Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunun tıxac dərdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2017 • Baxış sayı: 1,402 dəfə • Şərh yoxdur

Sürücülər bunun əsas səbəbini yerüstü piyada keçidinin düzgün quraşdırılmamasında görürlər

Bakı-Sumqayıt yolunda, “20 Yanvar” metro stansiyasından “Xırdalan” dairəsi istiqamətində demək olar ki, hər gün uzun tıxaclar müşahidə olunur. Bu tıxaclar bəzən 30-35 dəqiqə davam edir. Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, tıxacın yaranma səbəblərini öyrənib.

Sürücülər sıxlığın yaranmasının əsas səbəbini Ekologiya postuna çatmamış, yerüstü piyada keçidinin düzgün quraşdırılmamasında görürlər. Yolun bir hissəsi 4-5 zolaqlı olsa da, avtomobillər bu dar keçidə çatan zaman dəqiqələrlə tıxacda qalırlar.

Müşahidəmiz zamanı aydın oldu ki, piyada keçidi salınarkən ana yola qoşulan köməkçi yoldakı nəqliyyatın hərəkəti üçün yol nəzərə alınmayıb. Sağ tərəfdən əsas yola çıxmaq istəyən avtomobillər məcburiyyətdən intensiv hərəkət edən avtomobillərin qarşısına çıxırlar. Bu zaman sürət həddi azalır, nəticədə uzun tıxaclarla yaranır.

baki-sumqayitSürücü Ağakişi Məmmədov vəziyyəti belə izah etdi: “İllərdir ki, ”20 Yanvar” metro stansiyasından Mehdiabad qəsəbəsinə sürücü işləyirəm. Bakı-Sumqayıt yolunun ən uzun tıxacı burada yaranır. Bəzən elə günlər olur ki, saata yaxın gözləməli oluruq. Buna baxmayaraq, bu tıxac problemini həll edən yoxdur. Tıxacın yaranma səbəbi yerüstü piyada keçidinin ensiz olmasıdır. Keçidi 3-4 metr də uzatsaydılar problem həll olunardı. Köməkçi yoldan gələn avtomobillər məcbur birbaşa əsas yola çıxırlar. Bu zaman aləm bir-birinə qarışır. İndi məcbur təpələri söküb, yol çəkirlər. İş günlərində 30-35 dəqiqə, istirahət günlərində isə 15 dəqiqə tıxacda qalırıq. Axşam saat 6-dan sonra tıxacın bir ucu “Şamaxinka” dairəsində, bir ucu isə “Xırdalan” dairəsinədək uzanır. Düşünürəm ki, köməkçi yolları bağlasalar, hamı əsas yolla hərəkət edər, tıxac bu qədər uzanmaz”.

Tıxacın yaranma səbəblərindən biri də piyada keçidinin altında avtobus dayanacağının olmasıdır. “20 Yanvar” istiqamətindən gələn marşrutlar burada qısa fasilələrlə dayanıb sərnişin götürürlər. Belə olan halda tıxac qaçılmaz olur. Tıxac yaranan hissə bir neçə gündür genişləndirilmə işləri aparılsa da, asfaltlanma hələ aparılmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov musavat.com-a açıqlamasında Ekologiya postu istiqamətində yaranan tıxacın qarşısını almaq üçün lazımi işlər aparıldığını bildirdi: “Ekologiya postuna çatmamış keçid altında yol genişləndirilir. Hazırda orada yolun genişləndirilməsi aparılır və qısa zamanda işlər başa çatacaq. Keçidin ensiz olması ilə bağlı bir şey deyə bilmərəm. Bildiyim qədər həmin yol 10 metrdən artıq genişləndirilir. Bununla yanaşı, Abşeron şəhərciyi tərəfdə piyada keçidi də qoyulur. Mənim xidməti ərazim olmadığından suallarınızı tam cavablandıra bilmirəm. Xidmətlə əlaqədar hesabat verməyə gedən zaman görürəm ki, Ekologiya postu istiqamətində hərəkət edərkən tikinti işləri ilə bağlı işlər gedir, bu da sıxlıq yaradır. Yaxşı olar ki, siz həmin əraziyə gedib hər şeyi aydınlaşdırasınız”.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli tezliklə problemin aradan qalxacağını bildirdi:“Hazırda Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyi daha da genişləndirilir. Əsas məsələ odur ki, Şamaxı və Sulutəpə istiqamətinə gedən nəqliyyat vasitələri yeni çəkilən yolun sağ zolağı ilə hərəkət edəcəklər. Bu da müəyyən qədər sıxlığın azalmasına səbəb olacaq. Bu problem tezliklə həllini tapacaq”.

tic.jpg (70 KB)
Məğrur MƏRD,
Foto müəllifindir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın