Menu
Geri İrəli

Muxtar Babayev: TAP ölkəmiz üçün çox səmərəli layihədir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2016 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

muxtar babayev“Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi Cənubi Qafqaz Qaz Boru Kəmərinin və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi üzərindən İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. TAP ölkəmiz üçün iqtisadi və maliyyə cəhətdən çox səmərəli layihədir. Layihənin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan qazı ən əlverişli, təhlükəsiz və səmərəli yollarla Avropa bazarına çatdırılacaq. Azərbaycan qazı yalnız Türkiyə, Yunanıstan və İtaliyaya yox, İtaliya vasitəsilə digər Avropa ölkələrinə də nəql olunacaq. Ümumiyyətlə, bu layihənin Avropa ölkələri üçün əhəmiyyəti böyükdür.” Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bildirdi.

M.Babayev mayın 17-də Yunanıstanın Soloniki şəhərində TAP-ın təməlqoyma mərasimini mühüm amil kimi dəyərləndirdi. Hələ iki il öncə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə diqqətçəkən bir məqamı da xatırladan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri bildirdi ki, “Cənub Qaz Dəhlizi” bu layihəyə qoşulan ölkələrin gələcək iqtisadi inkişafı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün də mühüm əhəmiyyət kəsb edir.

Muxtar Babayev onu da qeyd etdi ki, bu gün TAP layihəsinin reallaşmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının uğurla həyata keçirilməsi və Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Qürurverici haldır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənəcək. Özündə Cənubi Qafqaz Qaz Boru Kəmərinin genişləndirilməsi layihəsini, Türkiyədə TANAP Qaz Boru Kəmərinin və Avropada TAP qaz kəmərinin tikintisini birləşdirən və 3500 kilometrdən də çox məsəfəni əhatə edən “Cənub Qaz Dəhlizi” istər geosiyasi, istər də mühəndislik nöqteyi-nəzərindən indiyədək dünyada həyata keçirilən ən mürəkkəb və əhəmiyyətli layihələrdən biridir: “Bu gün Avropa Birliyi ölkələrinin qazla təminatında alternativ layihə kimi TAP-ın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə böyükdür. Müxtəlif mənbələrdən qaz idxalını artırmaq Avropanın enerji təhlükəsizliyi baxımından çox vacibdir.  Strateji əhəmiyyət daşımaqla bərabər, bu layihə həm də regional əməkdaşlığı təmin edir.”

Məlumat üçün bildirək ki, TAP “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-2020-ci illərdə başlanması gözlənilir. Kəmərin ümumi uzunluğu 878 km-dir.

Orxan Vahidoğlu, “İki sahil”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın