Menu
Geri İrəli

Dollar qalxır: manat növbəti devalvasiyaya doğru…

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2015 • Baxış sayı: 501 dəfə • Şərh yoxdur

dollar4Ekspertlər xəbərdarlıq edir: manat ucuzlaşmaqda davam edəcək, milli valyutamız “üzən məzənnəyə” keçsə…

Aprelin 7-də dolların məzənnəsində kəskin bahalaşma qeydə alınıb. Mərkəz Bank ABŞ dollarının rəsmi məzənnəsini birdən-birə hər 100 dollara 9 qəpik bahalaşdıraraq, 1,0487 AZN səviyyəsindən 1,0496 AZN-ə qədər artırıb. Bu, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra dolların milli valyutaya qarşı ən ciddi möhkəmlənməsidir.

“Report”un analitik qrupu Mərkəzi Bankın bu qərarını yumşaq devalvasiyanın ilk addımı kimi qiymətləndirir. Nəticədə qarşıdakı günlərdə manatın dəyərinin düşməsi prosesinin davam edəcəyi gözlənilir.
Sayt dünya bazarında neftin bahalaşdığı bir dövrdə Mərkəzi Bankın bu addımını zamansız sayır: “Bu gün yumşaq devalvasiya neftin qiymətinin artmağa başladığı bir zamanda baş verir. Yəni, neftin qiyməti müəyyən müddət yüksəldikdən sonra yenidən ucuzlaşmağa başladıqda, devalvasiyanın üçüncü mərhələsinin şahidi olacağıq. Bunun isə ölkə iqtisadiyyatı üçün ümumən təsiri mənfi olacaq”.
Ekspert Samir Əliyev isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, 21 fevraldakı devalvasiyadan, yəni 34 faizlik ucuzlaşmadan sonra manatın dollara qarşı revanşı qısamüddətli olub:“Milli valyutamız bir ay ərzində cəmisi 0,2 faiz bahalaşaraq, itirdiyi dəyərin yalnız cüzi hissəsini bərpa edə bilib. Uzunmüddətli bayram tətilindən sonra, martın 30-dan başlayaraq, manat yenidən mövqeyini itirməyə başlayıb və son 8 gündə daha 0,12 faiz ucuzlaşıb. Manatın ucuzlaşması gözlənilən idi. O dövrdə də manatın bahalaşmasının müvəqqəti xarakter daşıyacağını, milli valyutanın ilin sonuna doğru ucuzlaşacağını proqnozlaşdırmışdıq. Artıq əksər ekspertlərin fikri bu məsələ həmrəydir: manat ucuzlaşmaqda davam edəcək. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun son açıqlaması ekspert rəylərini təsdiqləyir. Sədrin xüsusilə də, manatın neftin qiymətinə adaptasiyası və idarəolunan üzən məzənnəyə keçidlə bağlı fikri hökumətin devalvasiya alətindən istifadə edəcəyi ehtimalını daha da möhkəmləndirdi”.
Devalvasiyaya gəlincə, ekspert qeyd edib ki, manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək: “Neftin qiyməti şkalanın hansı istiqamətinə doğru getsə, manat da ora yönələcək. Əgər proqnozlaşdırıldığı kimi, dünya bazarlarında neft ucuzlaşaraq, 30-40 dollar həddinə qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manatın ən azı 20-30 faiz ucuzlaşacağını proqnozlaşdırmaq olar. Dollar hətta 1,5 manata qədər bahalaşa bilər. Bu, hökumətin qərarından asılı olacaq. Əgər möcüzə baş verərsə, neft bahalaşaraq, 70 dollar həddini keçərsə, manatın nəinki sabitləşməsi, hətta bahalaşması da baş verə bilər. Neft 80-90 dollara qədər bahalaşarsa, dollar 90 qəpiyə qədər ucuzlaşa bilər. Onu qeyd edim ki, neftin bu həddə bahalaşması ehtimalı çox azdır, ən azı bu il… Neft indiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma davam edəcək. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10 faiz itirəcək. Seçkidən sonra ucuzlaşma daha da sürətlənə bilər. Manatın məzənnəsinə neftdənkənar amillər də zərbə vura bilər. Ehtimal az olsa da, seçki dövründə siyasi gərginliyin artması və hətta idarəolunmaz hala gəlməsi manatın ucuzlaşması üçün əlavə katalizator rolunu oynaya bilər”.
Millət vəkili Əli Məsimli də musavat.com-a bildirib ki, əgər Mərkəzi Bank 21 fevral devalvasiyasından keçən bu ayyarım ərzində manatın dollara nisbətdə hazırkı məzənnəsinin nisbi sabitliyini təmin etməkdən ötrü 1 milyard dollar vəsait sərf edibsə, bu, artıq çox ciddi siqnaldır: “Həmin xərcləri azaltmaqdan ötrü yumşaq devalvasiya gözləniləndir. Yox, neftin qiyməti indikindən də aşağı səviyyəyə enməyə başlasa, məsələn, 40 dollardan da aşağı ensə, digər tərəfdən isə kobud səhvlərə yol verilib, süni ajiotaj yaradılsa və valyuta mübadiləsində spekulyativ proseslər özünü göstərsə, onda bir müddətdən sonra devalvasiyanın yumşaq variantını ardınca onun ikinci dalğası da qaçılmaz ola bilər”.
Ekspert Vüqar Bayramov isə bildirib ki, aprel ayında da dollarlaşma prosesi davam edir: “Son bir həftədə manatın dollara nisbətdə məzənnəsi 0,011 qəpik ucuzlaşıb. Ancaq dolların bahalaşmasının ikinci devalvasiya olduğunu söyləmək çətindir. Çünki manatın məzənnəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən inzibati yollarla həyata keçirilir”.
Ekspertin sözlərinə görə, manatın valyuta bazarı ilə heç bir əlaqəsi yoxdur: “Bu vəziyyətdə Mərkəzi Bankın hansı addımı atacağını proqnozlaşdırmaq çətindir. Mərkəzi Bank mərhələli şəkildə manata olan inamı bərpa etməli idi. Bununla da AMB intervensiya xərclərini azaltmağa da nail ola bilərdi. Hazırki məzənnə Azərbaycan manatının real dəyərini əks etdirmir. Çünki milli valyutamızın məzənnəsi inzibati yollarla müəyyən edilir”.
V.Bayramovun fikrincə, üzən məzənnə siyasətinə keçidin mənfi fəsadları mütləqdir: “Üzən valyuta sisteminə keçid olunarsa və Mərkəzi Bank intervensiya xərclərini dayandırarsa, o zaman manatın məzənnəsi kəskin şəkildə aşağı düşəcək. Hazırda bizim valyutamız real dəyərindən xeyli yüksəkdir”.
Qeyd edək ki, əksər ekspertlər bildirirlər ki, manatın məzənnəsi ilə bağlı ssenarilərə baxmağa ehtiyac var. Əksər ssenarilər isə nikbin deyil.
Musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın