Menu
Geri İrəli

Bu gün Ərdoğan İrana gedir – kritik səfərdə Azərbaycan məsələsi…

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2017 • Baxış sayı: 61 dəfə • Şərh yoxdur
Share Button

da03116b147937fe5a8e881fd14529c8ABŞ bölgənin üç nəhəng dövlətini birləşdirir; Putinlə “saat əqrəblərini təzəcə tutuşduran” Türkiyə lideri Ruhani ilə anlaşa biləcəkmi? Bölgə və Avropada qəlizləşən proseslər, separatizm “paradı” fonunda Bakı da öz böyük qonşuları ilə uzlaşmış siyasət yürütmək zorundadır; ermənilərin Qərbə ümidlənməsində fəlakətli yanlış…

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfəri başlayır. Xəbər verildiyi kimi, səfərdən bir neçə gün qabaq Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Tehranda olub və iranlı həmkarı, general-leytenant Məhəmməd Baqiri ilə müzakirələr aparıb. Bu da şəksiz ki, Ərdoğanın bugünkü ziyarətinin siyasi sanbalına dəlalət edən olaylardandır.

Hər iki səfərdə əsas mövzunun Şimali İraqda sentyabrın 25-də keçirilən referendum, iki ölkə arasında əməkdaşlıq, hərbi əlaqələr, sərhəd təhlükəsizliyi, qaçaqmalçılıqla mübarizə, Suriya böhranı və digər regional problemlərin olduğu deyilir.

*****

Xatırladaq ki, təxminən iki ay əvvəl general M.Baqiri Türkiyədə olmuş və Ərdoğan tərəfindən də qəbul edilmişdi. Şübhə yox ki, Türkiyə prezidentinin İran səfərində əsas müzakirə predmeti də bölgədəki kürd separatizmi ilə bağlı təhlükələr və onların önlənməsi yolları, regional təhlükəsizlik problemləri olacaq.

Diqqətçəkici məqamlardan biri də Ərdoğanın kritik İran səfərinin onun Rusiya lideri Vladimir Putinlə görüşündən cəmi bir həftə sonraya təsadüf eləməsidir. Rusiya mediası Putinin səfəri ilə bağlı yazmışdı ki, Kreml başçısı Ankarada Ərdoğanla “saat əqrəblərini tutuşdurub”. Bu mənada qardaş ölkə başçısının İran prezidenti ilə də “saatları yoxlamaq” üçün yaxşı bir fürsətin yetişdiyini söyləmək mümkündür. Hər halda, V.Putinlə 1.5 saatlıq görüşdə Türkiyə rəhbəri yəqin ki, rusiyalı həmkarının “İraq Kürdüstanı” məsələsində də mövqeyini dəqiqləşdirib. Demək, İranla bu mövzunun müzakirəsinin nəticə baxımından daha məhsuldar olması gözləniləndir.

Image result for Erdoğan Ruhani

*****

Bütövlükdə son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının əhəmiyyətli dərəcədə özünü büruzə verdiyini söyləmək olar. Doğrudur, söhbət daha çox Suriya böhranının həlli məsələsində üçlü formatda əməkdaşlıqdan gedir. Ancaq o da bir gerçəklikdir ki, bir böhranlı məsələdə özünü doğruldan əməkdaşlıq formatı digər regional problemlərlə bağlı da uğurlu şəkildə sınaqdan keçə bilər. Hərçənd, Ankara, Moskva və Tehranın bölgədəki maraqlarının tam üst-üstə düşdüyünü söyləmək də düzgün olmazdı. Bu da təbiidir.

Türkiyə-Rusiya əlaqələrinin isə ələlxüsus son bir ildə xeyli inkişaf etdiyini qeyd etməmək olmur. Moskva və Ankara hətta hərbi və hərbi-texniki sahədə axır bir ildə xeyli qabağa gedərək, ikitərəfli əlaqələri NATO-nun belə qibtə edəcəyi səviyyəyə çatdırıb. S -400 sistemləri ilə bağlı anlaşma bu qəbildəndir. İqtisadi-ticari, energetik, humanitar sahələrdə əlaqələrin inkişafı da öz yerində.

Image result for Erdoğan Putin

Bu isə ən əvvəl Qərbin, ABŞ-ın ağır sanksiyaları altında olan Moskvaya lazımdır. Başqa sözlə, Qərbin regional supergüc kimi qardaş ölkəyə münasibətdə axır bir neçə ildə yürütdüyü səbatsız siyasət, o sırada hərbi çevriliş cəhdində uğursuz iştirakı, qısası, Ankaranın köklü maraqlarının qulaqardı eləməsi ən çox Rusiyanın “çörəyinin üstünə yağ” sürtməkdədir. Təbii ki, Kremlə əməkdaşlıqda Ankaranın özünün də əldə elədiyi ciddi dividentlər var.

*****

Əksər ekspertlər isə prosesin Türkiyənin Qərbdən qopması yönündə getdiyi barədə xəbərdarlıq etməyə başlayıblar. Məsələn, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Türkiyə-Rusiya yaxınlığında elə Qərbin özünü günahkar sayıb və səbəbləri sıralayıb.

Image result for Elxan Şahinoğlu

Sitat: “Get-gedə Türkiyə Qərbdən qopur. Bunun səbəbkarı qardaş ölkə yox, Amerika və Avropa Birliyinin yürütdüyü siyasətdir. Avropa Birliyi 10 illərdir çox aşağılayıcı şəkildə Türkiyəni öz qapısında gözlədir. Birlik şərtlər irəli sürür, ardınca yeni şərtlər də ortaya atır. Sonra isə müxtəlif bəhanələr gətirir. Guya Türkiyədə insan haqları pozulur. Halbuki Türkiyə deyir ki, ərazinizdə terrorçular gizlənib, onu bizə təhvil verin və imkan verməyin silahlar alsınlar. Amma o terrorçuların biri də təhvil verilmir. Nəticədə Türkiyədə Avropaya qarşı qəzəb yaranır. Yaxud Fətullah Gülən Pensilvaniyada rahat şəkildə yaşayır, ev həbsində belə deyil. Halbuki qardaş ölkədə 250 nəfərdən artıq insanın ölümünə baiskar olan şəxsdir. Türkiyə əleyhinə də fəaliyyətinə davam edir. Bundan əlavə, rəsmi Ankara dəfələrlə Amerikaya deyib ki, Suriyada düşmənim olan terrorçulara silah verməyin. Lakin Amerika buna məhəl qoymadı, yenə də silah verməkdə davam edir. Belə olan halda Türkiyə məcburən alternativ yollar axtarır. Alternativlərdən biri də Rusiya ilə əməkdaşlığın genişləndirilməsidir. Düzdür, biz Azərbaycan olaraq, Rusiyanın siyasətindən narazıyıq. Amma Rusiya-Türkiyə yaxınlığını anlayırıq. Avropa dövlətləri ilə Türkiyənin əlaqələrində ciddi problemlər aradan qalxmayınca, Rusiya-Türkiyə münasibətləri dərinləşəcək”.

*****

Ankara-Moskva münasibətləri isə bəlli səbəblərdən Azərbaycan üçün məxsusi önəm kəsb edir – istər bu münasibətlər sərin olsun, istərsə də isti. İki dövlətin yaxınlaşması ilk növbədə də Dağlıq Qarabağ məsələsi kontekstində əhəmiyyətlidir. Nəzərə alsaq ki, son vaxtlar regionda, hətta Avropada “separatizm” paradı başlayıb, üstəlik, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin ixtisara salınması, yəni rəsmi Vaşinqtonun Qarabağ məsələsində bir qədər kənara çəkilməsi haqda fikirlər ortaya çıxıb, o zaman Ankara-Moskva, hətta Ankara-Tehran əməkdaşlığının Bakı üçün önəmi artmış sayıla bilər. Hər necə olmasa, Qarabağ ixtilafının yekun çözümündə regionun böyük dövlətlərinin mövqeyi və razılığı aparıcı olacaq.

Image result for kreml

Hərçənd, işğalçı Ermənistan, erməni separatçıları İraq Kürdüstanında və Kataloniyadakı referendumdan sonra daha da ümidlənmiş görünürlər. İddialar var ki, Qərb, nəhayət, bu referendum “paradı”nda Dağlıq Qarabağ separatçılarına da “eyni gözlə” baxacaq. Halbuki dəfələrlə vurğuladığımız kimi, erməni xalqı öz müqəddəratını artıq təyin edib.

“Ermənilər çıxış yolları axtarırlar. Bu üzdən də Avropaya ümidləri çox böyükdür”. Bunu axar.az -a açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib. Lakin politoloq hesab edir ki, əgər Qərbə meyllənmələr fonunda İrəvan separatçı rejimə dəstək vermək fikrinə düşübsə və bu mənada Avropanın onlara kömək göstərəcəyinə ümid edirsə, yanılır. “Çünki Avropanın özündə çox güclü separatçılıq tendensiyaları baş qaldırıb. Ona görə aparıcı Avropa dövlətləri Ermənistanı heç vaxt bu məsələdə dəstəkləməyəcək. Çünki Qərb başa düşür ki, əks halda bu, domino effekti yarada bilər”, – deyə politoloq əlavə edib.

*****

Bütün hallarda artıq nəinki bölgədə, bütövlükdə dünyada proseslər yetərincə mürəkkəb bir ssenari üzrə inkişaf eləməyə başlayıb. Azərbaycanın bu prosesdən uduşlu çıxması üçün daha diqqətli olması və qardaş ölkə başqa olmaqla, böyük qonşuları ilə maksimum uzlaşmış siyasət yürütməsinin əhəmiyyəti artıb. Ən azından, Qarabağ və Güney məsələsinə görə. Çünki Qərbin (ABŞ-ın) “Orta Şərq” projesi çərçivəsində əsas hədəfləri sırasında İran da var.

Ərdoğanın bugünkü İran səfərinə həm də bu prizmadan baxıla bilər.

musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın