Menu
Geri İrəli

Afaq Bəşirqızı : “Sumqayıt Dövlət Dram Teatrı mənim üçün doğma yerdir” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2017 • Baxış sayı: 910 dəfə • 2 şərh

Xalq artisti Afaq Bəşirqızının APA-ya müsahibəsi

- Afaq xanım, telefonda dediniz, Sumqayıt Teatrında tamaşanız var. Gəlin, söhbətə elə Sumqayıtdan başlayaq…

- Bilirsiniz ki, Sumqayıt Dövlət Dram Teatrı mənim üçün doğma yerdir. Ömrümün, yaradıcılığımın 15 ilini bu teatra sərf etmişəm. Bu yaxınlarda hiss etdim ki, mənə əziz olan bu teatra kömək lazımdır. Bunu öz vicdanım, öz istəyimlə etdim. Əlbəttə, bu barədə cənab nazirin də mənə təklifi oldu. Dedi ki, Afaq, teatr üçün nə edə bilərik? İsi Məlikzadə vaxtilə mənim üçün iki tamaşa yazıb: “Hərənin öz ulduzu” və “Subaylarınızdan görəsiniz”. İkinci tamaşanı teatrın baş rejissoru Firudin Məhərrəmovun quruluşunda bərpa formasında oynadıq.

- Sumqayıt Teatrının sizin məşhurluğunuza ehtiyacı var, yoxsa siz olmasaydınız, həmin tamaşada həqiqətən boşluq olardı?

- Gəlin, etiraf edək ki, təkcə teatr sahəsinin yox, hər bir sahənin sanbala ehtiyacı var. Çünki o sanbal bir xahiş, bir müraciət edəndə qarşı tərəf özünə borc sayır ki, bunu hələm-hələm söz deməyən filankəs deyib. Mən dəvət olunanda Valeh Kərimovun tərəf müqabili olmasını istədim. Məmnuniyyətlə razı oldular.

- Valeh Kərimovun işdən çıxarılmağı xəbəri doğru idi?

- Bu mətbuatın növbəti yalanı idi. O teatrda heç kim Valeh Kərimovu işdən çıxarmayıb. Aktyorun “kaprizi”, incikliyi olur. Valeh özü teatrdan getmişdi. Səbəbləri də teatra aid deyildi.

- Deyəsən, siz də mətbuata qarşı qəzəblisiniz…

- Mətbuatda təsadüfi adamlar çoxdur. Ancaq xoruz döyüşdürməklə məşğuldurlar. İncəsənətdə bir çox adamın yeri səhv düşdüyü kimi, mətbuatda da yeri səhv düşənlər çoxdur. Sonra da zamanı günahlandırırıq.

- Özünüzə sual vermisiniz ki, teatr sahəsindəki təsadüfi adamların bu yerə gəlib çıxmağında mənim də günahım var?  

- Təvazökarlıqdan uzaq olmasın, mən qadın, ana, aktrisa kimi bu vətən üçün nə lazımdırsa, etmişəm.

Əsl sənətkarlar qapılara gedib nə isə istəyə bilmir

Kaş mənim etdiyimin bir misqalını bilavasitə bu işi görməli olan adamlardan biri edərdi. Ona görə də bu barədə özümü heç vaxt günahlandırmıram. Mənim vicdanım rahatdır.

- Teatr sahəsinə hər il onlarla gənc gəlir. Onlar bu gəlirsiz sənətin yükünü çəkə biləcəklər?

- Əlbəttə. Amma problem ondadır ki, həmin gənclər məbədə yığılmayıblar. Onlar ayrı-ayrı yerlərdədirlər. Ay yarım vaxtımı “Planet Parni iz Baku” KVN Teatrının tamaşalarına sərf etdim. Sizə deyim, orda çox bacarıqlı uşaqlar gördüm…

- Nə zamansa kimdənsə nəsə xahiş etmisiniz?

- Mən heç nəyi xahiş etməmişəm, hər şeyi mənə veriblər. Elə aktrisa olmamışam ki, nəzərdən qıraqda qalaydım. Mənim bütün həyatım keşməkeşli olub. Çətin vaxtlarımda mənə ürək-dirək verən Məlik Dadaşovun qardaşı Salman Dadaşov olub. Sumqayıt Teatrının direktoru idi, otağına girirdim, deyirdim, çox haqsızlıq var. Məni arxayın edirdi ki, sən bir vaxt ucalacaqsan və hər şey unudulacaq. Aktrisanın evdən, şəraitdən, dolanışıqdan nigaranlığı olmamalıdır. Çünki tamaşaçı iki saat problemlərdən azad olmaq üçün teatra gəlir.

Flora Kərimovanın indiki “Göydən daş gəldi, it məni qapdı” qarğışı yox, əvvəlki repertuarı məni yaşadır

Aktyor qayğı ilə, problemlə tamaşaçını yükləyəndə onda biz nədən danışa bilərik? Əsl sənətkarlar qapılara gedib heç nə istəyə bilmir. Sadəcə, deyirlər, niyə belədir? Daha doğrusu, sənətkar qapıya özü üçün yox, kimin üçünsə gedir. Mənim laqeyd qala bilməməyimdən sui-istifadə edənlər də olub. Məsələn, bir şeyə layiq deyil, amma istəyir, onu əldə etsin. Biz hansısa ödülü əldə etmək üçün sənətin əziyyətini çəkəndə, kimlərsə gözəl şərait üçün qapıları döyürdü. Ən böyük hakim Allahdır. Haqqı çatan adama görə qapıları döyməyə, zəng edib xahiş etməyə hazıram. Çox sağ olsunlar, məni eşidirlər. Məni ən çox ağrıdan məsələni sizinlə bölüşmək istəyirəm. Çox istərdim ki, teatr rəssamı olan xalq artisti Tahir Tahirov prezident təqaüdü alsın. O, heç mükafat da almır. Tahir Tahirov kimi teatr rəssamları Azərbaycanda həmişə az olublar. Mənə elə gəlir, onun maddi ehtiyacı ödənməlidir. Tahir Tahirov danışmır, mən danışıram, deyirəm.

 

- Sizi təmin olunmuş adam saymaq olar. Ona görə də səhnəyə qayğılardan uzaqlaşıb çıxa bilirsiniz. Amma bunu gənclərə də aid etmək olarmı?

- Onlar bu haqda mənə danışmayınca, heç nə deyə bilmərəm. Gənclərə yer veriləndə korifeylər teatrdan getməməlidirlər. Nəinki korifey, hətta ən zəif aktyor belə getməməlidir. Çünki gənclər onlardan çox şey öyrənirlər. İndiki aktyorlar toya tamada gedir, şənliklərdə iştirak edirlər. Soruşanda da deyirlər, ailəmi dolandıra bilmirəm. Amma mən Afaq Bəşirqızının Sumqayıt Teatrında ürəyi gedib, həkim gəlib ki, aclıqdandır, bir stəkan şirin çay verin içsin. Biz bütün günümüzü sənətə həsr edirdik. Bu gün mənə niyə filan şey vermədilər deyib, qışqır-bağır salan incəsənət xadimləri bilməlidir ki, bütün bunları qazanmaq lazımdır. Teatra gələn gənc bilməlidir ki, burda maaş çox azdır. Mən Afaq Bəşirqızı 250 manat maaş alıram. Gənc bütün bunları nəzərə almalıdır. Bir məşhur aktyor var, beş il mənimlə bir partada oturub. O, teatrda çalışır, axşamlar da qarajda gözətçi işləyir.

- Siz bunu nümunə kimi göstərirsiniz? Və sanki tamadalıq pisdir, qarovulçu qalmaq yaxşı şeydir?

- Ailəsini dolandırır. Söhbət tamadalığa pis baxmaqdan getmir. Mən sənətkarı toyda görmürəm. Aktyor toyda kiminsə artıq-əskik sözünü götürə bilir, amma vağzalda yük daşıya bilmir?

Bir məşhur aktyor var, teatrda çalışır, axşamlar isə qarajda gözətçi işləyir

Aktyor sənəti qurbanlıq sənətdir. Rza Əfqanlı deyirdi, aktyor evlənməməlidir. Bir otaqlı evi olmalıdır, vəssalam, orda rolunu məşq etməlidir, sənəti haqqında düşünməlidir. Mən də qurbanlığam, istədiyim sənəti əldə edə bilmədim. Şərqşünas olmaq istəyirdim. Tapşırılmamışdım, tarix müəllimi 3 yazdı. İlk dəfə onda dedim ki, Bəşir Səfəroğlunun qızıyam. Türk dilinə yönəltmək istədilər, istəmədim. Allah Müxlis Cənizadəyə rəhmət etsin, onun dəvəti ilə incəsənətə gəldim.

- Son vaxtlar çəkilən komediya filmlərinə baxırsınız?

- Cəmiyyətdə komediyaya aclıq var. Amma çəkilən bu komediyalara yox. Həddindən artıq qeyri-peşəkarlıq var. Pis bilirsiniz nədir? Mənə nümunə göstərirlər ki, hansısa aktyor günü filan qədər pula çəkilir, amma siz razı olmursunuz? Pulu artırırlar, yenə istəmirəm. Çünki bəhanə edirəm. Ssenari xoşuma gəlmir və vəziyyətdən çıxmaq üçün qonorarı yüksək deyirəm. Ssenari xoşuma gəlsə, ümumiyyətlə, pul almaram. Mənim əziyyətlə qazandığım adım var, onu pula qurban verə bilmərəm. Mən reklama çəkilmirəm. Bir firmadan zəng vurdular ki, üç dəqiqəlik reklamdır, istəyirik siz çəkiləsiniz. Amma başqa bir aktyora da demişdilər. Zəng vurdum həmin aktyora, dedim, elə bir qiymət deyəcəyəm, onlar məni yox, səni çəkəcəklər, qorxma. Çünki onun ehtiyacı var idi. Sonra zəng vurdu ki, nə istədimsə, onu da verdilər. Mən sevdiyim, sanbalına inandığım aktyora hər cür kömək əlimi uzadıram.

- Serialları izləyirsiniz?

- Məni onlarla düşmən etməyin. Heç birinə baxmıram.

- Bir zamanlar Azərbaycanda müstəqil teatrlar yaranmışdı, amma onlar zamanla ayaqlaşa bilmədilər. Bunun səbəbi nə idi?

- Ayaqlaşma məsələsi deyil, sadəcə, o teatrların konsepsiyası yox idi. Hər bir teatrın özünün nizamnaməsi olmalıdır. Mən burda yaratdığım teatrın sədası ilə Moskvadakı teatrı yaratdım. Həmin teatr indi də fəaliyyətdədir. Sadəcə, mənim səhhətimlə əlaqədar akademik məzuniyyətdədir. “Bəşir Teatrı” Rusiyanın 67 şəhərində və 11 ölkədə çıxış edib.

- Afaq xanım, sizi televiziya tamaşaları və filmlər məşhur etdi. Bu mənada demək olarmı, teatra yox, televiziyaya borclusunuz?

- Mənim zirvəyə çatmağımda əziyyəti keçən insanların olduğunu deməsəm, nankorluq olar. Bütün tanımış aktyorlar AzTV-yə borcludurlar. Mən AzTV-ni həmişə özümə isti ocaq bilmişəm. Aktyorlar Ramiz Həsənoğluna, Tariyel Vəliyevə borcludurlar. Şərif Qurbanəliyev mənim həyatımda çox böyük rol oynayıb. İncəsənət sintetik sənətdir. Aktyorun yetişməsi üçün səhnə arxasında qalan qrim ustasının, dekorçunun, fəhlələrin də rolu var. Əvvəllər öz rollarıma baxmırdım, amma son vaxtlar oturub izləyirəm.

- Özünü təsdiq edən aktyorlar bəzən rejissor quruluşuna düzəliş vermək istəyir, özlərinə monoloq yazdırmaq eşqinə düşürülər. Olubmu, rejissorla razılaşmayıb öz fikrinizi məcbur qəbul etdirəsiniz?

- Əgər mən tamaşanın quruluşunu düzgün görürəmsə, onu rejissora inandırıram. Hər zaman etikanı gözləyib rejissorun fikrinə üstünlük vermişəm. Amma bəzən görürsən ki, rejissorun qurduğundan daha canlı ifa edə bilirsən və müştərək iş gözəl alınır. Heç bir rejissordan küsməmişəm, mübahisəmiz olmayıb.

- Amma nədənsə cəmiyyətdə “kapriz”li insan obrazınız formalaşıb…

- Ortabab və aşağı ilə aram yoxdur. Mənim üçün hər şey mütləq VİP olmalıdır. Hamını başa salıram ki, iş gözəl olmalıdır. “Kapriz” o deyil ki, tamaşanı yarımçıq qoyasan, məşqə gəlməyəsən və s. Belə şeylərdən uzaq olmuşam.

Gənclərə yer veriləndə korifeylər teatrdan getməməlidir

Rejissorla olmasa da, rəssamla mübahisələrim olub. Nə barədə? Teatr rəssamı aktyoru rejissordan daha çox nəzərə almalıdır. Bir də görürsən, gözəl rəssamdır, dəvət ediblər teatra, deyir, geyim seçməyə ehtiyac yoxdur, nə istəyirsiniz, geyinin. Mən də deyirəm, yeriyə bilmirsənsə, ayaqqabı geyinmə. Sən ayaqyalınsan, amma klassik tamaşada rəssam işi görmək istəyirsən. Üzeyir Hacıbəyovun tamaşasında Rembrandtın ekstravaqant əsərini divardan asır. Tamaşaya dəxli yoxdur e, başa düşürsünüz? Əgər bunlar “kapriz”dirsə, onda hə, sizin dediyiniz kimiyəm.

- Məşhur olmağınızı nə vaxtdan hiss etdiniz?

- 1990-cı ildən sonra “Bəxt üzüyü” tamaşası ilə məşhur oldum. “Bəxt üzüyü” tamaşası filmdən qat-qat güclü idi. Tanınmaq isə 1983-cü ildə “Evləri köndələn yar” teletamaşası ilə olub. 90-cı illərdən artıq insanlar küçədə məni tanıyıb yaxınlaşır, söhbət edir, avtoqraf alırdılar.

- Belə şeylər indi də olur?

- Düzünü deyim, indi səhhətimlə əlaqədar küçədə piyada gəzmirəm. Ola bilər, iraq olsun, mənə qarşı olan diqqət, sevgi səngisin, unudulum. Hər bir sənətkar bunu fikirləşməlidir. Jurnalist sənin yanından laqeyd keçəndə içəridən “mən burdayam” hayqırtısı gələ bilər.

- İnanmıram, sizin taleyinizdə belə olsun…

Əvvəlki kimi çılğınlıq, repertuar bolluğu olmasa da, ildə bir solo tamaşa oynayıramsa, bu mənim özümə olan diqqətimdir. Mən arenadan hələ düşmürəm.

- Amma fikirləşmirsiniz ki, gəncliyin gətirdiyi məşhurluğu xərcləməklə məşğulsunuz?

- Əgər bu günün gəncləri 20 Yanvarın hansı hadisə ilə bağlı olduğunu bilmirsə, Xaçmazı Qarabağ zonasından hesab edirsə, Aleksey Batalovu tanımırsa, əlbəttə, onlar məni də tanımaya bilərlər. Küçədə-bazarda kimsə məni tanımasa, bu məni narahat etmir.

- Sizi Nəsibə Zeynalova ilə müqayisə edənlər də var. Necə hissdir?

- Mənim Nəsibə Zeynalovaya çatmağıma çox var. Ona görə də bu müqayisə düzgün deyil.

- Mədəniyyət və İncəsənət Universitetindən niyə uzaqlaşdınız? Siz də universitetin tələbələrinin səviyyəsindən razı deyilsiniz?

- Dərs demək istəmədim. Mən rektor Fərəh Əliyevaya çox ümid edirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Dəvət olsa da, dərs demərəm. Yorğunam. İşlərimi də, yaşayışımı da qrafiklə edirəm.

- Bir neçə il əvvəl demişdiniz, deputatlığa namizədliyinizi irəli sürəcəksiniz. Hələ də bu niyyətdəsiniz?

- Mənə elə gəlir, daha güclü, perspektivli mütəxəssislər deputat seçilsələr öz sahələrinin də, ölkənin daha yaxşı inkişafına səbəb olarlar. Mənim xroniki deputatlardan xoşum gəlmir.

- Adətən aktyorlardan son oxuduqları kitabın adını soruşuram. Sizdən də eyni suala cavab istəyirəm…

- Seymur Baycanın “Quqark” və “Körpüsalanlar” romanlarını oxumuşam. Çox sağ olsun, son kitabını özü gətirib verib. Seymurun yazıları çox xoşuma gəlir.

Nəsibə Zeynalova ilə müqayisə olunmağım düzgün deyil

Aqşin Yeniseyin şeirlərini oxuyuram. Ağıllı fikirləri var. Bir az dəymədüşər uşaqdır, amma yaradıcılığını qiymətləndirirəm. Elxan Elatlını da oxuyuram. Ümumiyyətlə, detektivi sevirəm. Çingiz Abdullayev, Mopassan mənim stolüstü kitablarımdır. İndi Oşunun kitabını oxuyuram.

- Oşu fəlsəfəsində bir azərbaycanlının mental və ailə-əxlaq təsəvvürləri ilə üst-üstə düşməyən çox şey var. İnanmıram, siz xarakterli və dünyagörüşlü insan Oşonu sevsin…

- Ümumiyyətlə, Oşu mənim üçün çox maraqlıdır. Amma əlbəttə, bütün fikirləri ilə razı deyiləm. Məhəbbətlə, sevgi ilə bağlı fikirlərini çox bəyənirəm. Adətlərlə, tərbiyə ilə bağlı məsələlərdə isə onun fəlsəfəsində dağıdıcılıq hiss edirəm. Oşunun övladın valideynə münasibətindəki təsəvvürləri  ilə qətiyyən razılaşa bilmərəm. Bir vaxtlar Orxan Pamuka aludə idim. Onun “Qar”, “Cövdət bəy və oğulları” və başqa kitablarını oxumuşam. Sonra Orxan Pamukdan incidim.

- Afaq Bəşirqızının Orxan Pamukdan inciməyi maraqlıdır…

- Mən inanmıram ki, Orxan Pamuk “Nobel” mükafatına görə yaza ki, kürdlər 600, türklər isə 1 milyon ermənini qırdılar. Bununla bir növ “genosidi” təsdiq etmişdi. Kolumbiya Universitetinin yetişdirməsi olmaq, Kolumbiya Universitetində dərs demək nə dərəcədə qeyri-adi bir şeydir? Eynşteyn Kolumbiya Universitetini bitirməyib, orda işləməyib. Düzdür, mənim Eynşteyndən zəhləm gedir. Atom bombasını yaratdığına görə acığım gəlir ondan. Məhvedici bir şeyi nə üçün yaradırlar? Eynşteyn çox gözəl bilirdi ki, zəmanəni biganələr buraxdı, divanələr tutdu. Həmin o biganələrin siyahısına Eynşteyn də daxil oldu. Siz mənimlə razısınız?

- Deyirsiniz, yəni dünyanı divanələr idarə edir?

- Mən buna inanıram. Masonlar haqqında yazılan kitabları oxuyuram.

- Siz doğrudan inanırsınız ki, dünyanı Masonlar idarə edir?

- Bilirsiniz, dünyanı idarə edənlərin adı Masondursa, bu, düzgün deyil. Onların adı bilinməzdir. Amma siz özünüz də bilirsiniz ki, dünyanı idarə edənlər var.

- Azərbaycan ədəbiyyatında necə, “Nobelə” layiq olanlar var?

- Hazırda? Hələ ki, o yazıçını görmürəm. Mən çox istəyərdim Səttar Bəhlulzadə, Bəxtiyar Vahabzadə alaydı bu mükafatı.

- Kimi dinləyirsiniz?

- Mənə deyirlər, saz musiqisini sevirsiniz? Deyirəm, gərək sazı Aşıq Ədalət çala. Muğamı da gərək Hacıbaba Hüseynov oxuya.

Ramiz Əzizbəyli mənim maraq dairəmdə deyil

Estrada musiqinə qulaq asanda Oqtay Ağayevin səsini axtarıram. Onun mahnıları məni yaşadır. Flora Kərimovanın indiki “Göydən daş gəldi, it məni qapdı” qarğışı yox, əvvəlki repertuarı məni yaşadır.

- Qarğış məsələsini bilmirəm, Flora Kərimovanın səsi yenə həmin o köhnə səsdir, dəyişməyib…

- Repertuarı da köhnə repertuardır. İndikini deyə bilmərəm.

- Dinə münasibətiniz haqqında danışaq…

- Dini fanatiklərdən həmişə qorxmuşam, çəkinmişəm. Fanatlıq ucuzluq, sui-istifadə, özündən müştəbehlikdir. Bəzən savadsız din xadimləri deyirlər ki, filan şey “Qurani-Kərim”də yazılıb. Mən “Quran”ı dörd dəfə oxumuşam, onun dediyinə rast gəlməmişəm. Deyirlər, Allahın adı çoxdur, amma “Ümid” yoxdur. Mənim Allahımın adı Ümiddir. Ümid sevgidir.

Dinin vacib bildiklərini yerinə yetirirsiniz?

- Bəhanə olmasın, namazı bilirəm, sadəcə, səhhətim yerinə yetirməyə imkan vermir. Eyni zamanda da səhhətimə görə oruc tuta bilmirəm. Onsuz da həyatım boyu orucam. Güclü dietdəyəm. Bundan başqa da öz tikəmi bölməyi həmişə özümə borc bilmişəm.

- Bir zamanlar Ramiz Əzizbəyli ilə aranızda narazılıq yaranmışdı. İndi münasibətiniz necədir?

- Siz mənə Ramiz Əzizbəyli haqqında dediyim bir neqativ cümləni göstərə bilərsiniz?

- “Bəxt üzüyü” filmi ilə bağlı idi. Ramiz Əzizbəyli demişdi, Afaq nankorluq edib…

- Sizcə, maraqlı saymadığım, olub-olmamağı ilə maraqlanmadığım bir insan haqqında danışaram?

- Ramiz Əzizbəyli olub-olmamağı fərq etməyən adamlardan deyil axı…

- Onda qoy özünə görə olsun. Özü bilər, mənim maraq dairəmdə deyil.

Facebook Şərhləndirmə:

“Afaq Bəşirqızı : “Sumqayıt Dövlət Dram Teatrı mənim üçün doğma yerdir” – MÜSAHİBƏ” yazısına 2 cavab

  1. SƏHLA ABİSHOVA deyir:

    Afag xanim siz həmisə bizim urəyimizdəsiz,SİZƏ OLAN SEVGİMİZ DAİMİDİR!

  2. Samir deyir:

    Afaq xanimin deyir: Düzdür, mənim Eynşteyndən zəhləm gedir. Atom bombasını yaratdığına görə acığım gəlir ondan. Məhvedici bir şeyi nə üçün yaradırlar? Eynşteyn çox gözəl bilirdi ki, zəmanəni biganələr buraxdı, divanələr tutdu. Həmin o biganələrin siyahısına Eynşteyn də daxil oldu. Siz mənimlə razısınız?

    Afaq xanima sual: Ilham Eliyev bu gün herbi zavodun acilisna gedib. Bele cixir ki, o zavodda istehsal edilib ve insanlarin ölümüne sebeb olacaq silahlari satan Eliyev Ilhama da aciginiz gelir?

Şərhinizi yazın