Menu
Geri İrəli

Sumqayıt sakini həyat yoldaşının təhsil haqqını ödəyə bilmək üçün dörd qadını soydu

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2017 • Baxış sayı: 1,137 dəfə • Şərh yoxdur

mehkeme123esasBakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Azər Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rauf Əliyev sədrlik edir.

İstintaq materiallarına görə, A.Təhməzov özgənin əmlakını talamaq məqsədilə ötən ilin dekabr ayında Firəngiz Hüseynovaya, Sevda İsmayılovaya, Gülnaz İsayevaya və Esmiralda Həsənovaya qarşı soyğunçuluq edib.

Təqsirləndirilən A.Təhməzov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində maddi vəziyyətinin pis olduğunu, həyat yoldaşı Aytac Musayevanın oxuduğu Sumqayıt Dövlət Universitetinin illik təhsil haqqını ödəyə bilmədiyini, pulu ödəmək üçün cinayətə əl atdığını göstərib: “Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Baş Prokurorluğa ərizə yazdım. Nə qaynatam, nə qaynanam, nə də ki, həyat yoldaşım məni cinayət törətməyə təhrik etməyiblər. Təhsil haqqını ödəməyi tələb edirdilər, amma deməyiblər ki, get cinayət törət. Soyğunçuluq etmək haqda özüm qərar qəbul etmişəm”.

Təhsil haqqını ödəmək üçün tələbə qızı soydu

Təhsil haqqını ödəmək məqsədilə A.Təhməzov dörd qadını soymalı olub. İlk olaraq ötən ilin dekabr ayının ortalarında Zərifə Əliyeva Göz Klinikasının yaxınlığında bir nəfər tələbə qızın mobil telefonunu ələ keçirmək üçün onu izləyib.

Tələbə qızın binanın blokuna girdiyini görüncə onun əlindən yapışaraq “İphone 5” markalı telefonu alıb. Bir neçə dəqiqə sonra telefonun sahibi Firəngiz Hüseynova ona zəng vuraraq telefonu geri qaytarmağı tələb edib. Amma A.Təhməzov telefonu söndürüb.

Həmin telefonu 40 manata satıb.

Maşından oğurlanan əl çantası

Həmin ərəfədə “28 May” metro stansiyasının yaxınlığında ağ rəngli “Kia” markalı maşının yolun kənarında dayandığını, sükan arxasındakı qadından başqa maşının salonunda heç kimin olmadığını görüncə, A.Təhməzov ön oturacağın qapısını açaraq oradakı əl çantasını götürüb və hadisə yerindən uzaqlaşıb. Sükan arxasında əyləşən Sevda İsmayılova onun arxasınca düşsə də, A.Təhməzov küçələrdə o yan – bu yana qaçaraq gözdən itib. Sumqayıta gəldikdən sonra binaların birinin zirzəmisinə keçərək çantanın içərisində olanları yoxlayıb. Çantanın içərisində olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 2 ədəd mobil telefon, 250 manat pul və 150 dollar olduğunu görüb. Sənədləri çanta ilə birgə zirzəmiyə atan A.Təhməzov pulları və telefonları özünə götürüb.

Bir gündə iki cinayət

İki cinayəti “uğurla” başa vuran A.Təhməzov 20 dekabr 2016-cı ildə üçüncü cinayətə imza atıb. Bu dəfə o, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində “Tərlan” şadlıq evinin qarşısında yolun kənarı ilə gedən, əlində pul kisəsi olan Gülnaz İsayevaya qəflətən yaxınlaşaraq pul qabını dartaraq onun əlindən alıb. Pul qabındakı 104 manat pulu götürdükdən sonra içərisindəki digər əşyaları bir kənara atıb.

Elə həmin gün “28 May” metro stansiyasının yaxınlığında dayanan Esmiralda Həsənovaya məxsus qırmızı rəngli “Honda” markalı maşına nəzər salıb. Avtomaşının içərisindəki əl çantasını oğurlamaq məqsədilə qəflətən maşının qapısını açaraq çantanı götürüb qaçıb. Amma bu dəfə çantanın içərisindən pul tapa bilməyib. Kosmetik vasitələr, sənədlər, aksesuarlarla dolu çantanı yol kənarına atıb.

Soyğunçuluğun ardınca narkotik

Bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini deyən A.Təhməzovun ifadəsinə görə, axşam saatlarında marixuana almaq məqsədilə “Papanin”ə yollanıb və 120 manata aldığı iki kibrit qutusu marixuananı şalvarının cibinə qoyub. Sumqayıta getmək üçün “20 Yanvar” metro stansiyasındakı dayanacağa gəlib. Bu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis bölməsinə aparacaqlarını bildiriblər. Polis bölməsində üzərinə baxış keçirilərkən “Papanin”dən aldığı narkotik vasitə aşkar olunaraq götürülüb.

Yeri gəlmişkən, qeyd edək ki, A.Təhməzov cinayəti həyat yoldaşının təhsil haqqını ödəmək məqsədilə törətdiyini desə də, soyğunçuluqla əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib. A.Musayevanın təhsil haqqını isə öz atası Etibar Musayev ödəyib.

“Üstümə bıçaq çəkdi, ağladım”

Zərərçəkmiş Firəngiz Hüseynova ifadəsində göstərib ki, dərsdən evə qayıdarkən bir nəfər ona yaxınlaşaraq 173 saylı binanın harada yerləşdiyini soruşub:

“Tanımıram deyib yoluma davam etdim. Yaşadığım binanın blokuna girərkən həmin şəxs qəflətən yolumu kəsdi, üstümə bıçaq çəkdi, ağladım. Bu vaxt əlimdəki telefonu götürüb qaçdı”.

“Maşından düşüb arxasınca qaçdım”

Zərərçəkmiş Sevda İsmayılova hadisə baş verən gün şəxsi avtomobilini park etmək üçün saxladıqda bir nəfər şəxsin qəflətən maşının ön oturacağının qapısını açdığını və çantasını götürüb qaçdığını göstərib: “Maşından düşüb onun arxasınca düşsəm də, çata bilmədim. Hansı istiqamətə getdiyini görmədim. 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim”.

Zərərçəkmiş Esmiralda Həsənova isə ifadəsində göstərib ki, həmin gün avtomaşında onunla birlikdə qaynatası da olub: “Maşını işıqforda saxlamışdım, qəflətən arxa qapı açıldı, bir nəfər oturacaqdakı əl çantamı götürüb qaçdı. Qaynatamla birlikdə maşından düşdük, amma həmin adamı görə bilmədik. Kənarda dayanan şəxslər onun qaçdığı istiqaməti göstərsələr də, artıq gec idi”.

“Pul qabımı alıb qaçdı”

Zərərçəkmiş Gülnaz İsayeva ifadəsində hadisə baş verən gün “Özcan” kitab evindən məktəbli övladına xəritə alıb evə qayıdarkən binanın qarşısında bir məfər şəxsin qəflətən əlindəki pul qabını dartıb qaçdığını göstəriib:

“Pul qabının içərisində 104 manat pul, evin açarları, metro kartı, qaz sayğacının plastik kartı var idi. Həmin şəxsin arxasınca qaçmağa çalışsam da, çata bilmədim. 102 xidmətinı zəng vurub məlumat verdim. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları gəldilər, bölməyə dəvət etdilər, izahat yazdım”.

“Biz onu cinayətə məcbur etməmişik”

Şahid qismində dindirilən Aytac Musayeva ifadəsində Sumqayıt Dövlət Universitetində təhsil aldığını, təqsirləndirilən A.Təhməzovla 2015-ci ildə tanış olduğunu göstərib: “Azər mikroavtobuslarda pul yığan işləyirdi. Ötən ilin yanvar ayında toyumuz oldu. Toydan sonra müxtəlif ünvanlarda kirayə yaşadıq. Dolanışığımız zəif olduğuna görə daim valideynlərim köməklik edirdilər. Azərin mənim və valideynlərim barədə Bakı İstintaq Təcridxanasında yazdığı ərizə ilə tanış olduq. Orada yazılanlar hamısı yalandır. Nə mən, nə də valideynlərim Azəri cinayət törətməyə vadar etməmişik. Ona pulu ödəmədiyi təqdirdə atamın bizi ayıracağını deməmişik”.

Məhkəmə prosesi mayın 15-də davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın