Menu
Geri İrəli

«Azərikimya» tərəfindən həyata keçirilən tədbirlər Sumqayıt gənclərinin diqqət mərkəzindədir

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2015 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur

 Azerkimya_bina_170812SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi tərəfindən həyata keçirilən müxtəlifyönümlü tədbirlər Sumqayıt gənclərinin diqqət mərkəzindədir

 SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi 5 ildən artıqdır ki, Sumqayıt şəhərinin ictimai, mədəni, sosial həyatında yaxından iştirak edir, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu tədbirlər sırasına Sumqayıt gənclərinin bilavasitə sağlamlığına, şəhərdə idmanın kütləviliyinin artırılmasına yönəlmiş idmanın müxtəlif növləri üzrə sağlamlıq spartakiadaları, mini-futbol, voleybol, şahmat, stolüstü tennis, səmti müəyyənetmə yarışları, xalq yazıçısı Çingiz Abdullayevlə görüş, bir sıra teatr tamaşalarının təqdimatında iştirak, «Əli və Nino» Kitab evi ilə birgə “Kitab bayramı”nın keçirilməsi, şəhər Təhsil şöbəsi ilə birgə ekologiya ilə bağlı elmi-praktik konfransların, kimya olimpiadalarının təşkili, Bakı və Sumqayıt üzrə keçirilmiş kimya olimpiadasının qaliblərinin, həmçinin Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin və  Sumqayıt şəhər orta məktəb şagirdlərinin kimya elmləri doktoru, professor Vaqif Abbasovla görüşünün keçirilməsi, Azərbaycanın gənc kimyaçılarının Respublika elmi konfransının təşkili, məktəbəqədər tərbiyə müəssisələri və ümumtəhsil məktəblərinin şagirdləri üçün silsilə layihələrin həyata keçirilməsi və s. daxildir.

Bakı şəhərindəki Tarix və İstiqlal muzeylərinə, Sumqayıtın Tarixi müzeyinə, həmçinin respublikamızın bir sıra bölgələrinin tarixi yerlərinə ekskursiyaların təşkili, Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə hər il «N» saylı hərbi hissədə zabit və əsgər heyəti ilə görüşlərin keçirilməsi, onların bayramlarının xüsusi proqramlarla təbrik edilməsi də şəhər sakinləri, ələlxüsus da gənclər tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Gənclərin diqqətini çəkən tədbirlərdən biri də «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə mütəmadi olaraq “Breyn-rinq” və “Xəmsə” bilik yarışmalarının keçirilmə­sidir. Bunu bir neçə gün bundan öncə keçirilən və Azərbaycanın Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışı zamanı müxtəlif komandaların üzvlərindən aldığımız müsahibələr də təsdiq edir. Gəlin onların bu haqda fikir və düşüncələrini  dinləyək.

 Səma Əsədova (YAP Sumqayıt şəhər təşkilatı):

          - “Azərikimya” İB-də ənənəvi olaraq keçirilən bilik yarışı biz gəncləri olduqca sevindirir. Hər dəfə bu yarışlarda intellektual səviyyəmizi nümayiş etdirir, bilmədiklərimizi öyrənirik. Bu yarışda Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatını təmsil edirdik. Fikrimcə, bu yarışma əvvəlkilərdən daha çətin oldu. Çünki həm mövzular dərin, həm də rəqiblər güclü idi. Ancaq çətin mübarizənin qaliblərindən olmaq bizi daha çox sevindirdi. “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı cənab Muxtar Babayevə və yarışın təşkilatçılığında əməyi olan hər kəsə komandamız adından təşəkkür edirik.

Elvin Dadaşov

(“Panda School” məktəbəqədər hazırlıq şəbəkəsinin direktoru):

-  Sumqayıt şəhəri gənclər şəhəri, sənaye şəhəri kimi tanınıb. Onun ən vacib resursu gənclərinin intellektual potensialıdır. Bu potensialı bir araya gətirmək üçün Azərikimya İB-nin keçirdiyi mütəmadi tədbirlər əvəzolunmazdır. Bu müəssisə nəinki bütün Sumqayıta, bütün Azərbaycana qürur gətirəcək işlər görür.

 “Master intellektual klubu”nun idarə heyətinin üzvləri:

-  “Master intellektual klubu” olaraq  4 nəfər idarə heyətindən ibarətik. Klubun prezidenti Seymur Salamov həm də respublikamızın ən yaxşı sual müəllifidir. Vüqar Ağayev sual müəllifi olaraq, həmçinin təşkilati işlərlə məşğul olur. Əsgərov Sabir klubun aparıcısı, Salamov Teymur isə klubun texniki işləri ilə məşğul olur. Klubda hər həftənin cümə günü məktəblilər, şənbə günü gənclərin asudə vaxtının səmərəli keçirməsi üçün 31 saylı orta məktəbdə intellektual oyunlar keçiririk. 10 illik təcrübəmizə arxalanaraq Bakıda, Sumqayıtda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən müəssisə və idarələrdə belə oyunlar keçiririk. Belə müəssisələrdən biri də “Azərikimya” İB-dir. Azərbaycan Respublikasının dövlət əhəmiyyətli günlərində “Azərikimya”da 20-dən çox müəssisə və idarələrinin iştirakı ilə  intellektual oyunlar təşkil edirik. Hətta son tədbirlərimizə Bakı şəhərindən müəssisələr dəvət olunur. Tədbirimizi həmişə olduğu kimi giriş sözü ilə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı hörmətli Muxtar Babayev açır. Yüksək səviyyəli təşkilatçılıq, müasir aparat sistemi, heç bir gecikmə olmadan əyləncəli, şən, olduqca gərgin məcrada davam edən oyunumuzun sonunda Muxtar Babayev özü şəxsən qalibləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır. “Master intellektual klubu” olaraq təklifimiz ondan ibarətdir ki, cəmiyyətimizin, insanların, gənclərin maariflənməsi, asudə vaxtlarının səmərəli keçməsi, ölkəmiz, dünya haqqında daha çox məlumatlı olması aspektindən belə yarışların mütəmadi keçirilməsi məqsədəuyğundur.

 Lalə Bədəlova (H.Əliyev adına Bakı Neft Emalı zavodu):

- Biz Bakıdan dəvət edilmişik. Əvvəllər “Azərikimya” İB tərəfindən gənclərə yönəlmiş bir çox yüksək səviyyəli tədbirlərin keçirildiyini eşitmişdik. Bu gün isə bunun canlı şahidi olduq. Yarış çox peşəkar səviyyədə təşkil olunmuşdur və burada iştirak etməkdən zövq aldıq. Tədbirin müxtəlif təşkilatlarda çalışan gəncləri əhatə etməsi, onları birləşdirməsi və tanış olub dostlaşmasına şərait yaratması, xüsusilə müsbət və ürəkaçan haldır. Sumqayıt gənclər şəhəri statusunu bir daha təsdiq etdi. Biz gələcəkdə daha çox bu qəbildən tədbirlərdə iştirak etməyi arzu edirik.

  Əli Mirzəyev (QWERTY tədris mərkəzinin İcraçı direktoru):

- “Azərikimya” İB-nin keçirdiyi bütün intellektul yarışlarda komandamız iştirak edir. Bu möhtəşəm təşkilatçılığı ilə seçilən yarışlar deyərdim ki, intellektual sferaya verilən ən böyük dəyərdir. Buna görə də biz yarışın təşkilatçısı olan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri cənab Muxtar Babayevə QWERTY tədris mərkəzi adından təşəkkürümüzü  bildiririk. Yarışların çox maraqlı keçməsi biz gəncləri xüsusən sevindirir.

 Anar Qəhrəmanov (“Asan Xidmət” mərkəzinin qrup rəhbəri):

- “Azərikimya” İB-də keçirilən yarışla əlaqədar olaraq onu deyə bilərəm ki, bizim qrupun bütün üzvləri yarışdan sonra müsbət aura ilə “Asan Xidmət”ə qayıtdıq. “Xəmsə” intellektual oyunu çox gözəl və maraqlı təşkil olunmuşdu. Oyunda 20 komanda iştirak edirdi. “Xəmsə” klubunun bütün üzvlərinə öz təşəkkürümüzü bildiririk. “Asan Xidmət”in rəhbərliyi və kollektivi adından başda “Azərikimya” İB-nin rəhbərliyi olmaqla, bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildirir, belə yarışların tez-tez keçirilməsini və bizə də dəvət göndərilməsini arzu edirik.

 Gülnar Tanrıverdiyeva

(QAC Sumqayıt şəhər bölməsinin gənclər üzrə təlimatçısı):

- Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi “Azərikimya” İB-nin təşkil etdiyi bütün tədbirlərdə iştirak edir. Belə tədbirlərdən biri də “Breyn-rinq” bilik yarışmasıdır. Bütün bilik yarışlarında könüllülərimiz iki komanda ilə təmsil olunmuş və komandalarımızın ən azından biri ilk yerin sahibi olmuşdur. Ədalətli şəkildə keçən yarışlar çox yüksək səviyyədə təşkil olunur. Belə ki, sözün əsl mənasında, sağlam mübarizə gedir. Komandalarımızın hər ikisi, xüsusilə də qalib komandamız son yarışdan da çox gözəl təəssüratlarla ayrıldı. Belə maraqlı bilik yarışmalarını təşkil etdiklərinə görə kollektivimiz adından “Azərikimya” İB-nin rəhbərliyinə və təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu yarışlar mütəmadi olaraq keçirilsə, biz –  Sumqayıt gəncləri bundan çox məmnun olarıq.

 ***

 Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə keçirilən “Breyn-rinq” və “Xəmsə” bilik yarışmalarının əhatə dairəsi getdikcə genişlənməkdədir. Artıq yarışlarda «Azərikimya» İB-nin idarə və müəssisələrinin təmsil olunduğu komandalarla bərabər, Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Qafqaz və Sumqayıt Dövlət Universitetinin, Fövqəladə Hallar Nazirliyinin Sum­qayıt Regional İda­rə­sinin,  H.Əliyev adına Bakı Neft Emalı zavodunun,  YAP Sumqayıt şəhər təşkilatının, şəhər təhsil şöbəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifi­kat­laş­dırma İda­rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə və şəhər Polis İdarələrinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin,  “N” saylı hərbi hissənin, “Asan Xidmət”in və digər müəssisələrin komandaları da böyük istəklə iştirak edirlər. Bütün yarışlarda qalib komandalara «Azərikimya» İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitə­si tərəfindən fəxri diplomlar və mükafatların təqdim olunması yarışlara marağı bir az da artırır.

«Azərikimya» İstehsalat Birliyi Sumqayıt şəhərinin ictimai, mədəni və sosial həyatında yaxından iştirak etməyi, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirləri bundan sonra da davamlı olaraq həyata keçirməyi özünün prioritet istiqamətlərindən sayır.

Rafiq Oday,

Əməkdar jurnalist

Facebook Şərhləndirmə:

Şərhinizi yazın