Menu
Geri İrəli

Gəncə-Göygöl-Hacıkənd istiqamətində yeni turizm marşrutu açılır

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2014 • Baxış sayı: 3,988 dəfə • 1 şərh

10468100_667972709961015_3766160889672505914_n 10524349_667973063294313_7134019515310889087_n 10547448_667972909960995_3484795153034842152_n 10563063_667972779961008_6389300460899926771_n 10577008_667972793294340_1367939006042445841_n 10592702_667973149960971_6087364531756827371_n

Ölkəmizin regionlarında turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının açılması məqsədi ilə mütəmadi olaraq bölgələrə infoturlar təşkil olunur. Belə səfərlərdən biri avqustun 5-6-da “Azeturizm” Birliyinin dəstəyi və “Baku Travel-Tourism” Şirkətinin təşkilatçılığı ilə Gəncə-Göygöl-Hacıkənd istiqamətində gerçəkləşdi.

İnfotura ölkəmizdə fəaliyyət göstərən 10-dək turizm şirkətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılmışdı. İnfoturun keçirilməsində əsas məqsəd ölkəmizin bu bölgəsinin turizm imkanlarına diqqəti cəlb etmək idi.
Layihə haqqında məlumat verən “Baku Travel-Tourism” Şirkətinin icraçı direktoru Əziz Şiriyev bildirdi ki, Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutlarının təşkil olunması bu bölgənin turizm potensialının daha geniş tanıdılmasına zəmin yaradacaq: “Ölkəmizin bir çox bölgələrində ayrı-ayrı istiqamətlər üzrə turizm marşrutları var. Amma Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutu, demək olar ki, təşkil olunmur. Məqsədimiz bu istiqamətdə yeni turizm marşrutu açaraq bölgəyə həm yerli, həm də xarici turistləri cəlb etməkdir. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəri olmaqla yanaşı, həm də qədim tarixə malik məkandır. Ona görə də burada turistləri maraqlandıracaq həm tarixi yerlər, həm də gözəl istirahət guşələri var. Burada turistlər Azərbaycan mətbəxinin gözəl təamlarından dadaraq, valehedici təbiət və tarixi yerlərlə tanış ola biləcəklər”.

Göygölün “Cənnət məkan”ı

İnfotur çərçivəsində ilk dayanacağımız Göygöl rayonunun Toğana kəndindəki “Cənnət məkan” İstirahət Mərkəzi oldu. Mərkəz Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir. Burada rahat istirahət üçün gözəl şərait, 180 nəfərədək turistin yerləşə biləcəyi 35 kottec var. Hər tərəfdən dağlar və meşə ilə əhatə olunan “Cənnət məkan” ailəvi istirahət mərkəzində 4 ulduzlu hotelin də tikintisi yekunlaşmaq üzrədir.
Ərazidə sərin bulaqlar axır. Burada milli mətbəxin gözəl təamlarından dadmaq da hər kəsin ürəyincə olar. Bundan başqa, qonaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə idman meydançaları fəaliyyət göstərir. Uşaqlar da yaddan çıxmayıb, onlar üçün müxtəlif əyləncəli yerlər yaradılıb.

Toğanadan o yana bir yol gedir…

Daha sonra tur iştirakçıları Toğana kəndinin ərazisi ilə tanış oldular. Kəndin mənzərəli yerlərinə baş çəkdik. Başlanğıcını Kiçik Qafqaz dağlarından götürən, ümumi uzunluğu 115 kilometr olan Kürəkçayın ətrafında olduq. Kəndin sonundan uzanıb gedən yol isə bir vaxtlar yolçuları indi düşmən əlindəki Kəlbəcərə aparıb. Bu yerlərə gələn əcnəbi turistlərə Azərbaycanın neçə-neçə dilbər guşəsinin erməni işğalı altında olması barədə də məlumatlar vermək, Ermənistanın təcavüzkar siyasətinin fəsadlarını diqqətə çatdırmaq olar.
Səfərin birinci gününün sonunda “Cənnət məkan” ailəvi istirahət mərkəzində obyektin rəhbərliyi və turizm şirkətləri təmsilçilərinin iştirakı ilə Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutlarının təşkili ilə bağlı müzakirələr aparıldı, diskussiya zamanı yaranan suallara cavab verildi.

Gəncə tarixin özüdür

İnfoturun ikinci günü ilk baş çəkdiyimiz məkan Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində yerləşən gözəl mənzərəli yerlərə, təbiət guşələri ilə tanış olduq. Burada müxtəlif istirahət məkanları fəaliyyət göstərir.
Sonra təbiət qoynunda qədim Gəncəyə yol aldıq. Gəncədə dahi Nizaminin məqbərəsini ziyarət etmək, yəqin ki, buraya ayaq basan hər bir turistin arzusudur. Nizami Gəncəvinin məqbərəsi şəhərin mərkəzindən təxminən 6 km aralıda yerləşir. Şairin qəbiri üzərində ilk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. 1947-ci ildə isə burada yeni məqbərə ucaldılıb. Hündürlüyü 20 metr olan məqbərə mərmərlə üzlənib. Son vaxtlar burada təmir-bərpa işləri görülüb.

“Xan bağı”

Ziyadxanlılar nəsli ilə bağlı olan tarixi “Xan bağı”ı bu gün gəncəlilərin və Gəncəyə gələn qonaqların məmnuniyyətlə üz tutduğu gözəl məkanlardan biridir. Burada bağın salınması XVIII əsrdə başlanıb. Cavad xanın dönəmində abadlaşdırma, böyük yaşıllaşdırma işləri aparılıb. Bundan sonra onun şərəfinə buranı “Xan bağı” adlandırıblar. Rus işğalından sonra isə adı dəyişdirilərək Qubernator bağı olub. Sovet hakimiyyəti dövründə isə bu məkan uzun müddət Leninin adını daşıyıb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə yenidən Cavad xanın şərəfinə “Xan bağı” adlandırılıb.
“Xan bağı”ında ölkəmizdə olan nadir ağac növləri qorunur. Eldar şamı və küknarın üstünlük təşkil etdiyi bağa vaxtilə Qara dəniz sahillərindən çoxlu sayda dekorativ kol bitkiləri, ağaclar gətirilib.

Cümə məscidi

İnfotura Gəncənin məşhur tarixi memarlıq, dini abidəsi olan Cümə məscidi ilə tanışlıqla davam edirik. Məscid Şah Abbasın əmri ilə Şərqdə tanınmış memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında 1606-cı ildə inşa edilib. 1776-cı ildə əlavə olaraq qoşa minarə tikilib. Bu məscidi XVIII əsrin sonlarında Cavad xan əsaslı təmir etdirib. Məscidin daxilində 12 imamın şərəfinə tikilmiş 12 hücrə var. Diqqət çəkən əlamətlərindən biri budur ki, günorta vaxtı binanın günbatan divarına düşən kölgə itir. Bu da günorta namazına başlamağın vaxtını bildirir. Ərdəbil, İsfahan və Qəzvin şəhərlərində bənzər məscidlər var. Bu məscid bölgənin əsas dini ibadət yerlərindən biridir.
Tarixi memarlıq abidəsi sayılan “Çökək hamam” məscidin lap yaxınlığında yerləşir. Məscidin yaxınlığında yerləşən daha bir abidə xalqımızın qəhrəmanlıq tarixinə öz adını qızıl hərflərlə yazmış Cavad xanın məqbərəsidir. Ümumiyyətlə, Gəncə şəhərinin bu hissəsi sanki özəlliklə yaradılıb və açıq havada muzeyi xatırladır.

Tarix-Diyarşünaslıq Muzeyində 30 min eksponat var

Daha sonra Gəncə şəhərinin mərkəzində yerləşən Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyində olduq. Muzeyin yerləşdiyi bina vaxtilə Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Muzey 1924-cü ildən fəaliyyət göstərir. Burada Gəncəbasar zonasından tapılmış Daş dövrünə aid olan tarixi abidələrdən günümüzə qədər dövrü əhatə edən 30 mindən çox eksponat qorunub saxlanılır.
Gəncənin ən qədim dövrlərindən başlayaraq tarixi, arxeoloji tapıntılar, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir. Qədim dövr şöbəsi Azərbaycanın ən qədim zamanlarından XIX əsrin sonunadək tarixi əks etdirir. Muzeyin ekspozisiyasında e. ə. II minilliyə aid, boyu 2 metr 20 santimetr olan qadın skeleti və onunla bərabər basdırılmış bəzək və məişət əşyaları nümayiş olunur. VII əsrə aid olan Qafqaz Albaniyası hökmdarına məxsus qəbirüstü abidə də maraq doğurur.
Maraqlı eksponatlardan biri də Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın öz qızına hədiyyə etdiyi toy hədiyyələridir. Bundan başqa, muzeydə Gəncə şəhərinin xalqımıza bəxş etdiyi dahi oğullarının da xatirəsini əks etdirən nümunələr yer alıb. Burada Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın və onun nəslinin davamçılarından olan məşhur Ziyadxanovlara aid eksponatlar var.

“Şüşə ev”

Gəncədə turistlər üçün maraqlı olan daha bir yer hamının diqqətini çəkən “şüşə ev”dir. İkimərtəbəli yaşayış evi şüşə butulkalardan inşa olunub. Bu tikilini şəhər sakinləri qonaqlara fəxrlə göstərərək haqqında məlumat verirlər. “Şüşə ev”i əmək və müharibə veteranı olan İbrahim Cəfərov tikib. Evin tikintisi 20 il çəkib və 1966-cı ildə yekunlaşıb. Burada 50 minə yaxın butulkadan, eləcə də çay daşlarından, balıqqulağından istifadə edilib. Hazırda evdə İbrahim Cəfərovun oğlunun ailəsi yaşayır.
Səfər müddətində infotur iştirakçıları həmçinin Gəncə şəhərində yerləşən yeni istifadəyə verilmiş bir sıra turizm obyektlərinin fəaliyyəti ilə də tanış oldular.
Qeyd olundu ki, Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutlarının təşkili bölgənin tarix və mədəniyyətinin tanıdılması ilə yanaşı, həm də iqtisadi inkişafına müsbət təsir göstərə bilər.

 

 

Mənbə: Medeniyyet.az

Facebook Şərhləndirmə:

“Gəncə-Göygöl-Hacıkənd istiqamətində yeni turizm marşrutu açılır” yazısına bir cavab

  1. Irina Sergeyevna deyir:

    Salam. Siznən necə əlaqə edə bilərik? Telefon nömrələri yaza bilərsiniz?

Şərhinizi yazın