Menu
Geri İrəli

Hakimiyyətin seçki təbliğatında gözlənilməz yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Avqust 2013 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur

secki

 

 

 

 

 

 

 

 

 

 

Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin nəticələri və gələcəyə yönəlmiş planları yeddi dildə bir saytda cəmlənib; təbliğatın bu üsulu Azərbaycanda ilk dəfə tətbiq olunur

Azərbaycan hakimiyyəti prezident seçkiləri ilə bağlı rəsmi təbliğat kapmapniyasının başlamasına az qalmış maraqlı və gözlənilməz yenilik edib. Xəbərlərdən məlum olduğu kimi, bu günlərdə prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin nəticələri və gələcəyə yönəlmiş hədəfləri 7 dildə hazırlanmış internet saytında təqdim olunub.

President-az.com saytı Azərbaycanın ötən 10 ildə keçdiyi inkişaf yolunu, iqtisadiyyatın müxtəlif sahələri, ordu quruculuğu, xarici siyasət, Qarabağ diplomatiyası, sosial sahələr və digər sahələrdə aparılmış islahatların nəticələrinə dair 300-dən çox təhlilin cəmləşdirildiyi nəhəng internet resursudur.

Saytın müəllifi iş adamı İlham Abduyevdir. Rəsmi olaraq bu saytın hazırlanmasının hakimiyyət strukturlarına bağlılığı yoxdur, lakin müəllifin layihə ilə bağlı müraciətindən məlum olur ki, sayt prezident İlham Əliyevin seçki təbliğatına dəstək verməyə hesablanıb. O, eyni zamanda Azərbaycanın ötən 10 ildə keçdiyi inkişaf yolunu əks etdirən mənbədir. Başqa sözlə, saytın təkcə seçki təbliğatına hesablanmadığı, eyni zamanda Azərbaycanda ötən 10 illik inkişaf dövrünə yekun vuran mənbə funksiyasını daşıdığı görünməkdədir.

Seçki texnoloqlarının qənaətincə, bu, maraqlı taktikadır və heç kim saytın üç həftəlik seçki kampaniyası üçün hazırlandığını iddia edə bilməz. Yəni söhbət qısamüddətli seçki kampaniyası dövrünə hesablanmış müvəqqəti təşviqat materialından yox, daha əhatəli və eyni zamanda gələcəyə yönəlmiş layihədən gedir. Belə ki, saytın  “Yenilənmələr” bölməsindən də məlum olur ki, bu layihə prezident İlham Əliyevin növbəti müddət üçün nəzərdə tutulmuş proqramının yerinə yetirilməsinə dair nəticələri də müntəzəm təqdim edəcək.

Təxmin etmək olar ki, bu layihəyə şəxsən prezident İlham Əliyev tərəfindən razılıq olub. Başqa sözlə, hakimiyyətin prezidentliyə namizədinin təbliğatı üçün rəsmi və hakim partiya strukturlarından kənarda müasir seçki PR-ını, internet texnologiyalarını yaxşı mənimsəyən peşəkarlar da cəlb ediliblər.

Qeyd olunmalıdır ki, Azərbaycanda seçkilərə yönəlmiş təbliğatın bu formatından ilk dəfə istifadə olunur. İlk dəfədir ki, prezidentliyə namizəd (eyni zamanda mövcud prezident) seçicilər qarşısında gördüyü işlərə dair hesabat xarakterli bu cür təqdimat həyata keçirir, eyni zamanda növbəti prezidentlik müddəti ərzində hansı işlərin görüləcəyini nümayiş etdirir. Nəzərə alınmalıdır ki, indiyədək hakimiyyətə iddiaçılar heç vaxt öz platforma və proqramlarını bu cür detallı , eyni zamanda bütün seçici kateqoriyalarına ünvanlanmış şəkildə çatdırmayıblar. Xüsusən də internet üzərindən.

Hazırda internet bütün sahələrdə olduğu kimi seçki təbliğatında da inqilabi dəyişikliklərə səbəb olmaqdadır. Bir çox ölkələrin son seçki təcrübələrindən məlum olur ki, seçkiləri məhz internetdə təbliğatını yaxşı quran namizəd, yaxud partiya əldə edib. Bu baxımdan hakimiyyətin seçki kampaniyasında yeni taktikaya əl ataraq internet məkanında da üstünlüyü ələ aldığı görünməkdədir. Ən azından prezident İlham Əliyevin alternativlərindən heç birinin öz proqramının müddəalarını bu formatda internet üzərindən yaydığına dair nümunə mövcud deyil.

Deməli, sözügedən layihə Azərbaycanın seçki təcrübəsində də yenilikdir: ilk dəfədir ki, prezidentliyə iddiaçılar mübarizəni ümumi şüarlar və “mən hakimiyyətin namizədindən daha yaxşı gələcək vəd edirəm” məzmunlu mücərrəd vədlər əsasında deyil, inkişaf etmiş demokratiyalarda  olduğu kimi seçicilər qarşısında hesabat və əsaslandırılmış proqram formasında aparmağa dəvət olunur. İndi gözləmək qalır ki, hakimiyyətə iddialı olan digər qüvvələr hakimiyyətin bu gözlənilməz seçki gedişinə necə cavab verəcəklər.

Daha bir ilginc məqam. President-az.com saytı 7 dildə tərtib olunub. Bu detal dərhal bunu təsdiq edir ki, hakimiyyətin yeni seçki texnoloqları təkcə daxili auditoriyanı nəzərdə tutmayıblar. İlham Əliyevin gördüyü işlər və gələcəyə yönəlmiş proqramının müddəaları praktiki olaraq bütün dünyanın anladığı dillərdə yayılır. Deməli, seçki kampaniyasını izləmək üçün Azərbaycana gələcək xarici jurnalistlər, seçki müşahidəçiləri, eləcə də beynəlxalq çevrələr prezidentin gördüyü işlər və ümumən ölkənin hansı inkişaf yolunu keçdiyi barədə faktları əldə etmək istəsələr, bu internet resursuna müraciət edə biləcəklər.

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın