Menu
Geri İrəli

Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: `Məni şəxsən dəvət etdi…` – EKSKLÜZİV (MÜSAHİBƏ)

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2017 • Baxış sayı: 870 dəfə • Şərh yoxdur

Ayten Mirzoyeva azvision.az musahibe foto (15)“Mən status və mövqeyinə görə insanlarla dostluq etmirəm”

“İvanka dürüst və ağıllı xanımdır. Onu sevirəm”

Aytən Mirzoyeva Bakıda anadan olub. 20 ildən çoxdur ki, xaricdə yaşayır. Bu yaxınlarda ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edən Aytən Mirzoyeva Azərbaycan tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsidir. Hazırda Fransanın paytaxtı Parisdə yaşayır. Xanım Mirzoyeva Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidenti vəzifəsində çalışır. Şirkətin rəhbəri onun həyat yoldaşı Tomas Şinkodur.

Dünyada bir çox məşhur layihələrə imza atan Aytən Mirzoyeva AzVision.az-a eksklüziv müsahibəsində Bakı ilə bağlı xatirələrindən və Tramp ailəsi ilə dostluq münasibətlərindən söz açıb:

-Mən Bakıda anadan olmuşam. Şəhərin mərkəzində yerləşən orta məktəbdə təhsil almışam. Orta məktəbi bitirdikdən sonra ABŞ-a köçüb, Texasda Universitetə daxil olaraq İdarəetmə və Beynəlxalq İqtisadiyyat fakültəsini bitirmişəm. Təhsil və professional nailiyyətlər mənim üçün olduqca önəmlidir. Ona görə də mən həmişə təcrübəmi artıra biləcəyim beynəlxalq kurslar, təlimlər, konfranslarda iştirak etmişəm.

- Siz Azərbaycanın tibb sahəsində ən tanınmış simalarından olan Bəşir Quliyevin nəvəsisiniz. Babanızı necə xatırlayırsınız?

-Bəşir Quliyev yalnız mənim babam deyildi, o, həm də idealım idi. Mən ona həyat və ailələri xilas edən qəhrəman kimi baxırdım. O, mükəmməl cərrah və təvazökar insan idi. Onun xeyirxahlığı üçün heç bir limit yox idi. Onun tibb sahəsində intellekti həmin dövr üçün unikal idi, incəsənətə, musiqiyə və poeziyaya olan ehtirası Azərbaycan aristokratiyasının ən bariz nümunələrindəndir.

- Bildiyimiz kimi, uzun müddətdir Fransada yaşayırsınız. Necə oldu ki, Fransaya köçdünüz? 

- Mən üç ildir ki, Parisdə yaşayıram. Uzun illər Amerika Birləşmiş Ştatlarında çoxlu sayda layihələrdə iştirak etmişəm. Evim Nyu-York olub. Üç il əvvəl qərara gəldim ki, bütün diqqətimi şirkətimizin Parisdəki baş ofisinə yönəldim və “Vasconi Architectes”-də tərəfdaşlıq mövqeyi tutdum.

- Parisdə yaşayan azərbaycanlı xanımın vətən haqda düşüncələri nədən ibarətdir? Bu barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycan mənim ruhum, uşaqlığım və gələcəkdə böyümək üçün böyük potensiala malik möhtəşəm ölkədir. Bakıda tez-tez olmağa çalışıram. Bakıda olmadığım vaxt şəhərim üçün darıxıram.

-Siz həm də “Vasconi Architectes” şirkətinin vitse-prezidentisiniz. Şirkətiniz hansı layihələri reallaşdırır? Azərbaycanda iş qurmaq planınız varmı?

-Mən “Vasconi Architectes” şirkətinin vitse-prezidenti və biznesin inkişafı üzrə bölmənin rəhbəriyəm. Son 15 ildə beynəlxalq investorlar və qlobal müəssisələrlə iş birliyi zamanı əldə etdiyim otelçiliyin inkişafı və idarəetmə təcrübəsini yalnız qonaqpərvərlik deyil, digər böyük sənaye obyektlərinin beynəlxalq yarışlara qatılması üçün hazırladığımız layihələrə tətbiq edirəm. Dünyanın aparıcı lyuks brendləri ilə işləyərək onların uğur əldə etməsi üçün dərin anlayışa malikəm.

“Vasconi Architectes” mənzil qərargahı Parisdə, ofisləri Luksemburq və Honk Konqda olmaqla, kənardan idarə olunan Nyu-York ofisləri ilə mükafatlar qazanmış arxitektura studiyasıdır. 1973-cü ildə Klod Viskonu tərəfindən əsası qoyulan firma baş memar, həyat yoldaşım Tomas Şinkonun uzaqgörən rəhbərliyi ilə əhəmiyyətli dərəcədə böyüyüb.

“Vasconi Architectes” 40 il ərzində genişmiqyaslı şəhər və baş planlar hazırlayıb. Firma ekoloji olaraq təmiz, innovativ texnologiyalar, ekoloji materiallar və enerjiyə qənaət edən konstruksiyaların istifadəsi ilə istifadəçilərin tələblərinə cavab verən yüksək keyfiyyətli layihələri ilə məşhurdur.

Firma bu praktikanı dəbdəbəli ofisdən ultramüasir qonaqpərvərlik dizayn, yüksək keyfiyyətli yaşayış binaları və sənaye obyektləri üçün interyer dizaynı, infrastruktur layihələri, tullantıların emalı qurğuları və tibb müəssisələrinə qədər bütün layihələrində tam mənada tətbiq edir.

Layihələrə bu cür yanaşma nəticəsində “Vasconi Architectes” “Green Building Merit Award”, “FIABCI Prix d’ Excellence Award” və “Grand Prix d’ Architecture Midi-Pyrenees Award” da daxil olmaqla bir neçə beynəlxalq mükafat alıb.

“Vasconi Architectes” bu yaxınlarda Qazaxıstanda “Gələcəyin enerjisi” adlı beynəlxalq sərginin keçiriləcəyi “Astana Expo 2017” sərgi salonun dizaynına görə mükafat qazanıb.

Bizim şirkətimiz, həmçinin Səudiyyə Ərəbistanında Riyad Beynəlxalq Konvensiya və Sərgi salonunu layihələşdirib, “Vasconi Architectes” Honkonqda dünyanın ən böyük tullantılarının emalı qurğularını istifadəyə verib.

Lüksemburqda biz əvvəlki adı “Dexia Bank” olan “Royal Bank of Canada” üçün mənzil qərargahı tikmişik. Bundan əlavə Parisdə prestijli “MELIA Paris La Defense” otelini ucaltmışıq. Bu bina özündə həcm və işığı xarakterizə edən şüşə prizmaya bənzəyir. Möhtəşəm oteldə 369 otaq və lüks nömrə, şüşə lift, şəhərə panorama görüntüsü ilə sky-bar var. “Vasconi Architectes” özündə arxitektura sahəsində qabaqcıl tarixi təcrübə ilə innovasiya, davamlılıq və inkişafı cəmləşdirən modern dizaynı özündə birləşdirən aparıcı dizayn firmasıdır.

Azərbaycanla bağlı layihələrə gəldikdə isə, biz Gürcüstanda Azərbaycanın layihələri ilə məşğuluq və orada üç kompleks üçün baş plan hazırlamağı planlaşdırırıq.

- Azərbaycanı xaricdə necə təmsil edirsiniz? Bu istiqamətdə hansı işləri görürsünüz?

- Azərbaycan adını daşımaq və dünyaca məşhur firmada işləmək, özünü fəxrlə Azərbaycan xanımı kimi təqdim etmək beynəlxalq aləm üçün böyük bir çağırışdır. Faktiki olaraq bunun özü tanıtımdır. Kimsə məndən keçmişimi soruşanda fəxrlə deyirəm ki, Azərbaycanlıyam.

- Sizin uğur sirriniz nədir? Qadınlar asanlıqla uğur qazana bilərmi? 

- Hər bir şəxs ruhdan düşməyənə və xəyalların dalınca gedənə qədər uğur qazana bilər. Azərbaycan müxtəlif istedadların çox olduğu unikal ölkədir. Azərbaycanda dünyaya gəldiyim üçün və qanımda Azərbaycan qanı olduğuna görə xoşbəxtəm.

- Ailəniz haqqında soruşmaq istəyirdik. Necə oldu ki, xarici ölkə vətəndaşı ilə evləndiniz? Güclü ailə münasibətləri qurmaq üçün nə etmək lazımdır? 

-Bizim uzun müddət davam edən dostluğumuz müxtəlif mədəniyyət ənənələri ilə möhkəm birlik yaradıb. Mənim həyat yoldaşım Fransada təhsil alan əsl avropalıdır. O, əslən Avstriyadan olan almandır. O, həmçinin gözəl memar, istedadlı rəssamdır. Mən isə Birləşmiş Ştatlarda təhsil alan Azərbaycanlı sahibkar xanımam. Bu kombinasiya tamamilə unikaldır və bizim bir-birimizi dəstəkləməyimiz üçün kifayət qədər güclüdür. Biz həm biznesdə, həm də ailə daxilində səylə çalışırıq. Missiyamız ailə dəyərlərimizi qorumaq və təcrübəmizi bütün dünya ilə bölüşməkdir. Sağlam ailə qarşılıqlı anlayış və tərəflərin bir-birilərinin hisslərinə hörmətdən asılıdır. Fikrimcə, ailədə kiminsə üstünlüyə malik olması anlayışı yoxdur. Düşünürəm ki, ər və arvadın bərabər hüquqları olmalıdır.

- Həyat yoldaşınızın Azərbaycan haqda düşüncələri necədir? 

-Mənim həyat yoldaşım Azərbaycanı sevir. O, 17 il əvvəl ilk dəfə Azərbaycana gəlib. O, hər dəfə Azərbaycana gələndə ölkəmizin gözəlliyi və baş verən dəyişikliklərə heyrətlənir. Azərbaycan bir neçə dünya səviyyəli tədbirlərə ev sahibliyi etmək, infrastrukturu dəyişmək və ölkəni dünyada tanıtmaq da daxil olmaqla, adını dünya bazarlarına çıxarmaq üçün hər şey edib. Memar olaraq onun bütün innovativ dəyişikliklərə dair öz baxışı və qiymətləndirməsi var.

- Məlumata görə siz Trampın inauqurasiya mərasimində iştirak etmisinz . Həmçinin sizin Tramp ailəsi ilə dostluq münasibətlərinizin olduğu bildirilir. Bizm üçün maraqlıdır, sizi inauqurasiya mərasiminə kim dəvət etmişdi? 

- Doğrudur, mən Amerika Birləşmiş Ştatlarının tarixi anının bir hissəsi olması şərəfinə layiq görüldüm. Bu mərasimdə iştirak etmək üçün məni şəxsən dəvət etmişdilər. Mən yalnız ağıllı deyil, həmçinin dürüst dost olan İvanka Trampı sevirəm. O, bizim gənc nəsil üçün gözəl nümunədir. Mən lovğalıq etməyən, güclü şəxsiyyətə malik insanları yüksək qiymətləndirirəm. Bizim dostluğumuz Nyu-Yorkdan başlayır. Biz onunla oxşar layhələrdə iştirak etmişik.

- Azərbaycanda dostlarınız varmı? 

- Mən status və mövqeyinə görə insanlarla dostluq etmirəm. Azərbaycan (mənim sinif yoldaşlarım, xaricdə yaşayan azərbaycanlı dostlar) da daxil olmaqla mənim bütün dünyada dostlarım var. Dostlarımı onların statusuna görə seçmirəm. Təbii ki, müxtəlif tədbirlər, təntənəli yığıncaqlar zamanı müxtəlif məşhur və tanınmış insanlarla görüşürəm.

- Uğur qazanmaq üçün gənclərə nə məsləhət görərdiniz? 

-Heç vaxt ruhdan düşməmək, səylə çalışmaq və başqalarına hörmət etmək.

Hafiz Əhmədov
Tərcümə: Eldar Tanrıverdiyev

AzVision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın