Menu
Geri İrəli

Azərbaycanda ali məktəbə qəbul çətinləşdirilir

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

img1894188
Azərbaycanda gələcək illərdə ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün tələb olunan keçid balının yüksəldiləcəyi gözlənilir. Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehli deyib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul müsabiqəsində iştirak və ixtisas seçiminə buraxılmaq üçün tələb olunan bal həddi bütün ixtisas qrupları üzrə (yalnız kənd təsərrüfatı ixtisasları üzrə bal həddi 150 olub) Təhsil Nazirliyinin təklifi ilə 200-dən aşağı endirilmədi. TN növbəti illərdə bu bal həddinin daha da artırılması təklifi ilə çıxış etməyi nəzərdə tutur. C.Valehli bildirib ki, bu il bal həddinin 200-dən aşağı endirilməməsi məsələsinə texniki yenilik kimi yanaşılmalı deyil. Bal həddinin artırılması ali təhsildə keyfiyyətin yüksəldilməsinə, əmək bazarına daha hazırlıqlı mütəxəssislərin çıxmasına imkan yaradacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə Trend-ə bildirib ki, müsabiqədə iştirak üçün tələb olunan bal həddinin 200-dən aşağı salınmamasının hansı müsbət nəticələr verəcəyini indidən demək çətin olsa da, bu, əmək bazarı üçün daha yaxşı mütəxəssis hazırlığına yardım edəcək. Təhsil üzrə ekspert Şahlar Əsgərov da Trend-ə verdiyi açıqlama zamanı bal həddinin daha da artırılmasını təklif edir. Onun sözlərinə görə, 200-dən aşağı bal toplayan abituriyentlərin ali məktəblərə qəbul olunmaması əslində, normal bir haldır: “Amma yaxşı olardı ki, bu bal 200-dən də yüksək olsun. 5 ballıq qiymətləndirmə sistemi ilə müqayisə etsək, qəbul imtahanlarında toplanılan 700 bal “beş”ə, 560 bal “dörd”ə, 420 bal “üç”ə, 280 bal “iki”yə uyğundur. İndiyə qədər 200-dən də aşağı bal toplayan abituriyentlər ali məktəblərə qəbul olunub. Bu, zərərli haldır. Bal həddinin 200-ə qaldırılmasının özü artıq yaxşı bir işdir, amma yaxşı olardı ki, bal 200-dən, 300-dən də yüksək olsun”. Ş.Əsgərov ümid edir ki, Təhsil Nazirliyi gələcəkdə bu bal həddinin daha da qaldırılması təklifi ilə çıxış edəcək: “Ali məktəbdən fərqli olaraq, orta məktəbdə dərslərin səviyyəsi aşağı olur. Bilik səviyyəsi az olan insanlar o mühazirələri başa düşmürlər. Deməli, orta məktəbi qurtarmış savadsız məzun ali məktəbi də savadsız olaraq qurtarırdı. Amma indi bal həddinin 200-ə qaldırılmasının özü ali məktəbdə oxuyan insanların kifayət qədər bilik toplamasını zəruri edir”. Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov da Trend-ə bildirib ki, növbəti illərdə də ali məktəblərə qəbul üçün minimal balların artırılması lazımdır. Onun fikrincə, bəzi ixtisaslar üzrə minimal balların hətta 300-350-yə qaldırılması lazımdır: “Bu, tədricən həll edilməlidir. Bu addımları dəstəkləyirəm”. Bu il ilk dəfə olaraq, 200-dən az bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmamasının alqışlanan hal olduğunu deyən rektor bu məsələnin keyfiyyətli kadr hazırlığına öz təsirini göstərəcəyini də söyləyib: “200 bal toplayan abituriyentlərin səviyyəsi aşağı olur. Ona görə də bu il bir necə ixtisas üçün minimal balı 250, kompüter elmləri ixtisasında isə hətta 300 bal etmişik. Bunlar müasir texnologiyalara xidmət edən sahələrdir. Gərək bu ixtisaslar üzrə hazırlanan mütəxəssislər yüksək hazırlığa malik olsun, proqramı qəbul edə bilsinlər. Abituriyentlər biləcəklər ki, ali məktəblərə qəbul üçün ciddi hazırlaşmaq lazımdır”. H.Məmmədov hesab edir ki, bu yeniliyin tətbiqi keyfiyyətli kadr hazırlığına müsbət təsir göstərməklə yanaşı, tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə də yaxşı təsir göstərəcək. Rektorun sözlərinə görə, bu gün bəzi tələbələrin zəif oxumasının əsas səbəbi onların ali məktəblərə aşağı balla qəbul olunmasıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın