Menu
Geri İrəli

Ermənistana yeni “aprel qulaqburması” çox vacibdir – TƏHLİL

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2016 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

ermeni“Aprel döyüşləri” cəmiyyətdə 2016-cı ilin Dağlıq Qarabağ danışıqlarında ciddi irəliləyiş ili olacağı təəssüratını yaratmışdı.

Böyük dövlətlərin məsələyə çevik reaksiyası, Rusiya, ABŞ, Avropa Birliyi, ATƏT və BMT-nin ən üst səviyyədə məsələdən ciddi narahatlıq ifadə etmələri, Azərbaycan və Ermənistan prezidentlərinin qısa müddətdə Vyana (16 may) və Sankt-Peterburq (20 iyun) görüşlərinin təşkil olunması və  sanki danışıqlar prosesindəki öz passiv rolu ilə barışmış Minsk qrupunun yeni fəallığı cəmiyyətdə belə ümidlərin yaranmasına əsas vermişdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyan arasında baş tutan görüşlərdən sonra səslənən fikirlər isə 20 ildən artıq davam edən problemin həlli ilə bağlı final xəttinə yaxınlama inamını yaradırdı.

Lakin proseslərin sonrakı inkişafı bunun heç də belə olmadığını göstərdi. Diplomatik mənbələr masa ətrafında müzakirə edilən istənilən həll planında ilk olaraq Azərbaycanın işğal altındakı 7 rayonun azad olunmasının nəzərdə tutulduğunu, Sarkisyan  hakimiyyətinin isə bu məsələdə güzəştə getməyə hazır olduğunu xəbər versə də, avqust ayından başlayaraq situasiya dəyişdi.

Hazırda danışıqlar prosesində durğunluq, aprel döyüşlərinə qədər olan sükut hakim olub. Ermənistanın ənənəvi qeyri-konstruktiv danışıqlar metoduna qayıtması, prezidentlərin yeni görüşü ilə bağlı prosesi ləngitməsi, Azərbaycana qarşı aqressiv ritorikasını artırması və işğal atındakı Ağdam rayonunda nümayişkəranə şəkildə hərbi təlimlər keçirməsi yalnız bir amillə bağlı ola bilər – rəsmi Yerevan yeni “aprel qulaqburması” istəyir.

Bunu sübut etmək üçün erməni mediasına göz atmaq kifayətdir. Gündəlik xəbərlərin bir hissəsi təmas xəttində yeni mühəndis-istehkam işlərinin görülməsi, postların yeni gecəgörmə cihazları, kameralar və adı açıqlanmayan  digər texniki avadanlıqlarla təmin olunması, aprel döyüşlərinin ssenarisi əsasında bütün korpuslarda hərbi təlimlərin keçirilməsini ilə bağlıdır.

Bu xəbərləri oxuyarkən yaranan təəssürat rəsmi Yerevanın yeni müharibəyə maksimum tez hazırlaşamağa çalışdığını göstərir.

Son 5 ayın diplomatik oyunları sanki Yerevanın aprel şokundan sonra vaxt qazanmaq istəməsindən xəbər verir. Xüsusən, 21 sentyabr paradından sonra Ermənistan rəhbərliyinin növbəti kompromissiz çıxışları, Seyran Ohanyanın “bir qarış torpağı da qaytarmarıq” mesajı bundan xəbər verir.

Rəsmi Yerevanın cürətlənməsi bir neçə faktorla – ən əsası isə Rusiyadan 200 milyon dollar dəyərində alınacaq silahların böyük hissəsinin ordunun arsenalına daxil olması ilə bağlıdır.

Belə ki, “aprel döyüşləri” sırasında yalnız Milli Ordunun arsenalında olan “Smerç” reaktiv atəş sistemləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksi, “TOC-1A” ağır artilleriya sistemləri Yerevandakı paradda da nümayiş olundu. Bu, “aprel döyüşləri”ndən sonra Ermənistanın qısa müddətdə Rusiyadan yeni silahlar aldığını və döyüşlərin ilk vaxtlarında “sülhpərvər” obrazda çıxış edən Sarkisyanın yalnız vaxt qazanmaq üçün çalışdığını göstərir. Bu da azmış kimi Ermənistan Azərbaycan Ordusunun arsenalında hələ ki olmayan “İsgəndər-E” operativ-taktiki raket kompleksini də sərgilədi. Bakıya əzələ nümayiş etdirən Sarkisyan yeni “aprel müharibəsi”nə hazırlığı davam etdirməkdə olduğunu göstərir.

Ermənistan hakimiyyətinin, ümumilikdə cəmiyyətinin hazırkı rəyi, psixoloji durumuna nəzər saldıqda onların Qarabağ danışıqlarında güzəştlərə hazır olmadıqlarını və məsələyə maksimalist mövqedən yanaşdığını görmək olar. Bunu danışıqlarda mümkün güzəştlərə etiraz edərək Yerevanda polis alayının binasını ələ keçirən “Sasna Tsrer” qruplaşmasına sadə vətəndaşların dəstək verməsi də göstərdi.

Bir sözlə, Ermənistan ikinci aprel istəyir. Lakin yeni müharibə başlasa, bu dəfə döyüşlər beş günlə kifayətlənməyəcək və Sarkisyanın rejiminin iflasına qədər davam edəcək. 2016-cı ilin aprelində yaşadıqları şoku hələ də unuda bilməyən rəsmi Ermənistanın son aylar siyası gedişi öz cəmiyyətində ruh yüksəkliyi yaratmağa köklənib.

Vüqar İSMAYILOV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın