Menu
Geri İrəli

Qarabağ danışıqları məxfi fazaya keçir – kritik gəlişmə

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2016 • Baxış sayı: 713 dəfə • Şərh yoxdur

img2087225Ya sülhün önü açılacaq, ya da müharibənin donu! ; 22 ildə ilk hərbi qələbəni dadan Azərbaycan xalqının əsas gözləntisi prosesin hərəkətverici qüvvəsinə çevrilir; Kreml və İrəvan çıxılmazda; işğalçını müşahidə kameraları yox, işğala son qoyması xilas edə bilər!; Putin Sərkisyanı güzəştə hazırlayır?..

Prezidentlərin Vyana görüşü ətrafında siyasi və hərbi ekspertlərin səviyyəsində rəy və dəyərləndirmələr davam edir. Lakin görüş bağlı qapılar arxasında keçdiyindən və mətbuata çox xəsis açıqlamalar verildiyindən, təbii ki, hələlik Azərbaycan üçün qəti neqativ və ya pozitiv qiymətdən danışmaq tezdir. Yəqin ki, bir sıra detallara tədricən, önümüzdəki həftələrdə aydınlıq gələcək.    

Bununla belə, bəzi rəsmi və ekspert açıqlamaları diqqət çəkir. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz bildirib ki, gələn ay – prezidentlərin görüşünün planlaşdırıldığı iyun ayı “problemin hərtərəfli həllinə gətirəcək”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Vyana görüşünü ümidverici adlandırıb.
Öz növbəsində prezident Putinin səlahiyyətli şəxslərindən olan və “ilin sonunadək ən azı 5 rayon qaytarılacaq”kimi sensasiyalı açıqlamanın müəllifi Sergey Markov “hər şeyin Rusiya planı üzrə getdiyini və tezliklə ”Kazan formulu”na çıxmağın mümkünlüyünü” dilə gətirib.
Bəzi ehtimallara görə, yeni situasiyanın ciddiliyini fərq edən Rusiya rəhbərliyi Ermənistanı, Serj Sərkisyanı hansısa güzəştlərə hazırlayır. Prosesin gizli aparılması həm də bu amillə əlaqələndirilir. Prezidentlərin iyuna nəzərdə tutulan növbəti görüşünün moderatorluğunu da böyük ehtimalla, məhz prezident Vladimir Putin edəcək. Qarabağla bağlı bir çox mübhəmlərin həmin görüşdən sonra açılacağı istisna deyil.
*    *    *
Yəni bütün mənalarda iyun kritik bir ay, “kartların açılma” ayı ola bilər. Formata gəlincə, mümkündür ki, bu, Rusiya prezidentinin hələ ki inkar edilməyən Bakı və İrəvan səfəri çərçivəsində reallaşsın. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti Moskva (Soçi, Kazan və s.) görüşü  də təşkil edilə bilər. Bir şeyi dəqiqliklə söyləmək olar ki, olduqca təhlükəli mərhələyə çatan konfliktin həllini dinc məcraya yönəltmək indi müstəsna olaraq Putinin iradəsi, Sərkisyanın seçiminə bağlıdır.
“Vyana görüşündən sonra Ermənistan danışıqlar prosesi çərçivəsində güzəştli variantlarla razılaşmasa, o zaman müharibə variantı yenidən gündəmə gələcək”. Bu barədə rusiyalı ekspert Dmitri Verxoturov Vyana görüşünü şərh edərkən deyib (publika.az). Onun sözlərinə görə, Azərbaycan aprel döyüşləri ilə Ermənistana ciddi xəbərdarlıq edib: “Proseslərin gedişi göstərdi ki, Ermənistan Qarabağı əlində saxlaya bilmir, müdafiə gücü zəifdir. Məhz həmin hadisələrdən sonra siyasi manevrlər başladı. Azərbaycan anlayır ki, Ermənistan Rusiyanın müttəfiqidir, ona görə də ehtiyatlı davranır. Lakin əminəm ki, əgər Bakı müharibə variantını seçəcəksə, o zaman bu variantı Moskva ilə razılaşdıracaq”.
Lakin ekspertin fikrincə, Qarabağ məsələsinin inkişafı qlobal proseslərdən də asılı olacaq.
“Rusiya yaxşı anlayır ki, münaqişənin dondurulması Azərbaycanı bezdirib. Belə vəziyyət rəsmi Bakının alternativ güclərlə anlaşmasına gətirib çıxara bilər. Misal üçün, NATO münaqişənin həllində rol alaraq, regionda güclənə bilər. Belə halda Rusiyanın bütün cənub cinahı kəskin zəifləyir, Qərbin Xəzərə və Türkmənistana girmək imkanı güclənir. Yəni Rusiyanın strateji vəziyyəti pisləşir. Buna görə də Rusiya Qarabağ məsələsində Azərbaycan və NATO-nun yaxınlaşmasına imkan verməmək niyyətindədir”, - deyə politoloq vurğulayıb.
 
Rusiyalı politoloq hesab edir ki, Rusiya NATO-Azərbaycan yaxınlaşmasının qarşısını almaq üçün də Ermənistanı bütün əraziləri – Qarabağ və ətraf rayonları boşaltmağa məcbur edə bilər: “Fikrimcə, proseslərin nəticəsi gözlənilməz olacaq. Ermənistanı Qarabağı tamamilə Azərbaycana qaytaracaq və Rusiyanın ciddi təzyiqinə məruz qalacaq. Belə olan halda Ermənistanda çevriliş ola bilər. Lakin indiki şərait də Ermənistan prezidenti üçün əlverişsizdir. Çünki Sərkisyan I Qarabağ müharibəsinin iştirakçılarındandır. Aprel müharibəsindəki məğlubiyyət onun üçün sillə oldu və onun hakimiyyəti nüfuzdan düşdü. Bu baxımdan, Qarabağda yeni müharibəni başlatmaqla o öz nüfuzunu bərpa etmək istəyə bilər. Lakin digər versiyaya görə, o, Rusiyadan çəkinərək, buna getməyəcək”.
Beləliklə, bir daha işğalçının “ipinin” müstəsna olaraq Moskvanın əlində olduğu üzə çıxır. Deməli, həmişəki kimi “izlər” Kremlə aparır…
*    *    *
Yeni dönəmin bir mühüm və həssas, daha dəqiqi, aparıcı  özəlliyi də nəzərdən qaçırıla bilməz və bu da sözsüz ki, şəraitin diktəsinin doğurduğu reallıqdır. Məsələ ondadır ki, Azərbaycan xalqı 22 illik fasilədən sonra, 4 günlük aprel müharibəsində işğalçı üzərində hərbi qələbəni əməllicə “dadıb”, düşmənin məğlubedilməz mifi darmadağın olub. Azərbaycan cəmiyyətində artıq davamlı bir gözlənti var ki, ya bu hərbi qələbə sülh danışıqlarının nəticələrində tezliklə və obyektiv şəkildə maddiləşəcək, ya da qələbə savaşının davamı gəlməlidir.
Maraqlıdır ki, Azərbaycan xalqının bu ovqatını təkcə həmsədr dövlətlər və işğalçı Ermənistan deyil, rəsmi Bakı da ciddiyə almaq zorundadır. Ən maraqlısı odur ki, Azərbaycan iqtidarı danışıqlarda hətta taktiki gediş naminə yumşaq mövqe tutsa belə, cəmiyyətimiz Qarabağ mövzusunda sərt və işğalçıya qarşı barışmaz mövqeyini saxlayır.
Yaxın həftələrdə, daha doğrusu, kritik sayılan iyun ayında bu ovqatın nizamlama prosesinə nə dərəcədə stimulverici təsir göstərdiyinin, hərəkətverici qüvvə olub-olmadığının ümumiyyətlə, ciddiyə alınıb-alınmadığının şahidi olacağıq. Məhz o zaman sülh danışıqlarında qapalı fazanın bitdiyini söyləmək olacaq: ya sülhün önü açılacaq, ya da müharibənin donu!
*    *    *
Yeri gəlmişkən, bu və başqa səbəbdən ATƏT-in şəxsi nümayəndəsi Anji Kasprşikin təmas xəttindəki müşahidə qrupunun səlahiyyətlərinin genişləndirilməsi haqda razılıq Azərbaycan cəmiyyətində heç də pozitiv duyğu yaratmayıb – elə bir ara ermənipərəst kimi adı hallanan Kasprşikin özü kimi. Çünki cəmiyyətimizdə ənənəvi olaraq əndişə var ki, bu kimi atəşkəsi gücləndirmə mexanizmləri ən əvvəl işğalçını və işğalçı rejimi Azərbaycan ordusundan qorumağa yönəlib. 
 
Ancaq artıq hərbi ekspertlər təmas xətindəki yeni müşahidə kameralarının situasiyanı kökündən dəyişə bilməyəcəyinə, bunun texniki cəhətdən mümkünsüz olduğuna diqqət çəkiblər. Onların qənaətincə, pilotsuz uçan zərbə dronları, zirehli texnikanı və başqa hərbi əməliyyatları heç bir müşahidə kamerası fiksə edə bilməz.
Ən önəmlisi, bütün analitiklər dönə-dönə vurğulayırlar ki, işğal altındakı ərazilərin heç olmasa, bir qismi azad edilməyincə, atəşkəs daima kövrək olaraq qalacaq. Yəni işğalçını müşahidə kameraları yox, işğala son qoyması xilas edə bilər!..
*     *    * 
Əlbəttə ki, 24 ildir torpaqlarının 20 faizi işğalda qalan bir xalqın konfliktə, işğal qala-qala quraşdıralacaq müşahidə kameralarına sərt münasibəti təbiidir. Hansı xalq uzun müddət belə durumla barışar ki? Bu üzdən Azərbaycan xalqının işğalçıya, onun gizli-açıq havadarlarına möhləti əslində olduqca qiymətli xoş məram jesti, fəqət, axırıncı fürsətidir ki, nəhayət, üzlərini əlahəzrət ədalət tərəfə tutsunlar. Dağlıq Qarabağı, ətraf rayonları qaytarıb, Azərbaycanı qazansınlar.
Azərbaycanı itirməyin altını çəkməyin necə ağır olduğu xüsusən də Ermənistan timsalında çoxdan ortada. Bölgənin, bölgədə maraqları olan dövlətlərin itirdikləri də eləcə. Əksini yoxlamağın zamanı çatmadımı? Ümid edək ki, iyun ayında intensivləşməsi gözlənilən danışıqlar əsas suala, nəhayət, pozitiv planda aydınlıq gətirəcək. Ya ədalətli sülhə aparan yol açılacaq, ya da…
Ya da haqq savaşının davamı qaçılmaz olacaq!  
“Yeni Musavat”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın