Menu
Geri İrəli

Qızılla bağlı şok gözlənti

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2014 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

73245“Moskva” univermağının qızıl ticarətçiləri təşviş içindədir. Durmadan ucuzlaşan qızılın alıcısı da azalıb və bu, gəlirləri azalan bir sıra sahibkarların sektoru tərk etməsi ilə nəticələnib. Qızıl dükanlarındakı boş piştaxtaların sayı artmaqdadır.

ANS PRESS-in məlumatına görə, son bir il ərzində Bakı bazarında qızılın qiyməti 25 faizə qədər düşüb. Əgər 2013-cü ilin yayında bir qram qızıl qırıntı şəklində 30 dollara satılırdısa hazırda bu qiymət 23 dollara düşüb. 583 əyyarlı qızıl məmulatların satış qiyməti isə 33 – 35 manatdan 27 – 30 manata düşüb.

İş adamı Ramin Məmmədovun ANS PRESS-ə bildirdiyinə görə, qızılda davam edən ucuzlaşma adamlara psixoloji təsir göstərib. “Artıq əhali qızıl almağa risk etmir və ucuzlaşacağını düşünür. Bizi xilas edən qarşıda məhərrəmliyə qədər gözlənilən 2 aylıq toylar mövsümüdür. Bu qızıl alanların sayını bir qədər artırıb. Amma burda da azalma baş verib. İndi orta hesabla bir gəlinə 2,5 – 5 min manatlıq qızıl alırlar, amma bir-iki il qabaq bu, 7 min manata qədər çatıdı”, – deyə Ramin Məmmədov ANS PRESS-ə bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda il ərzində 85 minə yaxın ailə qurulur və hər toyda qızıla ödənilən pul 2 min manat azalarsa, bu, bazarda satışların 170 milyon manat aşağı düşməsi deməkdir. Ramin Məmmədovun dediyinə görə, iş adamının qızıl əşyaların satışı ilə normal məşğul olması üçün aylıq gəliri ən azı 5 min manat olmalıdır. Buraya həm işçilərin maaşı, həm vergi, mühafizə və icarə xərcləri, həm də iş adamın şəxsi gəliri daxildir. İl ərzində gəlirlərin 170 min manat azalması Azərbaycan üzrə təxminən 3 min iş yerinin bağlanması və 10 minə yaxın adamın işsiz qalması deməkdir. Yəni yetərincə ciddi geriləmədir.

İqtisadçı ekspert Samir Əliyev qızılın qiymətində Azərbaycan iqtisadiyyatı üçün arzuolunmaz
bu cür davamlı ucuzlaşmanı qlobal səviyyədə gedən proseslərlə bağlayır. Onun fikrincə, 2009-cu ildə baş vermiş qlobal böhran nəticəsində qızılın qiyməti real olmayan səviyyədə bahalaşmışdı. Çünki maliyyəçilər öz aktivlərini daha çox qızıla yönəldiblər. “İndi isə dünya iqtisadiyyatı dirçəlir və qızıl da öz real qiymətinə dönür”, – deyə Samir Əliyev ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, dünya bazarında zinət qızılını ucuzlaşdıran digər səbəb isə Hindistanda hökumət səviyyəsində tətbiq edilən yenilikdir. “Dünya bazarında zinət qızılının əsas alıcısı Hindistandır. Son zamanlar bu ölkənin hökuməti qızıl satışına yeni vergi tətbiq edib və bu da qızıl əşyaların qiymətini artırıb. Nəticədə, qızıl satışları azalıb”,- deyə Samir Əliyev vurğulayır.

İqtisadi ekspertin fikrincə, Azərbaycanda son illərdə trendin dəyişməsi də buna təsir göstərib: “İndi Azərbaycanda heç kim qızıl əşya taxaraq işə getmir. Zinət əşyalarının ölçüləri də kiçilib. Bu da qiymətlərə təsir edir”.

Lakin bununla belə, Samir Əliyev qızıl bazarı iştirkçılarını narahat olmamağa çağırır: “Qızıl həmişə bahalaşmağa meylli əmtəədir. İmkanlı adamlarının bu məsələyə xüsusi yanaşması var. Yaxın müddətə (1-2 ilə) yatırım etmək istəyənlər daha likvid aktivlərə meyl edirlər. Amma daha uzun müddətə yatırım edənlər adətən qızıl alırlar. Çünki müəyyən müddətdən sonra bu bazarda qiymətlər sabitləşəcək və qızıl yenidən zəif də olsa davamlı şəkildə bahalaşmağa başlayacaq”, – deyə Samir Əliyev vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın