Menu
Geri İrəli

Küçələrdəki susatışı aparatları yığışdırıla bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2010 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur
Share Button

… Sən demə, istifadə etdiyimiz sərinləşdirici içkilərin 40 faizi saxtadır

“Pepsi”nin tərkibindəki boyaq maddəsi isə koşenil adlı soxulcandan alınır

İsti yay günlərində həkimlərin verdikləri ən ümdə məsləhət çoxlu maye qəbul etməkdir. Artıq bir neçə mövsümdür ki, yay çox qızmar keçir və bu səsəbdən də həkimlərin maye ilə bağlı verdikləri məsləhətə əməl etmək bilaixtiyar baş verir. Sərinləşdirici içkilər isə hər addımbaşı satılır. Bəs onların keyfiyyəti necədir?

İlk öncə bir şeyi nəzərinizə çatdıraq ki, müxtəlif ticarət markaları ilə bol-bol çeşiddə sərinləşdirici içkilər satılır. Və təbii ki, müxtəlif qiymətlərə, elə tərkibi kimi. Məsələn, məşhur ticarət markası olan “Pepsi” içkisinin tərkibi belədir: təmizlənmiş su, karbon dioksid, fosfor turşusu, natrium benzonat, kofein, limon turşusu, şirinləşdiricilər, təbii ətirləşdiricilər. Sadalanan kimyəvi maddələrin isə miqdarı bəlli deyil. Məsələn, karbon dioksid insanın tənəffüs zamanı çölə buraxdığı qazdır. Onun içkinin tərkibinə daxil edilməsinin hansı məqsəd daşıdığını isə təəssüf ki, bilmirik.

Daha bir içki barədə – Yerli məhsul “Bonaqua”nın tərkibi su, karbon dioksid, natrium bikarbonat, kalsium xlorid, natrium xlorid. Bu kimyəvi maddələrin müqabilində etiketdə yazılıb: Saf və təmiz su.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirib ki, sərinləşdirici içkilərin 40 faizi saxtadır.

E.Hüseynov bildirib ki, yay mövsümü ilə əlaqədar satılan sərinləşdirici suların sayı artıb. Amma bu sahədə də vəziyyətin acınacaqlı olduğunu önə çəkən AİB sədrinin sözlərinə görə, bütün respublika ərazisində satılan sərinləşdirici içkilərin təxminən 40 faizi saxtadır: “Bu sular standartların tələbinə cavab vermir. Limonadların 50 faizi saxta və rəngverici, dadverici və qoxuverici maddələrin qarışdırılması ilə hazırlanır. Hər bir sərinləşdirici suyun, ümumiyyətlə, saxta variantı da mövcuddur. Ən çox saxta içkilər təəssüflər olsun ki, şadlıq saraylarında yayılır. Məsələn, 8 adda gürcü limonadı buraxılır. Armud, alma və tərxun limonadlarının təxminən 60 faizi standartların tələblərinə cavab vermir. Bu içkilərin alma və armudla, eləcə də digər meyvələrlə əlaqəsi yoxdur. Bunlar inqivientlərdən, dadverici kimyəvi maddələdən hazırlanır. Əhalinin rəğbətini qazanmış “Qax suyu”nun 50 faizi saxtadır. Çox yaxşı haldır ki, artıq bazara yararlıq müddəti kiçik olan su çıxarılıb. Bu suyun adını deməyəcəm. O məhsula yararlıq müddəti 7 gün qoyulub”.

Ölkədə satılan ən məşhur markalı içkilərlı bağlı müxtəlif olaylar yaşanıb, amma Azərbaycanda yox. 2009-cu ildə Türkiyənin Müqəddəs Nikolay Fondu “Coco-Cola” firmasını məhkəməyə verdi.

Fond içkinin gizli kompanentini açıqlamasını tələb edib. “Coco-Cola”nın tərkibində daha bir komponentin olmasını firma özü də gizlətmirdi. Məhsulun etiketində şəkər, fosfat turşusu, kafein, karamel və karbonatdan başqa bugünə qədər naməlum olan bir maddənin də varlığı qeyd olunur.

Amma “Coco-Cola” rəqib firmaların bu texnolgiyanı oğurlaya biləcəyi bəhanəsilə 1886-cı ildən bəri onu sirr kimi saxlayırdı. news.open.by saytının yazdığına görə, iddiaçı gizli komponentin insan orqanizmi üçün zərərli ola biləcəyini əsas gətirərək firmanı məhkəməyə verib. Məhkəmə iddianı qəbul edib və firma öz sirrini açmağa məcbur olub. Bu məcburiyyəti labüd edən daha güclü amil isə Türkiyə bazarlarının qapılarının “Coco-Cola” məhsullarının üzünə bağlana biləcəyi hədəsi olub. Sirli maddə isə karmin və ya koşenil adlanan təbii boyaq maddəsi imiş. Mütəxəssislərin rəyinə görə, onu koşenil adlı soxulcanlardan alırlar. Qida sənayesində bu maddəyə karmin turşusu da deyirlər.

Bir neçə il bundan öncə Yəmənin Qida Sənayesi Nazirliyi bu içkinin tərkibində donuz piyindən alınan pepsin maddəsinin olduğunu üzə çıxarmışdı və bundan sonra həmin firmanın məhsullarının ölkə ərazisində satışına qadağa qoyuldu.

Daha bir məsələ isə küçələrdə ayrı-ayrı şəxslər tərəfindən su aparatı vasitəsilə satılan sərinləşdirici içkilərlə bağlıdır. Yeri gəlmişkən, bu cür satış obyektlərindən şəhərimizdə istifadə edənlər də az deyil. Belə aparatlarda satılan şirələrin tərkibi, satıcıların sağlamlığı barədə kiçik bir araşdırma apardıq. İlk öncə satıcılar barədə. Satış prosesində satıcılar elementar gigiyenik qaydalara belə əməl etmirlər. Su satanın yan-yörəsində olan istənilən tanışı o, olmadıqda onu əvəzləyə bilər. İstifadə olunan stəkanlar isə bir çox yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Həkim Kəmalə Allahverdiyevin sözlərinə görə, belə satış məntəqələrdəki antisanitarik durum bağırsaq çöplərinin, ağız boşluğunda mövcud xəstəliklərin yoluxulmasına rəvac verir.

Məsələ ilə bağlı Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Rafiq Abdullayevlə əlaqə saxladıq. Baş həkim bildirdi ki, məsələ ilə əlaqədar artıq bir çox işlər görülüb.

Belə ki, həmin şəxslərə rəsmi surətdə xəbərdarlıq edilərək bildirilib ki, onlar birdəfəlik stəkanlardan istifadə və satış yerində sanitariya qaydalarına riayət etməlidirlər. Əks təqdirdə onların fəaliyyətinə qadağa qoyulacaq. Bu barədə Şəhər Polis İdarəsinə də məktub göndərilib. Artıq sözügedən su satışı məntəqlərinə polis və GEM əməkdaşları dünən reydlər keçirib. Ehtimal ki, tələblərə cavab verməyən su satış məntəqələri yığışdırılacaq. Odur ki, bu gündən onları küçələrimizdə görməsəniz təəccüblənməyin.

Elvin Babayev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın