Menu
Geri İrəli

“Tarif Şurasının qərarı ilə bağlı korrektələr ola bilər” – millət vəkili Adil Əliyevlə müsahibə

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2016 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev: “Məhərrəm Əliyevin kölgəsindən yox, işığından çıxdım”

Son illər mətbuatda onunla bağlı xəbərlərin sayında ciddi artım var. Millət vəkili seçildiyi ilk dönəmdən fərqli olaraq, artıq piarın faydalılığına inandığı hiss olunur və bu, mətbuat səhifələrində də özünü göstərir. Millət vəkili,  Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevi mətbuata qapalı biri hesab etmək olmaz. “Yeni Müsavat”a qonaq gəlib, “Bizim qonaq” rubrikasının qonağı olmaqla, zaman-zaman iynəli suallarımıza cavab verməklə də media ilə münasibətlərdə dözümlü olduğunu göstərdi. 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, baş redaktorun birinci müavini Azər Ayxan, baş direktorumuz Ələsgər Süleymanov və əməkdaşımız Sevinc Telmanqızının iştirakı ilə baş tutan iki saatlıq debatda da oxucuları maraqlandıracağını düşündüyümüz bütün mövzulardan danışdıq. Bahalaşmadan başlayıb, MTN olaylarında bitirdik söhbəti…

Təbii ki, öncə redaksiyamıza ilk dəfədir gələn qonağı Rauf bəy salamlayıb, “xoş gəldin” dedi.
 
R.Arifoğlu: 
- Adil bəy, Sizə veriləcək xeyli suallarımız var. Amma gündəmdə elə bir məsələ var ki, millət vəkili ilə söhbətə bununla başlamamaq qeyri-mümkündür. Söhbət Tarif Şurasının son bahalaşma ilə bağlı qərarından gedir. Həm də ortadakı qeyri-müəyyən vəziyyət diqqət doğurur. Bir qərar verilib, amma çoxlu sual, anlaşılmazlıq var. Bir millət vəkili, böyük bir rayonu təmsil edən Milli Məclis üzvü olaraq sizin fikirləriniz maraqlıdır.
- Çox sağ olun məni redaksiyanızda qonaq etdiyiniz üçün. Nə zamansa “Yeni Müsavat” ailəsində qonaq olacağımı düşünürdüm. Qismət bu günə imiş, Allahımıza şükürlər olsun. Sualınıza gəlincə, Tarif Şurasının qərarı insanlarımız tərəfindən birmənalı qarşılanmadı. Hesab edirəm ki, dövlət rəsmilərinin bu qərarla bağlı son sözü olacaq. Tarif Şurası müstəqil bir təşkilat kimi müxtəlif sahələrlə bağlı müəyyən araşdırmalardan sonra qərarlar qəbul edə bilir.
Bu qərarları qəbul etdikdə nə Milli Məclis, nə də millət vəkilləri ilə məsləhətləşirlər. Onunçün də dövlət rəsmiləri, aidiyyəti insanlar bununla bağlı açıqlama verəcəklər. Qərar yeni qəbul olunub, amma açıqlamalar olacaq, olmalıdır. Bu açıqlamalar xalqın, millətin xeyrinə olmalıdır. Biz bu açıqlamaları aidiyyəti qurum və təşkilatlardan, insanlardan gözləyirik.
R.Arifoğlu: 
 
- Sizin dediklərinizdən belə nəticə hasil olur ki, bu qərarın müəyyən korrektəsi ola bilər…
 
- Korrektə ola bilər. Başqa sahələrdə də adekvat addımlar atıla bilər. Maaşlar qaldırıla bilər, məsələn. Hesab edirəm ki, bu çətin zamanda, manatın devalvasiyaya uğramasından sonra qiymətlərin qaldırılmasının çox təhlükəli məqam olduğunu Tarif Şurası gözəl anlayır, başa düşür. Onun üçün də mütləq dövlət rəsmilərinin bu barədə münasibəti olacaq.
R.Arifoğlu: 
 
- Yeri gəlmişkən, bəzi millət vəkilləri öz maaşlarından, dolanma imkanlarından şikayət edir. Azərbaycanın millət vəkilləri nə qədər maaş alır? 
- 2200 manat civarında. Bu, adi millət vəkili maaşıdır. Komitə sədrləri bir az çox alır, sədrin müavinləri də əlavə maaşlar alır.
R.Arifoğlu: 
 
- Siz bir neçə ölkənin parlament deputat qrupu ilə əlaqədə olan komitələrin üzvüsünüz… 
- (Dəqiqləşdirir) Mən Azərbaycan-Qazaxıstan Parlament Qrupunun rəhbəriyəm. Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-Avstraliya, Azərbaycan-Çin, eləcə də ərəb ölkələri ilə dostluq qruplarının üzvüyəm.
R.Arifoğlu: 
 
- Heç maraqlanmısınız, həmin ölkələrdə deputatlar nə qədər maaş alır? 
- Çox müxtəlifdir. Türkiyədə bizdən çox fərqli deyil. Sadəcə, orda sistem tamam fərqlidir. İki rəsmi köməkçiləri, xidməti maşınları var. Müharibə aparan dövlətlə inkişaf etməkdə olan dövlətin millət vəkillərinin maaşı arasında fərq təbii ki, olmalıdır. Bunu tək millət vəkilinin maaşı qalxmalıdır kimi qəbul etmək lazım deyil. Millət vəkilləri ilə yanaşı, başqa peşə sahiblərinin də maaşları qalxmalıdır.

“Fikirləşirdim ki, sağ əlin etdiyini sol əl bilməməlidir. Amma o sorğulardan sonra gördüm ki, bəzi insanlar məni yanlış yerə heç bir iş görməməkdə, ”lal millət vəkili” olmaqda qınayırlar”

R.Arifoğlu: 
 
- Bu sualı verməklə həm də oxuculara informasiya vermək istəyirik ki, Azərbaycanda digər ölkələrlə müqayisədə millət vəkillərinin maaşı o qədər də yüksək deyil. Lakin eyni zamanda burda bir təzad da ortaya çıxır: Azərbaycan vətəndaşları millət vəkillərindən də az maaş alırlar. Bəlkə də əhalinin 70 faizinin arzusu budur ki, ayda 2000 manat maaş alsın. Ona görə də insanlara heyrətamiz gəlir ki, millət vəkili 2000 manat məvacibdən narazıdır…
- Millət vəkili millətin güzgüsüdür, milləti təmsil edir. Siz hansısa əməkdaşınızı xarici bir səfərə, ezamiyyətə, bir mötəbər tədbirə göndərəndə istəyərsiz ki, şirkətinizin adını layiqincə təmsil etsin. Geyimi, görünüşü və eyni zamanda bir sıra xərclərini ödəmək imkanları ilə fərqlənsin. Ona görə də dövlət çalışır ki, onu təmsil edən millət vəkillərini adi vətəndaşdan, dövlət qulluqçularından fərqli maaşla təmin etsin…
 
S.Telmanqızı: 
 
- Bəzi həmkarlarınız iddia edir ki, deputat maaşının onlara azlıq etməsinin səbəbi problemlərinin çoxluğudur. Xüsusən də seçiciləri ilə bağlı bir çox qayğıları şəxsi hesablarına həll edirlər, dərmanlarını alırlar, yardım istəyənlərin bəzən ciblərinə pul qoyurlar  və sair. Bu baxımdan da məvacibləri azlıq edir. Sizdə durum necədir? 
- Heç kim millət vəkilini məcbur etmir ki, seçicilərin problemlərini şəxsi hesabına həll etsin. Təbii ki, bölgələrdən seçilən millət vəkilləri var. Onların rayonlara gedib-gəlməsi, xərcləri var. Sürücülərinə məvacib verilmir, yanacaq pulu verilmir…
R.Arifoğlu: 
 
- Sürücü ştatı yoxdur? 
- Yoxdur. Ancaq komitə sədrlərində sürücü ştatı var. Bir də bütün deputatların köməkçi ştatı var. Köməkçilərə ştat verilir. Yalnız bir rəsmi köməkçi ştatı var, onun məvacibi də dövlət tərəfindən verilir.
S.Telmanqızı: 
 
- Seçicilərin problemləri demişkən, o düzdür ki, sizin qərargahınızdakı qapının üstündə “İş və maddi problemlə bağlı müraciət etməyin”, elanı yazılıb? 

“Millət vəkilləri ilə yanaşı, başqa peşə sahiblərinin də maaşları qalxmalıdır”

- Düzdür.
S.Telmanqızı: 
 
- Niyə? 
- 3 seçkidir ki, eyni ərazidən seçilirəm. O həddə çatmışam ki, qapımın üstündə onu yazıb vurmuşam. Onsuz da mənim tanıdığım insanlar, məni tanıyan insanlar bilirlər vəziyyətin nə yerdə olduğunu. Yəni seçicilərimə hansı məsələlərdə yardım etdiyimi, onların mənə münasibətini. Bunlar bizim aramızdadır və sirdir. Amma bəzən başqa ərazilərdən, başqa millət vəkilinin ərazisindən mənim qərargahıma gəlirlər. Həmin problemlərlə bağlı mənə müraciət edirlər. O həddə çatmışam ki, Məşğulluq İdarəsi, məni tanıyan dövlət qurumları, özəl sektor nümayəndələri bilirlər ki, mən onlara işlə bağlı müraciət edirəm.
Eyni adamdan çox iş xahiş etmək də mümkün deyil. Məsələn, siz bir qurumun rəhbərisiz.  2005-ci ildə mən deputat seçilmişəm, 2006-cı ildə zəng edib, sizdən ərazimdəki bir seçici üçün, onun bütün müsbət özəlliklərini sadalayıb iş xahiş etmişəm. Həmin qurumun rəhbəri də yeni millət vəkili olaraq mənim sözümü yerə salmayıb. Ancaq sabahısı gün bir başqası, o biri gün başqası gəlir… Eyni adama işlə bağlı xahiş etməmi istəyirlər. Mən də eyni adama bir dəfə xahiş etmişəm, iki-üç dəfə də xahiş etsəm, sözümü yerə salmır. Amma 10-11 il eyni adamdan müxtəlif adamlarla bağlı eyni xahişi etmək praktik olaraq mümkün deyil. Belə olanda hamı dilə gələr ki, qardaş, mən sənin seçicini işlə təmin etmək üçün çalışmıram ki…
S.Telmanqızı: 
 
- Ölkədə işsizlik və kasıblıq problemləri var. Seçiciniz də bununla bağlı müraciət edir. Siz buna qadağa qoyursuzsa, seçiciniz sizə niyə müraciət etsin ki? 
A.Ayxan: 
 
- Ümumiyyətlə, sizin əsasnamədə seçicinizi işlə təmin etmək kimi bir öhdəliyiniz varmı? 
- Əsasnamədə yoxdur. Mənim seçicilərlə aramda olan münasibət bir qardaşlıq, ata-bala münasibətidir. Mən əgər üçüncü dəfə eyni dairədən namizəd seçilmişəmsə, demək, burda bir sirr var. Mən o insanlara inanıram, etibar edirəm, onlardan səs istəyirəm. İnsanlar mənim yanıma şəxsi dost kimi gəlirlər. Bəzi məsələlər mənim millət vəkili kimi statusuma uyğun deyil. Amma onlar mənə bir tanış, dost, qonşu kimi müraciət edirlər.
 
R.Arifoğlu: 
 
- Amma belə bir rəy də var ki, seçicilərinə ən çox kömək edən, onların problemlərini həll edən millət vəkillərindənsiz, həm də buna imkanlarınız var. 
- Mən bunun statistikasını aparmamışam. Ancaq hesab edirəm ki, ən azından qulaq asmışam, seçicimin dərdinə şərik olmuşam. Seçici təkcə pulla bağlı müraciət etmir ki. Onun banka borcu olur, uşağının məktəbdə nəsə problemi yaranır, qaz, işıq, lift borcları olur. Seçicilərə izah etmək istəyirəm ki, nə qədər çox seçici seçkilərə qatılsa, bu, o qədər çox millətin adına yazılan müsbət məqam deməkdir. Seçici seçkiyə getmir. Bir dairədə 41 min seçici varsa… Mən son seçkidə 11 min səs toplamışam. O biri namizədlərlə birgə 15-20 min seçici səsi toplamışıqsa, ümumi nəticə onu göstərir ki, seçicilərin yarıdan çoxu seçkilərə gəlmir. Çoxu arxayındır ki, onsuz da seçiləcəksən. Seçkiyə getmək mədəniyyəti bizdə aşağı səviyyədədir.

“Heç kim millət vəkilini məcbur etmir ki, seçicilərin problemlərini şəxsi hesabına həll etsin”

S.Telmanqızı: 
 
- Adil müəllim, amma sizin deputat olduğunuz dairə də Bakı şəhərinin nisbətən imkanlı təbəqəsinin yaşadığı ərazidir. Villalar, bahalı evlər… Yəni adam düşünür ki, sizin seçicinizin yəqin ki, o qədər də çox böyük problemi olmaz. Ən azı regionda, rayonlarda yaşayanlar qədər…
- O villalarda yaşayanlar ümumi seçicilərimin heç 5-10 faizi deyil. O ərazidə Azərbaycanın ən imkanlı və ən imkansız şəxsləri yaşayır. Kontrasdır. Orta təbəqə də çoxdur. Xutor deyilən sahə var, amma eyni zamanda Ruhulla Axundov küçəsi də, Ülvi Bünyadzadə küçələri daha aztəminatlı insanların yaşadığı ərazidir.
R.Arifoğlu:
- 2010-cu ildə parlament jurnalistləri arasında sizinlə bağlı bir sorğu keçirilib. Jurnalistlərin böyük əksəriyyəti deyib ki, Adil Əliyev fəal deyil, onu daha çox Məhərrəm Əliyevin qardaşı kimi tanıyırıq… Amma 2010-cu ildən üzü bu yana o qədər sürətli dəyişiklik olub ki, siz fəal deputat, idman, siyasət sektorunda, beynəlxalq münasibətlərdə, türk dünyası ilə əlaqələr məsələsində bir xeyli işlər görmüsüz. Hər ay ən azı sizinlə bağlı bir-iki böyük xəbər yayımlanır, uğurlarınız barədə ictimaiyyət məlumatlandırılır. Bu, nədən xəbər verir? Adil Əliyev, nəhayət, general Məhərrəm Əliyevin qardaşı kölgəsindən çıxıbmı? Bu cür hesab etmək mümkündürmü?
- (Gülərək) Məhərrəm Əliyevin kölgəsindən yox, işığından… 
 
R.Arifoğlu: 
- (Zarafatla) Yaxşı, sualı dəyişək: Məhərrəm Əliyevin işığından çıxdınızmı? Çünki artıq Adil Əliyevin adı gələndə “Məhərrəm Əliyevin qardaşı” izahatı verilmir, deputat Adil Əliyevin təqdimatı ön plana çıxır… Bir fəallıq, hətta bəzi çevrələri qısqandıracaq fəallıq nümayiş etdirməkdəsiz. 

“Qərargahdakı qapımın üstündə “İş və maddi problemlə bağlı müraciət etməyin” elanının olması doğrudur”

- Gözəl sualdır. Mən əvvəllər gördüyüm işləri işıqlandırmırdım. Mətbuatla əlaqələrim sıx deyildi, sosial şəbəkədə aktiv deyildim. Fikirləşirdim ki, sağ əlin etdiyini sol əl bilməməlidir. Amma o sorğulardan sonra gördüm ki, bəzi insanlar məni yanlış yerə heç bir iş görməməkdə, “lal millət vəkili” olmaqda qınayırlar. O sorğunu keçirənlər, buna rəy verənlərin mənim ərazimdən xəbərləri yox idi. Mən millət vəkili seçiləndən bu günə qədər insanlarla çox yaxın təmasdayam. O işlərimi işıqlandırmadığım üçün insanlara elə gəlirdi ki, Məhərrəm Əliyevin hesabına millət vəkili olub, indi də heç nə etmir. Başqa məmur qardaşları kimi o da büdcədən yeyən insanlar sırasına daxildir. Məhərrəm Əliyevin hörməti var idisə, məni onun adına yazırdılarsa, lap yaxşı, buna sevinirdim.
Çünki cəmiyyət onun yaxşı işlər gördüyünü, bu işlərin hesabına hörmət qazandığını qəbul edirsə, bu, çox müsbət haldır. Məni də həmin hörmətdən bəhrələnən qardaşı kimi qələmə verirdilər. Sonradan mən gördüyüm işləri az-az da olsa mətbuat, sosial şəbəkə vasitəsilə işıqlandırmağa başladım. Amma Azərbaycanda da jurnalist ailəsi çox genişdir. Ölkəmizdə əsl jurnalistlərlə yanaşı, jurnalist adından istifadə edənlər də vardı. Yanıma jurnalist kimi gəlib, əlindəki jurnalın adını düz deyə bilməyənlər, o jurnalı tərs tutanlar vardı. Aydın məsələ idi ki, nə üçün yanıma gəlirlər. Ona görə də qərara gəldim ki, gündəlik gördüyüm işləri sosial şəbəkə vasitəsilə yayım, işıqlandırım. Gündə 5 tədbirə gedirəmsə, onun heç olmasa bir-ikisini işıqlandırım. Qoy camaat görsün ki, mən boş-boşuna yerimdə oturmamışam, insanların dərdində-sərində aktiv iştirak edirəm.
R.Arifoğlu: 
 
- Nəticə nə oldu? 
- Nəticə o oldu ki, problemlərim çoxaldı, işim artdı. Onsuz da mən heç kimdən sağ ol, mükafat gözləmirəm. Mənimlə o insanlar arasında bir əxlaq, vicdan, insanlıq borcu olduğunu bilirəm. Axtarmadım ki, məni yenə qınayacaqlar ya yox. Öz yoluma davam etdim. Nəsə yazıram sosial şəbəkədə, paylaşıram. Bəzən elə reaksiyalar gəlir ki. Onların bəzilərini araşdırıram, axtarıb tapmışam, çağırmışam, danışmışam…
 
S.Telmanqızı: 
 
- Facebookda sizin barənizdə tənqid yazanların kimliyini araşdırıb, söhbət etmisiz? 
- Bəli. Pis məqsədlə yox. Tanışlıq, söhbət, inandırma məqsədi ilə. Zəng edib, dəvət edirəm, gəl gör sənin fikirləşdiyin, haqqında ədalətsizliklə yazdığın adama bənzəyirəm ya yox? Bəzisi gəlib, danışmışıq. Belə söhbətlər şəxsən mənimçün maraqlı olmayıb. Sadəcə, o insanlara özümü anlatmaq istəmişəm.

“Bir nəfərin səsini almaq bir ailənin, bir nəslin, bir el-obanın səsini qazanmağa bərabərdir mənim üçün”

A.Ayxan: 
 
- O insanlarda sizinlə bağlı yaranan yanlış təəssüratı aradan qaldırmaq üçün, yəni… 
- Bəli. 2005-ci ildəki seçkilərdə bir səsimə görə rayondakı seçicimin arxasınca getmişdim. Bu adam mənim ərazimdə qeydiyyatda idi, amma seçki vaxtı xəstələnib rayona getmişdi. Ya da bağda qalan vardı. Yanımdakı dostlarımı göndərir, gedib həmin adamı maşınla səsverməyə gətirdir, sonra o bağa geri göndərirdim. Çünki bir səsin də önəmi böyükdür mənim üçün. Bir nəfərin səsini döndərmək bir ailənin, bir nəslin, bir el-obanın səsini qazanmağa bərabərdir mənim üçün. İrad bildirən insanlarla açıq danışmaq istəyirəm. Üzbəüz dayansın mənimlə, ittiham edirsə, mənim günahımın, suçumun  nə olduğunu mənə desin.
A.Ayxan: 
- Bəzi deputatlar mətbuata müsahibələrində də, öz aralarında da dövlət məmurlarının, yüksək vəzifə sahiblərinin onların zənginə cavab verməmələrindən, onlarla ünsiyyətdən qaçdıqlarından şikayətlənirlər. Bu baxımdan, sizdə vəziyyət necədir? Çünki bayaq dediz ki, sizi məmur qardaşı kimi təqdim edirdilər çox vaxt. Nazirlər, komitə sədrləri ilə şəxsi, eləcə də seçicilərin problemlərini çatdırmaq üçün əlaqə yaratmaq imkanlarınız varmı? Sizinlə ünsiyyətə çıxırlarmı?
(davamı növbəti sayımızda)
Söhbəti qələmə aldı:
Sevinc TELMANQIZI
Fotolar: Məhəmməd TÜRKMƏNİNDİR
Facebook Şərhləndirmə:

Şərhinizi yazın