Menu
Geri İrəli

Aqil Məmmədov: Sumqayıt yeni mövsümə 60-70 faiz hazırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 214 dəfə • Şərh yoxdur

 

Gürcüstan toplanışını başa vuraraq vətənə qayıdan “Sumqayıt” bu gündən etibarən Premyer Liqanın təlim-məşq toplanışının üçüncü mərhələsinə start verəcək. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Aqil Məmmədov hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

 ”Sumqayıt” Premyer Liqanın 2013/14 mövsümünün hazırlığına iyun ayının son həftəsində start verdi. Sumqayıt şəhərində təşkil etdiyimiz hazırlıq mərhələsinin 1-ci hissəsini normal şəkildə başa vurduq. Doğma şəhərimizdə olduğumuz müddətdə iki yoxlama oyunu keçirdik. İlk qarşılaşmada AZAL-la heç-heçə etdiyimiz halda, “Neftçala” üzərində minimal hesablı qələbə qazandıq. Ardınca, iyulun 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollandıq. Klub rəhbərliyi qonşu ölkədə komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaratmışdı. Gürcüstanda olduğumuz müddətdə gün ərzində iki dəfə olmaqla məşqlərimizi davam etdirdik. Orada həm fiziki, həm də taktiki gedişlər üzərində çalışdıq. Futbolçuların məşqlərdə səylə, ürəklə çalışması məni sevindirən amillərdən idi. Ümumilikdə götürsək, hava şəraiti də bizə normal hazırlıq keçməyimizə yardım etdi. Gürcüstanda olduğumuz müddətdə isə 3 yoxlama oyununda qüvvəmizi sınadıq. İlk oyunda “Mertsxali”ni üstələdik, ardınca Premyer Liqa klubu “Merani Martvili”ni məğlub etdik. Son qarşılaşmada isə “Quriya Lançxuti” ilə heç-heçə oynadıq. Hazırlıq oyunlarında futbolçuları müxtəlif mövqelərdə sınadım. Alternativ variantlar üzərində işlədik”.
Aqil Məmmədov həmçinin komandanın gələcək planlarından da danışıb. “Sumqayıt” Futbol Klubunun çempionata təxminən 60-70 faiz hazır olduğunu deyən çalışdırıcı heyətdəki problemlərdən də söz açıb: “İlk öncə qeyd edim ki, komanda Gürcüstana tam heyətlə yollansaydı, daha yaxşı olardı. Amma nə edə bilərik ki, bəzi səbəblərə görə bunu gerçəkləşdirə bilmədik. Gürcüstana 3 qapıçı daxil olmaqla 16 futbolçu ilə yollanmışdıq. Zədəli Samir Abasov və Mirzağa Hüseynpur əməliyyatdan yeni çıxdıqları üçün bizimlə getməmişdilər. Orxan Əliyev və Pərdis Fərcad-Azad isə qonşu ölkədə fərdi məşqlərlə kifayətlənirdi. Biz Gürcüstanda olduğumuz müddətdə rəhbərlik üç əsas futbolçumuz – Ruslan Qurbanov, Slavik Alxasov və Məhəmməd Mirzəbəyovun məsələsini həll etdi. Bu gündən etibarən isə təlim-məşq toplanışının üçüncü mərhələsinə start veririk. Bu mərhələdə daha çox çatışmamazlıqlar üzərində işləyəcəyik. Artıq heyətimiz tam olaraq formalaşıb. Sabahdan etibarən zədəli Samir və Mirzağa yavaş-yavaş komanda ilə birlikdə məşqlərə başlayacaq. Düşünürəm ki, komanda çempionata 60-70 faiz hazırdır. Sabah “Şahdağ”la yoxlama oyunu keçirəcəyik. Bu bizim sonuncu sınaq matçımız olacaq. İnşallah Premyer Liqanın ilk turunda baş tutacaq “Xəzər Lənkəran”la oyuna qədər komandanı hazır vəziyyətə gətirərik”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın