Menu
Geri İrəli

Rusiya Baş nazirinə çörək verən sumqayıtlı – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2015 • Baxış sayı: 578 dəfə • Şərh yoxdur

suleyman456“Xatirə dəftəri” layihəsində

 Süleyman Hüseynov Sumqayıtda yaşayır. Uzun müddət istehsalatda çalışıb. Müxtəlif vəzifələrdə olub. Paralel olaraq bədii yaradıcılıqla da məşğuldur. Azərbaycanda və Rusiyada 11 kitabı dərc olunub. Tanınmış yazarla “Xatirə dəftəri” layihəsində söhbətimizi təqdim edirik.

 10 il əlimə qələm almadım

 - Süleyman müəllim, deyəsən bütün yazarlarımız kimi siz də yaradıcılığa şeirlə başlamısız.

 - Bəli. Deyim ki, həvəskar olmuşam, özüm üçün satirik hekayələr, qısa şeirlər yazırdım. Təsadüfən elə oldu ki, bir dəfə məni Kimya zavodunda işlədiyim zaman çoxtirajlı “Kimyaçı-Ximik” qəzetinin redaktoru Oqtay Cəfərovun yanına apardılar. “Şeir yazır”, – dedilər. Oqtay müəllim şeirlərimi oxuduqdan sonra sexdə usta işlədiyimi öyrənib: “Bu gündən sən burda işləyəcəksən”, – dedi. Baş direktorla danışdı, aparatda mənim üçün ştat açdırdı, elə həmin gün məni işə düzəltdi. Növbəti nömrədə Həzi Aslanova həsr etdiyim “Bakıda bir məzar vardır” şeirimi dərc elədi.

 - Şeir yazmağınız işinizə yarayıb deyəsən… sexdən birbaşa aparata keçmisiz.

 - Mən ciddi bədii yaradıcılıqla məşğul olmaq fikrində olmamışam. Sadəcə, ürəyimdən, könlümdən keçənləri qələmə almışam. Və təbii ki, şeirlərim qəzetdə çıxandan sonra oxucular diqqətlərini mənə yönəltməyə başladılar.  1971-ci ilə kimi ədəbiyyatla ciddi məşğul olmağa başladım. Sonra başqa müəssisəyə keçdim. 10 il əlimə qələm almadım. İş çox idi. Vəzifə sahibi idim.

 - Fikirləşdiniz ki, yaradıcılıqla məşğul olmaq vəzifədə olmanıza xələl gətirər?

 - Xeyr, qətiyyən. Tanıyanlar bilirlər ki, mən heç nədən çəkinmirəm. Mənim üçün sərhəd yoxdur. Sadəcə, işim çox olurdu. Həm də ailə qayğıları vaxt aparırdı.

 “Gəl şeirlərini götür, get…”

 - Bir neçə kitabınız dərc olunub, ilk kitabın sevincini nə vaxt yaşadınız?

 - İlk kitabım 1993-cü ildə “Gənclik” nəşriyyatında çap olundu. Sabir Rüstəmxanlı mətbuat naziri işləyirdi. Münasibətimiz də var idi. Keçmiş “Azərikimya” Dövlət Şirkətinin  prezidenti Fikrət Sadıqov şeirlərimi oxuyurdu, xoşuna gəlirdi. Bir gün soruşdu ki, şeirlərimi niyə kitab halında çap etdirmirəm? Mən də zarafatla: “Mənim kimim var, yetim uşağam”, – dedim. Sabir Rüstəmxanlıya zəng elədi, dedi ki, Sabir, Süleyman mənim dostumdur, sənin də yerlin. Yaxşı şeirləri var, kömək elə çapına. Getdim yanına, qəbul elədi. Dedi, apar ver “Gənclik” nəşriyyatına. Dedim, yox, Sabir müəllim. Bu şeirləri oxuyun, məsləhət bilsəniz, çap eləyərlər. Əlyazmaları saxladı, bir aydan sonra mənə zəng elədi: “Gəl, şeirlərini götür, get nəşriyyata”.

 - Beləliklə…

 - Sonra hekayələr kitabım çap olundu. Nadejda Paina adlı tərcüməçi var, əvvəllər Azərbaycanda yaşayıb. Mənim şeirlərimi tərcümə elədi, kitab halında çap olundu. O, Azərbaycan ədəbiyyatından çox adamı tərcümə edib. Yazıçılar Birliyinin üzvü olmaqda da ona yardımçı oldum. İndi  80 yaşı var. Rusiyanın Konakovo şəhərində yaşayır. “Qəlb harayım” kitabıma isə ön sözü şair, sənətşünas-alim Ramiz Heydər yazdı, Çingiz Abdullayev isə rəy verdi. “Bir həzin nəğmə” kitabım  5.000 nüsxə çap olundu. İndi özümdə təkcə bir nüsxə qalıb.

 Nahaq gəlmisən, Aqambekyan səni kəsəcək

 - İstehsalatdakı uğurlarınız necə oldu?

 - Məni 1991-ci ildə Moskvaya Nazirlər Kabinetinin göndərişi ilə SSRİ Xalq Təsərrüfatı Akademiyasına göndərdilər. Hər il Azərbaycandan hər ixtisas üzrə bir nəfərə yer ayırırdılar. İki il Nazirlər Kabinetindən Azad Əliyev adlı bir nəfərə göndəriş verilmişdi, amma keçə bilməmişdi. Akademiyanın rektoru A.Aqambekyan idi. Mənə dedilər ki, nahaq gəlmisən, o sənə əngəl olacaq, qoymayacaq oxuyasan. İmtahandan kəsəcək. Dedim, imtahandan “5” alacam, özümə arxayın olmasam, gəlmərəm. Azada da dedim ki, narahat olma, səni də hazırlaşdıraram, keçərsən.

 - Və imtahana girdiniz?

 - Test imtahanı idi. 30 suala cavab vermək üçün 30 dəqiqə vaxt verildi. Təsəvvür edin, ömrümdə kompüterlə işləməmişəm. Oturdum, başladım suallara cavab verməyə. 25 dəqiqə keçdi. Dedim, bitirdim. Gəlib yoxladılar. Sonra komissiya sədri kompüterə yaxınlaşdı və yoxlayanlardan soruşdu: “O hansı suala düzgün cavab verməyib?” Məlum oldu ki, 29 suala cavab vermişəm, birinci və ən asan suala səhv cavab yazmışam. Söylədiklərinə görə Akademiyanın tarixində belə hal olmayib. Ən yaxşı halda 27 suala cavab verilib. Komissiyanın sədrinə deyəndə ki, bu azərbaycanlıdır, Aqambekyan mız qoyacaq, cavab verdi ki, mız qoysa, mən bilərəm nə deyəcəm. Azadla da hazırlıq etmişdim deyə, bu dəfə o da keçdi.

 Rusiyanın baş naziri və tələbə talonu

 - Bildiyimə görə, Rusiyanın keçmiş baş naziri ilə dost olmusunuz.

 - Hə, Kiriyenko ilə. O vaxtı o, Nijni Novqorodda işləyirdi, oradan göndərişlə gəlmişdi. Ayrı-ayrı fakültələrdə təhsil alırdıq. Bizdə 3 qrup 1 patok idi. Mən də qrup nümayəndəsinin müavini idim. Həm də ki, təşkilati işlərə baxırdım. Onunla orda tanış olmuşduq. Münasibətlərimiz bu günə kimi davam edir. Hazırda Rusiyanın Atom Enerjisi naziridir (ROSATOM – F.B). 1999-cu ilin noyabrında rus dilində çap olunmuş “Yesli ya ne vernus”(“İşdir, mən qayıtmasam” – F.B) kitabımın Moskvadakı təqdimatına o da gəlmişdi. Münasibətlərimiz uzaqdan-uzağa davam edir. Mənim ona ehtiyacım yoxdur. Bir dəfə zarafatla: “Yadına gəlir, 1991- 1992-ci illərdə ərzaq məsələsi çətin idi. Akademiyanın yeməkxanasında yeməyi talonla verirdilər. Talonlar da məndə olurdu. Həmişə gəlirdin ki, “Süleyman, nə olar, bir talon ver də”. Deyirdim, “Qurbandır””. Gülümsündü, “Unutmamışam”, – dedi. Münasibətlər yaxşı idi. Amma mən durum bu dəqiqə gedim yanına, ona nə deyəcəm, nə istəyəcəm? Vaxtilə respublika rəhbərlərinə dedim ki, mənim onunla münasibətim var. Nə istəyirsinizsə deyin, respublika üçün eləyə bilərəm. “Sənsiz də keçinirik, narahat olma”, – dedilər.

 Mənim iradəm də, kişiliyim də çatır

 - Siz Sumqayıtda məsul vəzifələrdə işlədinizsonra Moskvaya getdiniz. Daha sonra buraqayıtdınız.

 - Mən fəhlə kimi əmək fəaliyyətimə başladığım “Superfosfat” zavoduna 1998-ci ildə heç bir siyasi partiyanın üzvü olmaya-olmaya direktor təyin olundum. Buna qədər də iki dövlət müəssisəsində rəhbər işləmişdim. O zaman şirkətin 1-ci vitse-prezidenti T. Məmmədovla münasibətlərimiz gərgin idi. Zavodun rəhbər vəzifələrinə öz adamlarını yerləşdirməyə çalışırdı, mən isə buna qarşı çıxırdım. O da F. Sadıqovla aramızı vurmağa çalışırdı.

 Bir gün kollegiya iclasında F. Sadıqov deyəndə ki: “Siz direktorların heç birinizin işləməyə nə savadı var, nə də bacarığı. Birinin də kişiliyi çatmır ki, ərizəsini yazıb getsin”, onda bu söz məni tutdu. 40-a yaxın direktorun heç birindən səs çıxmadı. İstədim dillənəm, ancaq susdum. Onunla çörək kəsmişdim. Neçə ildir tanıyırdım. Yaşda məndən böyük idi. İclasdan sonra girdim yanına. Dedim ki, Fikrət müəllim, dostuq, başqalarını bilmirəm, amma mənim kişiliyim çatır ərizəmi yazmağa. İş versən də sağ ol, verməsən də. Kimi istəsən, qoy yerimə. Deyəndə ki, yox, mən kişilik demədim, iradə dedim, “İradə elə kişidə olur da”, – dedim. Amma bir şeyə kömək elədi. Təsadüfən  yanında olanda ona  telefon zəngi gəldi. Bilmirdim kim haqqında söhbət gedir. O, deyəndə ki,  “Şairdir, yaxşı adamdır, bacarıqlıdır” şübhələndim. Dəstəyi qoyanda  dedi ki, Moskvadan səninlə maraqlanırlar. Sonra Moskvaya dəvət etdilər və 10 ilə yaxın “RR-Firma” QTSC-nin Azərbaycan üzrə nümayəndəsi işlədim. 2010-cu ilin yanvarında isə Moskva vilayəti Sergiyev Posad şəhərindəki kimya zavoduna dəvət aldım. Zavodun direktoru L.P.Avlastimovdu. Sumqayıtda “Kimyasənaye” İstehsalat Birliyində bir yerdə işləmişdik. O, baş mühəndis idi. Gedəndən sonra  baş direktor bildirdi ki, Rusiya vətəndaşlığın yoxdur, rəhbər vəzifə verə bilmərəm. İstədim geri qayıdım. L.P.Avlastimov da  pis vəziyyətdə qalmışdı. Utana-utana dedi ki, Süleyman, sənə müvəqqəti fəhlə işi təklif etsəm, qəbul edərsən? Düşündüm və razılaşdım. Məni NÖC və A sexinə 5-ci dərəcəli elektrik çilingəri götürdülər. Təsəvvür edin, iki ali təhsillə, zavod direktoru təcrübəsi ilə yenidən fəhlə işləməyə başladım. 3 aydan sonra məni çağırdılar ki,  sən  istehsalata baş mexanik təyin olunursan. Dedim, axı mən mexanik deyiləm, kimyaçı-texnoloq mühəndisəm. Həm də top-menecerəm. Dedilər, sənin orda təşkilatçılıq bacarığın lazımdır.

 Nə isə, getdim. 6 aydan sonra isə zavod direktorunun kadrlar üzrə müavini təyin edildim. Rəsmi olaraq işim sənədləşdirildi. Düzü, Rusiya vətəndaşı olmaya-olmaya burada kadr siyasəti ilə məşğul olmaq, zavodun mənafeyini dövlət orqanlarında təmsil etmək mənə mənəvi məmnunluq verirdi. Məni buraxmaq istəməsələr də, keçən il ailə vəziyyətimlə əlaqədar vətənə qayıtmalı oldum.

 “Bu əsərdə həyata böhtan atılmayıb”

 - Bu yaxınlarda sizin “And” romanınızı oxudum. Vətənpərvərlik, torpağa bağlılıq, düşmənə qarşı nifrət var romanda.  Əsərin qəhrəmanı deyəsən siz özünüzsünüz?

 - Yox. Moskvada təhsil alan oğlan mənim qardaşımın obrazıdır. Amma o da düzdür ki, çox yerlərdə mən varam. Hamısı tam həqiqətdir. Tənqidçi, professor Vaqif Yusifli demişkən, bu əsərdə həyata böhtan atılmayıb.

 - Əsas qəhrəmanlardan da biri Aidə obrazıdır? Ad bizimki olsa da, rus qızıdır. Bu obraz sizin fantaziyanızdır, ya elə bir qadın olub?

 - Aidə ümumi bir addır. Bunun səbəbi də romanda açıqlanıb. Aidə obrazı necə yazılıbsa, olmayıb. Amma ona oxşar hadisə çoxdur. Elə, götürək Çeçenistanın mərhum prezidenti C.Dudayevin həyat yoldaşını.

 - Bu romanla  döyüşçülərimizin heç də diqqətdən kənar olmadığını, bəzi neqativ halları aydın və əsaslı surətdə göstərə bilmisiniz. Yaxşı, bəs özünüzə qarşı özünüz tərəfdən niyə belə diqqətsizlik var?

 - Ədəbiyyat həm də təbliği sevir. Əgər təbliğ olunmursa, yazılan əsərlər də öz yerini, oxucusunu tapmır. Təbliğ üçün də həm vaxt lazımdır, həm də vəsait. Bilirəm, siz bu “And” romanını nəzərdə tutursunuz. Mən demirəm ki, bu əsər şedevrdir. Lakin bu mənim zəhmətimdir. İnanın ki, bu əsər haqda deyirlər: “Yaxşıdır, ancaq oxumağa vaxtımız yoxdur”. Gülürəm. “Ay adam, oxumadığın əsərə necə “yaxşıdır” deyirsən?”

 Sərxoş kosmanavt

 - Romanda maraqlı bir yer var. Seymur  Sovet İttifaqı Qəhrəmanı olan bir kosmanavtla Xarkova gedir. Səfər boyu onu müşahidə edir. Orada gənc avtomobilçilərin yarışı olmalı idi. Və Kosmanavtın hərəkətləri az qala tədbiri pozur.

- Elədir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Yuri Vasiliyeviç Malışovdur həmin kosmanavt. Tədbirdən öncə Malışov həddən artıq içki içdiyindən özünü idarə edə bilmir, dili söz tutmurdu, ayaq üstə zorla dayanırdı. Gənc aviamodelçilərin yarışını isə o açmalı olduğundan, hamı şokda idi, nə edəcəklərini bilmirdilər. Yarışın vaxtından təxminən yarım saat keçsə də Malışovu normal hala gətirmək olmadı. Axırda məcbur qalıb, tədbiri Xarkov Şəhər Maarif İdarəsinin müdiri açmalı oldu. Bir şeyi də qeyd edim ki, bu faktdır, özü də tam həqiqətdir. Mən tədbirin iştirakçısı kimi də çıxış etdim, amma xarkovlular daha çox öz həmyelilərini – qəhrəmanın çıxışını gözləyirdi.

 Adımı “qara siyahı”ya salırlar

 Əvvəllər işləyirdim, imkanım pis deyildi. İndi isə bir ildən artıqdır ki, təqaüd hesabına dolanıram. Təsəvvür edin, 160 manat təqaüd. Bu pula vətənpərvərlik mövzusunda əsər yazıram. Onu da qeyd edim ki, bu romanın 1-ci hissəsi hələ 2005-ci ildə vətənpərvərlik mövzusunda yazılmış yaxşı əsər kimi “Qılınc və Qələm” Beynəlxalq ədəbi mükafata layiq görülüb. Çap etdirirəm, lakin təbliğində maneələrlə üzləşirəm. Bu, çox iyrənc hal kimi təsir eləyir mənə. 6 ildir Yazıçılar Birliyinə ərizə ilə müraciət eləyirəm ki, mənim təqaüd məsələmə baxılsın, baxmırlar. Şikayət edəndə də pis oluram, adımı “qara siyahı”ya salırlar. Bu da məni mənən sıxır. Siz də deyirsiniz ki, niyə özümə qarşı diqqətsizəm. Axı o təqaüdü özüm üçün yox, bu kitab üçün istəyirəm.

 Hələ bu harasıdır, kitab çıxanda AYB-nin Sumqayıt şöbəsi İcra Hakimiyyətinə müraciət etdi ki: “İcazə verin, bu kitabın təqdimatı Tarix Muzeyində keçirilsin”. Keçən ilin dekabrından bəri dəfələrlə edilən müraciətlərə 2 gün bundan əvvəl belə bir rəsmi cavab gəldi: “Təqdimatın Mərkəzi Kitabxanada keçirilməsinə etiraz etmirik”. Kitabda Heydər Əliyevin, İlham Əliyevin daxili və xarici siyasəti də kifayət qədər işıqlandırılıb. Heydər Əliyevin Sumqayıt partiya komitəsinin konfransında söylədiyi və mənim şəxsən dinlədiyim nitqindən sitatlar da göstərilib. Bütün bunlara baxmayaraq, kitabın təqdimatına yerli qurumlar tərəfindən belə biganəliklə yanaşılır.

 - AYB sizi qane edirmi? Bu qurumdan nə gözləyirsiniz?

 - Qətiyyən qane etmir. Bizim bəlamız ondadır ki, demokratiya verilib, kim nə istəyir yazır. Kimin pulu var, qalaq-qalaq kitablar çap etdirir. Əvvəllər kitab çapına senzura var idi. Baxırdılar, yoxlayırdılar, haradasa oxucuların zövqünün korlanmasına imkan vermirdilər.

 - Axı, sizin də kitablarınız həmin o bədii şurasız, senzurasız çap olunub. Sizin də yaradıcılığınız haqda bu sözü deyə bilərlər.

 - Desinlər. Mən söhbət eləməyə hazıram. Tənqidi normal qarşılayıram. Ramiz Heydər mənim kitabımın birinə rəy yazmışdı. Dedim, Ramiz müəllim, çox tərifləmisiniz, adi həvəskar şairəm də. Yenə deyirəm, mən Səməd Vurğunu, Məmməd Arazı, Sabir Rüstəmxanlını, digər qüdrətli qələm sahiblərini şair hesab edirəm.

 - Gənclərdən kimi oxuyursunuz? 

 - İndiki gənclərdən az oxuyuram. Amma Ramiz Rövşəni, Nüsrət Kəsəmənlini, Musa Yaqubu, Zəlimxan Yaqubu, Rüstəm Behrudini həmişə mütaliə edirəm. Sumqayıt yazarlarından ən çox Zirəddin Qafarlının, Sabir Sarvanın, İbrahim İlyaslının, Sabir Yusifoğlunun, Rafiq Yusifoğlunun şeirlərini bəyənirəm.

 Adi misal çəkim sizə. Bu yaxınlarda bir gənc yazarın kitabı çıxıb, “Mən şeir yazmıram”, – deyir. İstedadlı yazar dostumuz Baloğlan Cəlilin də bir şeiri var, səhv eləmirəmsə “Mən şeir yazmıram, şəkil çəkirəm” adlanır. Amma ağsaqqal şairimiz İltifat Saleh hələ neçə illər öncə yazmışdı ki, mən şeir yazmıram, dərdlərin şəklini çəkirəm. Cavanlar deyirsiniz ha, onların çoxu ağsaqqallardan götürür. Ola bilsin güclü əsərlər var. Amma yenə deyirəm, hər şey təbliğatdan asılıdır. Azərbaycanda təbliğat sistemi çox zəifdir. Mən elə-belə demədim ki, imkanı olan yazdığını  təbliğ eləyir və o  əsər zəif olsa belə təbliğlə şüura hopur.

 - Sizinlə razılaşmıram. Axı, əsərin də özünün mahiyyəti, mövzusu, yazılış tərzi yaxşı olmalıdır.

 - Sözsüz ki, elədir. Mən o əsərlərdən bəhs edirəm ki, layiqli əsərdir, amma oxucusunu tapa bilmir.

Faiq Balabəyli, axar.az

suleyman2

suleyman54

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın