Menu
Geri İrəli

Ən gəlirli yay biznesləri hansılardır?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2014 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

AZN-pullar3 ay bu işlərlə məşğul olub, qışda “kefə baxmaq” mümkündür…

 Yay qapını bir aydır ki, döyüb. Son bir neçə günün sərinliyini nəzərə almasaq, istilər də onunla birgə. Dünya bazarında yay biznesi adlandırılan bir çox sahələr var ki, işbazlar 3-4 ay onunla məşğul olub, böyük pullar qazanırlar. Təbii, ölkələrin iqtisadi, turistik imkanlarını nəzərə alanda “ən gəlirli biznes” anlayışının təyinatı da dəyişir.

Amma Türkiyənin bir çox cəhətlərinə görə Azərbaycana örnək olduğu  - nəzərə alsaq ki, qonşudakı ən populyar biznes növləri ölkəmizə də ayaq açıb – faktını nəzərə alsaq, Türkiyə mətbuatının bu mövzuda hazırladığı araşdırma diqqət çəkir.
“Yeni Müsavat” da iyulun bu ilk günlərində yayı gəlirlə başa vurmaq istəyənlər üçün rentabelli gəliri olan iş imkanlarını təqdim edir. Ən azı, “qonşuda bişər, bizə də düşər” prinsipini nəzərə alanda bu biznes növlərinin yaşama şansı olduğunu görünür… Siyahıya diqqət edək:
Yayın istisini azaldacaq iş fürsətləri: 
Buz satışı: Türkiyə saytlarının yazdığına görə, yay aylarında buz satışı da artır. Xüsusən turizm bölgələrində buz satışı artır. Bu iş üçün lazım olan ilkin maliyyə məbləği  2500-10000 manat arasındadır. Gündə 100 paket buz satışından 70 manata yaxın qazanc əldə etmək mümkündür. Türkiyənin turizm bölgələrində bu yay biznesi çox gəlirlidir. Amma Azərbaycanda o qədər də inkişaf etməyib. Halbuki çimərliklərdə, turizm bölgələrində iaşə, turizm obyektləri, habelə sıradan turistlərin də faydalı müştəri olacağını nəzərdən qaçırmaq olmaz.
Dondurma satışı: Yayda çox sürətlə yayılan gəlir sahələrindən biri də dondurma satışıdır. Məsələn, Türkiyədə adambaşına dondurma istehlakı 2,5 litrdir. Əslində dondurma ilin dörd fəslində yeyilə biləcək bir qidadır. Ona görə də yaz aylarından etibarən bu sahəyə investisiya qoymaq gəlir deməkdir. Xırda biznes qurmaq istəyənlər bu dondurma tortundan bir pay almaq istəyirlərsə, mütləq dondurma şəbəkələrinə qoşulmalıdır. Səyyar dondurma satışı, ya da şəhərin ən sıx əhali olan yerlərində şöbə açmaq buna misaldır. Orta hesabla 15 kvadrat metr ərazidə 15 min manat investisiya ilə yay boyunca kifayət qədər ciddi gəlir əldə etmək mümkündür.
Türkiyəli mütəxəssislərin hesablamasına görə, bu iş modelində gündəlik 200 ədəd dondurma satışı nəticəsində 3 min manata yaxın gəlir əldə etmək mümkündür.
Bizimkilərin ağlına gəlməyən (bəlkə də artıq gəlib, sadəcə biz şahid olmamışıq), amma qonşu Türkiyədə xeyli populyar olan bir dəniz biznesi də yaxta kirayəsidir. Belə ki, hotellərdən bezən, sabit bir yerdə yay tətilini keçirmək istəməyən turistlərə alternativ tətil variantı da yaxta turlarıdır. Yəqin yay tətilini Türkiyədə keçirənlər bunun şahidi olub. Hotellərdə “yaxta tur” adı ilə günün bir neçə saatını fərqli keçirmək şansı təklif edilir. Özü ilə baş-başa qalmaq, heç tanımadığı yerləri gəzib də, tətil keçirmək istəyənlər və ya fərqlilik axtarışında olan geniş ailələr üçün həftəlik yaxta kirayələyərək tətil keçirir.
Son zamanlar yaxta sahibi olan bir çox şəxs öz yaxtasını gündəlik və ya həftəlik kirayəyə verərək, maddi gəlir əldə etmək istəyir. Yaxtalar turistlərlə yanaşı, toy, nişan, şirkət yeməkləri kimi tədbirlər üçün də kirayələnir. Yaxtaların bir günlük kirayəsi 200 avrodan başlanır. Yaxtanın ölçüsü və içindəki bəzi atributlara görə 2 min avroya qədər arta bilər. Bu səbəbdən də uyğun yay bizneslərindən biri yaxtasını kirayə vermək istəyənlərlə əlaqəyə girib, daha ucuz qiymətə yaxtanı yay boyu kirayələmək, daha sonra onu yay boyu müxtəlif tədbirlər çərçivəsində kirayələmək istəyənlərə təqdim etməkdir. Bu halda da rentabelli bir gəlir əldə etmək mümkündür.
Daha bir orijinal təklif  isə kiçik qayıqların kirayəsidir. Bazar qiyməti 500-1000 manat arasında olan qayıqlar maliyyə baxımdan digər sahələrə görə daha təvazökar biznes növü sayıla bilər. Bu qayıqları “ikinci əl” bazarından da tapmaq olar.
Gəlir faizi yüksək olan bir başqa yay biznesi də yay aksessuarlarının satışıdır. Məsələn, Türkiyədə yay aksessuarlarının illik bazarı 250 milyon manatdır. Dəbə uyğun olaraq hər zaman özünü yeniləyən yay aksessuarları yaradıcıları da insanların diqqətini hər zaman çəkməyi bacarırlar. Çimərlik geyimlərindən tutmuş, çimərlik çantasına, çəkələklərə, eynəyə qədər bir çox aksesuar yayın “pendir-çörək” kimi tez-tez satılanlarındandır. Bu iş modeli üçün 30-50 kvadrat metr sahəsi olan kiçik bir “toçka” kifayətdir. Xüsusən çimərlik həndəvəri və turistik yerlərdə bu biznesin yüksək potensialı var. Bir mağaza açmaq üçün 25-50 min manat lazımdır. Amma nəzərə almaq lazımdır ki, bu sahədə aylıq 4-5 min manat gəlir var.
Yay dəllallığı… Zarafat deyil, yay aylarında bu işlə aktiv məşğul olub, yaxşı gəlir əldə etmək mümkündür. Bağ evlərini və ya rayondakı evlərini kirayə vermək istəyənlərlə sıx münasibət qurub, turistlərə maraqlı təkliflər vermək, həm də yaxşı qazanmaq ən gəlirli yay biznesi ola bilər. Amma bunun üçün 5-10 ev sahibi ilə əlaqə qurmaq yetərli deyil. Bəzən bütün bir qəsəbə və ya rayona bələd olmaq lazımdır.
Türkiyədə həftəlik, günlük kirayə bazarı da geniş yayılıb. Bu səbəbdən qonşu ölkədə yay dəllalları mövsümün ən yaxşı qazananları sayılır. Hər kirayədən 10 faiz gəlir əldə etmək isə yayı yağ-bal içində keçirmək anlamına gəlir. Bunun üçün internetdə, sosial şəbəkələrdə ciddi reklamla məşğul olmaq, eləcə də turistlərə  ən uyğun təklifləri təqdim etməyi bacarmaq lazımdır.
Bağ əşyalarının satışı ilə məşğul olmaq – yayın gəlişi ilə bağ-bağat işləri də artır. Bu isə böyük bir potensial deməkdir. Avropanın məşhur bağça markası Gardena və Dost firmasının ortaqlığıyla qurulan Gardena – Dost firması bir çox ölkələrdə öz şöbələrini açıb. Firma bağça əlcəklərindən tutmuş qayçıya, ot biçmə maşınından, sulama sistemlərinə qədər bir çox sahədə şöbə açmaq şansı verir. Dərman, gübrə, çiçək, ağac, şitil biznesi də əslində bura aiddir və yay aylarında 20-30 faiz gəlir deməkdir.
Kiçik bir küncdə meyvə suyu satışı. Burda söhbət bizdəki kimi qazlı içkilərdən getmir. Türkiyədə, eləcə də Avropada insanlar sağlam yaşayış faktoruna çox əhəmiyyət verdiklərindən “vitamin kafelər” adı altında məkanlar fəaliyyət göstərməyə başlayıb. Səhhətinə ciddi diqqət edənlərə və meyvə suyundan vaz keçə bilməyənlərə vitamin kafelərdə hər cür seçim təqdim edilir. Müxtəlif növ meyvə suları, bitki çayları, vitamin qarışımları, yağsız, bol tərəvəzli salatlar… Bunun üçün bir aparat və kiçik bir stand yetərlidir.
Outdoor turlar… Bu biznes növü Azərbaycanda yavaş-yavaş yayılsa da, danışanların dediyinə görə, o qədər də uğurlu deyil. Söhbət Azərbaycanın müxtəlif bölgələrinə həyata keçirilən birgünlük turlardan gedir. Amma dağ, çay, şəlaləsi zəngin olan ölkəmizin bölgələrinə daha az məsrəfli və əyləncəli turlar təşkil etmək mümkündür. Belə ki, bu turlara velosiped turları, raftinq, təbiət gəzintisi, üzmə, paraşüt turu daxildir.
Maraqlıdır ki, bu cür turlara daha çox xarici turistlər maraq göstərirlər.
Sonda yay aylarına özəl stendlərin siyahısını da yazaq:
- Dondurma stendi
- Waffle stendi
- Limonad və soyuq içkilər satılan stend 
- Fast food tərzində tez hazırlanan yeyəcəklər
- Yay aksesuarları stendi
- Eynək stendi 
- Açıq bufet səhər yeməyi ərzaqları stendi 
- Manqal əşyaları və ya manqal kömürü satılan stend 
- Küp buz satışı.
Sonda… Yazının girişində də qeyd etdik ki, bu yay biznes növləri barədə material Türkiyə mənbələrindən götürülüb. Azərbaycanda biznesin şərtləri isə hamımıza məlumdur: bir çox yerə görüm-baxım şərtdir. Bu halda həmin bizneslərdən hansının gəlirli olması, yaşama şansının yüksək olması sual doğurur. Biz isə bir çox biznes növlərinin Türkiyədən Azərbaycana transfer etdiyini nəzərə alıb, sizə seçimləri yazdıq. Arzuya, cibinizə uyğun olaraq öz seçiminizi edə bilərsiz.
Sevinc TELMANQIZI , musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın