Ailələnin həm maddi, həm də mənəvi sıxıntıya dözməsi üçün gənclər hazırlıqlı olmalıdır. Bundan əlavə, müşahidələr boşanmalara kənar müdaxilələrin də səbəb olduğunu göstərir. Sonrakı yerdə maddi durum, iqtisadi asılılıq, ailə zorakılığı, qadınların sərbəstliyə meylliliyi, qısqanclıq durur. Ər-arvad arasında fikir ayrılıqları da boşanmalara səbəb olan amillər sırasındadır”.

Psixoloq bildirdi ki, boşanmadan əvvəl ailəyə psixoloji yardım olunmalıdır: “Əksər ölkələrdə boşanmaq istəyənlər məcburi psixoloji müayinəyə göndərilir. Psixoloji dəstək alan gənclər boşanmaq qərarını yenidən nəzərdən keçirirlər. Azərbaycanda da bu təcrübədən istifadə edilməlidir”.

Boşanmalar gəncləşir

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə boşanan ailələrdə gəncləşmənin narahatlıq doğurduğunu deyir: “Dünən bir-birini sevdiyini deyən gənclər toydan bir-iki ay sonra anlaşa bilmədiklərini deyirlər. Amma bəzən boşanmalar ailə zorakılığının, sonrakı faciələrin baş verməsini də əngəlləyir. Məsələn, ötən il ailə münaqişəsi nəticəsində onlarla qadın qətlə yetirildi. Buna görə də ayrılmaq üçün müraciət edən ailələrə fərdi yanaşmaq lazımdır”.

Hüquq müdafiəçisinin fikrincə, yeni ailə quranlara güzəştlər verilməlidir: “Yeni ailələrin sosial problemlərinin həlli üçün layihələr, proqramlar hazırlanmalıdır. Əks halda Azərbaycan ailə ənənəsini tamamilə itirəcək”.

Jalə

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın