Menu
Geri İrəli

Əməkdar artist: “Sumqayıt Teatrında çalışmaq perspektivim var idi…”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2013 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur
Share Button
Əməkdar artist Mətanət Atakişiyevanın Milli.Az-a müsahibəsi.
Dosye:
M.Atakişiyeva 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. Teatrın səhnəsində oynadığı rollar bunlardır:
Qaraçı (“İblis”, H.Cavid), Kəniz (“Atabəylər”, N.Həsənzadə), Dayə (“Sehrli alma”, Y.Lada), Qəmər (“Nişanlı qız”, S.Rəhman), 2-ci qız (“Od gəlini”, C.Cabbarlı), Gülər xanım (“Ah, Paris…Paris!..”, Elçin), Gülnar (“Vaqif”, S.Vurğun), Qönçəqız (“Torpağa sancılan qılınc”, N.Xəzri), Səhər (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), İspan gözəli, Gülçin və Nağılçı (“Məlik Məmməd” nağıl-tamaşası), Qaratel (“Mənsiz dünya”, N.Xəzri), Xumar (“Yalan”, S.Rəhman), Kleya (“Məhəbbət və azadlıq”, G.Fiqeryedu), Fitnə (“Fərhad və Şirin”, S.Vurğun), Mələk (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Qısırca yengə (“Burla Xatun”, N.Xəzri), Səkinə (“Bu dünyanın adamları”, Hidayət), Havalı qadın (“Ulduz, yaxud Ədirnə fəthi”, C.Cabbarlı), Qaraqoyunlu bibi (“Ağqoyunlular və qaraqoyunlular”, Ə.Əmirli), Tubu xanım Axundova (“Brüsseldən məktublar”, H.Həsənov), Xanım Həsənzadə (“Qatil”, Elçin), Sərvinaz bəyim (“Ölüləri qəbristanlıqda basdırın”, İ.Şıxlı), Tasiya (“Kaş araba aşmayaydı!..”, O.İoseliani), Fərqanə (“Xəcalət”, H.Mirələmov), Anaxanım (“Eloğlu” A.Şaiq), Sara Bernar (“Şekspir”, Elçin), Madam-Mamzel (“Dirilən adam”, Mir Cəlal), Kobato (“Xanuma”, A. Saqarelli) və s.
Aktrisa “İnanmırsansa”, “Ordan-burdan”, “Dəvətnamə”, “Yunus İmrə”, “Mürafiə vəkilləri” teletamaşalarında və “Azərbaycanfilm”in və “Aztelefilm”in istehsal etdiyi “Gümüşgöl əfsanəsi”, “Sübhün səfiri”, “Tənha durna uçuşu”, “Cavid ömrü”, “Ayrılıq imiş”, “Ləyaqət hücrəsi”, Almaniya-Azərbaycan istehsalı olan “Absurdistan” filmlərində çəkilib.
Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, “Humay” mükafatının sahibidir.- Sənətinizə həvəs nə vaxt yaranıb?

- Uşaqlıqdan bu sənətə həvəsim var idi. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirdim, səhnəyə çıxmaq ürəyimcə idi. Mən Bakının Buzovna kəndindənəm. Bakı teatrlarının truppaları tez-tez oradakı Mədəniyyət Sarayının qonağı olurdular. Mən də bütün tamaşalara gedib baxırdım. Bütün bunlara baxmayaraq, ailəmizdə heç kimin ağlına gəlməzdi ki, mən bu sənəti seçəcəm – bizim ailədə hamı həkimdi, ona görə elə bilirdilər ki, mən də həkim olacam.Məktəbi bitirən ili böyük bacımla şəhərə, sənədlərimizi verməyə gəldik. Və artıq həmin anda mən niyyətimi açıqlayıb bacıma dedim ki, sənədlərimi İncəsənət İnstitutuna vermək istəyirəm. Bacım gördü ki, fikrim qətidir, heç nə demədi. Evə gələndə də valideynlərimizə dedi ki, mən bilmirəm, özü o institutu seçdi. Əlbəttə, hamı mənim peşə seçimimə təəccübləndi, amma kəskin reaksiya olmadı. Atam dedi ki, qızım bu sənəti seçibsə, deməli, düzgün qərardır, peşman olmayacaq. Daha bu xeyir-duadan sonra ürəyim tamam rahat oldu. Sonralar da ailəm həmişə mənim sənətimlə maraqlanıb, hər bir uğuruma sevinib.Üçüncü kursda oxuyanda məni Sumqayıt Teatrında Kleopatra rolunda çıxış etməyə dəvət elədilər. Amma mən belə mürəkkəb obrazı canlandırmağa özümü hazır görmədim, təklifi qəbul etməyə qorxdum. İnstitutu bitirəndə həm Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmaq perspektivim var idi, həm də Akademik Milli Dram Teatrında. Mən buranı seçdim.

- Aktrisaların əksəriyyətinin taleyində ailə həyatı, qadın xoşbəxtliyi tərəfi axsayır. Bunu dünyanın istənilən ölkəsinin aktrisalarına aid etmək olar. Həm karyerası, həm də şəxsi həyatı qaydasında olan aktrisalar, doğrudan da, azdır. Və siz, bildiyimə görə, maşallah, bu azlığa aidsiniz. Hansısa obrazı canlandıranda şəxsi həyatınızın müəyyən ştrixlərini ona vermisinizmi?
- Əlbəttə. Bütün obrazlarımda mənim özümdən nəsə var. Onların hər biri sanki məndən bir fraqmentdir. Belə demək mümkünsə, obrazlarım mənim iç dünyamda olan hadisələri danışırlar. Məsələn, “Kaş araba aşmayaydı!..” tamaşasını oynayanda anam rəhmətə getmişdi. Mənim ailəmdə baş verən faciə, itki səbəbindən teatrdakı işimi təxirə sala bilməzdim. Amma o tamaşadakı obrazımın daxili aləminin açılmağında həmin günlərdə keçirdiyim sarsıntının da öz izi qaldı – evdən qaçmaq istəyən Tasiyanın emosional gərginliyi, özünü arxasız, köməksiz hiss eləməsi mənim şəxsi duyğularımla səsləşirdi, anamı itirdiyim üçün mən də özümü çox köməksiz hiss edirdim.
- Ailə quranda da sənət, ya da ailə seçimi qarşısında qalmamısınız, deyəsən…
- Mən istənilən an sənəti ailəmə qurban verməyə hazıram. Çünki insan üçün, xüsusən də qadın üçün birinci yerdə ailədir. İnstitutu bitirən ili ailə qurdum. Yoldaşım sənətkar ailəsindən olduğu üçün sənətimlə bağlı heç bir problemlə üzləşmədim. Özü də yoldaşımla ailə həyatımızı qurmağa sıfırdan başladıq. İki oğlumu boya-başa çatdırmaq üçün düz on il karyeramdan aralanmalı oldum. 95-ci ildə teatra qayıtdım.
- Yeni mövsümə hansı işlərlə başlayırsınız?
- “Əmir Teymur” tamaşasında Teymurun həyat yoldaşı Dilşad xanım obrazında çıxış edəcəm. Bundan başqa, beş serialdan təklif almışdım, üçünə razılıq verdim. Üçü də ana obrazıdır, amma biri bir qədər komik, şıltaq qadındır. Düzdür, yaşımın elə dövrüdür ki, mənə daha çox ana rolları təklif olunur. Amma repertuarım yalnız ana obrazlarından ibarət deyil… Həm də istər böyük kino olsun, istərsə də serial, hər hansı rolda çıxış etməyimin şərtləri var – mən heç vaxt açıq-saçıq məqamları olan obrazda səhnəyə, ekrana çıxmaram. İstəmərəm ki, mənim ailəm elə bir rol oynamış aktrisanın ailəsi kimi tanınsın.
- Oğullarınız incəsənət sahəsini seçməyiblər ki?
- Yox. Düzdür, böyük oğlumda uşaqlıqdan musiqiyə, poeziyaya maraq var idi, amma özünə tamam başqa sahədən peşə seçdi. İncəsənət sahəsi çox çətin sahədir, əziyyəti çoxdur, gəliri azdır. Mən həmişə deyirəm ki, biz fədaiyik, bizim ən böyük qazancımız gül-çiçək dəstələri və alqışlardır.
- Həm aktrisa, həm də ailəli xanım olaraq adi qadın vərdişlərindən hansı sizə yaxındır?
- Özüm qurman olduğuma görə bişirib-düşürməyi çox sevirəm. Xüsusilə xəmir xörəklərini, şirniyyatları tez-tez bişirirəm. Amma təbii ki, çəkimi müəyyən qaydada saxlamağın da qeydinə qalıram…
- Bəs sənətdən, ev işlərindən azad boş vaxtlarınızı necə keçirməyi sevirsiniz?
- Gəzintini sevirəm. Mənəvi, ya da maddi ehtiyacı olan insanlara kömək etməyi xoşlayıram, özü də sevirəm ki, bundan heç kim xəbər tutmasın. Dəniz sahilində oturub xəyala dalmağı çox xoşlayıram. Ümumiyyətlə, mənim öz dünyam var, oraya heç kimi buraxmıram. Mən möcüzəyə inanan insanlardanam. Həyatımda çətinliklər az olmayıb. Amma bu vaxta qədər nə arzulamışamsa, hamısı yerinə yetib.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın