Menu
Geri İrəli

Tarixi yaddaşlara köçürən məkan – “SUMQAYITIN TARİXİ” MUZEYI

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2017 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur


DSC_0292 “Sumqayıtın Tarixi” Muzeyinin 50 illiyi qarşısında 

Dövrünün   uzaqgörən  mütəfəkkiri  Ömər  Xəyyam  yazırdı : “Bu  günü   daha  yaxşı  görmək  üçün  keçmişi  bilməliyik.” Şübhəsiz  ki,  keçmişi  öyrənmək  üçün  ən  mükəmməl, ən  münasib  hal  muzeylərə  üz  tutmaqdır. Dünyada  mövcud  olmuş  ilk  muzeyin  tarixi  eradan  əvvəl  XVII – XVI  əsrlərdən  qaynaqlanır  ki,  bu,  Misirin “Arseneum”  muzeyidir. Azərbaycanda  bu  tarixin  səhifələrini  vərəqləsək, XX əsrin əvvəllərinə yaxınlaşmış olacağıq. Say hesabı götürəndə isə bu rəqəm 234-ü göstərilir ki, onların arasında 50 yaşlı “Sumqayıtın Tarixi” Muzeyi öz dəsti-xətti ilə seçilir, profilinə uyğun olaraq fərqlənir.

 Azərbaycan  Respublikası  Nazirlər  Sovetinin  13 mart 1967-ci il tarixli, 13 saylı sərəncamı  ilə 1500-ə yaxın eksponatı olmaqla yaradılmış “Sumqayıtın Tarixi”  Muzeyi  gənclik şəhərinin 18 illik həyatına, sənayenin, təhsilin, səhiyyənin, mədəniyyətin, dostluq əlaqələrinin inkişafına az da olsa işiq sala bilmişdir. Muzeyin ekspozisiyası ilə tanışlıq bura üz tutanların  yaddaşına Xalq şairi Nəbi Xəzrinin bir vaxtlar “Sumqayıt səhifələri” nə yazdığı “Sumqayıt: bir əsrin özünü görmək istəyən, gəlib bircə dəfə qoy mənə baxsın” misrasını salırdı… Eksponatların sayəsində XX əsrin möcüzəsi – Sumqayıt şəhəri göz önündə yaranır, böyüyür, inkişaf edirdi: inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları…

Muzeyin əsas və köməkçi fondlarında qorunan eksponatların sayı 1967-ci ildə 1113 göstərilirdisə, 1969-cu ildə bu rəqəm 1828-ə çatdırılmışdı. Öz işinə məsuliyyətlə yanaşan muzey kollektivi 1972-ci ildə ilk qiymətini almışdı – SSRİ Mədəniyyət Nazirliyi tərəfindən elmi-kütləvi, maarifləndirici işlərdə fəal iştirakına görə diplom, medal və pul mükafatı…

1974-cü ildə Sumqayıtın 25 illik yubileyi ilə əlaqədar muzeyin elmi heyətinin tərtib etdiyi sərgi bayram əhval-ruhiyyəsi yaşayan şəhərdə böyük  rezonans doğurmuşdu.  25 illik tarixi eksponatların dili ilə ictimaiyyətə xatırladan, xatırladaraq yaşadan “Sumqayıtın Tarixi” Muzeyi həmin il Sumqayıt Şəhər Mədəniyyət Şöbəsi tərəfindən elmi-maarifləndirmə işində səmərəli iştirakına görə Fəxri fərmanla təltif edilmişdir.

1980-ci illər də Muzeyin həyatında yadda qalan illər kimi tarixə köçürüldü.  “Sumqayıt – sənaye mərkəzi”, “Məktəblilərin əl işləri”, “Bizim müasirlərimiz — əmək qəhrəmanları”, “Qardaşlaşmış şəhərlər” və s. – bir-birini əvəz edən müxtəlif sərgilərin tərtibatı, şəhər əhəmiyyətli muzeydaxili, muzeydənkənar tədbirlərin təşkili onun kollektivinin gərgin əməyindən xəbər verirdi. Elə bu gərgin əməyin nəticəsi olaraq muzeyin 1985-86-cı illərdə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən diplomlara layiq görülməsini xatırlatmaq kifayətdir.

İllər bir-birini əvəz etdikcə muzey fondunda qorunan eksponatların say artımı yeni binaya köçmək zərurəti yaratdı. 1988-ci ildə şəhərin tarixini özündə yaşadan, onunla birgə nəfəs alan, böyüyən “Sumqayıtın Tarixi” Muzeyi şəhərin 4-cü mikrorayonunda yerləşən ikimərtəbəli binaya köçürüldü.  Muzeyin ümumi sahəsi 2680 kv.m. təşkil etdi  ki, bu da əvvəlkindən 8 dəfə artıqdır. Muzey əşyaları ayrı-ayrı bölmələr – nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət məmulatları, arxeoloji əşyalar, fotoşəkillər, sənədlər və s. üzrə əsas və elmi-köməkçi fondlarda yerləşdirildi. Muzeyin ekspozisiyası böyük və kiçik zallarda tərtib olunurdu. Daimi sərgi ilə yanaşı, səhərin ictimai-siyasi, mədəni həyatında baş vermiş hadisələri dolğunluğu ilə əks etdirən, daim bir-birini əvəz edən səyyar sərgilər muzey fondunun zənginliyindən xəbər verirdi.

Yeni binaya köçən muzey 1990-cı illərdə ikinci həyatını yaşamışdır. Sumqayıtı kiçik Azərbaycan adlandırırlar. Bu səbəbsiz deyil. Çünki  respublikada cərəyan edən ictimai-siyasi hadisələr Sumqayıtdan yan keçmir, onun tarixini yaşadan muzeydə  az da olsa öz həllini tapırdı. Dağlıq Qarabağ uğrunda savaşda həyatını itirən sumqayıtlı gənclərin şəxsi arxivləri muzey fondunda şəhərin ilk qurucularının şəxsi arxivləri ilə yanaşı, qorunur, stasionar sərgilərdə nümayış olunur. Şəhid olan 484 gəncin ikisi – rəssam Vaqif Əhmədov, fotoqraf Rəhman Qəhrəmanov öz həyatlarını bir vaxtlar muzeylə bağlamışdılar…

Sumqayıtın Tarixi Muzeyi şəhərin tarixi ilə yanaşı, bütövlükdə Azərbaycanı – onun keçmişini, mədəniyyətini əks etdirən bir tarix yaşadır. Məlum səbəblərdən Qərbi Azərbaycanın Qafan rayonu Nəcəfi kənd tarix-diyarşünaslıq muzeyindən “qaçqın” düşən tarixi-məişət əşyaları illər uzunu muzeyin sərgi zalında “Bir elin harayı” adı altında nümayiş olunmuşdur. Zəngəzur-Göyçə ellərindən, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarından toplanmış bu eksponatlar kənd təsərrüfatı alətləri, ev əşyaları olmaqla geniş tamaşaçı kütləsinin marağına səbəb olmuşdur.

Erməni vəhşiliklərini tablolara köçürən sumqayıtlı rəssamların – Maqsud Cəfərovun, Nizami Dadaşovun fərdi sərgiləri 1992-ci ildə “Azadlığa doğru” sərlövhəli sərgidə ilk olaraq “Sumqayıtın Tarixi” Muzeyində ictimaiyyətə təqdim olunmuşdur. Sumqayıtlı gənc rəssam İntiqam Ağayevin kətan üzərində yağlı boya ilə işlədiyi tablolar illər sonra Qarabağ mövzusunun davamı olaraq muzeyə gələnlərə təqdim olunmuşdur. Bu kimi sərgilər təkcə mövzu aktuallığını qorumur, eləcə də şəhərimizin istedadlı sənət sahibləri ilə auditoriya arasında bir bağlılıq, bir doğmalıq yaradır. Əməkdar incəsənət xadimi, uzun müddət şəhərin baş rəssamı olmuş Vaqif  Nəzirov, gənc rəssam Nəsibə Şükürova ilə keçirilmiş yaradıcılıq görüşləri bu qəbildəndir.

İctimaiyyətin köməyi sayəsində ərsəyə gəlmiş muzey bu gün də peşəkar elm, mədəniyyət ocağı kimi respublikanın muzey müəssisələri arasında özünəməxsus yer tutur. Şəhərdə baş verən ictimai-siyasi hadisələr, mədəni-maarif sahəsində yaranan dönüş, əldə olunan uğurlar muzeyin tərtib və təsdiq olunmuş ekspozisiyalarında öz əksini tapır. Muzey fondunun materialları həmçinin ictimai-siyasi xarakterli ümumşəhər tədbirlərində də nümayiş olunur. Bu mənada Sumqayıtın 55, 60 və 65 illik yubileyləri ilə əlaqədar keçirilən tədbirləri xatırlatmaq kifayətdir. Həm muzeydaxili, həm də muzeydənkənar keçirilən yubiley tədbirlərində özünəməxsus mövqedən çıxış edən, Sumqayıtın tarixini qarış-qarış yaşadan, öyrənən və öyrədən “Sumqayıtın Tarixi” Muzeyi daxili potensialının hansı səviyyədə olduğunu artıq sübut edə bilib. Şəhərin 60 illik yubileyinə hədiyyə – “Mədəniyyətin tərəqqi ünvanı – Sumqayıt” kitabı muzey fondunun materialları əsasında elmi heyət tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycanda  muzey  işinin  yaxşılaşdırılması  haqqında“ 6  mart  2007-ci  il, “Azərbaycan  regionlarında  fəaliyyət  göstərən  muzeylərin  müasir  standartlara  uyğun  təmirinə, yeni  avadanlıq  və  zəruri  eksponatlarla  təchizatına  dair  xüsusi  tədbirlər  planının  təsdiq  edilməsi  haqqında”  22  may  2009-cu  il  tarixli  sərəncamlarına  müvafiq  olaraq  əsaslı  təmir  olunmaqla ,  yenidən  qurulan  muzey  2010-cu  ildən  qonaqları yeni, daha müasir  memarlıq görkəmində qəbul  edir.

DSC_0012“…Səhra  da  ucsuz – bucaqsız, küləklər  də  şiddətli,  günəş  də  amansız  idi, lap  tale  kimi. Sahil  boyu  qumsallıqda  iz  qoya – qoya karvan  gedirdi…”.  Muzeyin  birinci  mərtəbəsindəki  ekspozisiya  zalında  Sumqayıt  haqqında  xüsusi  vasitə ilə səsləndirilən əfsanə  burada  nəfis  tərtibatda  hazırlanmış,  XVI – XVII əsrlərin  qumlu Sumqayıt çöllərini, bu yerlərdən uzanıb gedən karvan yollarını əks  etdirən  maketə  aydınlıq  gətirir. Əfsanədən  gerçəkliyə  “adlayan”  muzey bələdçisi  eradan  əvvəl  II əsrdən  etibarən Çinin  Sinan  şəhərindən  başlayaraq,  Şərq  ölkələrindən  keçən  Böyük  “İpək  yolu”nun bir  qolunun orta əsrlərdə  Xəzərə  yaxın olan Sumqayıt  ərazisindən baş alıb getdiyini  söyləyir. Maketə  yaxın  xüsusi  vitrinlərdə  yerləşdirilmiş  etnoqrafik məişət əşyalarının əyaniliyini əsas tutan ekskursiya  aparıcısı buradakı  nəzər-diqqəti çəkən  XII əsr  tarixli  şirlənmiş  şərab  dolçasının  vaxtilə  Sumqayıt  ərazisindən keçmiş  tacirlərdən  birinə  məxsus olduğunu  da  xüsusi  vurğulayır.

Dayaz  çöl çayı  kimi  adı  hallanan  Sumqayıtçayın  adını  daşıyan  şəhərlə  bağlı  ətraflı məlumat  ikinci mərtəbənin  ekspozisiya  zalında tamamlanır. Səhralıqda  salınmış  ilk tikililərin maketləri Azərbaycanın sovetlər dövründə bərqərar olmuş  sosialist  Sumqayıtının  yarandığını diqqətə çatdırır, şəhərimizin istər sənaye – kimya, metallurgiya  mərkəzi,  istərsə  də  elm,  maarif, səhiyyə, mədəniyyət  ocağı, dostluq  ünvanı  olduğunu  xatırladır. Beləliklə,  muzey  fondunun eksponatları sayəsində  XX əsrin  Azərbaycan möcüzəsi – Sumqayıt sanki göz  önündə  ucalaraq, böyüyür, inkişaf  edir, Odlar Yurdunun ayrılmaz bir hissəsi kimi müstəqillik yollarında inamla addımlayır.

Muzeyin  kiçik  ekspozisiya  zalında “Vətən  uğrunda  ölüm –  həyatın  davamıdır “ fikri  qəhrəman sumqayıtlı  oğul  və  qızlarımızın  keçdiyi  şərəfli  yola  işıq  salır.  Onu da qeyd  etmək vacibdir ki, “Sumqayıtın Tarixi” Muzeyində respublikada  ilk dəfə  olaraq   daimi   fəaliyyət  göstərən “Şəhidlər  qalereyası” yaradılmışdır. Sumqayıtlı şəhidlərin buradakı vitrinlərdə  yerləşdirilmiş şəxsi arxivlərindən  seçmələr, onlara  məxsus  geyimlərin , əşyaların nümayişi, mövzu  ilə  səsləşən  “Ulduz  axını” abidəsi, sumqayıtlı  rəssamların  rəngkarlıq  nümunələri  Azəri  yurdunun  bir  parçası  olan Sumqayıtın  mübarizliyini, mətinliyini  sübut  edir.

Ulu öndər  Heydər  Əliyevin  Sumqayıt  səfərlərinə  həsr  olunmuş  ekspozisiya zalı  ilə  tanışlıq, burada  nümayiş  olunan  sənədlər, fotoşəkillər, fotoalbomlar, kitablar, qəzet  və  jurnallar  toplusu  isə  müdrik rəhbərin “Sumqayıt  bütün  Azərbaycanın  gözəl  təcəssümüdür”  fikrini  əsaslandırır. Ekspozisiya  zalının tən  ortasında sanki  Xəzərin  qumsallığında  cücərib  qol–budaq  atmış, Sumqayıtın  yaranmasını, inkişafını  göstərən, üzərinə zər vərəq  çəkilmiş rəmzi ağac  zalın  ümumi  görünüşünə bitkinlik, tamlıq  gətirir.

Əsas mövzu ekspozisiyası ilə yanaşı “İlham Əliyev və yeniləşən Sumqayıt”, “Muzeyimizin fondlarından”  kimi daimi sərgilərin də nümaişi həyata kecirilir.

İş planına uyğun fəaliyyət göstərən muzey əsasən üc istiqamətdə — toplama, elmi-tədqiqat, elmi-maarifləndirici işlər əsasında hər il nəzərdə tutulmuş mövzular üzrə muzey əhəmiyyətli əşyalar əldə edir, onları əsas və köməkci fondlarda 13 şöbə üzrə yerləşdirir, eləcə də fondlarda qorunan eksponatların mühafizəsini gücləndirir. Mühafizə olunan, mövzu etibarı ilə seçilən eksponatlar arasında eradan əvvəl XII – XI əsrlər yadigarı olan saxsı qablara da rast gəlinir, müasir dövr sumqayıtlı yazarların kitablarına da. Sumqayıtlı qurucuların muzey fondunda qorunan şəxsi arxivlərini vərəqlədikcə ömrünün 68-ci baharını qarşılayacaq Sumqayıtın kecdiyi şərəfli yol kino lenti kimi göz önündə canlanır… Eləcə  də  şəhər  sakinlərinin   muzeyə  hədiyyə  etdikləri  məişət  və  etnoqrafik  əşyalar  Sumqayıtın ərazi  tarixinin  qədimliyinə inamı daha da artırır.

Şəhər  sakinləri  ilə  səmimi  münasibət  quran  muzey  kollektivi üzərinə  düşən  ekskursiya  normalarını  yerinə  yetirməklə  yanaşı, stasionar, səyyar  sərgilərin  tərtibatı,  yerlərdə  mühazirələrin  təşkili, dövri  mətbuat, yerli  televiziya  vasitəsilə  fəaliyyətinin  işıqlandırılmasını  da  təmin  edir.

Ümumşəhər  tədbirlərində, xüsusilə də ölkəmizdə geniş miqyasda keçirilən  Novruz  şənliklərində milli-etnoqrafik əşyaları nümayiş etdirməklə iştirak edən muzey kollektivi respublika əhəmiyyətli tədbirlərdə də fərqlənməyi bacarır. 2015-ci ildə Azərbaycan kimyasının 70 illik yubileyinin məhz  muzeyimizdə qeyd olunmasını, mövzu ilə əlaqədar fond materialları əsasında yüksək səviyyədə tərtib olunmuş sərginin nümayişini, eləcə də  hər il aprel  ayında  Bakı  “Ekspo  Mərkəzi”ndə  təşkil edilən  Azərbaycan  Beynəlxalq  Turizm  və  Səyahətlər sərgisində  muzeyin  də  iştirakını  xatırlatmaq  kifayətdir. Əlamətdar günlərə, tarixlərə həssaslıqla yanaşan, tarixi günlərin tədbirlər, sərgilər fonunda tarixə köçməsini təmin edən “Sumqayıtın Tarixi” Muzeyi öz bayramını da yüksək əhval-ruhiyyədə qarşılamağı unutmur. Bu mənada dünya muzeylərinin iştirak etdiyi “Muzeylər baharı” aksiyasını “Açıq Qapı” günü kimi qarşılamaq ənənəyə çevirib. Muzeyin sadiq qaldığı ənənələrdən biri də burada yerli yazarların kitablarının təqdimat mərasimlərinin keçirilməsidir. Bu xüsusda nəfis tərtibatda nəşr olunmuş “ İlham Əliyev 8 il hakimiyyətdə”, “İlham Əliyev 10 il hakimiyyətdə”, Vahid Həsənovun “ Yanar ürəkli şair”, İlqar Eminovun “Şəhidin sözləri” və s. kitabların yüksək səviyyədə təqdimatını qeyd etmək olar.

İstər  Sovet  rejiminin  hökm  sürdüyü  illərdə,  istərsə  də  müstəqillik  dövründə  Azərbaycanın  ikinci nəfəsi, dostluğun  ünvanı kimi  tanınan  Sumqayıt  qonşu  Gürcüstandan, Türkiyədən, Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, hətta  Almaniyadan, Rumıniyadan, Çindən, İtaliyadan  gələn  qonaqlarını öz tarixini  yaşadan  muzeydə  qarşılayır. Bir müddət əvvəl isə muzeyimiz  Türkiyənin  Samsun şəhəri  ilə  dostluğumuza bilavasitə ev sahibliyi edib. “Sumqayıtın Tarixi” Muzeyinin qonaqları  arasında Ulu öndərin, xalqımızın dahi rəhbəri Heydər  Əliyevin də olması kollektivimizin fərəh və sevincini əbədi və unudulmaz etmişdir.

Elmi-kütləvi, maaairfləndirici işlərdə fəal  iştirakına  görə  dəfələrlə  təltif  olunan,  mükafatlandırılan “Sumqayıtın Tarixi” Muzeyi  mübaliğəsiz  demək olar  ki,  respublikanın  muzey  müəssisələri  arasında  özünəməxsusluq  qazanmaqla  bu  gün peşəkar  elm, mədəniyyət  ocağı  kimi  tanınır. Hələ  ilk  qiymətini  SSRİ  Mədəniyyət  Nazirliyi  tərəfindən  alan  muzeyin  təltifləri  xeyli çox  olduğu kimi, bu gün qonaqları da   yetərincədir. İndiyədək bir milyondan artıq qonağa və şəhər sakinlərinə mədəni xidmət göstərmiş “Sumqayıtın Tarixi” Muzeyi özünün qarşıdan gələn 50 illik yubiley tarixini düşündürücü, maarifləndirici tədbirləri, sərgiləri ilə qarşılamağa hazırlaşır.

Sənurə  Lazımova,

Azərbaycan Jurnalistlər  Birliyinin üzvü,

                                           “Sumqayıtın Tarixi”  Muzeyinin elmi katibi.                             

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın