Menu
Geri İrəli

İmtahanda yüksək bal toplamağın SİRRİndən danışdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 796 dəfə • Şərh yoxdur

imtahan-esasBu il II və III ixtisas qrupları (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanında bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə – 700 bal toplayan abituriyentlərin adları məlum olub.

sumqayitxeber.com  APA-ya istinadən bildirir ki, bu qruplar üzrə 4 abituriyent (II və III ixtisas qruplarının hər biri üzrə 2 abituriyent) 700 ballıq nəticə göstərib: II qrup üzrə BDU-nun  nəzdindəki Bakı Türk Liseyinin məzunu Fərid Hüseynov, İ.Hacıyev adına “Tərəqqi” liseyinin məzunu Şahbaba Məmmədov, III qrup üzrə Kürdəmir rayonu 2 saylı şəhər orta məktəbinin məzunu Təbriz  Qasımov və 220 saylı məktəb-liseyin məzunu Elvin İsayev.

220 saylı məktəb-liseyin məzunu Elvin İsayev APA-ya açıqlamasında deyib ki, hələ harada və hansı fakültə üzrə təhsil alacağını tam dəqiqləşdirməyib: “Amma əminliklə deyə bilərəm ki, ali təhsilimi Azərbaycanda alacağam. Hazırlıq dövründə əlavə məşğuliyyətə, sosial şəbəkələrə vaxt ayırmadım. Günümün əsas hissəsini yalnız təhsilə ayırmışam və ciddi hazırlaşmışam. Müəllimlər, valideynlərim bu müddətdə dəstək olmaqla yanaşı, yüksək nəticə göstərəcəyimə inanırdılar. Özümdə də müəyyən qədər güvən var idi. Son sınaq imtahanında 700 bal topladığım üçün qəbul imtahanında da 700 bala nail ola biləcəyimə inanırdım”.

Kürdəmir rayonu 2 saylı şəhər orta məktəbinin məzunu Təbriz  Qasımov bu nəticəni valideynlərinin, müəllimlərinin, yaxınlarının dəstəyi və inamı sayəsində əldə etdiyini söyləyib. Yüksək bal toplamasının gözlənilən olduğunu deyən T. Qasımovun sözlərinə görə, bunun üçün 2 il çalışıb. O bildirib ki, həmin müddətdə televizordan, sosial şəbəkələrdən və digər məşğuliyyətdən imtina edərək, günün çox hissəsini hazırlığa ayırıb. O, hələlik hansı universitet və fakültədə təhsil alacağını seçmədiyini və qərarını yaxın günlərdə verəcəyini diqqətə çatdırıb.

BDU-nun  nəzdindəki Bakı Türk Liseyinin məzunu Fərid Hüseynov APA-ya açıqlamasında öz potensialına inandığını və imtahan öncəsi 700 ballıq nəticə gözlədiyini vurğulayıb: “Qəbul imtahanına ancaq məktəbdə hazırlaşmışam və heç bir hazırlıq müəlliminin yanına getməmişəm. Məktəbdə yüksək təhsil verildiyindən, əlavə hazırlığa ehtiyac görmədim. Bu nəticəni əldə etməyi qarşıma məqsəd qoymuşdum. Çünki bu nəticə gələcək təhsil həyatı və karyerama böyük köməklik edə bilər. Valideynlərimin, məktəbin mənim üçün çəkdikləri əziyyətə təşəkkür kimi belə bir nəticə əldə etmək istəyirdim və şükürlər olsun ki, nail oldum. Fakültə olaraq “Biznesin idarə edilməsi”ni seçəcəyəm, amma hansı universitetdə təhsil alacağımı dəqiq qərar verməmişəm”. (Qeyd edək ki, Fərid Hüseynov BDU-nun  nəzdindəki Bakı Türk Liseyinin 700 bal toplayan 14-cü məzunudur.)

Ali məktəblərə ixtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın