Menu
Geri İrəli

“Ümid” perspektiv strukturunda tədqiqatlar aparılır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2009 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

Bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mütəxəssisləri “Geofizik-2” elmi-tədqiqat gəmisi vasitəsilə “Ümid” perspektiv strukturunda böyük həcmdə tədqiqatlar həyata keçirib. Burada kəsilişin üst hissəsinin davamlı seysmoakustik profillənməsi aparılıb. Dəniz dibi relyefi, layların qalınlığı tədqiq edilib, süxurların yükgötürmə qabiliyyəti, dərin yarılmalar, qaz yığımları və palçıq vulkanları araşdırılıb. Bu, “Geofizik-2” gəmisinin cari ildə “Ümid”ə ikinci səfəridir. Mart ayında gəminin köməyi ilə Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mütəxəssisləri tədqiqatların birinci mərhələsini həyata keçirmişdilər. O zaman 75 km-lik həcmdə dəniz dibinin sonar fotoçəkilişi, 205 km-lik həcmdə isə batimetriya işləri aparılmışdı. “Ümid” strukturunun tədqiqatı barədə tapşırıq ARDNŞ rəhbərliyi tərəfindən verilib. Bu, yeni dərinsulu platformaların quraşdırılması, sualtı boru kəmərlərinin və digər hidrotexniki qurğuların inşası üçün təhlükəsiz yer seçilməsi məqsədilə lazım olan əsas göstəricilərin müəyyənləşdirilməsinə yönəldilmiş tədqiqatlardandır.
Qeyd etmək lazımdır ki, bu yaxınlarda “Geofizik-2” gəmisi xaricdən alınan ən müasir seysmoakustik cihazlar kompleksi ilə təchiz edilib. Strukturda artıq “Ümid-1” platforması quraşdırılıb. Yaxın vaxtlarda qazma işlərinə başlanacaq. Eyni zamanda, burada boru kəmərlərinin çəkilməsi və digər infrastrukturun yaradılması da tələb olunur. Bu günlərdə, həmçinin, yaxınlıqda yerləşən “Bulla-dəniz” yatağında “Məmməd Süleymanov” geoloji-kəşfiyyat gəmisi vasitəsilə tədqiqatlar aparılmış, o cümlədən dəniz dibinin sonar fotoçəkilişi və batimetriya işləri həyata keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın