Menu
Geri İrəli

50 milyon dollar hara yoxa çıxıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

tibbisigorta_1394013120Ölək, yoxsa yalvaraq?

Təsəvvür edin ki, ağır xəstəliyə tutuldunuz. Bundan heç kim sığortalanmayıb. Müalicəniz üçün 100–150 min manat tələb olunur. Maaşınız azdır və yaxud da ölkədəki yüzlərlə işsizdən birisiniz.

Sizə üç variant təqdim edilir:

1.Ölkə başçısına müraciət

2.Tanışların təşkil etdiyi xeyriyyə aksiyaları

3.Yorğanı başınıza çəkib ölümü gözləmək

Bəs sosial inkişaf etmiş ölkələrdə necə olur? İnsanlar xəstələnəndə nə edir?

İnkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə də məcburi tibbi sığorta uzun illərdir ki, tətbiq olunur. Xəstələnən vətəndaşı haqda dövlət xəstələnməzdən əvvəl düşünür. Xəstə üçün bütün ölkə səfərbər olub min bir zülmlə pul yığmaq və ya dövlət başçısından xahiş etmək yerinə, tibbi sığortasından istifadə edir.

Tibbi sığortanın tətbiqi yuxarıda sadaladığımız variantlara yenilərini əlavə etməyə icazə vermir.

Bir neçə ay əvvəl uzun sürən xəstəliyi qəfildən ağırlaşan jurnalist Nicat Dağların yeganə çıxış yolu prezidentə müraciət etmək oldu. Xeyriyyə aksiyası davam edən gənc xanım Nərmin Hüseynlinin müalicəsi üçün tələb olunan məbləğin yarıdan çoxu yığılıb.

Aksiyalar, yardımlaşmalar gözəldir. Lakin xəstənin nə vaxt sağalacağını gözləmək yerinə, nə vaxt pul toplanacağını gözləməsi ağırdır.

50 milyon dollar hara gedib?

2006-cı ildə Dünya Bankı və Azərbaycan hökuməti “Səhiyyə sektoru islahatları layihəsi”nin maliyyləşdirilməsinə dair imzalanan sazişə əsasən güzəştli şərtlərlə 50 milyon dollar kredit ayrılıb.

Bu məbləğin 28.3 milyon dollarını Azərbaycan hökuməti, yerdə qalanını isə Dünya Bankı və donor təşkilatlar təmin edib. 6 il ərzində reallaşacaq bu layihə donor təşkilatlardan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 8 miliyon, YUNİSEF-in (UNİCEF) 470 min, Ümumdünya Səhiyyə Təşkilatının 35 min dollar ayıracağı nəzərdə tutulurdu.

Mövcud “Tibbi sığorta haqqında” Qanunun ölkədə geniş miqyasda tətbiq olunmadığını və işəgötürənlərin öz əməkdaşlarını çox nadir hallarda məcburi qaydada tibbi sığortaladığı heç kimə sirr deyil. Pensiyaçılar üçün tibbi sığorta haqqını fond, işləməyən vətəndaşlar və sosial yardım alanlar üçün isə bu vəsaiti dövlət ödəməlidir. Son nəticədə ölkə əhalisinin bütün təbəqələri tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb olunmalı, onlara fərdi tibbi sığorta kartları verilməli, vətəndaşla bağlanmış müqavilədə onun bu sığorta qarşılığı hansı tibb müəssələrində və hansı məbləğdə tibbi xidmətlərdən yararlana biləcəyi göstərilməlidir. Bundan ötrü yaradılacaq paketlər Tibbi Sığorta Fonduna ödəniləcək vəsaitə uyğun, müxtəlif tibbi xidmətləri əhatə edə bilər. Bunun üçün isə vahid sığorta paketi yaradılmalı idi. 7 il keçməsinə baxmayaraq nə məcburi sığorta həyata keçirilir, nə də ki 50 milyon dollardan xəbər var.

Standartlar müəyyən olunmayıb

Milli Məclisin Sosial siyasət Komitəsinin sədrinin müavini Musa Quliyev deyir ki, icbari tibbi sığortanın həyata keçirilməsi üçün dövlət proqramı hazırlanıb. Lakin icbari tibbi sığortanın standartları müəyyənləşdirilmədiyi üçün icbari sığortanın həyata keçirilməsi ləngiyir. Tibbi sığorta bütün ölkəni əhatə edəcək. Buna görə də həyata keçirilməsi elə də asan məsələ deyil. Dövlət sığorta həyata keçirən banklarla müqavilə bağlamalıdır. Ölkədə yetərincə keyfiyyətli tibb müəssisələri və sığorta şirkətləri var.

Beynəlxalq təcrübə və uyğun standart

Norveçli müalicə üçün İrana gedərsə…

İcbari sığortanı həyata keçirmək üçün Azərbaycan hələ ki, konkret standart müəyyənləşdirməyib. Sığorta sistemi müəyyənləşəndə isə ölkənin sosial-iqtisadi vəziyyəti nəzərə alınır. Ümumilikdə Azərbaycanın Skandinaviya və Qərbi Avropa ölkələrinin standartlarına uyğun sığorta sistemini tətbiq etməsi yaxın illərdə real görünmür. Ən azından ona görə ki, inkişaf etmiş səhiyyə sistemi olan ölkənin vətəndaşı digər ölkələrə müayinə və müalicə üçün üz tutmur. Misal üçün, Norveç vətəndaşı Mayk Tehrana Məmməd həkimin yanına müalicə üçün getmir.

Çarə qalır, səhiyyə və sığorta sistemi Azərbaycanla az-çox bənzəyən ölkələrin təcrübəsinə. Bu ölkələrdən isə ən uyğunu Moldova hesab edilir. Çünki Moldovanın sığorta və səhiyyə sistemi ilə Azərbaycanınkı arasında bənzərlik çoxdur.

İqtisadçı-alim Azər Hüseynov deyir ki, Azərbaycanda icbari tibbi sığortadan cüzi nüanslar görmək mümkündür. Bura yetkinlik yaşına çatmamış vətəndaşların icbari diaqnostikasını aid etmək olar: “Azərbaycanda icbari sığortanı tətbiq etmək üçün Moldova kimi dəfələrlə Azərbaycanda geridə qalan ölkələrin təcrübəsindən istifadə etmək doğru olmazdı. Beynəlxalq təcrübədən danışanda ən uyğun ölkə Almaniyadır. Almaniya təcrübəsi bu sahədə bizim köməyimizə çata bilər. Necə ki, maşın sığortalanırsa və qəzanın zamanı zərərə görə sığorta hesablanırsa, elə də sağlamlığa dəyən zərərə görə sığorta haqqı hesablanır. İşləyənlər üçün bu vəsaiti bağlanmış müqavilə əsasında iş yeri, işləməyən vətəndaşlar üçün isə dövlət ödəyir. Bu məsələdə bizim ən böyük problemimiz texniki məsələlərdir. Hamı deyir ki, Azərbaycanda səhiyyə sahəsində problemlər var. Ancaq heç kim demir ki, əsas problem həkimlər yox, səhiyyə sisteminin düzgün idarə edilməməsindədir. Düzgün idarəetmə sistemi olmaması sığorta sistemində də özünü biruzə verir. Hələ də məlum deyil ki, hansı sığorta şirkətləri, eləcə də xəstəxanalarla müqavilə bağlanılacaq. Dünya təcrübəsində belədir ki, müqavilə daha çox dövlət xəstəxanaları ilə bağlanır. Lakin vətəndaş şəxsi istəyi ilə xəstəxana seçərsə, istisna hallarda dövlət məbləğin 80%-ni ödəməlidir. Rusiyada icbari tibbi sığorta məsələsində bütün detallar nəzərə alınıb. Xəstəliklər kateqoriyalara bölünüb. Vətəndaş gözlənilmədən yaxalanacağı xəstəlikdən dövlətin onu müdafiə edəcəyindən tam əmindir. Bizdə isə əlavə vəsait ayrılmasına və qanunun uzun illərdən bəri qəbul olunmasına baxmayaraq hələ də icbari sığorta həyata keçirilmir. Biz əslində buna görə utanmalıyıq. İnkişafdan danışırıq. Müalicə üçün İrana üz tuturuq. Buna səbəb təkcə savadsız həkimlər yox, həm də qiymətlərin bahalığıdır 2006-cı ildə ayrılan 50 milyon dollardan isə hələ də xəbər yoxdur. Bizə icbari sığortanın tətbiqinə mane olan səbəblər məlum deyil”.

Belə məlum olur ki, icbari tibbi sığortanın vəziyyəti ilə bağlı ən uyğun cümlə budur: Hər şey var, heç nə yoxdur.
P.S : Xəstə tələsər, sığorta isə …

Facebook Şərhləndirmə:

Şərhinizi yazın