Menu
Geri İrəli

Türkiyəli menecer: “Ola bilsin ki, məşqçilər korpusu onun oyununu bəyənmədi” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2013 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

Son günlər bir neçə azərbaycanlı futbolçunun ard-arda Türkiyə klublarına transfer olması, eləcə də bəzi türkiyəli menecelərin klublarımızla sıx əməkdaşlıq içində olması bu ölkədən olan futbol menecerlərinə marağı xeyli artırıb. Belələrindən biri də  Almaniyada fəaliyyət göstərən “gol sportmenagement” menecerlik şirkətinin rəhbəri Süleyman Mərcandır. Onunla söhbətimiz zamanı həm futbolçularımızın Avropada top qovmaq perspektivi barədə, həm də digər maraqlı məqamlar barədə danışdıq.

- Hansı məşhur futbolçularla çalışmısız?

- Düzü, əsasən gənc futbolçularla çalışmağa üstünlük veririk. Amma bununla belə, İngiltərə, Almaniya, Bosniya və Hersoqovina, Yunanıstan, Makedoniya və s. ölkələrdən olan futbolçularla əməkdaşlığımız var.

- Azərbaycan futbolu haqda nə bilirsiz?

- Sizin ölkənin futbolu ilə yaxından maraqlandığım dövr ilin əvvəlinə təsadüf edir. Dövrələrarası fasilədə Türkiyədə hazırlıq keçən bir çox Azərbaycan komandasının matçını izləmək imkanım oldu.

- Azərbaycan futbolu ilə ilk tanışlıqdan sonra ilkin təəssüratınız necə olmuşdu?

- Azərbaycan futbolunun səviyyəsinin yüksəldiyini deyə bilərəm. Xüsusən gənc futbolçularınız bacarığı ilə seçilir. Yaxın gələcəkdə digər ölkələrlə səviyyə fərqini qapamaq mümkündür. Zaman keçdikcə Azərbaycan çempionatının daha səviyyəli birinciliyə çevirilməsi gözləniləndir.

- Komandalarımızı ötən mövsüm izlədiyinizi dediniz. Bəs yeni mövsüm ərəfəsində Türkiyədə olan klublarımızın düşərgəsinə baş çəkmişdinizmi?

-  Açığı, geridə qalan zaman kəsiyində komandalarınızın hazırlıqlarını izləmək imkanım olmayıb. Amma menecerlik şirkətimizin digər nümayəndələri Azərbaycan klublarını yaxından izləyir.

- Azərbaycandan tanıdığınız futbolçu var?

- Milli komandada forma geyən bir çox futbolçunuzun adını bilirəm, amma hələ ki, onlardan heç biri ilə əməkdaşlıq etmək imkanım olmayıb.

- Azərbaycan yığmasından tanıdığınız futbolçulardan Avropaya aparmaq istədiyiniz futbolçu var?

-  Menecerlik elə bir işdir ki, birbaşa futbolçu alqı-satqısı ilə məşğul oluram. Odur ki, azərbaycanlı futbolçuların da mənim vasitəçiliyimlə legioner həyatı yaşamsı mümkündür. Amma əcnəbi klublarda futbolun səviyyəsi daha yüksəkdir. Buna görə də azərbaycanlı futbolçular daha çox çalışmalıdır. Belə olmasa, xarici klublarda duruş gətirmək mümkün deyil.

- Bəs Avropadan necə, Azərbaycana gətirmək istədiyiniz futbolçu və ya məşqçilər varmı?

- Şübhəsiz ki, Azərbaycan komandalarına futbolçu gətirməkdə maraqlıyam, amma o da var ki, bu məsələ təkcə mənim istəyimlə olan bir iş deyil. Amma komandalarınızla münasibətlərimizin yetərincə yaxşı olması da əsas şərtlərdəndir. Ancaq istənilən halda, komandalarınızdan təklif olsa, oyunçu keçidində yardımçı olaram.

- Bizdə olan məlumata görə, ötən mövsümün qış fasiləsində sizin meneceri olduğunuz ounçulardan biri Bakının “İnter” komandasına təklif olunmuşdu. Bu məsələyə aydınlıq gətirərdiniz.

- Sizdəki məlumat doğrudur. Ötən “futbol ili”nin qış fasiləsində makedoniyalı Krste Velkovski “İnter”in düşərgəsində olmuşdu.

- Bəs transfer niyə baş tutmadı?

- Ola bilsin ki, məşqçilər korpusu onun oyununu bəyənmədi. Amma mənim şəxsi fikirim sözügedən oyunçunun səviyyəli futbolçu olduğu yönündədir. Bəlkə də Velkovski “İnter”lə anlaşsaydı, sonradan başqa futbolçular da transfer edə bilərdik. Açığı, karyerasını Azərbaycanda davam etdirmək istəyən futbolçular da var.

- Maraqlıdır, meneceri olduğunuz futbolçulardan hansıları ölkəmizdə top qovmaqda istəklidir?

- Sloveniya, Makedoniya, Polşa və s. ölkələrdən olan bir sıra futbolçular Azərbaycanda oynamaqda maraqlıdır. Bu mənada, Dalibor Stevanovic, Krste Velkovski,  Marko Suler və Elsner Rok kimi futbolçuları xüsusi qeyd edə bilərəm.

- Futbolçuların ölkəmizdə top qovmaqda maraqlı olmasını nə ilə əlaqələndirmək olar?

- Azərbaycanda futbola dövlət qayğısının olması bu idman növünün inkişafını sürətləndirir. Təbii ki, futbolun inkişafı, bu sahəyə sərmayə qoyulması əcnəbilərin ölkənizə üz tutmasını şərtləndirə bilər.

 

Söhbətləşdi: Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın