Menu
Geri İrəli

“Buta Airways” ilk reysini həyata keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2017 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur
Share Button

 

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti olan “Buta Airways” bu gün ilk reysini Gürcüstanın paytaxtı Tbilisi şəhərinə həyata keçirib.

APA-Economics” xəbər verir ki, Tbilisi beynəlxalq aeroportunda təyyarənin rəsmi qarşılanma mərasimi keçirilib. İlk aviareysin sərnişinlərini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Buta Airways”in nümayəndələri qarşılayıblar.

Aeroportda jurnalistlərə açıqlama verən “Buta Airways” şirkətinin baş direktoru Cəmil Manizadə bildirib ki, ilk reysə tələbat təxminən 100% səviyyəsində olub.

Şirkət rəhbəri əlavə edib ki, aviaşirkətin biletlərini iki ay öncədən əldə etmək ən optimal variantdır: “Artıq noyabr ayı üçün kifayət qədər bilet satışını həyata keçirmişik. Hazırda Bakıdan Kazan, Mineralnıye vodı, Moskvaya, habelə Moskva-Gəncə aviareyslərinə bilet satışı açıq elan olunub”.

C. Manizadənin sözlərinə görə, qış aylarında uçuş coğrafiyası Sankt-Peterburq, İstanbulun Sabiha Gökçe aeroportları ilə genişlənəcək: “Hazırda “Buta Airways” üçün potensial ola biləcək istiqamətlər nəzərdən keçirilir. Biz daha çox tələbat olan istiqamətlər üzrə uçuşlara başlamışıq. Ancaq əminliklə deyə bilərəm ki, bu sahədə genişlənmə olacaq”.

Qeyd edək ki, ilk mərhələdə aviaşirkət Tbilisidən əlavə Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

Xatırladaq ki, loukost aviaşirkət olaraq “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.

Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə  qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.

“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz olaraq paylanılır. Jurnal həm Azərbaycan vətəndaşlarına, həm də Heydər Əliyev Aeroportu vasitəsilə səyahət edən qonaqlara və tranzit sərnişinlərə eyni dərəcədə maraqlıdır. Jurnalda ölkəmizdə və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın