Menu
Geri İrəli

Arvadları min oyundan çıxan DÖVLƏT RƏHBƏRİ – Qandonduran FAKTLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur
Share Button

925Tarixdə bu gün – 13 oktyabr 54-cü ildə imperiyanın sərhədlərini Şimali Afrikaya qədər genişləndirmiş, Britaniyanı öz əyaləti elan etmiş Roma imperatoru Klavdiy zəhərlənərək öldürüldü.

Publika.az şanssız, üçüncü arvadı tərəfindən sui-qəsdə məruz qalan, nəticədə dördüncü arvadı tərəfindən zəhərlənərək öldürülən imperator Klavdiyin həyat, daha doğrusu, ölüm hekayəsini dəyərli tarix oxucularına təqdim edir:

GÖZLƏNİLMƏDƏN NƏSİB OLAN İMPERATORLUQ

Klavdiy eramızdan əvvəl 10-cu ildə Qalliyada doğulub. Uşaqlığından bəri tarixlə yaxından maraqlansa da, hələ siyasətin içərisinə daxil ola bilməmişdi. İlk dəfə qardaşı oğlu Kaliqula ilə birlikdə konsul olaraq rəhbərliyə qatılır. Kaliqula Tiberinin vəsiyyəti ilə imperator olmuşdu. Klavdiy isə bütün dövlət vəzifələrindən uzaq tutulurdu. Fiziki və ruhi narahatlıqları ona bu işdə mane olur, o dövrdə kimsə Klavdiyin imperator ola biləcəyini ağlının ucundan belə keçirmirdi.

Klavdiy özünü elmi araşdırmalara həsr etmişkən, imperator Kaliqulanın sərt və zalım tətbiqləri əksər əhalini narahat etməyə başlamışdı. Sonda Kaliqula sui-qəsd nəticəsində həyatını itirdi. Kaliqulanın öldürüldüyü zaman Klavdiy onu da öldürəcəkləri düşüncəsi ilə sarayda pərdənin arxasında gizlənmişdi. Halbuki əsgərlər onu öldürmədilər və Klavdiyi yeni imperator elan etdilər. Beləliklə, insanların heç əhəmiyyət vermədiyi adam birdən-birə Roma imperatoru oldu.

Hətta Dahi filosof Seneka Klavdiyin ölümünə parodiya da yazmışdı və onu balqabağa bənzədərək, ağılsızlığın simvolu adlandırmışdı.

Açığı, belə qiymətləndirilmə Klavdiyin dövlət əməlləri ilə uyğun gəlmir. O, imperiyanın sərhədlərini xeyli genişləndirdi, imperator dəftərxanasını yaratdı, 72 kilometrlik məşhur “Klavdiy” su kəmərini tikdi, başqa xalqların nümayəndələrini Senata buraxdı.

4 UĞURSUZ EVLİLİK VƏ QADIN ƏLİNDƏN ÖLÜM

Seneka başqa nəsnəni nəzərdə tuturdu. İmperatorun tamamilə anlamadığı, axmaqlıq etdiyi və fiaskoya uğradığı məqam məhz qadınlarla bağlı idi. Əgər üçüncü arvadı Messalinanın sui-qəsdindən şübhələnərək, onu dəf edə bilmişdisə, dördüncü arvadı – öz qardaşı qızı Aqrippinaya o qədər etibar edirdi ki, onun birinci nikahdan olan oğlu Neronu öz varisi elan etmişdi. Bu mənada, doğma oğlunu hakimiyyət hüquqlarından məhrum etmişdi.

Aqrippinaya bu az gəlir: o, Klavdiy fikrini dəyişə bilməsin deyə, yeməyinə zəhər qataraq imperatoru öldürür.

O dövrün tarixçisi Tatsitin qeydlərinə görə, dəfn zamanı onun varisi Neron Klavdiyi müdriklik və ehtiyatlılıq allahı adlandıranda, heç kəs istehzalı təbəssümü gizlədə bilməmişdi…

Klavdiy 4 dəfə evli olub və bütün nikahlar uğursuz idi. Onun birinci arvadı - Plavtiya Urqulanilla – etrusk nəsilindən idi. Hesab edilir ki, əsasən o, imperatoru qabaqcıl sivilizasiyanın qədim ənənələri və etrusk dili ilə tanış edib. Klavdiy öz arvadını sevirdi, amma onunla boşanmağa məcbur idi: Plavtiya ona xəyanət edirdi…

Boşanmadan sonra böyük romalı ikinci nikaha daxil oldu. Bu dəfə onun arvadı Eliya Petin idi. Eliya tərbiyəli qadın idi, lakin buna baxmayaraq, nikah dağıldı. Buna səbəb, baş verən daimi davalar idi: ər-arvad arasında demək olar ki, hər gün qalmaqal yaşanırdı. Bir dəfə növbəti davadan sonra Klavdiy deyingən arvadı evdən qovdu.

KLAVDİYİN ÜÇÜNCÜ ARVADI VALERİYA MESSALİNA

Valeriya Messalina imperator Klavdiyin üçüncü arvadı idi. Romanın məşhur kurtizankası eramızın 38-ci ilində Klavdiyə ərə gedir və 2 övladı dünyaya gəlir. Tarixi qeydlərə görə, uşaqlar Kaliquladan idi, çünki, Messalina Kaliqulanın çoxsaylı orgiyalarının tez-tez iştirakçısı idi. Kaliqula öldürüləndən sonra Messalina kurtizanka paltarını geyinərək öz bədənilə alver etməyə başlayır. Eramızın 48-ci ilində Messalina öz sevgililərindən biri Siliusla razılaşaraq Klavdiyi öldürmək qərarına gəlir. Ona söz verir ki, onun qanuni həyat yoldaşı olacaq. Nəticədə mənfur sui-qəsdçilər edam olunur.

Bu xanım tarixdə ən pozğun qadınlardan biri kimi qaldı. İmperator Klavdiyin arvadı olan Valeriya, öz yüksək statusuna baxmayaraq, Romada sözün əsl mənasında şəhvət və əxlaqsızlıq təcəssümü idi. Müasirlərinin xatirələrində yazılır ki, o, hətta Nerondan daha pozğun olub. Baxmayaraq ki, Neron vəhşi orgiyalarla, sarayda uşaq hərəmxanalarının yaradıcısı kimi məşhur idi. Messalina haqqında yazılan qeydlərdə vurğulanır ki, o, Roma fahişəxanalarına gələrək, orada fahişələrdən birinin yerini tuturdu. Yalnız belə öz ehtirasını qane edə bilirdi. Valeriyanın gözündən heç bir yaraşıqlı kişi yan keçə bilməzdi. Onun bu cür davranışları uzun müddət davam etdi, çünki imperator olan ərinin başı özünə qarışmışdı. Lakin Valeriya daha da irəli gedərək, öz kişilərindən birini – Qay Siliyi hakimiyyət kürsüsündə oturtmağa çalışırdı, amma dediyimiz kimi sui-qəsd baş tutmadı, özü Messalina isə imperatorun əmri ilə 28 yaşında qətlə yetirildi. Tarixçilər yazırlar ki, həmin anda qadın artıq sifilisə yoluxmuşdu, ona görə də bu cür ölüm onun əxlaqsız və biabırçı həyatının sonu üçün çox da pis sayılmırdı.

KLAVDİYİN DÖRDÜNCÜ ARVADI AQRİPPİNA

Aqrippina imperatorun göbələkli naharına ölümcül zəhər qataraq onun qatili oldu. Xain Aqrippina onun dördüncü arvadı idi. O, öz əmisini ustalıqla başdan çıxartmışdı. Bundan başqa Aqrippina imperatorun qızı Oktaviyanın nişanını pozdu.

Çünki məkrli planın tərkib hissəsində onu, əvvəlki nikahdan olan oğlu Nerona ərə vermək də var idi. Bütün plan həyata keçir: Klavdiy zəhərlənərək öldürüləndən sonra, Neron imperator kürsüsünə yiyələnir.

Bununla belə, Aqrippina öz oğluna o dərəcədə nəzarət edirdi ki, hətta onun sözündən çıxacağı təqdirdə, Neronu taxtdan salmağı belə düşünürdü. Amma Neron bütün hədləri aşmışdı, müstəqil qərarlar qəbul etməyə başlayır və anası ilə ciddi münaqişəyə qol qoyur. Nəticədə Neron doğma anasını öldürür. Aqrippina tarixdə Roma imperiyasının ən nüfuzlu qadınlarından biri kimi qalır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın