Menu
Geri İrəli

Sumqayıtda məhəllə və mikrorayonların komandaları arasında mini-futbol yarışları başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2014 • Baxış sayı: 580 dəfə • Şərh yoxdur

Mini - futbol 2014 (106)Mayın 21-də Sumqayıtda məhəllə və mikrorayonların komandaları arasında mini-futbol yarışlarının açılış mərasimi olmuşdur. Turnir Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.
AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin abidəsi önündə keçirilən mərasimə şəhərin 68 məhəllə və mikrorayonunda təşkil olunmuş 100-dək komandada cəmləşən mindən çox yeniyetmə qatılmışdır. Mərasimdə qeyd edilmişdir ki, böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu danılmazdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. İdman uşaqlarının sağlam böyüməsinə, layiqli vətəndaşlar kimi formalaşmasına xidmət edir. Bu baxımdan bütün ölkədə olduğu kimi, Sumqayıtda da bədən tərbiyəsi və idmanın inkişafına böyük diqqət yetirilir. Sevindirici haldır ki, təkcə son üç ildə Prezident İlham Əliyevin iştirakı ilə şəhərdə böyük idman məktəbi və Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.
Mərasimdə vurğulanmışdır ki, son illər şəhərin tarixində ilk dəfə olaraq 7 idmançı Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olmuş, 80-dən çox idmançı isə Dünya və Avropa çempionatlarının, digər Beynəlxalq yarışların qalibləri sırasında yer almışdır. Şübhəsiz ki, böyük idmana gedən yol kütləvi bədən tərbiyəsindən və məhəllə idmanından başlanır.
Sonra Azərbaycanın Əməkdar Məşqçisi, şəhərin futbol veteranı Telman Sadıqov və balaca futbolçular yarışın simvolu olan nəhəng şarı səmaya buraxmışlar. Həmin an Sumqayıt səmasını minlərlə rəngbərəng şar bürümüşdür.
Futbolçular idman marşının sədaları altında şəhərin küçələrindən keçərək yaşıl meydançalara doğru irəliləmişlər. İdmançıların keçidini şəhərin on minlərlə sakini izləmişdir.
Qeyd edək ki, mini–futbol üzrə şəhər yarışları son illər ərzində yenidən qurulan nümunəvi məhəllələrdə inşa edilmiş meydançalarda keçiriləcəkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın