Menu
Geri İrəli

Lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici bir vasitəyə çevrilməlidir

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 968 dəfə • Şərh yoxdur

Tahir Mirkishili, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Tahir4Azərbaycanda Ümum Daxili Məhsulun formalaşmasında özəl sektorun payı 88% ə çatır. Bu şəraitdə özəl sektorun fəaliyyətinin düzgün tənzimlənməsi, bürokratik və qeyri-iqtisadi maneələrin aradan qaldırılması, iqtisadi fəaliyyətin tam şəffaflaşdırılması, kiçik və orta sahibkarlığın daha da həvəsləndirilməsi bu sektorun daha da inkişafına, əlavə iş yerlərinin açılmasına, xarici bazarlarda baş verən iqtisadi çətinliklərin bizim ölkməmizdə daha da az hiss olunmasına gətirib çıxardacaqdır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 oktyabr tarixli fərmanı sahibkarlığın inkişafı yolunda çox mühüm və ciddi təkanverici bir addımdır.

Hazırda Azərbaycanda 23 dövlət qurumu 59 fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verir. Fərmanda lisenziya tələb olunan fəaliyyət növlərini sayının azaldılması, lisenziya verilmə prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin olunması və Elektron Lisenziya portalının yaradılması tələb olunur.

Hal-hazırda lisenziya alınmasında ümumi olaraq sahibkarlardan 5 növ sənəd tələb olunur, fəaliyyət növündən asılı olaraq isə əlavə xüsusi sənədlər tələb olunur ki, burda ciddi olaraq bürokratiyanın azaldılması hesabına sadələşdirməyə getmək mümkündür. Elektron Hökumətin imkanlarından istifadə etməklə tələb olunan sənədlərin əksəriyyətini ümumi məlumat bazasından əldə etmək olur. Bu isə lizensiya verilməsi proseduralarını ciddi şəkildə sadələşdirməyə imkan verəcəkdir.

Mövcud qanunvericiliyə uyğun olaraq İqtisadiyyat və Sənaye nazirliyi ölkədə verilən bütün lisenziyaların elektron reestrini aparır. Nazirliyin elektron idarəetmə imkanları lisenziya verilməsi prosedurunun daha da sadələşdirilməsi, onların təhlil edilməsi və operativliyin təmin olunmasına imkan yaradır.

ASAN xidmət mərkəzləri nəinki Azərbaycanda, artıq dünya miqyasında şəffaflığın və vətəndaşlara xidmətin bir etalonuna çevrilmişdir.  ASAN xidmət mərkəzlərində vətəndaş məmuniyyəti 98%-ə çatır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Fikrimcə ASAN xidmət mərkəzlərinin potensialı fərmanda qeyd edildiyi kimi, lizensiya verilməsində şəffaflığın tam təmin olunmasına şərait yaradır.

“Elektron Lisenziya”nın tətbiqi çox mühüm bir addımdır. Bu iqtisadi münasibətlərdə və iqtisadi idarəetmədə tamamilə yeni bir səhifənin açılması deməkdir.

Hazırda dünyada baş verən iqtisadi təlatümlər ərəfəsində iqtsadiyyatın çevik tənzimlənməsi çox mühümdür. Ölkə Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun inkişafı ilə bağlı apardığı uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan bu fərman yaxın müddətdə öz müsbət nəticəsini verəcəkdir. Sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması artıq sahibkarlar arasında çox mühüm ruh yüksəkliyinə səbəb olmuş, iqtisadi aktivliyə gətirib çıxarmışdır.

Bütün bunları nəzərə alaraq söyləmək olar ki, lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici bir vasitəyə çevrilməlidir. Və belə də olacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın