Menu
Geri İrəli

Həbsdə olan sumqayıtlı hüquqşünasın qızından atasına duyğusal cavab

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2015 • Baxış sayı: 891 dəfə • Şərh yoxdur

nermin kamilsoyBu gün məhkəmədə sual verdin ki, özəl günlərdə yanımızda ola bilmədiyinə, bizimlə daha çox maraqlanmağa vaxtın olmadığına görə, bizə gələcəkdə yaşadacağın çətinliklərə və məhrumiyyətlərə görə “mənim qızım olduğun üçün məyusluq hissi keçirirsənmi?”. Təəssüf ki, verdiyin suali məhkəmədə cavablandırmağıma imkan vermədilər. Və yazmaq qərarına gəldim.

 Yaziram ki, hami bilsin – biz səninlə necə fəxr edirik. Düzdür, sənin doğum günlərimizdə, məktəbə, universitetə başlayanda, xəstə olanda yanımızda olmağını istəyərdik. Amma biz bilirik ki, böyük ideallar uğrunda mübarizə aparanların məhrumiyyətləri də böyük olur. Mənim ad günlərim olanda, həbsdə mən yaşda gənclər yatırdılar və onların da doğmaları yanlarında olmurdular.
Sən və həbsdəki dostların vaxtınızı onların azadlığa çıxmasına sərf edirdiniz. Elə atasının həbsindən 2 həftə sonra dünyaya gələn Arazın da 2 həftədən sonra 2 yaşı olacaq, Rəşadət bu doğum günündə də onun yanında olmayacaq. Düzdür, sənə görə bizə heç yerdə iş verməyəcəklər, dövlət orqanlarında, banklarda, şirkətlərdə işləyə bilməyəcəyik, xaricdə təhsil üzrə Dövlət Proqramından təqaüd də ala bilməyəcəyik, heç sabah Vəkillər Kollegiyasına da qəbul etməyəcəklər.
Amma atalarının, özlərinin ictimai fəalliyyətinə görə bu çətinlikləri yaşayan tək gənclər də biz deyilik, biz heç kimin övladından da artıq deyilik. Düzdür, heç bizim təhsilimizlə də maraqlanmamısan,məktəbi nə vaxt qurtarıb, universitetə qəbul olmağımızdan da xəbərin olmayıb. Amma gecə-gündüz yatmayıb, kitablar yazmısan, ölkənin hər bölgəsində seminarlar, təlimlər keçib gəncləri cəlb etmisən. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin yetişdirdiyi qədər illərlə hüquqşünaslar, tələbələr yetişdirmisən.
Elə tələbələr ki, səsləri dünyanın müxtəlif ölkələrindən gəlir, həmişə onlardan fəxrlə danışırsan. Hə, sən və həbsdəki dostların təkcə bizim yox, ölkədəki bütün gənclərin təhsili üçün mübarizə aparırdınız. Çalışırdınız ki, Cabbarların, Şahinlərin, Ömərlərin, Məmmədlərin təhsili yarımçıq qalmasın. Düzdür, biz 20 il ərzində 3 otaqlı, balaca bir mənzildə yaşamışıq. Hər cür imkanların ola bilərdi ki, biz həqiqətən “yarım milyonluq villada” yaşayaq. Amma insanların ev-eşiksiz, mənasız tikililərə görə evləri sökülüb kompensasiyasız qaldığı bir vaxtda, sən daha yaxşı yaşamaq haqqında düşünə bilməzdin.
Əksinə, onların pozulmuş hüquqlarını müdafiə etməklə vicdanlarını rahatladırdın. Sənin və həbsdəki dostlarının etdikləri bizim daha yaxşı cəmiyyətdə yaşamağımız üçün idi. Mübarizə aparırdınız ki, insanlar fərqli fikirlərinə, düşüncələrinə görə təqiblərə məruz qalmasınlar, həbs olunmasınlar. 7-8 yaşlı Aysellər, Zeynəblər atalarının məhkəmələri önündə gözləməsinlər, təcridaxanalarda şüşə arxasından atalarını qucaqlamaq istədiklərinə görə göz yaşı tökməsinlər. Həm səninlə,həm azadlıqda mübarizə aparan, həm də övladlarının daha ədalətli cəmiyyətdə yaşamaları uğrunda azadlıqlarından keçən dostların və dostlarımızla qürür duyuram.
Arzu edirəm ki, haqqınızda siyasi sifarişi verənlərin, bu sifarişləri icra edənlərin də övladları onlarla belə fəxr etsinlər, bir gün atalarının qurduqları qanunsuz,sifarişli məhkəmələrin qurbanlarına çevrilməsinlər. 8 aydır ki, şüşə arxasından görüşməyimiz və bu müddət ərzində bir dəfə də qucaqlaşıb bir-birimizə toxuna bilməməyimiz də bizim mübarizə əzmimizi qıra bilməz. Ən böyük mühakimə vicdan məhkəməsindədir, sən isə həmin məhkəmədən mənəvi qələbə ilə cıxmısan.
Belə vicdanlı atam olduğuna görə təəssüf yox, ancaq fəxr hissləri keçirə bilərəm.
Nərmin Kamilsoy
Facebook Şərhləndirmə:

Şərhinizi yazın