Menu
Geri İrəli

Milli Demokratiya İnstitutunu dəstəkləyən Sumqayıt QHT-ləri hansılardır?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2013 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur
Share Button

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi və birneçə QHT siyasi hakimiyyətin Milli Demokratiya İnstitutuna qarşı apardığı kampaniyanı pisləyən bəyanatyayıb. Bəyanatda deyilir:

“Məlum olduğu kimi artıq bir neçə gündür ki, Azərbaycan iqtidarının ölkədə “facebook inqilabı”na maliyyə dəstəyi verməkdə ittiham etdiyi ABŞ-ın nüfuzlu Milli Demokratiya İnstitutu (MDİ) ətrafında gərginlik davam etməkdədir. Bir sıra iqtidaryönlü xəbərsaytları MDİ-nin Bakı ofisinin rəhbəri Aleks Qriqorievsin hesabından 2 milyon dollar çıxarılması, bu vəsaitin seçkiöncəsi kütləvi aksiyaların təşkili üçün müxalifətçi gənclər birliklərinə verilməsi haqda xəbərlər yaymaqdadır. MDİ-nin Bakı ofisi ilə yanaşı ABŞ səfirliyinin də xəbərləri təkzib etməsinə baxmayaraq, ölkə rəsmiləri hələ də MDİ-nin ölkə qanunlarını pozduğunu israrla bildirirlər. Hətta MDİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri A.Qriqoryevsin Azərbaycana girişinin də əngəlləndiyi barədə məlumatlar var. Hesab edirik ki, hakimiyyətin beynəlxalq aləmə yönəlik belə bir davranışı düşdüyü böhranla bağlıdır. Həm ATƏT-in Bakı ofisinin mandatının kiçildilməsinə, həm MDİ-ın ölkədən çıxarılmasına yönələn addımlar, üstəlik Avropa Birliyi ölkələri ilə bağlı rəsmilərin və media orqanlarının apardığı kampaniya bundan xəbər verir.

MDİ-nin “facebook inqilabı”na vəsait ayırması haqda xəbərlərə A.Qriqoryevsin Azərbaycan Beynəlxalq Bankındakı (ABB) hesabından çıxarışlar da əlavə olunmuşdur. Bir sıra ekspertlər bu faktı Azərbaycanda bank sisteminin böyük qüsuru kimi dəyərləndirir. Müştərisinin bank hesablarını onun razılığı olmadan ictimaiyyətə açan ABB məsələ ilə bağlı hüquqi məsuliyyət daşıyır. Belə bir qənaətə gəlmək olar ki, bütün dünyada tətbiq olunan, bank xidmətinin təməl prinsipi sayılan bank sirri Azərbaycanda ancaq bir qrup korrupsioner məmurların maraqlarına xidmət edir.

Hüquq müdafiə təşkilatı olaraq hesab edirik ki, hakimiyyətin MDİ-nun Bakı ofisi ilə bağlı yaratdığı gərginlik süni gərginlikdir, məqsəd isə Azərbaycanı beynəlxalq aləmdən təcrid etməkdir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dəstək verən bir sıra beynəlxalq qurumların Azərbaycan hakimiyyətinin səyi ilə ölkədən çıxarılması bir daha onu sübut edir ki, hökumət beynəlxalq QHT-lərin işini əngəlləməklə demokratiyanın inkişafına mane olmaq fikrində israrlıdır. Bütün bunların nəticəsi olaraq beynəlxalq arenada xüsusi çəkisi olan “Fridrix Nauman Fondu”, “German Marşal” Fondu Azərbaycanda yalnız koordinator səviyyəsində təmsil olunur. “Freedom House”, “Amnesty İnternational” kimi nüfuzlu beynəlxalq hüquq-müdafiə qurumları isə Azərbaycandakı durumu davamlı olaraq diqqətdə saxlasa da iqtidar onların Bakıda ofis açmalarına imkan vermir. MDİ ətrafında aparılan bu çirkin şounu kəskin pisləyir və vətəndaş cəmiyyətinin inkişafına verilən dəstəyə qarşı atılan addımlara son qoyulmasını tələb edirik”.

Bu bəyanata Demokratiya və İnsan Hüquqlarini Müdafiə Mərkəzi, «Müasir Dünya» İqtisadi Maarifləndirmə İctimai Birliyi, «Xatun» Qadınların Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi, «Sağlam Gələcək Uğrunda» İctimai Birliyi də qoşulub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın