Menu
Geri İrəli

Manat yaza necə çıxacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2017 • Baxış sayı: 506 dəfə • Şərh yoxdur
Share Button

manat1477487683Ekspertlər bildirirlər ki, tam “üzən məzənnəyə” keçid manatın real bazar dəyəri alması deməkdir və bu, kəskin devalvasiya vasitəsilə mümkündür

Milli valyuta olan manat son günlər yenidən ucuzlaşır. Son hərraclarda manatın düşmə sürəti də artıb. Yanvarın 23-də Mərkəzi Bank ABŞ dollarını yenə bahalaşdırıb. Rəsmi kurs 1,8311 manatdan 1,8559 manata qaldırılıb. Kursu dəyişməz qalan İran rialını çıxmaqla, qalan valyutaların da qiyməti artıb. 1 avro 1,9957 manata, 1 ingilis funt sterlinqi 2,321 manata, 100 İran rialı 0,0047 manata, 1 İsveçrə frankı 1,8606 manata, 1 Rusiya rublu 0,0312 manata, 1 türk lirəsi 0,4939 manata satılır.

 2015-ci ilin əvvəlində dolların rəsmi məzənnəsi 0,7844 manat idi. Həmin il kurs 1 manat 55 qəpiyə yüksəlib, 2016-cı ildə isə 1 manat 77 qəpiyi ötüb. 2017-ci il girəndən manat dollara nəzərən yenə ucuzlaşır. Mərkəzi Bank isə 1,7707 manat məzənnədən başlayıb, sonrakı günlərdə belə artım qeydə alınıb: 1,7742 manat, 1,7867 manat, 1,8045 manat, 1,8311 manat.
Ekspert Samir Əliyevin sözlərinə görə, məzənnədə kəskin dönüşlər ola bilər: “Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev ”üzən məzənnə” rejiminə adaptasiyanın sakit getdiyini bildirib. Sədr müavini Azərbaycanı Rusiya və Qazaxıstanla müqayisə edərək, manatın tam “üzən məzənnəyə” keçidi zamanı dəyişimin aşağı olduğunu qeyd edib. Onun sözlərinə görə, tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3 faiz və 27 faizdən yuxarı həddə olduğu halda, bizdə keçid günü dəyişim 0,7 faiz olub. Manatın tam “üzən məzənnəyə” keçidinə münasibətdə əvvəlki fikrimdə qalıram: Azərbaycanda manatın tam “üzən məzənnəyə” keçidi, əvvəla, mümkün deyil. İkincisi, arzuolunan deyil, üçüncüsü, dayanıqlı deyil. Ona görə mümkün deyil ki, tam “üzən məzənnəyə” keçid manatın real bazar dəyəri alması deməkdir və bu, kəskin devalvasiya vasitəsilə mümkündür. Hökumət bu problemi Neft Fondundan Mərkəzi Banka ayırdığı 7,5 milyard manat hesabına həll etməyə çalışır. Neft kəskin ucuzlaşmasa, ölkədə iqtisadi-siyasi gərginlik olmasa, manat 2017-ci ili ciddi fəsadlar olmadan başa vura biləcək. Ona görə arzuolunan deyil ki, iqtisadiyyatımız diversifikasiya olunmayıb və ölkəyə valyuta demək olar ki, bir kanalla daxil olur. Həmin kanalın dolları buraxılışı gücünə əsasən manatın məzənnəsi dəyişir. Bu isə məzənnədə kəskin rəqslərə səbəb ola bilər. Ona görə dayanıqlı deyil ki, Neft Fondunun vəsaiti bitəndən sonra manatın hansı vəsait hesabına saxlanılması sual olaraq qalır”.
Image result for Samir Əliyev
Ekspertin sözlərinə görə, 2018-ci ildə Neft Fondu Mərkəzi Banka makroiqtisadi sabitlik üçün pul ayırmasa, nə baş verəcəyi məlum deyil: “Manatın tam üzən məzənnəyə keçdiyini iddia və vacib hesab edənlərə sual vermək istəyirəm: 2018-ci ildə Neft Fondu Mərkəzi Banka makroiqtisadi sabitlik üçün pul ayırmasa, nə baş verəcək? Bu gün tam ”üzdüyü” iddia edilən manat gələn il sabit qala biləcəkmi? Və yaxud Neft Fondu daha neçə il öz aktivlərini makroiqtisadi sabitliyinə qurban verəcək? Yenə neftin bahalaşmasına ümid etməliyikmi? Möcüzə baş versə və neft bahalaşsa, bu halda manat üzəcəkmi?”
 
S.Əliyevin fikrincə, sədr müavini Rusiya və Qazaxıstanla müqayisə apararaq manatın tam üzən məzənnəyə keçidinin daha yumşaq olduğunu bildirib: “Bu ölkələr müqayisə üçün uğurlu olsalar da, müqayisə dövrü uğurlu deyil. Rusiya 2014-cü ilin noyabrında, Qazaxıstan 2015-ci ilin avqustunda üzən məzənnəyə keçib. Hər iki ölkədə keçid milli valyutanın kəskin ucuzlaşması ilə müşahidə edilib. Bu fikir doğrudur. Doğru olmayan zaman və mühitdir. Çünki Azərbaycan Rusiya və Qazaxıstan kimi 2014-2015-ci ildə tam üzən məzənnəyə keçsəydi, bu halda ucuzlaşma Avtandil müəllimin dediyi kimi, bir gündə 0,7 faiz yox, bundan bəlkə də 500 dəfə çox olardı. Unutmayaq ki, 2015-ci ildə manat dəyərini 2 dəfə, 2016-cı ildə isə 13-14 faiz itirib. Rusiya üzən məzənnəyə keçdikdən sonra valyuta ehtiyatlarını rublu qorumaq üçün xərcləmir. Qazaxıstan isə əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan isə 2 ildə Mərkəzi Bankın 11 milyard dolları xərclədikdən sonra Neft Fondunun vəsaitlərini işə salıb. Adı da olur ki, manatın məzənnəsini bazar tənzimləyir. Neft Fondunun vəsaitlərinə ümid olub marjanı ləğv etmək də səhv addımdır. Biz dövlət büdcəsini Neft Fondunun vəsaitlərindən xilas etmək istəyirdik, sonda ümumilikdə ölkəni bu vəsaitlərdən asılı vəziyyətə saldıq. Acı da olsa deməliyik ki, hökumət əksdollarlaşma prosesinə başlamasa, manatı çətin günlər gözləyəcək”.
Image result for Ekspert Vüqar Bayramov
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, tezliklə dolların aparıcı valyutalara, xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəblərdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil: “Donald Trampın ”Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlərin ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı. Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da Trampın mühafizəkar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməycək. Tramp seçkiqabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadıq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür. Bütövlükdə okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklər edəcəyi inandırıcı deyil”.
musavat.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın