Menu
Geri İrəli

Utanmayın, səlahiyyət sahibləri, baxın, nümunə götürün!

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyul 2016 • Baxış sayı: 456 dəfə • Şərh yoxdur

b124021f-3429-448f-b127-eab56c0ad6edŞəxsən sizin özünüzə məxsus olmayan ümumxalq sərvətinin – suyun, qazın, işığın qiymətlərini durmadan artıran böyük vəzifə sahibləri! Bütün Qafqazda ən yüksək inkişaf etmiş ölkə olan Azərbaycanımızda ildən-ilə qiymətləri artırmaq yox, xalqa, əhaliyə qayğı göstərərək, “məzənnələri” aşağı salmaq, azaltmaq  imkanınız  olduğu halda bu şansdan niyə istifadə etmirsiniz?

 Baxın, məsələn, Sumqayıt şəhər İcra Hakimiyyəti öz səlahiyyəti daxilində olan mühüm bir addım atdı – şəhərin çimərliklərinə girişin ödənişli (pullu) olması səbəbindən neçə illər idi ki, qızmar yay günlərində çimərliklərdən istifadə etməkdən məhrum olmuş yüz minlərlə adamın mənafeyi naminə Sumqayıt çimərliklərinin pulsuz istifadə olunması barədə qərar verdi.

Bax, buna deyərlər “təqdir olunmalı təşəbbüs”! Təbii ki, alqışa layiq bir qərardır. Kaş, digər yüksək vəzifəli şəxslər də əhalinin mənafeyini əsas götürərək, müvafiq tədbirlər görələr, bu xalqa, camaata diqqət və qayğılarını artıralar.

Vaxtilə böyük hörmət-nüfuzu olan bir akademik (həqiqətən, elminə, akademikliyinə, alicənablığına söz yoxdur!) Rabtə və informasiya texnologiyaları naziri təyin olunduqdan bir müddət sonra rəhbərlik etdiyi sahənin işçilərinin və nazirlik “komandasının” maaşlarını ikiqat artırmaq naminə nazirliyin hansısa canfəşanlıq edən “ideolq”unun təklifi ilə respublika əhalisinin ailə büdcəsinə maddi ziyan vuraraq, rabitə xidmətlərini, o cümlədən telefon haqqını 2 dəfədən çox artırdı. Dəfələrlə şahidi olmuşam ki, aztəminatlı ailələr, imkansız adamlar telefon haqqını ödəyərkən həmin nazirliyin ünvanına giley-güzar edib, narazılıqlarını bildirərək oniun rəhbərliyinin  qarasınca danışıblar. Bəzi tənha adamlar, təqaüdçülər isə hətta ev telefonundan imtina etmək, onun çıxarılmasını tələb etmək məcbiriyyətində qalıblar. Təbii ki, nazirliyin nəzərində telefon üçün qiymətin bir manat qaldırılması çox cüzi bir şeydir, ancaq cəmi 130-140 manat pensiyanın ümidinə qalmış 3-4 nəfərlik ailə üçün bu bir manat ən azı 3 çörəyin puludur (3 kq demirəm, çünki hər ağ-qara çörəyin çəkisi 500-600 qramdan çox olmur).

Ölkənin, bu xalqın təbii sərvətləri olan suyun, qazın, eləcə də işığın (elektrik enerjisinin) “başında duranlar” da vaxtaşırı üzvlərinin kim olduğu bəlli olmayan Tarif şurasında hər 1-2 ildən bir israrla məsələ qaldıraraq,  xidmət haqlarının artırılması üçün “dəridən-qabıqdan” çıxırlar və öz ambisioz istəklərinə nail olurlar. Düşünmürlər ki, sabah-birisi gün özləri də o akademik kimi vəzifədən gedəcəklər, ancaq əhalinin belinə yüklədikləri ağır yük qalacaq və ona görə hamı onları lənətləyəcək.

“Azərsu”nun, “Azərenerji”nin və “Azəriqaz”ın rəhbərləri vaxtaşırı olaraq (istədikləri vaxt, buna əsas oldu-olmadı) əhalinin istəyinin əleyhinə gedərək, qiymətləri “ceyran belinə” qaldırırlar. Tarif şurası da “sağ olsun”, heç vaxt onlara “gözün üstə qaşın var” demirlər. Əksinə, “bəçeşm!” deyib, təqdim olunan bahalaşma qiymətlərini əlüstü təsdiq edirlər (iyulun 1-dən “Azərsu” yenidən – artıq neçənci dəfədir ki, qiymətləri artırıb, ondan “nümunə” götürən “Azərenerji” və “Azərişıq” da bugündən işığın “məzənnəsini” qaldırdılar – “sağ olsun” yenə də həmişə xalqın “qayğısını” çəkən Tarif Şurası, onun hər zaman “bitərəf” olan üzvləri!).

Unutmayın, cənab vəzifə sahibləri, siz əbədi deyilsiniz – vəzifədə uzaq başı 5-10 il qala bilərsiniz (bir-neçə “xüsusi imtiyazlı”lardan, adlarını respublikanın “domovoy”una həmişəlik yazdıranlardan başqa), ancaq bu xalq, camaat sizlərin ucbatından ömürlük əziyyət çəkəcəklər.

Bəlkə, bir balaca insafınız olsun, unutmayasanız ki, siz də bu millətin, bu xalqın içindən çıxmısınız, bu xalqın övladlarısınız və vəzifədən gedəndən sonra sizin ailəniz, doğmalarınız da bu “tarif artırmalarının” əzabını çəkəcəklər. Bəlkə, elə edəsiniz ki, bu xalq, bu camaat sizə lənət yağdırmasın, rəhmət oxusun.

Axı, xalqımızın nümunə ola bilən nə qədər qayğıkeş, qədirbilən oğulları olub və bu gün də var. Ən azından – əsrin o biri tayında Hacı Zeynalabdin Tağıyev kimi, bu tayında, bugünümüzdə isə adı, vəzifəsi, hünəri, xalqa xidməti və qayğısı sizinkindən qətiyyən az olmayan bir çox vəzifəli adamlar.

“Utanmayın”, heç kəs sizə kimdənsə yaxşı nümunə götürməyi, xalqa sədaqətlə xidmət etməyi qadağan etmir!

 Rəhman ORXAN.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın